Klublarımız avrokuboklara necə hazırlaşır? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 8-ci yazısı

Böyük söz-söhbətlərə səbəb  olan, təzadlı 2016/17 mövsümünü geridə qoyduq. Ölkə çempionatları tarixinin ən erkən başa çatan mövsümünün sonunda “qızıl dubl” edən “Qarabağ”ın ardıcıl 4-cü dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcəyi dəqiqləşdi. Tarixinin ən yüksək nəticəsinə imza ataraq gümüş medal qazanan “Qəbələ”, bürünc medal əldə edən “İnter” və gərgin mübarizədən qalib ayrılıb, son anda 4-cü yeri tutan “Zirə” isə Avropa Liqasında oynamaq hüququna yiyələndi. 2013-cü ildən bu yana ən azı 1 klubumuz Avroliqanın qrup mərhələsində mübarizə aparır. Bu cığırı “Neftçi” açdı. Flaqman Böyükağa Hacıyevin rəhbərliyi altında tarix yazdı. 2014/15 mövsümündə “Qarabağ” bizə eyni sevinci yaşatdı. Son iki mövsümdə isə bu sevincimiz ikiyə qatlanıb. Çünki Ağdam klubuyla yanaşı, “Qəbələ” də Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Bu səbəbdən hazırda ölkəmiz klub reytinqinə görə Avropada ilk “25-lik”də qərarlaşıb. Əmsalımızın daha da artması üçün 2017/18 mövsümündə də sabit çıxışın sərgilənməsi olduqca vacibdir. Bəs görəsən, bu dəfə bizi hansı klublar sevincə  boğacaq? 4 avrokubok iştirakçısı bu ağır macəradan necə çıxacaq? Təbii ki, Avropa səhnəsində uğurlu çıxış etmək üçün heyətin güclü olması əsas şərtdir. Bunun üçün transferə yaxşı maliyyə vəsaiti ayrılmalı, güclü futbolçular heyətə cəlb olunmalıdır. Ancaq təkcə bununla iş bitmir. Həm də komandalar yaxşı təlim-məşq toplanışı keçməlidir ki, futbolçular həm tam formaya düşsün, həm də bir-birilərini gözü yumulu anlasınlar. Sistem tam oturuşsun və xəttlərarası əlaqə yüksək səviyyədə olsun. Bu yazıda məhz “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə”nin təlim-məşq toplanışından bəhs  edəcəyik.

“Qarabağ”

Son 3 ildə Avroliqanın qrup mərhələsində çıxış edən “Qarabağ” bunların 3-də də qrupdan çıxmaq şansı əldə edib. Ancaq bütün hallarda idman xoşbəxtliyi Qurban Qurbanovun komandasından üz döndərib. Bu dəfə çempionumuzun bu sindromu qıracağına ümid edirik. Əslində futbol ictimaiyyəti “Qarabağ”dan indi Avropa Liqasının qrupundan çıxmağı deyil, Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək futbolumuzda yeni bir ilkə imza atmasını gözləyir. Bunun üçün yetərincə əsas da var. Çünki “Qarabağ” ilk dəfə məhz bu yay 3-cü təsnifat mərhələsinə yüksələcəyi halda püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, daha “Viktoriya”, “Zalsburq” və “Seltik” kimi güclü rəqiblər yox, daha zəif komandalardan biri ilə qarşılaşacaq. Belə çıxır ki, “Qarabağ”ın ilk dəfə elit turnirin pley-offuna yüksəlmək şansı böyükdür. 4-cü mərhələyə çıxmaq avtomatik Avroliqanın qrupuna vəsiqə qazanmaq anlamına gəlir. Ancaq belə bir fürsət düşsə, Qurban Qurbanovun komandasının Çempionlar Liqasının qrupunda oynamaq üçün əlindən gələni edəcəyinə şübhə yoxdur. Son mərhələdə rəqiblər ölkələrinin çempionları olacaq. Bu isə o deməkdir ki, təmsilçimiz pley-offa “Böyük Beşlik” və “ikinci eşelon” ölkələrinin çempionları ilə qarşılaşmayacaq. Hər halda, son mərhələdə də şanslar yox deyil. Bəs görəsən, “Qarabağ” yeni macəraya necə hazırlaşır? Qurban Qurbanov komandasına 25 gün istirahət verdi. Mayın 5-də “Qəbələ” ilə Azərbaycan kubokunun final oyunundan sonra istirahətə yollanan futbolçular iyunun 1-dən məşqlərə başlayıb. Qurbanov yarım ay doğma bazada hazırlıq keçəcək. Hazırlıq prosesinin əvvəlində əsas yığmaya, U-21-ə yollanan futbolçular, həmçinin bəzi legioner iştirak etməyib. Onlar millilərin düşərgəsindən bu günlərdə qayıdıb. İyunun 16-dan “Qarabağ”ın əsas təlim-məşq toplanışına start veriləcək. Bu zaman komanda tam heyətlə Avstriyaya yollanacaq. Tirol bölgəsinin Kostinq qəsəbəsindəki “Sönnik” otelində məskunlaşacaq ağdamlılar 4-5 yoxlama oyunu keçirəcək. “Qarabağ”ın rəqibləri sırasında “Dinamo” (Moskva, Rusiya), “Terek” (Rusiya) və ÇSKA (Sofiya, Bolqarıstan) da var. İyunun 20-də çeçenlərlə münasibətləri aydınlaşdıracaq. 4 gün sonra bolqarları sınağa çəkəcək təmsilçimiz iyunun 28-də Moskva klubu ilə üz-üzə gələcək. İyunun 19-da püşkatma olacaq və “Qarabağ”ın evdə və ya səfərdə mübarizəyə start verəcəyi dəqiqləşəcək. İlk oyun evdə olsa, komanda daha erkən vətənə qayıdacaq. Əks halda, toplanışın müddəti uzadılacaq. Belə olan halda yoxlama oyunlarının sayı da artacaq. Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 11-12 iyulda, cavab qarşılaşmaları isə bundan 1 həftə sonra keçiriləcək.    

"Qəbələ"

Ardıcıl iki mövsüm Avropa Liqasının ilk mərhələsindən mübarizəyə start verib, qrupa vəsiqə qazanmaqla turnirin tarixinə adını yazdıran “Qəbələ” 3-cü dəfə o gözəl anları yaşamaq istəyir. Düzdür, büdcədə artım olmayıb. Əksinə, müəyyən qədər azalma olduğunu da söyləyə bilərik. Ancaq uğurlu seçim fonunda bu boşluğu aradan qaldırmaq olar. Necə ki, ötən mövsüm elə də böyük məbləğ xərclənmədən uğurlu transferlər həyata keçirilmişdi. Amma bu da var ki, “Qəbələ” hər il olduğu kimi, bu il də heyətində ciddi dəyişikliklər edib. Komandanı 12 futbolçu tərk edib. Hələ ki cəmi 3 yeni futbolçu heyətə qatılıb. Bunlar Elvin Məmmədov, Aqil Məmmədov və İlqar Qurbanovdur. Yusif Nəbiyev isə “Sumqayıt”dan icarədən qayıdıb. “Qəbələ”nin xüsusən ön xəttə transferlər edəcəyi gözlənilir. “Qırmızı-qaralar”ı sevindirən xəbər UEFA-dan gəlib. Belə ki, təmsilçimiz bu dəfə 1-ci yox, 2-ci təsnifat mərhələsindən mübarizəyə start verəcək. Bu da Roman Qriqorçukun komandasının Avroliqaya daha yaxşı hazırlaşmasına imkan verəcək. Yerli futbolçular iyunun 3-dən bir araya gəlib. Sənan Qurbanov və Ramin Quliyevin rəhbərliyi altında “Bakı”nın stadionunda bir neçə məşq edən komanda iyunun 7-dən Avstriya toplanışına başlayıb. U-21-in üzvləri Çexiya toplanışından sonra klubun düşərgəsinə qoşulub. Artıq bütün legionerlər də Qriqorçukun sərəncamındadır. Yalnız əsas yığmanın üzvlərinin istirahəti bir qədər uzun çəkəcək. Bunun da səbəbi onların demək olar ki, istirahət etməməsi olub. Çünki millinin toplanışı ötən ayın ortasından başlamışdı. Elvin Məmmədov, Araz Abdullayev, Ürfan Abbasov, Ruslan Qurbanov və Cavid Hüseynov iyunun 15-dən “Qəbələ”yə qoşulacaq. Tirol bölgəsinin İnnsbruk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşan “qırmızı-qaralar” ayın 23-dək “Stubaierhof” otelində qalacaq. Bu müddət ərzində bölgə klubu 4 yoxlama oyunu keçirəcək. Artıq bunlardan biri geridə qalıb. Dünən “Qəbələ” həvəskarlar liqasında çıxış edən “Fulpmes”ə yerini göstərib – 8:0. Bu görüşdə Baqali Dabo, Tellur Mütəllimov, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Filip Ozobiç və Ülvi İbazadə (2) qol müəllifi olub. “Qırmızı-qaralar” iyunun 15-də ikinci yoxlama oyununu keçirəcək. Rəqib isə “Terek” olacaq. “Qəbələ” son 2 oyununu bolqarlara qarşı keçirəcək. Ayın 19-da Plovdivin “Botev” klubu, 22-də isə bu ölkənin çempionu “Lüdoqorets” komandamıza rəqib olacaq.

"İnter"

Ötən mövsüm boyunca ən çox müzakirə olunan klublardan biri “İnter” oldu. Rəşad Qasımovun prezident postundan getməsindən sonra  ciddi maliyyə sıxıntısıyla üzləşən “ağ-göylər” hətta bir ara dağılmaq təhlükəsiylə üzləşmişdi. Yanvarda Beynəlxalq Bankın klubu bundan sonra maliyyələşdirməyəcəyi dəqiqləşdi. Bununla da 2004-cü ildən bu yana davam edən əməkdaşlığa son qoyuldu. Ruslan Abışovun “Neftçi”yə, Ağabala Ramazanovun “Qarabağ”a keçidindən sonra əldə olunan vəsaitlə bir qədər yola verildi. Yazdan etibarən isə klub dağılmasın deyə AFFA onu himayəyə götürdü. Son iki ayın maaşı da bu yaxınlarda verilib. Futzal Federasiyasının prezidenti Zaur Axundov “İnter”in başına keçdikdən sonra transfer qadağası qoyulduğu üçün mövcud heyətin qorunması qərarı alındı. Ancaq buna qədər Abbas Hüseynovun saqqızını “Qarabağ”, Səlahət Ağayevin saqqızını isə “Neftçi” oğurlamışdı. Flaqman jest etdi və qolkiperin Avroliqa oyunlarında “İnter”ə  kömək etməsinə razılıq verdi. Komanda mayın 25-dən hazırlıq prosesinə başlayıb. Təxminən 10 gün doğma stadionda Zaur Svanadzenin rəhbərliyi altında məşq keçən bakılılar iyunun 6-dan Türkiyədə təlim-məşq toplanışı keçir. Bolu şəhərindəki “Termal” otelində məskunlaşan “İnter” iyunun 19-dək qardaş ölkədə qalacaq. Komanda tam heyətlə hazırlıq keçir. Svanadzenin komandası iyunun 10-da ilk yoxlama oyununu keçirib. “İnter” Kamerunun "Kolombe Sportive" klubuna Rauf Əliyevin yeganə qoluyla qalib gəlib. Avroliqanın 1-ci təsnifat mərhələsindən mübarizəyə start verəcək “ağ-göylər” bu gün “Zirə” ilə oynayacaq.

"Zirə"

Bu komanda hələ Premyer Liqada debüt etdiyi 2015/16 mövsümündə gümüş medal qazanmaqla avrokuboklara vəsiqə qazanmışdı. Ancaq UEFA-nın qaydalarına görə 3 yaşı tamam olmayan klublar bu qurumun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. Bu səbəbdən “Zirə”nin yerinə “Neftçi” Avroliqada oynadı. Ancaq bu dəfə həmin limiti keçən Bakı klubu 4-cü yeri tutub Avropa Liqasında oynamaq hüququ qazandı. Qışa qədər Adil Şükürovun rəhbərliyi altında qeyri-sabit qrafik cızan “Zirə” Ayxan Abbasovun baş məşqçi vəzifəsinə gətirilməsindən sonra özünə gəldi və minimum vəzifəni yerinə yetirdi. “Zirə” də “İnter” kimi 1-ci təsnifat mərhələsindən mübarizəyə start verəcək. Mayın 24-dən doğma məkanda hazırlıqlara başlayan “ağ-göylər” iyunun 9-da təlim-məşq toplanışının ilk mərhələsini başa vurub. “Qartallar” ertəsi gün Türkiyəyə yollanıb və “İnter” kimi Bolunun “Termal” otelində məskunlaşıb. Ayxan Abbasov komandasını 3 yoxlama oyununda sınaqdan keçirəcək. Daha öncə “Zirə”nin bu gün “Kolombe  Sportive” ilə qarşılaşacağı gözlənilirdi. Ancaq sonradan planda dəyişiklik edildi və yuxarıda da qeyd etdiyimiz kimi, bu gün Boluda paytaxt derbisi baş tutacaq. Kamerun komandası ilə iyunun 17-də üz-üzə gələcək. Abbasovun komandası son yoxlama oyununu ayın 20-də Rumıniya “Vitorul”una qarşı keçirəcək. Bununla da Türkiyə toplanışına yekun vurulacaq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz