Premyer Liqamız üçün arzulanan iştirakçı sayı və real durum (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 7-ci yazısı

Premyer Liqanın son mövsümü çox erkən başa çatdı. Bunda 4-cü İslam Həmrəyliyi Oyunlarının payı var idisə də, əsas səbəb bu deyildi. Belə ki, ilk dəfə çempionat 8 iştirakçı ilə keçirildi. Çünki ötən mövsüm diviziondan heç bir klub elitaya buraxılmadı. Bu azmış kimi, “Rəvan” elitanı tərk etdi və “Xəzər Lənkəran” dağıldı. AFFA prezidenti Rövnəq Abdullayev bir neçə ay bundan əvvəl növbəti mövsümdən elitada klubların sayının artırılacağını söyləmişdi. Ancaq futbolumuza cavabdeh şəxs sözünü tuta bilmədi...

Ənənə davam edir

Lisenziya Komissiyası mövsüm başa çatdıqdan sonra elitada iştirak etmək iddiasında olan klubların müraciətlərini nəzərdən keçirdi. Təəssüf ki, cəmi 4 klub – “Turan Tovuz”, “Səbail”, “Şəmkir” və “Mil-Muğan” 2017/18 mövsümündə Premyer Liqaya qatıla bilmək üçün müraciət etdi. Ancaq Lissenziyalaşdırma Komissiya onlardan yalnız birinə “yaşıl işıq” yandırdı. Söhbət cəmi 1 mövsüm divizionda iştirak edən Bakı klubundan gedir. Bölgə klubları isə qarşılarında “qırmızı işıq” gördq. Halbuki ən azı “Turan Tovuz” elitada oynamağı haqq edirdi. Mövsümü çox yaxşı keçirən Əsgər Abdullayevin komandası sona bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirmişdi. Ancaq nə faydası var ki. “Turan Tovuz” da daha öncə çempion olub, elitaya buraxılmayan “Qaradağ Lökbatan”, “Ağsu” və “Neftçala”nın aqibətini və üzüntüsünü yaşadı. Halbuki hamı bilir ki, Tovuz futbolumuz üçün necə strateji önəm kəsb edən bölgələrdən biridir. Elə bir neçə dəfə ölkə çempionu olub, kuboku qazanan “Şəmkir”in də üzünə gün doğmadı. Əslində mövsümün gedişində əksəriyyət əmin idi ki, “ağ-qırmızılar” neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsüm elitada çıxış edəcək. Klubun maddi imkanının yaxşı olması, stadionda infrastruktur çalışmalarına start verilməsi ictimaiyyət arasında belə nikbin fikir formalaşdırdı. Ancaq mövsüm başa çatar-çatmaz “Şəmkir”dən çatlaq səsləri eşidilməyə başladı. Mövsümün ilk yarısında bu komandanı çalışdırmış Qəhrəman Əliyevin pulunu tam ala bilmədiyini söyləməsi, futbolçuların maaşlarının yubanması əslində klubun maliyyə problemlərinin olduğundan xəbər verirdi. Çox güman, Lisenziyalaşdırma Komissiyası qərar çıxararkən bu məqamları da nəzərə aldı. “Mil-Muğan”ın isə elə əvvəldən elitada çıxış etməyə yetəcək qədər büdcəsinin olmadığı bəlliydi. Bu üzdən “yox” qərarı imişlilər üçün sürpriz olmadı.

Hamı zara gəlib

Ötən mövsüm futbolçular da, məşqçilər də, azarkeşlər də 8 komandalı çempionatın darıxdırıcı və monoton olduğunu söyləyirdi. Bu, həqiqətən belə idi. Adam nə qədər eyni komandaların duelini izləyər? Azarkeş sayının azalmasında bu məqamın rolu az olmadı. Üstəlik, 8 klubdan 6-sının Bakı və Bakı ətrafında çıxış etməsi də tribunaların boş qalmasında ciddi pay sahibi oldu. Sözsüz, eyni rəqiblərin üzünü tez-tez görmək futbolçuları bezdirir, ruhdan salır, motivasiyasını əlindən alır və nəticədə oyunlara yaxşı köklənməyə imkan vermirdi. Həqiqətən çempionatımızda görməyə alışdığımız rəngarənglikdən əsər-əlamət qalmadı.

Qərb futboluna niyə yiyə duran yoxdur?

“Turan Tovuz” və “Şəmkir”in elitaya buraxılmamasında AFFA-nı qınayanlar çoxdur. Düzdür, heç kim iddia edə bilməz ki, hökmən bu klubları da ali qurum öz qanadları altına almalıdır. Yox, belə istək qeyri-peşəkarlıq olardı. Ancaq “Səbail” elitaya buraxılırsa və yenicə təsis edilmiş klubun sahibi Rövnəq Abdullayevin oğludursa, o zaman tənqid oxlarını AFFA-ya tuşlayanları başa düşmək olar. Olmazdımı ki, Abdullayevin oğlu daha böyük perspektiv vəd edən qərb futboluna yatırım edəydi. Belə olan halda növbəti mövsüm ən azı “Turan Tovuz” və “Şəmkir”dən biri elitaya yüksələr, çempionata emosiya gələrdi. Nə vaxta kimi “Energetik” və “Göyəzən” aşağı dəstədə “qapazaltı” imiciylə çıxış edəcək? Halbuki Mingəçevir futbolunun da böyük ənənələri var. Ancaq nə edəsən ki, bu klublara nə icra hakimləri düz-əməlli baxır, nə onlara sponsor tapılması yönündə cəhd edirlər, nə də AFFA-dan bir dəstək gəlir. Nə qədər ki bu yanaşma dəyişməyəcək, elitada Qərb futbolunu elə yalnız “Kəpəz” təmsil edəcək. Məsələ burasındadır ki, heç Gəncə klubunun da hazırki durumu ürəkaçan deyil.

Arzulanan nədir, reallıq nədir?

Adam başqa çempionatlara baxıb, ağzının suyunu axıdır. Axı niyə də axıtmayaq? “Böyük beşlik” və “ikinci eşelon”u kənara qoyduq. Hətta onlardan sonra gələn ölkələrin çempionatlarında belə 16-18 komanda mübarizə aparır. Özü də onların bir neçəsindən ərazi və əhalimizin sayına görə xeyli üstünük. İqtisadi vəziyyətə görə də onlardan geri qaldığımızı söyləmək olmaz. Ancaq di gəl ki, çempionatımızda cəmi 8 komanda iştirak edir. Yaxşı olardı ki, Premyer Liqada 16 komanda iştirak etsin. Bunlardan heç olmasa, yarısının bölgə klubu olması çempionata marağı birə beş artıracaq. Bura prinsipiallıq, ajiotaj və kütləviliyi də əlavə etmək olar. Bax o zaman tribunalarda boş yer tapılmayacaq, komandalar əsl səfərin nə demək olduğunu anlayacaq, azarkeşlərin stadionlara axışdığını görüb, daha böyük həvəslə oynayar və artırarlar. Təəssüf ki, indi real durumumuz ən yaxşı halda 12 komandanın elitada iştirakı üçün əlverişlidir. Hətta bu variant belə pis səslənmir. Ardıcıl bir neçə il “6-lıq” sistemindən yararlanılıb ki, bu dövrdə də “Neftçi” ilkə imza ataraq Avroliqanın qrup mərhələsinə yüksəlib. Klubların maddi-texniki bazası gücləndirilməli, onlara müstəqil siyasət yürütmək imkanı verilməlidi. İcra başçıları rayonu təmsil edən kluba maddi dayaq olmalıdı. Sponsorlar isə vergilərin silinməsi amiliylə stimullaşdırılmalıdır. Heç bir iş görülməsə, vəziyyətə elə seyrçi kimi yanaşılsa, o zaman yerimizdə sayacağıq. Sonra da deyirik ki, niyə səviyyəli legionerlər klublarımızı sevmir...

Ekspertlərdən fərqli analiz

Bu problemlə əlaqədar olaraq müstəqil ekspertlərin fikirlərini öyrəndik. Müəyyən məsələlərdə həmkarlarımız arasında fikir ayrılığı da oldu. “Futbolpress.az”ın rəhbəri Elçin Cəlilov lisenziya şərtlərinin yüngülləşdirilməsinin və ortabab klubların elitaya buraxılmasının vacib olduğunu düşünür: “Turan Tovuz” 1-ci dəstənin çempionu oldu. Elitaya buraxılmamasının səbəbi kimi klubun lisenziya ala bilməməsi göstərildi. Lisenziyada da çoxlu ağır şərtlər var. Bunu yazılarımızda dəfələrlə qeyd etmişik ki, bu şərtləri yüngülləşdirmək lazımdır. Çünki o şərtlər Azərbaycan futbolunda kifayət qədər çox pul olan vaxt qəbul olunub. İndi pul yoxdur. Premyer Liqada çıxış edən 8 klubdan 6-sı birbaşa və dolayı yolla SOCAR-dan maliyyələşir. Neftdən gələn pul hesabına ayaqda qalır. 3-4 ildir ki, divizionun qalibi elitaya buraxılmır. Bu artıq biabırçılıqdır. Burda AFFA-nın da günahı var. Çünki lisenziya şərtlərini yüngülləşdirmir. Mənasız bir neçə şərt var. Heç bir fikrə önəm vermədən şərtləri dəyişmirlər. “Şəmkir”də sonradan maddi cəhətdən problemlərin olduğu üzə çıxdı. Fikrimcə, hazırki vəziyyətdə elitada elə 8 klubun iştirak etməsi yaxşıdır. Süni formada klubları maliyyələşdirib, onları çempionata buraxmağın mənası yoxdur. Mənə elə gəlir ki, Azərbaycanda futbola pul xərclənməsini minimuma endirmək lazımdır. Ümumiyyətlə, Azərbaycan çempionatında tələbləri aşağı salmaq lazımdır. Ortabab klubların çox olması yaxşı olar. “Turan Tovuz”, “Şəmkir” kimi klubları necə bacarırsa, elə də maliyyələşməli, onlara müstəqillik verib elitaya buraxmaq lazımdır. Məcbur deyil ki, hər klubun minimum 500 min manat büdcəsi olsun. Aşağı büdcəylə də Premyer Liqada çıxış etmək olar. Qoy onlar üçün stimul olsun və futbolçu yetişdirib satsınlar. İndiki vəziyyətdə nə imkanlılar, nə ortabablar, nə də maddi durumu zəif olan klublar futbolçu yetişdirib satmır. Əsas gəlir mənbəyi futbolçu satışıdır. Bizdə bu ümumiyyətlə, yoxdur. Teleyayımdan haqqlarından danışmağa dəyməz. Klublar özlərini saxlamaq istəsələr, futboldan pul qazanmağa cəhd edəcəklər. Yoxsa bəziləri Premyer Liqaya vəsiqə qazandıqdan sonra AFFA-dan maliyyə umurlar. Bu, belə davam edə bilməz. Bu təfəkkürü dəyişmək lazımdır. Bunun üçün də ortabab klublar elitaya buraxılmalıdır”.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli bu məsələdə AFFA-nın yox, bölgə klublarının təmsil etdiyi şəhərlərin, rayonların diqqətsizliyini qabartdı: “Tovuz və Şəmkir öz komandasına sahib çıxmırsa, klub rəhbərləri lisenziya tələblərinə cavab verə bilmirsə, bunda AFFA-nın nə günahı var? Onsuz da elitanın 8 klubundan altısını AFFA saxlayır. Belədə elitaya iki belə klubu da əlavə etməyin mənası nədir?! Düşünürəm ki, Azərbaycan futbolunun elitasında ən azı 10 klub olmalıdır. Amma səviyyəli, imkanlı klublardan ibarət olmalıdır çempionat. Daha mövsümün gedişində maliyyə çətinliyi ilə üzləşən, beynəlxalq futbol qurumlarının sanksiyalarına məruz qalan, illər boyunca stadionunda qazonu dəyişməyə imkan tapmayan klublar olmamalıdır”.

“CBC Sport”un əməkdaşı Emin Abbasov isə bölgə futbolunun inkişafı üçün proqram hazırlanmasının vacib olduğunu bildirdi: “Turan Tovuz” və “Şəmkir”in elitaya buraxılması yaxşı olardı. Bunu hər dəfə deyirik ki, Azərbaycan futbolunun coğrafiyası bir az düzgün deyil. Futbolun kütləviləşməsi və inkişafı üçün regionlara diqqət ayırmaq lazımdır. Futbol ənənələri olan Tovuz və Şəmkir elitada təmsil olunmalıdır. Amma bu məsələdə AFFA-nın günahının olub-olmadığını demək çətindir. Ən azı “Turan Tovuz” elitaya buraxılmalıydı. Mən bilən “Şəmkir”in Premyer Liqada iştirak etmək məsələsi gündəmdəydi. Ancaq bu klubun prezidenti ilə bağlı xoşagəlməz şeylər üzə çıxdıqdan sonra fikirlərindən daşınıblar. Bu məsələdə kənardan fikir bildirmək çətindir. Çünki bizim bilmədiyimiz məqamlar var. Bütün günahı AFFA-nın üstünə atmaq lazım deyil.

Həmişə arzulamışam ki, Premyer Liqamızda 16 komanda olsun. Rusiyada son mövsümdə elitanın 16 iştirakçısı 14 şəhəri təmsil edirdi. Bizdə də yaxşı olardı ki, bir o qədər klub yüksək liqada çıxış etsin və onların da 10-12-si bölgələri təmsil etsin. Belədə futbolun sərhədləri də böyüyər. Buna çalışmaq lazımdır. Ancaq əsas məsələ odur ki, bu klublar necə yaşamalıdır, hardan maliyyələşməlidir. Azərbaycan futbolunda klubların özlərini dolandırması çətin görünür. Regionlarda futbolun inkişafı üçün proqram hazırlanmalıdır. Bu da bölgə futbolunun inkişafına təkan olmalıdır. Belə proqram həyata keçirilsə, o zaman qarşıdakı illərdə nəsə iş görmək olar. İndiki durumda 16 komandadan danışmaq real görünmür”.    

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah