Avrokubok təmsilçilərimizin iki mərhələli hazırlıq planı (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı beşinci yazısı.

Premyer Liqamızda 2016/2017 mövsümü başa çatdıqdan sonra diqqət klublarımızın yeni mövsüm hazırlıqlarına, eləcə də avrokubok iştirakçılarımızın turnir öncəsi planlarına yönəlib.

Bu baxımdan ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların hazırlıq planı ilə yaxından tanış olmaq maraqlı olardı. Məhz bu baxımdan Azərbaycanı bu mövsüm Avropa arenasında təmsil edəcək 4 klub – “Qarabağ” (ÇL), “Qəbələ” (AL), “İnter” (AL) və “Zirə”nin (AL) yay təlim-məşq toplanışı ilə bağlı ən son məlumatları elə onların mətbuat xidmətləri vasitəsi ilə dəqiqləşdirməyə çalışdıq.

Çempion ənənəyə sadiq qalır...

Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın hazırlıq planı ötənilkindəın elə də ciddi fərqlənmir. Ölkənin ən güclü komandası bu il də, Avstriyaya üz tutacaq. Lakin bu dəfə biraz daha gec – iyun ayının 7- də.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza verdiyi məlumatda qeyd edib ki, komanda iyun ayının 1-də bir araya gələcək:

Nurlan İbrahimov: “Komandamız iyun ayının 1-də Bakıda bir araya gəlib, məşqlərə başlayacaq. Lakin bu hazırlıqda komandamız tam heyətlə məşq edə bilməyəcək. Buna səbəb futbolçularımızın bir çoxunun milli komandanın heyətində 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasına qarşı oyuna hazırlaşmasıdır. Bundan 6 gün sonra isə  Bakı toplanışı başa çatacaq. Ötən il olduğu kimi, bu il də təlim-məşq toplanışını Avstriyada keçirəcəyik”.

Göründüyü kimi, “Qarabağ”ın Avstriya toplanışında yoxlama görüşü keçirməyi öncədən bəlli olsa da, sınaqçı rəqiblərin kimliyi sual olaraq qalır.

Ağdam təmsilçisi Avstriyada ən azı 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Hətta komandanın hansı tarixdə Bakıya dönəcəyi belə planda yer almayıb. Bu da əsassız deyil.  Komandanın Çempionlar Liqasında rəqibi bəlli olduqdan sonra “Qarabağ”ın hansı tarixdə paytaxta gələcəyi bəlli olacaq. Hətta ola bilsin ki, “Qarabağ” Bakıya deyil, püşkatmanın nəticəsindən asılı olaraq birbaşa Avstriyadan ÇL-də rəqib olacaq komandanın vətəninə uçsun.

Son olaraq “köhlən atlar”ın əsas futbolçularından olan Dani Kintananın da zədəsi ilə bağlı sualımızı N.İbrahimov belə cavablandırdı:

"Dani Kintananın zədəsi hələ də tam sağalmayıb. O, hazırda İspaniyada müalicəsini davam etdirir. Daninin Bakıdakı təlim-məşq toplanışına qoşulması gözlənilmir. Çox güman ki, komandaya Avstriyada qoşulacaq, amma bu da dəqiq deyil".

“Qəbələ” yenə “Qarabağ”ı “izləyir”

Çempionluq mübarizəsində “Qarabağ”a uduzaraq gümüş medalla kifayətlənən “Qəbələ”də də artıq hazırlıq planı bəllidi.

Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv də “Qarabağ” kimi təlim-məşq toplanışını Avstriyada keçəcək. Məhz “Qəbələ” də Ağdam klubu kimi iyunun 7-də Avstriyaya yollanacaq.

Hazırlıq planı çərçivəsində “Qəbələ”nin 4 yoxlama görüşü keçirəcəyi gözlənilir.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza verdiyi məlumatda bildirib ki, yoxlama görüşlərindəki rəqiblərin kimliyi hələlik bəlli deyil:

“Komandamız iyun ayının 7-də Avstriyaya yollanacaq və Tirol əyalətində məskunlaşacaq. Ümumilikdə hazırlığımız 15 gün davam edəcək. Bu müddət ərzində komanda 4 yoxlama oyunu keçirəcək. Amma hələ ki, rəqiblərimiz və yoxlama oyunlarının vaxtı məlum deyil. Yəqin ki, yaxın günlərdə bu barədə dəqiq məlumat olar”.

Komandaya yeni transferlərin olacağını bildirən Hacıyev bunları deyib:

“Təbii ki, komandadan ayrılan futbolçuların yerini doldura biləcək oyunçular tapmalıyıq. Heyətə bir neçə yeni futbolçu transfer edəcəyik. Lakin həmin futbolçuların adı hələ məlum deyil. Bu barədə də məlumat veriləcək”.

İki mərhələli hazırlıq və ya sirli qalan ölkə

TPL-in bürünc medalçısı “İnter” yeni mövsümə, eləcə də Avropa Liqası hazırlığına digər iki komandamızdan daha tez – may ayının 25-də başlayıb. İki mərhələdən ibarət olacaq toplanışın birinci hissəsi iyun ayının 5-də başa çatacaq.

İyun ayının 6-dan isə toplanışın ikinci mərhələsinə start veriləcək.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov saytımıza açıqlamasında komandanın Avropanın hansı ölkəsində təlim-məşq toplanışında olacağını dəqiq deyə bilməyib. Çünki komandanın hansı ölkəyə üz tutacağı da hələ tam həllini tapmayıb.

Məmmədovu dinləyək:

“Komandamız bu gündən etibarən məşqlərə başlayıb. Toplanış iyun ayının 5-də başa çatacaq. Ayın 6-dan isə toplanışın ikinci etapı start götürəcək. Komandamız toplanışın ikinci hissəsini xaricdə davam etdirəcək. Hələ ki, hansı ölkəyə gedəcəyimiz bildirilməyib, amma Avropada olacağı dəqiqdir. Çox güman ki, ya Avstriya, ya da Sloveniyada toplaşacağıq. Toplanışda neçə  yoxlama oyununun keçiriləcəyi bəlli deyil. Amma Bakıdakı hazırlıq çərçivəsində, ola bilsin ki, yoxlama oyunu keçirək. Hazırlığın ikinci etapına ayın 20-də yekun vurulacaq”.

Transfer qadağasına məruz qalan “göy-ağlar”da əsas hədəf heyətdə olan futbolçuları komandada saxlamaqdı. Hər halda müqaviləsi bitən futbolçularla imzalanacaq yeni sözləşmə komandanın zəifləməməsinə zəmin yarada bilər.

“Qartal” Bolu səmalarında...

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Zirə”də də planlar bəllidi.

“Qartallar” hazırlıqa artıq başlayıb. Bakıda start götürən hazırlıq prosesi qardaş ölkə Türkiyədə davam etdiriləcək. “Zirə”iyunun 10-da Türkiyənin Bolu şəhərinə üz tutacaq.

Boluda məskunlaşacaq komandanın 3 yoxlama görüşü keçirməsi gözlənilir.

Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu saytımıza verdiyi açıqlamasında təlim-məşq toplanışı haqda informasiya verib:

“Komandamız bu gündən (dünəndən) etibarən məşqlərə başlayıb. Lakin məşqlərdə bütün futbolçularımız qoşulmayıb. Bir neçə legionerimiz hələlik ölkə xaricindədir və bəziləri haqqında komandada qalacağı barədə qərar verilməyib. Ayın sonunda həmin futbolçular barədə qərar verildikdən sonra komandaya qoşulub-qoşulmayacağı dəqiqləşəcək. Yerli futbolçularımızdan da heyətə qoşulmayanlar var. 3 futbolçumuz İslamiadaya görə millinin düşərgəsinə yollanmışdı. Həmi futbolçular ayın 30-da komandamıza qoşulacaqlar. Əsas millinin düşərgəsində olan qapıçımız Anar Nəzirov isə bizə Türkiyədə qoşulacaq.

 

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz