“İnter” çempionatın ən intizamsız klubudur (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı beşinci yazısı

2016/17 mövsümü Premyer Liqa tarixinin ən qısa mövsümü oldu. Cəmi 8 klubun iştirak etdiyi ölkə çempionatı 28 tura yekunlaşdı. Bu müddət ərzində komandaların intizamlı olub-olmadığını təhlil edəcəyik. Bunun da ən bariz nümunəsi hakimlərin göstərdiyi vərəqələrdə əksini tapıb. Bir mövsüm boyunca referilər 455 dəfə əlini cibinə atıb. Bunların 438-ü sarı, 17-si isə qırmızı vərəqə olub. Bu vərəqələr 138 futbolçuya göstərilib. Bunlardan 21-i “Neftçi”də forma geyənlər olub ki, “ağ-qaralar” bu baxımdan liderdir. Ancaq ümumi vərəqələrin sayında sıralama fərqlidir.

1. Qarabağ

Qurban Qurbanov bir çox özəllikləriylə seçilir. Deyilənə görə, “Qarabağ”ın baş məşqçisi oyun ərzində vərəqə alan futbolçularını cərimələyir. O, bu yolla komandasını intizamlı saxlaya bilir. Ancaq sözsüz ki, burda söhbət yersiz vərəqələrdən gedir. Qurbanovun qurduğu qaydalar işə yarayır. Çempion həm də ən az vərəqə alan komandadır. Əslində buna təəccüblənməyə də dəyməz. Axı oyunun əksər hissəsində bu klubun futbolçularında olursa, daha çox rəqiblərin kobudluq etməsi məntiqlidir. Təsadüfi deyil ki, “Qarabağ”ın futbolçuları mövsüm boyunca cəmi 40 vərəqə alıb. Bunlar 15 futbolçuya göstərilib. Komandada ən kobud oynayan futbolçu Maksim Medvedev olub. Yığmamızın sağ müdafiəçisinin hesabında 6 “sarı” var. Coşqun Diniyevlə Ağabala Ramazanov 4 dəfə rəsmi xəbərdarlıq alıb. Dani Kintana, Dino Ndlovu, Riçard Almeyda, Qara Qarayev və Miçel 3 “sarı”yla mövsümü yola verib. Ansi Aqolli, Elvin Yunuszadə və Bədavi Hüseynovun hesabında 2 sarı vərəqə olub. Muarem Muarem, İbrahim Şehiç, Rəşad Sadıqov və İlqar Qurbanov cəmi 1 dəfə cəzalanıb. Bu futbolçulardan yalnız biri meydandan qovulub. Riçard Almeyda 2-ci dövrədə “Qəbələ” ilə “Azərsun Arena”da keçirilən qarşılaşmada qırmızı vərəqə alıb.

2. Sumqayıt

Çempionatın ən gənc komandası həm də ən intizamlı klublarından biridir. “Sumqayıt” bu mənada yalnız “Qarabağ”dan geri qalır. Bəlkə Samir Abasov da futbolçularına bu məsələdə barmaq silkələyib. Hər halda, 28 oyuna cəmi 46 vərəqə kifayət qədər müsbət göstəricidir. Özü də “Sumqayıt” yeganə klubdur ki, mövsüm boyunca heç bir futbolçusu meydandan qovulmayıb. Bu klubun 17 oyunçusu “sarı” alıb. Rail Məlikov ən sərt oynayan futbolçu ünvanını qazanıb. Təcrübəli futbolçu 6 dəfə cəzalanıb. Kapitan Vurğun Hüseynov ondan cəmi 1 vərəqə geri qalıb. Nicat Muxtarov və Fərhad Qıstarovun hesabına 4 “sarı” yazılıb. Bəxtiyar Həsənalızadə, Yusif Nəbiyev, Ayaz Mehdiyev, Xəyal Nəcəfov, Amil Yunanov və Məhəmməd Qurbanov 3 “sarı”yla cəza limitində dayanıb. Mirabdulla Abbasovla Azər Salahlı 2, Bəhlul Mustafazadə, Sergey Çernışev, Kamal Abdullazadə, Afşin İsmayılzadə və Ehtiram Şahverdiyev cəmi 1 dəfə hakimin sərt üzünü görüb.

3. Neftçi

Tarixinin ən bərbad mövsümünü geridə qoyan “Neftçi” intizamlılıq dərəcəsinə görə 3-cü yeri tutub. Ölkənin ən köklü və ən titullu klubunun futbolçuları 47 dəfə vərəqə görüb. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, “ağ-qaralar”ın hamıdan çox – 21 futbolçusu vərəqə alıb. Hakimlərin heç sevmədiyi futbolçu Jayro olub. Braziliyalı müdafiəçi 4 “sarı” və 1 “qırmızı”nı qarşısında görüb. Rahil Məmmədov 2 “sarı” və 1 “qırmızı”yla komanda yoldaşını izləyib. Katalin Tira 1 “sarı” almaqla yanaşı, “Qarabağ”la 2-ci dövrədə “Bakcell Arena”da keçirilən oyunun son dəqiqələrində meydana çıxan azarkeşi vurduğu üçün qırmızı vərəqə alıb və az sonra klubdan qovulub. Boban Baykoviç, Kamal Qurbanov, Məqsəd İsayev, Georgi Navalovski, Zdenek Folprext, Cavid İmamverdiyev, Rəhman Hacıyev və Edson Kastilyo 3 dəfə “sarı”yla cəzalanıb. Ruslan Abışov, Namiq Ələsgərov və Kiril Petrova görə hakimlər 2 dəfə əlini cibinə atıb. İqnasio Erreyra, Huqo Barqas, Elvin Bədəlov, Mahir Şükürov, Murad Ağayev, Fəhmin Muradbəyli və Tərzin Cahangirov cəmi 1 “sarı”yla mövsümü ötüşdürüb.

4. AZAL

Sonuncu yeri tutaraq elitanı tərk edən və adını dəyişərək “Şüvəlan” olan AZAL da intizamsızlar sırasında deyil. “Təyyarəçilər”in 19 futbolçusuna 54 dəfə vərəqə göstərilib. Bunlardan 3-ü qırmızı vərəqə olub. Sadio Tounkara 5 “sarı”yla yanaşı, 1 dəfə meydandan qovulub. Brayn Fok və Omeqa Robertsin 2 “sarı”sı da “qırmızı”ya çevrilib. Ancaq komandada ən kobud oynayan Tural Hümbətov olub. Maraqlıdı ki, 6 dəfə “sarı” alan müdafiəçi “qırmızı”dan yan keçə bilib. Kapitan Emin Cəfərquliyev və Kamal Mirzəyev 4 “sarı” alaraq 1 oyunluq cəzalı duruma düşüb. Nuqzar Kvirtiya, Elnur Süleymanov, Aqil Məmmədov, Qvanzav Maqomedov, İlqar Ələkbərov və Ruslan Əmircanov hərəyə 3 “sarı” ilə “mükafatlandırılıb”. Eltun Hüseynov, Elşad Manafov və Kamil Hüseynovun payına 2 “sarı” düşüb. Şirməmməd Məmmədov, Mirzağa Hüseynpur, Qeyrət Əliyev və Mehdi Tauil isə cəmi 1 dəfə hakimlər tərəfindən “qaralanıb”.

5. Qəbələ

Mövsümü gümüş medalla başa vuraraq tarixinin ən yaxşı göstəricisinə imza atan “Qəbələ”nin 19 futbolçusu 60 dəfə vərəqə ilə üzləşib. Onlardan yalnız ikisi meydandan qovulub. Rasim Ramaldanov və Nika Kvekveskiri fərqli oyunlarda komandasını azlıqda qoyub. Ramaldanov 4, Kvekveskiri isə 3 sarı vərəqə də alıb. Ümumilikdə isə komandanın ən sərt oynayan futbolçusu kimi Ürfan Abbasovu fərqləndirə bilərik. Cinah müdafiəçisi 7 “sarı” ilə üzləşib. Voislav Stankoviç ondan cəmi 1 vərəqə geri qalır. Rafael Santos, Rəşad Sadiqov, Ruslan Qurbanov və cəmi 1 dövrə “Qəbələ”də oynayan Daniel Subotiç 4 dəfə hakimlərin sərt üzünü görüb. Elvin Camalov, Asif Məmmədov, Teo Uiks, Filip Ozobiç və Tellur Mütəllimov 3, Rikardinyo 2, Sergey Zenyov, Araz Abdullayev, Cavid Hüseynov, Vitali Vernidub və Qismət Alıyev isə cəmi 1 dəfə “sarı”lıq hərəkətə yol verib.

6. Kəpəz

Şahin Diniyevin komandasını intizamlılar sırasında göstərə bilmərik. Hər halda, 28 oyun üçün 62 vərəqə heç də yaxşı göstərici sayıla bilməz. “Kəpəz”in 15 futbolçusu üçün hakimlər əllərini ciblərinə atıblar. Komandada ən ipə-sapa yatmaz futbolçu ünvanını Renan qazanıb. Braziliyalı müdafiəçi 2 dəfə meydandan qovulmaqla yanaşı, 9 “sarı” alıb. Serjinyonun da durumu ürəkaçan deyil. Adətən, ön xətt futbolçuları nadir hallarda vərəqəylə üzləşir. Xüsusən də söhbət oyun qurucularından gedirsə. Ancaq bu sözləri portuqaliyalı yarımmüdafiəçiyə aid etmək olmaz. Çünki Serjinyo 7 dəfə sarı vərəqə görüb. Komandanın kapitanı Tural Axundov və vitse-kapitanı Kərim Diniyev 5 dəfə “sarı” alıb. Bu futbolçular həm də bir dəfə komandalarını azlıqda qoyublar. Vüqar Bəybalayev, Şəhriyar Rəhimov və Ceyhun Cavadov 4 “sarı” görməklə cəza limitini doldurub. Nicat Qurbanov, Jülien Ebah, Şəhriyar Əliyev və Dario Federikonun hesabında 3 sarı vərəqə olub. Qurbanov həm də 1 oyunda (“Qəbələ” ilə görüşdə) rəqib futbolçuyla dalaşdığı üçün meydanı erkən tərk edib. Davud Kərimi və Azad Kərimova 2 dəfə, Novruz Məmmədov və Tural Qürbətova isə cəmi 1 dəfə “sarı” göstərilib.

7. Zirə

Sıra gəldi ən intizamsız komandalara. Bir çoxları “Zirə”nin “Qarabağ”ın yoluyla getdiyini iddia edir. Bəlkə də idarəçilik və futbola yanaşma tərzinə görə bu klublar arasında bənzərlik var. Ancaq oyun planında və intizamlı olmaq mənasında arada yerlə-göy qədər fərq var. “Qarabağ” cəmi 40 dəfə vərəqə almışdısa, “Zirə” bir mövsümə 72 dəfə cəzalanıb. Bakılıların 16 futbolçusu qarşısında vərəqə görüb. “Ağ-göylər” 3 dəfə meydanda 10 nəfərlə qalıb. Sezar Meza Kolli, Anar Nəzirov və Akim Latifu komandasını pis vəziyyətdə qoyub. Meza Kolli 6, Nəzirov, Latifu isə 3 “sarı” da görüb. Amma vərəqə baxımından ən “varlı” futbolçu Vüqar Mustafayevdir. Bu yaxınlarda U-23-ün heyətində 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan dayaq yarımmüdafiəçisi nə az, nə çox, düz 12 dəfə sarı vərəqə görüb. Ancaq bir dəfə belə meydandan qovulmayıb. Adil Nağıyev 8, Təmkin Xəlilzadə 6, Milan Duriç, Elvin Məmmədov və Yovan Krneta 5 dəfə hakimlərin qəzəbinə tuş gəlib. Viktor İbokoyi 4 “sarı”yla canını qurtarıb. Riçard Qadze, Cəsur Tağıyev, Migel Lorenso və Nurlan Novruzov 2, Kamal Bayramovla Elgün Nəbiyev isə cəmi 1 dəfə vərəqə görüb.

8. İnter

Nəhayət, növbə çatdı çempionatın ən intizamsız komandasına. Zaur Svanadzenin yetirmələri bu mənada liderlik edir. Mövsüm boyunca başının üstündən “qara buludlar” əskik olmayan “İnter” 74 vərəqəylə liderlik edir. Bu komandanın 16 futbolçusu vərəqə görsə də, onların yalnız biri meydandan qovulub. Hesabında 4 “sarı” olan Adrian Skarlatake həm də bir dəfə “qırmızı” ilə üzləşib. Gah dayaq yarımmüdafiəçisi, gah da mərkəz müdafiəçisi kimi çıxış edən Fuad Bayramov düz 10 dəfə “sarı” görüb. Ümumiyyətlə, “İnter”in arxa xətt oyunçuları sərt mübarizə aparmalarıyla seçilib. Bu da hakimlərin nəzərindən qaçmayıb. Təsadüfi deyil ki, İlkin Qırtımov 8, Zurab Xizanişvili və Tərlan Quliyev 7 “sarı”nı hesabına yazıb. Maraqlıdı ki, hücumçu Pərdis Fərcad-Azad da müdafiəçilərdən geri qalmayıb. Artıq yığmaya çağırılmayan gənc futbolçu və Elnur Abdullayev 6 “sarı” görüb. Nizami Hacıyev 5, Rauf Əliyev, Səlahət Ağayev və Slavik Alxasov 4, Denis Silva 3, Samir Zərgərov 2, Orxan Sadıqlı, Mirhüseyn Seyidov və Məmməd Quliyev isə 1 dəfə qayda pozuntusuna görə cəzalanıb.

Yekun

Beləliklə, “Qarabağ” 2016/17 mövsümünün ən intizamlı, “İnter” isə ən intizamsız klubu olub. Amma ən çox futbolçusu cəzalanan “Neftçi”dir. Renan və Vüqar Mustafayev ən kobud oynayan futbolçular kimi fərqlənib. Braziliyalı müdafiəçi 2 dəfə meydandan qovulduğu, dayaq yarımmüdafiəçisi isə hamıdan çox (12 dəfə) sarı vərəqə aldığı üçün həmkarlarını mənfi mənada qabaqlayıb.

Newsport.az

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right