Naxçıvan “müharibə”sinə təhlili baxış (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı üçüncü yazısı

Beləliklə, mayın 5-də 2016/17 mövsümünə yekun vuruldu. Çempionat aprelin 30-da yekunlaşmışdı. Ancaq ölkə kubokunun finalı mayın 5-də baş tutdu və rəsmən növbəti “futbol ili” başa çatdı. Çempionat marafonunda finişə 1-ci çatan “Qarabağ” kubokda da ən yaxşı komanda oldu.

İtkilər planları dəyişdi

Hər iki komandada itki var idi. Maraqlıdır ki, həm “Qarabağ”, həm də “Qəbələ” əsas hücumçusunu itirmişdi. Çempionun heyətində Dino Ndlovu, “qırmızı-qaralar”da isə Daniel Subotiç zədə üzündən meydana çıxa bilmədi. Bu səbəbdən baş məşqçilər oyun planında, taktiki düzəlişdə müəyyən dəyişikliklərə əl atmışdı. Başlayaq “Qarabağ”ın start heyətindən. Qapını İbrahim Şehiç qoruyurdu. Müdafiənin solunda Ansi Aqoli, sağında Maksim Medvedev, mərkəzində isə Rəşad Sadıqov və Bədavi Hüseynov qərarlaşmışdı. Dayaq yarımmüdafiəçiləri Qara Qarayev və Miçel idisə, Riçard Almeyda oyunqurucusu funksiyasını yerinə yetirirdi. Muarem Muarem sol, Əfran İsmayılov sağ cinah yarımmüdafiəçisi funksiyasını yerinə yetirirdi. Hücumçu kimi Mahir Mədətov oynayırdı. “Qəbələ”yə gəlincə, qapıda Dmitri Bezotosnı durmuşdu. Roman Qriqorçukun Rəşad Sadiqovu yenə müdafiənin mərkəzində oynatması maraqlı addım idi. Təcrübəli futbolçu Voislav Stankoviçlə çiyin-çiyinə oynayırdı. Müdafiənin solunda Tellur Mütəllimov, sağında Ürfan Abbasov yer almışdı. Yarımmüdafiə “5-liy”i Cavid Hüseynov, Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç və Araz Abdullayevdən ibarət idi. Hücumun sivri ucunda Sergey Zenyov yer almışdı.

Ot örtüyü finala yaraşmadı

Peşəkar Futbol Liqası (PFL) kubokun finalını Naxçıvana təyin edəndə bir çoxları bunu etirazla qarşıladı. Xüsusən də finalçılar. Əsas narazılıq azarkeşlərin Muxtar Respublikaya necə aparılacağıyla bağlı idi. Ancaq sözsüz ki, Naxçıvan şəhər stadionunun ot örtüyünün durumu da tərəfləri narahat edirdi. Təşkilatçılar və Naxçıvan Gənclər və İdman Nazirliyi mayın 5-dək ot örtüyünün ideal vəziyyətə gələcəyini iddia edirdi. Ancaq iddialar özünü tam doğrultmadı. Qazon heç ideala yaxın belə deyildi. Təsadüfi deyil ki, “Qəbələ”nin prezidenti Tale Heydərov oyun başa çatdıqdan sonra ot örtüyünün durumundan narazılığını dilə gətirdi. Adam həqiqətən haqlıdır. Çünki məhz qazonun standartlara cavab verməməsi üzündən finala yaraşmayan oyun izlədik. Halbuki çempionatda bu komandaların görüşləri olduqca gərgin məcrada keçmişdi. Buna da səbəb ideal qazon üzərində oynamalarıydı. Amma bu dəfə texnikalı futbolçular istədiklərini icra edə bilmirdi. Nə texnika nümayiş etdirmək mümkün oldu, nə topla istədiyini etmək, nə də düz-əməlli ötürmə vermək.

Tellur planı pozdu

İlk hissənin ortalarında “Qəbələ”də planlar alt-üst oldu. Qriqorçuk məcburi 2 əvəzetmə etdi. Mövsümü yüksək səviyyədə keçirən Tellur Mütəllimov zədələnərək meydanı tərk etdi. Onun yerinə Roman Hüseynov daxil oldu. Ukraynalı mütəxəssisin alternativ variantı yox idi. Çünki yaş limitinə görə Hüseynov meydana çıxmalıydı. Problem ondadır ki, Roman cinah müdafiəçisi deyil. Bu səbəbdən Qriqorçuk məcburiyyətdən 2 dəyişikliyə əl atdı. O, mövsümün ikinci yarısında “qaraladığı” Teo Uiksi meydandan çıxarıb, Məhəmməd Mirzəbəyovu oyuna daxil etdi. Nəticədə Mirzəbəyov Mütəllimovun mövqeyinə keçdi, Hüseynov isə yarımmüdafiədə qərarlaşdı. Sözsüz, bu da “Qəbələ”nin çıxışına mənfi təsir göstərdi. Çünki daha yaradıcı futbolçular meydanı tərk etmişdi. Buna qədər Nika Kvekveskiri ağdamlılara həyəcan yaşada bilmişdi. Onun başla zərbəsindən sonra top qapıdan yan keçdi. Maraqsız keçən ilk hissənin ən yaddaqalan epizodunu isə Əfran İsmayılov yaratdı. Ürfan Abbasovdan sıyrılan yarımmüdafiəçi dirəyi nişan aldı. Yeri gəlmişkən, İsmayılov qarşılaşma boyunca “Qarabağ”ın ən fəal futbolçusu idi. Ancaq Əfranda çatışmayan məqam son nöqtəni qoya bilməməsiydi.

Mahir mahir olarsa...

Dino Ndlovunun yoxluğunda hücumun sivri ucunda qərarlaşan Mahir Mədətov baş məşqçi Qurban Qurbanovun ona bəslədiyi ümidləri doğrultdu. 51-ci dəqiqənin tamamında Əfranın künc zərbəsindən yerinə yetirdiyi asmanı başla dəqiq tamamlayan gənc futbolçu ata yurdunda qol sevinci yaşadı. Amma bu qolda “Qəbələ”nin 2 futbolçusunun kobud səhvinin böyük rolu oldu. Ürfan hava topuna çıxışda səhvə yol verdisə, Nika bağlamalı olduğu futbolçunu nəzarətsiz qoydu və onun qol sevincini izləmək məcburiyyətində qaldı. Bu epizodda mahir oynayan Mahir az sonra dublunu rəsmiləşdirə bilərdi. Rəqibi əks-hücumda yaxalayan Mədətovun 2-ci qoluu vurmasına Bezotosnı imkan vermədi. “Qəbələ” şokdan ayılmamış qapısı qarşısında daha bir 100 faizli qol təhlükəsiylə üzləşdi. Yenə korner asması məhsuldar alına bilərdi. Ancaq Bədavinin başla vuruşundan sonra qapı tiri “qırmızı-qaralar”ın dadına çatdı.  

...Ürfan anti-qəhrəman rolunda

Çempionatın 2-ci dövrəsində bu komandalar “Azərsun Arena”da qarşılaşmışdı. Rəhim Həsənovun kobud səhvlərlə idarə etdiyi matçın sonlarında Ürfan Əfran tərəfindən uşaqcasına aldadılmış və hücumun davamında “Qarabağ” ikinci topu “Qəbələ”nin qapısından keçirmişdi. Bu dəfə də Abbasovun oyunu alınmadı. İlk hissədə İsmayılovun qarşısını kəsə bilməyən Ürfan həm ilk qolda çıxışda səhvə yol verdi, həm də 2-ci qolun “memarı” oldu. Belə ki, 68-ci dəqiqədə Əfranın sağ cinahdan qapıya paralel yerlə ötürməsini uzaqlaşdırmaq istəyən müdafiəçi avtoqol müəllifinə çevrildi. Amma cəmi 5 dəqiqə sonra Abbasov günahını yuya bilərdi. Hücuma atılan cinah müdafiəçisi Cavid Hüseynovun qapı qarşısına havalandırdığı topa şığıyaraq onu başla qapıya göndərdi. Ancaq İbrahim Şehiç fantastik sıçrayışla intriqanın bərpa olunmasına imkan vermədi.

Kapitanın zədəsi

Hələ ilk hissədə Rəşad Sadıqov zədələnsə də, mübarizəni davam etdirirdi. Ancaq hesab açıldıqdan sonra meydanı tərk  etdi. Qurban Qurbanov onun yerinə Coşqun Diniyev meydana daxil oldu. Çalışdırıcının bu addımı həm də bir qədər sonra limiti pozmayaraq Mahiri oyundan çıxarmaq üçün atılmış addıma bənzəyirdi. Rəşad meydanı tərk etdikdən sonra Maksim Medvedev müdafiənin mərkəzinə keçdi. Onun boş qoyduğu sağ cinahda Qara Qarayev oynamağa başladı. Coşqun Diniyev isə doğma mövqeyində - dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Kapitanın gedişi komandanın oyununa mənfi təsir göstərmədi. Axı bir qədər sonra “Qarabağ” hesab arasındakı fərqi 2 topa çatdırdı. Əvəzetmələrdən söz düşmüşkən, Qriqorçuk 73-cü dəqiqədə son “silah”ını döyüşə atdı. Amma Baqali Dabo sonadək rəqib müdafiəçilərin ciddi nəzarətində oldu. Qurbanov isə Ağabala Ramazanovu Mahir Mədətovun, Rahid Əmirquliyevi isə Riçard Almeydanın yerinə buraxaraq daha müdafiəyə meyilli, əks-hücum üçün əlverişli taktikaya keçid etdi. Son 20 dəqiqədə 3 epizod yadda qaldı. Əvvəlcə Kvekveskirinin uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsində cüzi dəqiqlik çatmadı. Buna Coşqun Diniyev “mərmi”siylə dirəyi nişan almaqla cavab verdi. İsmayılov isə gözəl oyununu qolla tamamlamağa yaxın oldu. Komandalar son 10 dəqiqəni yola verdi və çempionluqla yanaşı, kubok da “Qarabağ”ın oldu.

Hakim görünmədi

Yaxşı referi oyunda görünməz. Bu, futbolun yazılmamış qanunlarından biridi. FİFA referilərindən fərqli olaraq, mövsümü yüksək səviyyədə keçirən Fariz Yusifov işinin öhdəsindən layiqincə gəldi. Yüksək tempin müşahidə olunmadığı görüşdə təcrübəli referi çətinlik çəkmədi. Elə bir kobudluq, sərt mübarizə də izləmədik. Bu məqam da Yusifovun işinə yarayan məqamlardan biri idi. Fariz bəy cəmi 2 dəfə əlini cibinə atdı. Ədalət təmsilçisi 28-ci dəqiqədə Mahir Mədətova, 79-cu dəqiqədə isə Voislav Stankoviçə sarı vərəqə göstərdi. Xırda metodiki səhvləri saymasaq, Naxçıvanda hakimlər briqadasının öz işini layiqincə gördüyünü söyləyə bilərik.

Yeni rekord

Beləliklə, Ağdam klubu ardıcıl 3-cü, ümumilikdə isə 6-cı dəfə ölkə kubokuna sahib çıxdı. Nəticədə bu turnirdə titul sayına görə lider olan “Neftçi”yə çatdı. “Qəbələ” isə 2-ci dəfə yüksəldiyi finalda yenə titulsuz qaldı. “Qarabağ” üçün bu titul həm də yeni rekord kimi tarixə düşdü. Belə ki, ardıcıl 3-cü dəfə “qızıl dubl” edən Qurbanovun komandası rekorda imza atdı. Buna qədər heç bir klub nəinki ardıcıl, ümumiyyətlə 3 dəfə “qızıl dubl”a imza atmamışdı. Görək bu seriya növbəti mövsüm də davam edəcəkmi...  

"Hava şəraiti və meydança amili təsir edirdi"

Qurban Qurbanov (“Qarabağ”ın baş məqşçisi) “Bütün naxçıvanlılara təşəkkür edirəm. Oyunboyu motivasiya verdilər. Azarkeşlərə təşəkkür edirəm. Uzun məsafəni qət edib, dəstək oldular. Biz əlimizə düşən fürsətlərdən istifadə etdik. Qol epizodlarımız daha çox oldu, hücumlarımız daha tez qururduq. Buna baxmayaraq, hava şəraiti və meydança amili təsir edirdi, çətinlik yaradırdı. Komandanı təbrik edirəm. Üç dəfə ardıcıl bu uğura iyələnmək hər ir komandanın arzusudu. “Qəbələ” komandasına da təşəkkür edirəm. Mövsüm boyu çətin oyunlarımız oldu".  

“Qarabağ” bu amilə görə bizi üstələdi

Roman Qriqorçuk (“Qəbələ”ın baş məşqçisi ) “Qarabağ” rəhbərlətini, futbolçularını yenidən təbrik edirəm. Hər şey qanunauyğun idi. Onlar haqlı qələbə qazandılar. Tellur Mütəllimovun zədəsi matç üçün həlledici rol olub-olmamasına gəlincə, bu sualı cavablandırmaq üçün bu situasiyanı yenidən yaşamaq lazımdı. Düşünmürəm ki, bu amil təsir etdi. Təbii ki, bu bizim üçün mənfi idi. Ancaq nəyin necə olacağını heç kim bilmir. Meydan amildən danışmaq istəmirəm. Çünki rəqiblə eyni şərtlər altında idik. Hər vəziyyətdən çıxış yolu tapmaq lazımdı. “Qarabağ” bu amilə görə bizi üstələdi.

“Qəbələ” belə stadionlarda özünü itirir”

Elçin Cəlilov (jurnalist): “Qəbələ” adətən olimpiya sistemli mübarizədə özünü yaxşı göstərir. Bu üzdən “qırmızı-qaralar”ı finalda favorit görürdüm. Çempionatdakı məğlubiyyətin əvəzini kubokda çıxacağını düşünürdüm. Komanda ilk hissədə nəsə etsə də, ikinci yarıda nəinki özünə bənzədi, ümumiyyətlə, həvəskar klub kimi göstərdi. Hər iki komandanın bir hücumçusu zədəli idi. Bu səbəbdən məğlubiyyətdə bu məqamı arqument gətirmək olmaz. Oyun Naxçıvan şəhər stadionunun torpaq qatının yaxşı durumda olmaması səbəbindən istənilən səviyyədə keçmədi. Oyunun sürəti aşağı düşür, ötürmələr keyfiyyətli alınmırdı. Bilirik ki, “Qəbələ” belə stadionlarda özünü itirir. Bu klub yaxşı vaxtlarında Gəncə şəhər stadionunda “Kəpəz”ə uduzmuşdu. Üstəlik, Tellurun zədələnməsindən sonra komanda tam sındı. Məcburi dəyişikliklərdən sonra oyun alınmadı. Onun yerinə meydana çıxan Roman Hüseynovu təxminən 10 dəqiqə gördük. Ondan sonra sanki meydanda belə futbolçu yox idi. Bir də mükafatlandırma mərasimində üzünü gördük. Onu elə bağlamışdılar ki... “Qarabağ”ın “qızıl dubl” edərək rekorda imza atmasına ancaq sevinmək olar. Artıq bu klub ölkə futbolundan üstün səviyyədədi. Arzulayırıq ki, bu yay uğurlu transferlər edib, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar. “Qəbələ” isə azarkeşlərin hirsini yenidən Avroliqanın qrupunda oynamaqla soyuda bilər. Bu il o nağıl gerçəkləşməyə bilər. Çünki çoxlu transferlər edilməlidi. Artıq Subotiçin getdiyi deyilir. Bütün mövqelərə yaxşı oyunçu almaq lazımdı”.

“İlk “11-liy”i görəndə anladım ki...”

Emin Abbasov (jurnalist): “Finalda komandalar maksimum gücünü ortaya qoyur. Öncədən proqnoz vermək mümkün deyildi. Çünki komandaların təxmini gücü bərabər idi. Subotiçlə Qriqorçuk arasındakı xoşagəlməz münasibət hücumçunun kənarda qalmasına gətirib çıxardı. Heç Daboya da startdan şans vermədi. İlk “11-liy”i görəndə anladım ki, Zenyovla hücumda nəsə etmək mümkün deyil. Sergeyin Bədavi – Rəşad tandemini yarıb keçməsi müşkül məsələydi. Burda başqa məqamlar da sözünü dedi. Tellurun zədələnməsini qeyd edərdim. Onun meydanı tərk etməsiylə məcburiyyətdən Uiks də əvəzlənməli oldu. Digər tərəfdən Ozobiç imkanlarından aşağı oynadı. Filip öz oyununu oynamayandan sonra başqalarından nəsə gözləmək qəliz idi. “Qarabağ” layiqli qələbə qazandı. Mübarizənin taleyi ev-səfər prinsipiylə keçirilən 2 oyunda həll olunsaydı, o zaman “Qəbələ”nin şansları daha yüksək olardı. Qriqorçuk artıq heyətdə islahatlara start verib. Rafael Santos, Teo Uiks gedir. Subotiçlə yollar ayrılıb. Hər iki komanda heyətini gücləndirməlidi. Ortabab futbolçularla “Qarabağ”la başa-baş futbol oynamaq çətindi. Avrokubokların qrup mərhələsinə yüksəlsələr, 30 faiz xərclərini ödəyərlər. Ən azı heyətin zəifləməməsinə cəhd etməlidilər. Heyət zəifləsə və qrupa yüksələ bilməsələr, bu gəlirdən məhrum olacaqlar. Komandanı qoruyub saxlamaq lazımdır”.

“Qarabağ” meydana tez alışdı”

Ağasəlim Mircavadov (məşqçi): Əvvəlcə PFL-i bu oyuna Naxçıvana salması münasibətilə təbrik edirəm. Bekə görüşlərin bölgələrdə keçirilməsi futbolun inkişafı və kütləviliyi üçün çox vacibdir. Yüksək təşkilatçılıq gördük. Stadionu da yaxşı vəziyyətə gətirmişdilər. Finalda qüvvələr nisbəti bərabərləşir. Çünki hər iki komanda qalib gəlmək üçün bütün gücünü ortaya qoyur. Deməzdim ki, “Qarabağ” bu oyuna funksional olaraq daha yaxşı hazırlaşmışdı. Sadəcə, istək və əzmkarlıq belə qarşılaşmalarda sözünü deyir. İlk hissədə komandalar bərabərsəviyyəli oynadı. İkinci yarıda isə “Qarabağ” üstünlüyü ələ aldı. Hesabın erkən açılmasının da böyük rolu oldu. Deyərdim ki, “Qarabağ” meydana tez alışdı”. 

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right