“Qarabağ”, “Qəbələ” və “İnter” medallara necə çatdı? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı birinci yazısı

Ötən yay da futbolda üzümüzü “Qarabağ” və “Qəbələ” güldürdü. Hər iki klubumuz ardıcıl 2-ci il Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Halbuki 2015-ci ilin yayından fərqli olaraq 2016/17 mövsümünün startı ərəfəsində belə nikbin xəyallara dalmamışdıq. Çünki ölkədəki ağır iqtisadi durum, maliyyə problemləri klubların vəziyyətini daha da ağırlaşdırmışdı. Bununla belə, adını çəkdiyimiz 2 klub yenə azarkeşləri sevindirdi. Məhz bu səbəbdən hamının düşüncəsi eyni idi: bu mövsüm ya “Qarabağ”, ya da “Qəbələ” çempion olacaq!

Necə ki bir il əvvəl belə proqnoz verilmişdi. Ancaq 2015/16 mövsümündə gözləntilər tam doğrulmamışdı. Düzdür, “Qarabağ” yekunda yenə çempionluq sevinci yaşamışdı. Amma “Qəbələ” çempionluq uğrunda mübarizə apara bilmədi. Nəticədə “Zirə” sürprizə imza ataraq elitadakı debüt ilindəcə gümüş medal qazandı. Bu dəfə isə çempionluq savaşı izlədik.

“Qarabağ”: Oturuşmuş heyət və çempionluq duyumu

Yaxşı hücumçuları necə fərqləndirirlər? Güclü qol duyumuna əsasən. Bir hücumçunun sürətli və texnikalı olması ən vacib şərt deyil. Ən əsası onun güclü qol duyumuna sahib olmasıdır. Hücumçunun işi hansı yolla olur-olsun topu 7 metrlik çərçivədən keçirməsiylə dəyərləndirilir. Bəzən forvard 90 dəqiqə ərzində gözə dəyməz, amma 1 epizodda imkandan maksimum yararlanıb, komandasına qələbə qazandırar. Beləcə 1 andaca qəhrəmana çevrilər. O zaman onun qalan vaxtda faydasız mübarizəsi heç yada düşməz. Çempionluq da belədir. Mövsümboyu komandanın zəif və ya güclü çıxış etməsi, məzmunlu və ya məzmunsuz oynaması yox, bitiriciliyi, son nöqtəni qoyması önəmlidir. Əsas odur ki, komanda çempionluğa hazır olsun, onu hiss etsin. Fikrimizcə, “Qarabağ”ın əsas üstünlüyü məhz bu idi. Halbuki ilk dövrədən sonra “Qəbələ” daha öndə idi. Doğma meydanda əsas rəqibinə qalib gəlməsi “qırmızı-qaralar”ın ağdamlıların 3 illik hegemonluğuna son qoyacağını düşünənlərin inamını gücləndirmişdi. Ancaq mövsümün ilk yarısı başa çatanda Qurban Qurbanovun yetirmələri liderliyi əldə etmişdi. Artıq tədricən “Fiorentina” ilə Florensiyadakı oyundan sonra Dino Ndlovunun ayağı açıldı. Komandaya uyğunlaşan afrikalı hücumçu ön xətdəki “dişsizliy”i aradan qaldırdı, faydalı iş əmsalı artdı. Hətta aparıcı oyunçulardan Dani Kintananın zədələnərək uzun müddətliyə sıradan çıxması və vaxtilə komandanın avrokubok oyunlarında vacib qollarına imza atmış, öncəki 3 çempionluğunda böyük rol oynamış Reynaldonun "Adanaspor"la anlaşması da komandanın tempini aşağı salmadı. Çünki sabit və zəngin heyət mövcud idi. Bu da Qurban Qurbanovun işini asanlaşdırırdı. “Qarabağ” qış fasiləsində Ağabala Ramazanovu da heyətə qataraq hücumda rəqabəti gücləndirdi. Mövsümün 2-ci yarısında rəqabət pik həddə çatdı. Hərarət hakimləri “yandırdı”. “Neftçi” əvvəlcə “Qarabağ”, ardınca isə “Qəbələ” ilə oyunda hakim haqsızlığıyla üzləşdi. Ancaq ümumi götürdükdə “Qəbələ” ədalət təmsilçilərindən daha çox gileylənirdi ki, buna da haqqı çatırdı. Ardıcıl bir neçə oyunda referilər bölgə təmsilçisinin qarşılaşmalarında kobud səhvlərə yol verirdi. Bu zaman “Qarabağ” təmkinini qorudu, kənar söz-söhbətlərə, atmacalara baş qoşmadı və yalnız öz oyunlarına kökləndi. Bunun da nəticəsini gördü. Sona 5 tur qalmış bu komandanın çempionluğu praktiki olaraq təsdiqini tapmışdı. Çempionluğun qoxusunu duyan ağdamlılar 4 xallıq fərqin əriməsinə imkan vermədi. Beləliklə, ölkə çempionatında ilk yaşandı. Axı heç vaxt bir klub ardıcıl 4 çempionluq yaşamamışdı.

“Qəbələ”: Hakim haqsızlığı və təcrübəsizlik

Ötən yay “Qəbələ”nin heyətində ciddi dəyişikliklər oldu. Arif Daşdəmirov, Ermin Zets, Dodo, Andrey Popoviç, Pavel Paşayev, Ruslan Abışov, George Floresku, Aleksey Qay, Derlis Meza Kolli, Aleksey Antonov və Vadim Abdullayev müxtəlif səbəblərdən klubdan ayrıldı. Əvəzində heyətə Nika Kvekveskiri, Baqali Dabo, Filip Ozobiç, Teo Uiks və Ruslan Qurbanov cəlb olundu. Ötən mövsüm “Zirə”də icarə əsasında çıxış etmiş Tellur Mütəllimovun qaytarılması da önəmli addım idi. Düşünmək olardı ki, Köklü dəyişikliklərdən sonra komandanın toparlanması üçün zamana ehtiyac olacaq. Ancaq belə olmadı. “Qəbələ” xoş sürprizə imza ataraq Avropa Liqasında inamlı çıxış etdi. Klubun transfer siyasətini özünü doğrultmuşdu. Kvekveskirinin hələ “İnter”də oynayarkən nəyə qadir olduğunu görmüşdük. Bu üzdən gürcü futbolçunun “Qəbələ”yə uyğunlaşması problem olmadı. Ancaq Dabo, Ozobiç və Uiks “sirli qutu” kimi idi. Bu “3-lük” elə startdan bacarığını ortaya qoydu. Sonradan Teo naməlum səbəblərdən kölgəyə çəkilsə də, Dabo süni örtükdə zədələnərək formasını itirsə də, Ozobiç sonadək liderlik keyfiyyətlərini qorudu. Cavid Hüseynovun azadlığa çıxan kimi komandaya qoşulması da əlavə üstünlük oldu. Bu mövsüm Roman Qriqorçukun komandası daha baxımlı futbol oynayırdı. Düzdür, Avroliqanın qrup mərhələsində zədə sindromu və bəxtsizlikdən xal qazanmaq mümkün olmasa da, Premyer Liqada işlər qaydasında gedirdi. Ta ki 2-ci dövrədə “Azərsun Arena”dakı qarşılaşmayadək. Həmin oyunda Rəhim Həsənovun anlaşılmaz qərarları nəticəsində məğlub olan “Qəbələ” konsentrasiyanı itirdi. Klub rəsmilərinin tez-tez hakimlərdən, hətta AFFA-dan gileylənməsi də sanki futbolçuların fikrini yayındırdı. Qış fasiləsində Araz Abdullayev və Rasim Ramaldanov heyətə qatıldı. Amma ən önəmli transfer Yuri Syominin dönəmində “Qəbələ”nin əsas qol ümidi olmuş Daniel Subotiç idi. Vaxtilə ölkəmizdə oynadığından uyğunlaşmasına zaman getmədi. Serbiyalı hücumçu elə ilk oyunlardan qolçuluq bacarığını işə saldı. “Qəbələ” yenə evdə “Qarabağ”a qalib gəldi. Ancaq bundan sonra “qırmızı-qaralar” gözlənilməz xal itkiləriylə üzləşdi. “Zirə” və “Kəpəz”lə oyunlardakı idarəçilik də “Qəbələ” rəsmilərinin kəskin narazılığına səbəb oldu. Bəzən iddialı olmayan rəqiblərlə oyunlarda xal itkiləri, çoxsaylı epizodların boşa verilməsi komandanın çempionluq inamını sarsıtdı. Sonradan Qriqorçukun da etiraf etdiyi kimi, “Zirə” ilə Qəbələdəki heç-heçə nəticəsində liderlə xal fərqinin 4-ə yüksəlməsi “qırmızı-qaralar”ı praktiki olaraq hədəfindən uzaqlaşdırdı. Son ümid isə Tofiq Bəhramov adına Respublika Stadionunda tükəndi. “Qarabağ” əsas rəqibinə uduzmadı və titulunu qorudu. Ümumi nəzər saldıqda “Qəbələ”nin bu mövsüm sırf həlledici məqamlarda təcrübəsizliyinin, təmkinini qoruya bilməməsinin güdazına getdiyini söyləyə bilərik.

“İnter”: maliyyə, maliyyə, yenə də maliyyə

Cahangir Hacıyevin “bankirlər”dən əlini üzməsindən sonra ciddi maliyyə problemləriylə üz-üzə qalan klubu Rəşad Qasımov ölməyə qoymadı. Əsl maliyyəçi və idarəçi bacarığını ortaya qoyan “İnter”in prezidenti qənaətcillik prinsipləri əsasında dağılmış sistemi tam yeni və səmərəli formada bərpa etdi. Klubun borclarını “bağlayan” Qasımov bahalı legionerlərdən imtina etdi. Mövsüm ərəfəsində komandada cəmi 3 əcnəbi – Adrian Skarlatake, Denis Silva və Zurab Xizanişvili qaldı. Qalanları isə yerlilərdən ibarət idi. Halbuki “İnter” heç vaxt bu dərəcə milliləşmiş komanda olmamışdı. Məhz bu məqam bu klub ətrafında formalaşmış mənfi rəyi rəğbətə çevirdi. Rəşad bəy yığma təcrübəsi olan futbolçuları “İnter”ə topladı. Bu da “ağ-göylər”də əsl ailə kollektivi yaratdı. Komandada ab-hava yüksək səviyyədə idi. Baxmayaraq ki, klubun büdcəsi “Qarabağ”, “Qəbələ” və “Neftçi” ilə müqayisə olunmayacaq dərəcədə az idi. Elə ilk turdan “İnter” ona birmənalı yanaşmayan skeptikləri təəccübləndirdi. Zaur Svanadzenin komandası çempion üzərində əzmkar qələbəyə sevindi. Ümumiyyətlə, qış fasiləsinədək paytaxt klubu nə “Qarabağ”a, nə də “Qəbələ”yə boyun əydi. “Bankirlər”in problemi ondaydı ki, iddiasız rəqiblərlə oyunlarda xal itirirdi. Bu səbəbdən mövsümün ilk yarısını 3-cü pillədə başa vurdular. Halbuki əsas rəqiblərin Avroliqada oynamasından maksimum istifadə etmək olardı. Alman Yohann Enqbrextin “İnter”in Müşahidə Şurasının sədri seçilməsindən sonra Rəşad bəy klubdan ayrıldı. Bu da “ağ-göylər”in çətinliklə, əzab-əziyyətlə formalaşmış sistemini alt üst etdi. Enqbrextdən sonra Azər Əliyev Müşahidə Şurasının sədri seçildi. Beynəlxalq Bankın xərcləri azaltmaq siyasətinin qurbanı “İnter” oldu. Klub 1 il əvvəl olduğu kimi, ciddi maliyyə problemləriylə üz-üzə qaldı. Bu azmış kimi, Ruslan Abışov və Ağabala Ramazanov kimi əsas heyət üzvləri başqa komandalara keçdi. Heyət kasadlığı yarandı. Klub qışda yaxşı hazırlıq keçə bilmədi, transfer qadağasına görə heyəti gücləndirmək mümkün olmadı. Maaşların aylarla gecikməsi isə “İnter”də ab-havanı tamam korladı. Belədə hansı hədəflərdən danışmaq olardı? Svanadzenin komandası mövsümün ilk yarısında topladığı ehtiyatın böyük rolu sayəsində bürünc medala sevindi. Halbuki maliyyə problemləri yaşanmasaydı, “İnter” son turlaradək çempionluq savaşında yer almaq iqtidarında idi.

“Qəbələ” oturub-fikirləşib, “Qarabağ”a batmağın yollarını tapmalıdır”

Elçin Cəlilov (jurnalist): “İlk “3-lüy” qanunauyğun hesab edirəm.   Mövsümün əvvəlində elə bu komandaların medalları qazanacağı proqnozlaşdırılırdı. Bura “Neftçi”ni də əlavə eləmək olardı. İddialı transfer etmişdilər. Amma yekunda “Qarabağ”, “Qəbələ” və “İnter” medal qazandı. “İnter”in maliyyə problemlərinə baxmayaraq, 3-cü yeri tutmasını xüsusi cəhət kimi dəyərləndirmək olar. “Qarabağ” və ya “Qarabağ”ın çempion olacağını dəqiq söyləmək mümkün deyildi. Avroliqada uğurlu çıxışı, dinamik heyət və baxımlı futbol sərgiləməsi “Qəbələ”nin çempion olacağına inam yaratmışdı. Ancaq qışdan sonra “Qəbələ”də mənfi xüsusiyyət büruzə verdi. Komanda gözlənilməz oyunlarda xal itirdi. “Qarabağ” daha sabit çıxış edərək “Qəbələ”ni geridə qoydu. Əslində “Qəbələ”yə çempionluq üçün çox şey çatmadı. Heyət çempionluğa hazır deyildi. Düzdür, bir çox mövqelərdə çox yaxşı oyunçuları var. Amma bəzi mövqelərdə ciddi boşluqlar var. Müdafiənin cinahlarını və nominal hücumçu mövqeyini misal göstərə bilərəm. Komanda nə qədər qol vursa da, bir o qədər top buraxırdı. Sabit çıxış çatışmazlığı var idi. Həmişəki kimi “Qəbələ”də qışdan sonrakı eniş ənənəsi davam etdi və bunun qarşısını ala bilmədilər. Bu komanda hələ Avroliqa və çempionatla paralel oynamağa hazır deyil. “Qarabağ” isə bu cür trayektoriyaya öyrəşib. Heyəti də sabit, otuşmuş heyətdi. Futbolçuların əksəriyyəti neçə ildi bir yerdə oynayır. Komandanın özəyi bir-birini çox yaxşı tanıyır. “Qarabağ”ın çempionluq təcrübəsi də zəngindi. “Qəbələ” isə heç vaxt çempion olmayıb. Uzun marafonda hansı aşırımların olduğunu, ani dönüşləri hiss eləmirdilər. Amma “Qəbələ”nin ilk dəfə gümüş medal qazanması da uğurdur. Gələn il bu medalı qızıla çevirmək yolunda da əsas rəqib “Qarabağ” olacaq. Yenə əsas rəqabətin bu 2 komanda arasında gedəcəyini düşünürəm. “Qəbələ” oturub-fikirləşib, “Qarabağ”a batmağın yollarını tapmalıdır”.

“Çempion əsas rəqibini məğlub edən yox, zəif komandalarla oyunlarda xal itirməyən klub olur”

Emin Abbasov (jurnalist): “Mövsümün əvvəlində “İnter”in çempion olmayacağını bilirdim. Çünki bu heyətlə “Qarabağ” və “Qəbələ”ylə çempionluq uğrunda başa-baş mübarizə aparmaq mümkün deyildi. “İnter”in maksimumu elə bürünc medal idi. Onlar qarşılarına qoyduqları məqsədə çatdılar. Çempionun isə kim olacağını proqnozlaşdırmaq çətin idi. Çünki “Qarabağ” və “Qəbələ” eyni gücdə komandalardır. Hər ikisinin çempionluq potensialı var idi. Həm baş məşqçilərinin bacarığı, həm heyətlərinin səviyyəsi, həm də sərgilədikləri futbola görə çempionluğa layiq idilər. Yekunda “Qarabağ” çempion oldu. Şəxsi oyunlarda “Qəbələ” üstün oldu: iki qələbə, bir heç-heçə, bir məğlubiyyət. “Qarabağ” əsas rəqibiylə oyunlarda çətinlik çəkirdi. Məsələnin başqa tərəfi də var. “Qarabağ” “Sumqayıt”, “Kəpəz” və AZAL-la görüşlərdə mümkün 36 xaldan 34-nü qazanıb. Yəni keçirdiyi 12 qarşılaşmadan 11-də qələbə qazanıb. Yalnız birində heç-heçə edib. Bir də “Qəbələ”nin bu komandalarla oyunlarının nəticələrinə baxaq. Cəmi 20 xal toplayıb. Son turda “Sumqayıt”a qalib gəlsə belə 23 xal 34 xalla müqayisədə xeyli azdır. Digər rəqiblərlə oyunlarda belə xal intervalı yox idi. “Qəbələ” bütün oyunlarda AZAL-ı məğlub etməliydi. “Sumqayıt” və “Kəpəz”lə matçlarda bu qədər xal itkisinə yol verməməliydi. Çempion əsas rəqibini məğlub edən yox, zəif komandalarla oyunlarda xal itirməyən klub olur. Bu baxımdan “Qarabağ” daha yaxşı oynadı. Ağdam klubu qazandığı xalların az qala yarısını bu 3 komandayla oyunlarda əldə edib. Çempionat uzun marafondur. Burda yalnız 2 komanda iştirak etmir ki, şəxsi oyunlar həlledici olsun. İstənilən rəqiblə oyunda qələbəyə görə 3 xal qazanırsan. Sonda ən çox xal toplayan qalib gəlir. Roman Qriqorçuk çempionluğa nə çatmadığını təhlil edəcəyini deyib. Əslində elə məhz zəif komandalarla oyunlarda itirilən xallar çempionluğa mane oldu”. 

“Qəbələ”də yerli lider oyunçu çatışmadı”

Ağasəlim Mircavadov (məşqçi): “Heç vaxt proqnoz verməyi sevmirəm. Bu səbəbdən mövsümün əvvəlində proqnoz verməmişdim. Ancaq nəticələr gözlənilməz olmadı. Kimin ki heyəti güclü, malliyyə dayağı yaxşı idi, onlar da medal qazandı. “İnter” qışa qədər yaxşı gedirdi. Amma ciddi maliyyə problemləriylə üzləşdilər. Bununla belə, oyun modelini pozmayaraq bürünc medalı qazandılar. “Qəbələ”yə çempionluq üçün nə çatmadı? Bu komanda iki fərqli heyətlə oynadı. Avroliqada 10 legioner oynayırdı. Məncə 2-3 gənc yerli oyunçuları beynəlxalq görüşlərdə “bişirmək” lazım idi ki, çempionatda bunun faydasını görsünlər. “Qəbələ”də yerli lider oyunçu çatışmadı. Cavid Hüseynov jurnalist Rasim Əliyevin öldürülməsinə görə həbs edilməsəydi, o komandanın lideri ola bilərdi. Bir ildən çox futbolsuz qalan adamın geriləməsini başa düşmək olar. Həm də əsas özündən aşağıdakı rəqiblərlə oyunlarda xal itirməməli, əsas rəqiblərlə matçlarda isə 50 faizə yaxın nəticə göstərməlisən. “Qəbələ” aşağı pillələrdə qərarlaşan komandalarla qarşılaşmalarda çox xal itirdi. Bütün bu sadaladıqlarım çempionluq mübarizəsindən “Qarabağ”ın qalib çıxmasına imkan verdi”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right