Ölkə kubokunda ilk yaşanacaqmı? Layihə

Beləliklə, ölkə kubokunun yarımfinal mərhələsinə start verildi. Başa vurduğumuz həftədə ilk oyunlar keçirildi. Artıq vəziyyət 90 faiz aydınlaşıb. Çempionluq uğrunda mübarizə aparan komandalar Azərbaycan kubokunun finalında qarşılaşmağa çox yaxındır. Bunun baş verməməsi üçün sensasiya reallaşmalıdır. Bu isə çox müşkül məsələdir. İlk qarşılaşmalarda “Qarabağ” və “Qəbələ” rəqiblərinə 2 top fərqiylə qalib gəlib. Hazırda çempionatın ən formada olan klubları çətin ki, cavab matçlarında bu cür üstünlüyü əldən versin. Əslində son 3 mövsümdə bu komandaların kubokun finalında qarşılaşacağı proqnozlaşdırılırdı. Ancaq hər dəfə “Neftçi” gözləntiləri alt-üst edərdi. Görünən odur ki, bu dəfə 80 yaşlı “ağsaqqal” da dövranın o dövran olmadığını qəbul edib. Qeyri-adi bir şey baş verməsə, ilk dəfə Azərbaycan kubokunun finalında “Qarabağ” və “Qəbələ” münasibətlərini aydınlaşdıracaq. Bəs ilk oyunlar nə göstərdi?

“Qəbələ” Bakıda suallara aydınlıq gətirdi

“Beynəlxalq Bank”ın sponsorluqdan çəkilməsindən sonra valideynsiz qalan övlada bənzəyən “İnter” xarakter göstərməyə, mövsümü başıuca yekunlaşdırmağa çalışır. Buna nə qədər nail olur – bunu demək çətindir. Ancaq bir şey dəqiqləşmək üzrədir. “Ağ-göylər” kubokdan gözünü çəkə bilər. Çünki evdəki 1:3 hesablı məğlubiyyətdən sonra Qəbələ səfərindən xoşbəxt sonluq gözləmək utopiyadan başqa bir şey deyil. Zaur Svanadzenin müdafiə xəttində yalnız fiziki durumu qaydasında olmayan Zurab Xizanişvili yox idi. Təcrübəli futbolçunun olmaması sözünü dedi. İlkin Qırtımov, Denis Silva, Adrian Skarlatake, Tərlan Quliyev və Slavik Alxasovdan ibarət müdafiə xətti etibarlı oynamadı. Mirhüseyn Seyidov uzun fasilədən sonra ilk “11-lik”də yer almışdı. Həmçinin gənc Məmməd Quliyevin ilk dəqiqələrdən oynaması diqqəti çəkməyə bilməzdi. Roman Qriqorçuk yığmalardan yorğun qayıdan futbolçularını start heyətində meydana buraxmamışdı. Ürfan Abbasovla Tellur Mütəllimovu müdafiənin cinahlarında yerləşdirən ukraynalı mütəxəssis mərkəzdə Vojislav Stankoviç – Rafael Santos tandeminə güvənmişdi. Rəşad Sadiqovla Teo Uiks dayaqda çıxış edirdi. Ruslan Qurbanov, Asif Məmmədov və Filip Ozobiç 3-lüyü “sivri uc”dakı Daniel Subotiçi ön xətdə yalqız qoymamağa çalışırdı. Hesabın açılması üçün çox gözləmək lazım olmadı. Hər iki komandanın künc zərbəsi məhsuldar alındı. Əvvəlcə Filip Ozobiçin havalandırdığı topu uzaqlaşdırmağa çalışan Elnur Abdullayev əllə oynadığı üçün Daniel Subotiç dəqiq penalti vuruşuyla qonaqları sevindirdi. Ancaq qəbələlilərin sevinci çox çəkmədi. Adrian Skarlatake korner asmasını tora qovuşduraraq “status-kvo”nu bərpa etdi. Ancaq ikinci hissənin əvvəlində Subotiç dublunu rəsmiləşdirəndə rumıniyalı futbolçunun “rol”u danılmaz idi. Axı top ona dəydikdən sonra qapıdan keçdi. Rafael fərqi 2 topa çatdırsa da, hakim haqsız yerə qolu qeydə almadı. Çünki passiv ofsaydda olan Subotiç Orxan Sadıqlı üçün heç bir maneə yaratmırdı. Hər halda, 2-ci yarıda aşkar üstün olan “Qəbələ” 2 top fərqiylə qələbə qazana bildi. Ozobiçin qolu “İnter”in olan-qalan ümidlərinin üstündən xətt çəkdi.

Roman Qriqorçuk nədən narazıdır?

Roman Qriqorçuk: “Hər oyunda olduğu kimi, bu dəfə də qol epizodlarının boşa verilməsindən narazı qaldım. Səbəblər müxtəlif ola bilər. Amma ən vacib amil ustalıq səviyyəsinin, yəni həlledici anda doğru qərar qəbul etmək bacarığının aşağı olmasıdır. Bu qədər fürsəti qaçırmaq olmaz. Ona görə də çıxış yolları tapmalıyıq. Yaxşı ki, 3 qol vurduq. Yoxsa futbolçulara yazığım gələrdi. Bu gün meydanda çox əziyyət çəkdilər. Subotiçin zədəsi ciddi deyil. Ağrıları var idi, risk etməmək üçün onu tez əvəzlədim. Əhvalı ona görə yerində deyildi ki, qolların davamını gətirmək istəyirdi. Ona görə də üzgün idi. Rafaelin qoluna gəlincə, dayandığım yerdən qayda pozuntusunun olmadığı görünürdü. Fikrimcə təmiz qol idi. Amma 4-cü hakim futbolçumuzun rəqib oyunçunun qarşısını kəsdiyinə görə qolun qeydə alınmadığını söylədi”.

Zaur Svanadze heyət kasadlığından şikayətləndi

Zaur Svanadze: “İlk hissədə pis oynamadıq. İki-üç real qol imkanı yaxalayıb, birini qola çevirdik. Fasilədən dərhal sonra rəqibə verdiyimiz “hədiyyə” komandanı “sındırdı”. 3-cü qol da “hədiyyə” idi. Belə güclü rəqiblə oyunda kobud səhvlər bağışlanmır. Bunu futbolçulara demişdim. Bundan sonra bizi çətin oyunlar gözləyir. İndidən mübarizənin bitdiyini düşünmək olmaz. Amma məsələyə real yanaşsaq, cavab qarşılaşmasında işimiz çox çətin olacaq. Bu cür rəqibə səfərdə 3 qol vurmaq çətindir. Mövsümə pis başlamamışdıq. Qışa qədər nə “Qəbələ”yə, nə də “Qarabağ”a uduzduq. Amma qış fasiləsində 2 əsas heyət üzvünü itirməyimiz sözünü dedi. Bu gün heyət kasadlığından əziyyət çəkirik. Uşaqlar artıq yorulub. Bundan sonra nə qədər dözəcəklər, bilmirəm. Özüm də onlar kimi yorğunam. Bizə çətin olacaq”.

“Qarabağ” “Bakcell Arena”da “baş işlətdi”

Qışdan sonra fərqli qrafik cızan “Neftçi” yenidən azarkeşlərini ümidləndirmişdi. Yeni transferlərlə çempionatda yüksəlişə keçən “ağ-qaralar” kubokda sona kimi getməklə Avroliqaya vəsiqə qazanmaq niyyətindədir. Ancaq yarımfinalın ilk oyunu ümidlənməyin əbəs olduğunu göstərdi. Bir çoxları “Qarabağ”ın əzəli rəqibinin 80 illik yubileyini nəzərə alıb, bilərəkdən mübarizədən çəkiləcəyini iddia edirdi. Ancaq Qurban Qurbanov növbəti dəfə isbatladı ki, o və komandası heç vaxt danışılmış oyunların bir parçası olmur. Halbuki onun meydana buraxdığı heyətə “Neftçi” qalib gəlməyə borclu idi. Çünki oyun praktikasından əziyyət çəkən futbolçuların bir çoxu meydana çıxmışdı. Qurbanov bəzi yığma üzvlərinə istirahət vermişdi. Həmçinin zədəli futbolçular var idi. Bu səbəbdən Qara Qarayev illər sonra sağ cinah müdafiəçisi kimi oynayırdı. Elvin Yunuszadə və Maksim Medvedev müdafiənin mərkəzində, Arif Daşdəmirov isə solunda qərarlaşmışdı. Coşqun Diniyev və Rahid Əmirquliyev müdafiəçilərin önündə yer almışdı. Miçel bu dəfə oyunqurucusu funksiyasını yerinə yetirirdi. Muarem Muarem – Ağabala Ramazanov – Dino Ndlovu üçlüyü hücumda məhsuldarlıq nümayiş etdirməliydi. Elxan Abdullayev yenə 5-li müdafiə xəttinə üstünlük vermişdi. Bir neçə stopperin yoxluğunda Elvin Bədəlov, Kirill Petrovla Pavel Dreksanın yanında yer tutmuşdu. Müdafiənin cinahlarında sürpriz ad yox idi. Sol Georgi Navalovskinin, sağ cinah isə Məqsəd İsayevin məsuliyyətindəydi. İqnasio Errera və Tərzin Cahangirov arxa xəttə dəstək verməliydi. Cavid İmamverdiyev və Fəhmin Muradbəyli cinahlardan Uqo Barqası topla təmin etməli, yeri gələndə özləri də fərqlənməliydi. Oyuna qonaqlar sürətli başladı. Miçel başla fərqlənməyə yaxın olanda bu, “Neftçi” üçün siqnal olmalıydı. Ancaq “ağ-qaralar” həmin oyunda “2-ci mərtəbə”də rəqibinə aşkar uduzdu. Muarem Muarem korner asması zamanı Məqsəd İsayevi qabaqlayaraq hesabı açdıqdan sonra Cavid İmamverdiyev ələ düşən fürsəti dəyərləndirə bilsəydi, bəlkə də indi fərqli tonda cümlələr qururduq. Ancaq həmin oyunda hər şey “Qarabağ”ın istədiyi kimi cərəyan etdi. Meydan sahibləri özünə gəlməmiş Dino Ndlovu sözün bütün mənalarında baş işlətdi. Elxan Abdullayev Daniel Seqoviyanı meydana buraxdıqdan sonra komandası daha sürətli və hücumda aqressiv oynamağa başladı. Qısa intervalla 3 real qol vəziyyəti boşa verilincə məğlubiyyət qaçılmaz oldu. Bu, böyük ölçüdə “Neftçi”nin yubileyini titulla qeyd etmək arzusunun puç olması demək idi.

Qurban Qurbanov arxayınlaşmaq fikrində deyil

Qurban Qurbanov: “Maraqlı oyun alındı. Bu stadionda çox yaxşı atmosfer olur. “Neftçi” və “Qarabağ”ın azarkeşləri qarşısında oynamaq çox xoş idi. “Neftçi” sona kimi mübarizə apardı. Hesabda dəyişiklik etməyə çalışdı. Bizim üçün çox təhlükəli rəqibdir. Çempionatda onlarla oyun çox ağır keçmişdi. Bu gün qeydə alınan hesab hələ heç nə ifadə etmir. Cavab qarşılaşmasına da yaxşı hazırlaşmalıyıq. Hər iki komanda baxımlı, mübariz oyun göstərdi. Müdafiəçi çatışmazlığımız vardı. Bu səbəbdən Qara Qarayevi cinah müdafiəçisi kimi oynatdıq. Çempionata hazırlaşarkən onu bir neçə mövqedə sınaqdan keçirmişdim. “Neftçi”nin futbolçuları oyunun sonlarında 3 təhlükəli zərbə vurdular. Ola bilər ki, bu epizodlarda bəxtləri gətirmədi. Bizə sona kimi problem yaşatdılar. Məğlub olmağı sevmirlər. Ayrı-ayrılıqda “Neftçi”nin heç bir futbolçusu bu görüşdə məğlub olmadı, ruhdan düşmədilər. Oyuna həddən artıq yaxşı köklənmişdilər. Kubokun qalibi olmaq istəyirlər. Cavab matçında da işimiz asan olmayacaq”.

Elxan Abdullayev zədələrin arxasında gizləndi

Elxan Abdullayev: “Bu gün “Neftçi” üçün önəmli gün idi. Veteran futbolçularımız komandaya dəstək oldu. Təəssüf ki, onları sevindirə bilmədik. “Neftçi” zəif çıxış etdi. Bunun səbəbləri var. Çalışacağıq ki, cavab matçına daha yaxşı hazırlaşaq və azarkeşlərimizi sevindirək. Mənim eyni anda millidə və “Neftçi”də işləməyimin heç bir təsiri yoxdur. Zəif çıxışımızın səbəbi başqadır. Millinin Qətərlə oyunundan sonra “Neftçi” “Qəbələ” və “İnter”ə qalib gəlib. Yəni yığma amilini səbəb kimi göstərmək düzgün deyil. Cavid İmamverdiyev sonuncu dəfə 1  ay əvvəl meydanda olub. Onu bu gün məcburiyyətdən oynatdım. Pavel Dreksa da zədəli-zədəli mübarizə apardı. Həkimlər deyir ki, o 3 həftə oynamamalıydı. Bəlkə cavab qarşılaşmasında nəsə edə bilərik. Düzdür, bu gün “Qarabağ”da yerli oyunçular çox idi. Amma unutmayaq ki, onlar milli üzvləridir. “Neftçi”ni sevməyənlər çoxdur. Komandaya ürək-dirək vermək lazımdır, “baltalamaq” yox. Mən qoymaram ki, “Neftçi”ni sevməyənlər sevinsin. Kim deyə bilər ki, biz yüz faiz “Qarabağ”ı keçməyəcəyik? Hələ şansımız qalır. Zədəli futbolçularımız çoxdur. Bu səbəbdən komanda tam gücü ilə oynaya bilmir. Rəhman Musayev meydana sonradan daxil oldu və yaxşı təsir bağışladı. Oyunu xoşuma gəldi. Mən kubokda “Şərurspor”la qarşılaşanda deyirdim ki, Allah, sənə qurban olum, bu komandanı keçək. Heç yarımfinala çıxacağımızı gözləmirdim”.

Elçin Cəlilov da cütlərin taleyinin həll olunduğunu düşünür

Elçin Cəlilov (jurnalist): “Kubokun yarımfinal mərhələsinin ilk oyunlarının nəticələri gözlənilməz olmadı. “İnter” – “Qəbələ” görüşü qonaqların aşkar üstünlüyü şəraitində keçdi. “İnter”in qış fasiləsindən sonra zəiflədiyi aşkar görünür. Bunda klubun sponsorsuz qalması və taleyinin qeyri-müəyyənliyinin də rolu az deyil. Mətbuat konfransında Zaur Svanadze də zəiflədiklərini etiraf etdi. Heyətin geniş olmamasından gileyləndi. “Qəbələ” də “İnter”in bu zəifliyindən maksimum istifadə elədi. Demək olar ki, bu cütün taleyi həll olunub.

“Neftçi”nin isə yarımfinalda “Qarabağ”a nəsə edə biləcəyi gözlənilirdi. Burda qeyri-futbol faktorlarının rol oynayacağını düşünürdük. “Neftçi” həmin gün klubun 80 illik yubeyi münasibəti ilə tədbir keçirirdi. Xaricdən qonaqlar, veteranlar gəlmişdi. Bu detallara görə və doğma meydan amilinə görə “Neftçi”nin ikiqat motivasiya ilə oynayacağı gözlənilirdi. Ən azı uduzmayacaqlarını proqnozlaşdırmaq olardı. Ancaq gözləntilər özünü doğrultmadı. “Qarabağ” əsasən yerli oyunçuları start heyətində meydana buraxmışdı. “Neftçi”də isə legionerlər çoxluq təşkil edirdi. “Qarabağ” bütün bu amillərə baxmayaraq, həm oyun planında, həm də hesabda üstün oldu. Məncə, burda da cütün taleyi həll olunub. Belə görünür ki, çempionluq uğrunda yarışanlar həm də finalda kuboku qazanmaq üçün mübarizə aparacaq”.

Emin Abbasov “Qəbələ”ni 99, “Qarabağ”ı 80 faiz finala yaxın görür

Emin Abbasov (jurnalist): “Qəbələ” güclü komanda olsa da, bilirik ki, “İnter” istənilən rəqiblə başa-baş oynaya bilər. Xüsusən çempionatın ilk yarısında çempionluğa iddialılara uduzmadıqlarını gördük. Amma qış fasiləsindən sonra sanki Qriqorçuk Svanadzeni “oxuyub”. Çempionatda da, kubokda da rahat qalib gəldi. İlk hissədə adama elə gəlirdi ki, qonaq komanda “Qəbələ” yox, “İnter”dir. Çünki “qırmız-qaralar” çox inamlı oynayırdı. Mübarizə meydanın rəqibə aid hissəsində gedirdi. Qolun çox yubanmayacağı gözlənilirdi. “Qəbələ” çox yaxşı oynadı. “İnter” isə əksinə, çox zəif təsir bağışladı. Bu görüşdən sonra Svanadzenin komandasının səfərdə 2 top fərqiylə qələbə qazanacağı inandırıcı görünmür. 99 faiz “Qəbələ” mərhələni adlayıb. Qalan 1 faiz də Allahın möcüzəsinə qalıb. “Qəbələ” ilk oyunda bütün komponentlərdə rəqibini üstələdi.

Start heyətləri açıqlananda elə təəssürat yarandı ki, “Neftçi” minimal hesabla da olsa, qələbə qazanacaq. Çünki “Qarabağ” əsas heyətlə meydana çıxmamışdı. Əsas heyətin 6-7 futbolçusu yox idi. Meydana əsasən ehtiyat oyunçular çıxmışdı. Elvin Yunuszadə, Arif Daşdəmirov, Rahid Əmirquliyev və digərlərinin adını çəkə bilərəm. Buna baxmayaraq, “Qarabağ” oyuna çox yaxşı başladı. “Neftçi” ilk dəqiqələrdən imkan verirdi ki, rəqib cərimə meydançası daxilindən zərbələr endirsin. “Qarabağ”da heç kim oyundan qopmurdu. Heyətdə “zəif bənd” yox idi. Qurban Qurbanovun komandası bəlkə də qış fasiləsindən sonra ən yaxşı oyununu sərgilədi. İkinci hissədə “Neftçi” bir qədər “diş” göstərdi. Ancaq qol vura bilmədi. Heç olmasa bir qol vursaydılar, nəyəsə ümid etmək olardı. Amma bu cütdə məsələnin 99 faiz həll olunduğunu deyə bilmərəm. “Qarabağ”ı 80 faiz finala yaxın görürəm. Ağdamlılar böyük ehtimalla, cavab matçında əsas heyətlə oynayacaq. Belə olsa, “Neftçi”nin qələbəsi inandırıcı görünmür. “Qarabağ” da finalın qapısını aralayıb və mənə elə gəlir ki, cavab qarşılaşmasında ən azı heç-heçəylə finala vəsiqəni təmin edəcək”. 

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right