Ağlı-qaralı tur Layihə

23-cü tur maraqlı nəticələrlə yadda qaldı. İlk “3-lük”də yer alanlar qələbə qazana bilmədi. Bu tur “Neftçi” və “Kəpəz” üçün uğurlu oldu. Bayram günlərinə təsadüf edən turda məhsuldarlıq görmədik. 4 oyunda qapılara  cəmi 6 top vuruldu. Ardıcıl 2-ci tur qonaqlar qələbəyə həsrət qaldı. Bu tur ağ-qara rənglərə büründü. Bu da martın 18-də “Neftçi”nin 80 illik yubileyini qeyd etməsiylə bağlı idi.

Bayrama bayram qatdılar

Elə həmin görüşdən – paytaxt derbisindən başlayaq. Deyəsən, “Neftçi” “İnter”i məğlub etməyin yolunu tapıb. Daha doğrusu, Elxan Abdullayev “ağ-göylər”in zəif damarını tutub. Onun rəhbərliyi altında flaqman ardıcıl 3-cü dəfə “İnter”ə qalib gəldi. Təbii ki, əlamətdar gündə əldə olunan qələbənin əhəmiyyəti daha böyük idi. Yubileyə təsadüf edən derbi saat 19:37-də başladı. Bu da təsadüfi deyildi. Axı “Neftçi” 1937-ci ildə yaradılıb. Ötən tur çempionluq uğrunda “Qarabağ”la mübarizə aparan “Qəbələ”yə qalib gələn “ağ-qaralar” “İnter”lə oyuna yüksək əhval-ruhiyyədə çıxmışdı. Elxan Abdullayev bu dəfə müdafiənin mərkəzində Kirill Petrovla yanaşı, Ruslan Abışovu oynadırdı. Müdafiənin cinahları Məqsəd İsayev və Georgi Navalovskiyə tapşırılmışdı. Tərzin Cahangirov – Zdenek Folprext tandemi mərkəzdən gələn təzyiqi qarşılamalıydı. Namiq Ələsgərov və Fəhmin Muradbəyli cinahlardan Uqo Barqasla İqnasio Herrera Fernandesi topla təchiz etməyə çalışırdı. Zaur Svanadze ənənəvi taktikasına – 5-4-1-ə sadiq qalmışdı. Yenə Tərlan Quliyev cinah müdafiəçisi kimi çıxış edirdi. Digər cinahda İlkin Qırtımov, mərkəzdə Adrian Skarlatake, Denis Silva və Zurab Xizanişvili yer almışdı. Fuad Bayramov və Elnur Abdullayev dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirirdi. Nizami Hacıyev – Samir Zərgərov – Rauf Əliyev “3-lüy”ü hücumda məhsuldarlıq nümayiş etdirməliydi. “Neftçi” ardıcıl 2-ci matçda ağıllı oyun sistemiylə arzusuna çatdı. Barqas fərdi keyfiyyətləri hesabına yeni komandasında növbəti qoluna imza atdı. Abdullayev oyunu oxumağı bacardı və fasilədən dərhal sonra Namiq Ələsgərovu Rəhman Hacıyevlə əvəzlədi. Məhz “Bakı”nın yetirməsinin 70-ci dəqiqədə zərbəsi Orxan Sadıqlı üçün qarşısıalınmaz oldu. “İnter” buna dərhal cavab verdi. Nizami Hacıyev fərqlənərək növbəti dəfə Robert Prosineçkinin fəlsəfəsini alt-üst etdi. Bu, yarımmüdafiəçinin qış fasiləsindən sonra vurduğu 4-cü, ümumilikdə isə cari mövsüm 7-ci qolu oldu. Maraqlıdır ki, Nizami Hacıyev komanda yoldaşı Rauf Əliyevlə birlikdə bu mövsüm ən çox qol vuran yerli futbolçular olmalarına baxmayaraq, yığmanın baş məşqçisi onları Almaniya ilə oyuna dəvət etməyib. Nə isə. Mövzudan uzaqlaşmayaq. Oyunun sonlarında hər iki baş məşqçi məcburi dəyişikliklər etdi. Elnur Abdullayev başından aldığı zərbədən sonra gənc Məmməd Quliyevlə, qolundan zədələnən Məqsəd İsayev isə Mahir Şükürovla əvəzləndi. Son dəqiqələrdə stopper Zurab Xizanişvili də hücumlara atılmışdı. Ancaq “İnter” cinahlardan hücum edə bilməyincə “Neftçi” üçün həmlələri dəf etmək çətin olmadı. Bu qələbə sayəsində flaqman 5-ci pilləyə yüksəldi. 4-cü yerdəki “Zirə” ilə aradakı xal fərqi isə cəmi 4-dür. Bu yüksələn qrafiklə “ağ-qaralar” həmşəhərlilərinə də çata bilər.

Məşqçi fikirləri

Zaur Svanadze: “Neftçi”ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə komanda yaxşı təsir bağışladı. İlk hissədə ərazi üstünlüyü “Neftçi”də idi. Ancaq təhlükəli vəziyyət yaratmadılar. İkinci hisədə üstünlük bizdə idi. Ancaq bəxtimiz gətirmədi. Ən azı heç-heçəyə layiq idik. Bu komandaya cari mövsümdə 3 dəfə uduzmuşuq. Bizim üçün münasib rəqib deyil. Ancaq edəcək heç nə yoxdu.

Elxan Abdullayev: Bütün “Nefçi” sevərləri təbrik edirəm. Bu gün xoş gündü. Stadionda gözəl atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. O ki qaldı oyuna, komandamı təbrik edirəm. Futbolçular bu gün meydanda canlarını qoydular. Tam üstünlük bizdə idi. Məncə, layiqli qələbə qazandıq.

Gəncəlilər ilkə imza atdı

“Kəpəz” ardıcıl 4-cü ev oyununu keçirdi. Ötən tur “Zirə”ni minimal hesabla məğlub edən gəncəlilər bu dəfə “Sumqayıt”a eyni aqibəti yaşatdı. Beləliklə, “sarı-göylər” bu mövsüm ilk dəfə ardıcıl 2 qələbə qazandı. Meydan sahibləri 4-5-1 taktiki düzülüşündə qazona ayaq basmışdı. Şahin Diniyev yenə komandanın kapitanını dayaq yarımmüdafiəçisi kimi oynadırdı. Halbuki Tural Axundov əslində cinah müdafiəçisidir. Heyətdə sürpriz ad yox idi. Qonaqlar isə 5-4-1 sxeminə üstünlük vermişdi. Samir Abasovun bu mövsümün tapıntısı Yusif Nəbiyevi, həmçinin Sergey Çernışevi ehtiyatda saxlaması diqqət çəkməyə bilməzdi. Oyuna “Kəpəz” sürətli başladı. Xoşbəxtliyi meydanın rəqibə aid hissəsində axtaran gəncəlilər elə matçın startında tiri nişan almaqla qələbə istəyini büruzə verdilər. Meydanda bir futbolçu başqalarından çox-çox fərqlənirdi. Bu da “Kəpəz”in qışdakı təlim-məşq toplanışına hamıdan gec qoşulan Dario Federiko idi. Braziliyalı yarımmüdafiəçi fərdi ustalığını dəfələrlə nümayiş etdirdi. Halbuki belə bərbad qazonda uğurlu driblinq etmək, topla istədiyin kimi davranmaq qəlizdir və böyük ustalıq tələb edir. “Kəpəz”in arzuladığı qol ilk hissənin sonuncu dəqiqəsində gəldi. Ani əks-hücum məhsuldar alındı. Jülien Ebahın ötürməsindən sonra Fərhad Qıstarovu aldadan Dario Federiko yaxın küncdən toru silkələdi. Samir Abasov 2-ci hissədə cəmi 2 dəyşikliyə əl atdı. O, Sergey Çernışevlə yanaşı, Nasir Abilayevi meydana buraxdı. Amma bu dəyişikliklər ciddi mənada bir işə yaramadı. “Sumqayıt” bərabərlik qoluna hava toplarını dəqiq tamamlamaqla imza atmaq eşqindəydi. Standart vəziyyətlər isə son ümid idi. Ancaq tam qapanan “Kəpəz” azarkeşlərinə bayram hədiyyəsi edə bildi. İndi 5-7-ci yerlər arasında cəmi 1 xal interval var. 5-ci yeri tutmaq uğrunda amansız mübarizə davam edir.

 Məşqçi fikirləri

Samir Abasov ("Sumqayıt"ın baş məşqçisi): Ardıcıl məğlubiyyətlərdən sonra Gəncə səfəri çətindi. Oyunun taleyini bir qolun həll edəcəyini əvvəlcədən də təxmin edirdik. Belə meydanda oynamaq çətindi. Gəncəyə gələn rəqiblərin 2-dən çox qol vurduğunu görməmişəm. Kombinasiyalı oyun oynamaq çətindi. "Kəpəz"lə Sumqayıtda oynayanda 3 - 1 hesabıyla qalib gəlmişdik. Əvvəlcədən də bilirdik ki, burda futbol oynaya bilməyəcəyik. Əsas hədəfimiz o idi ki, səhv etməyək. Bayramla əlaqədar 3-4 günlük fasilə verəcəyik, ondan sonra "Neftçi" ilə oyuna hazırlaşacağıq. Getdikcə vəziyyətimiz çətinləşir. Turnir cədvəlində rəqiblər bir-birinə yaxınlaşıb. Bu bizə sərf etməsə də, amma hələ heç nə bitməyib. Vəziyyətimizi düzəltməyə çalışacağıq.

Şahin Diniyev ("Kəpəz"in baş məşqçisi): Gərgin oyun oldu. Ümumiyyətlə, son oyunlarımız gərgin keçir.  Bu gün bizə oyundan çox nəticə lazım idi. Sevinirəm ki, komandam son 5 oyundu məğlub olmur. Bir neçə qol vəziyyətimiz var idi, fərqlənə bilərdik. Düşünürəm ki, layiqli qələbə qazandıq.

Bezotosnı “Qəbələ”ni liderlikdən məhrum etdi

Çempionluq uğrunda mübarizə aparanlar bazar günü meydana ayaq basdı. “Qəbələ” Şüvəlanda AZAL-la münasibətləri aydınlaşdırdı. Bu mövsüm tərəflər arasında “AZAL Arena”da baş tutan oyunda qalmaqal yaşanmışdı. Futbolçulara görə Tərlan Əhmədovla Roman Qriqorçuk arasında insident baş vermişdi. Bu səbəbdən bu qarşılaşma prinsipial xarakter daşıyırdı. Ukraynalı mütəxəssis süni qazonu nəzərə alıb, zədəyə meyilli Baqali Daboya şans vermədi. Qışdan sonra az-az meydana çıxan Ruslan Qurbanov bu dəfə start heyətində yer almışdı. Qriqorçuk müdafiənin cinahlarını Ürfan Abbasov və Tellur Mütəllimova tapşırmışdı. Voislav Stankoviç və Rasim Ramaldanov mərkəzdə yer almışdı. Onların önündə Nika Kvekveskiri və Teo Uiks var idi. Filip Ozobiç həmişəki kimi oyunqurucusu funksiyasını yerinə yetirirdi. Ruslan Qurbanovla Asif Məmmədov cinahdan Daniel Subotiçi “qidalandırmağa” çalışırdı. Gözlənildiyi kimi, 90 dəqiqə boyunca qonaqlar dominantlıq etdi. Çoxsaylı qol vəziyyətlərindən isə yalnız biri məntiqi sonluğa qovuşdu. 52-ci dəqiqədə müdafiəçilərin nəzarətsiz qoyduğu Tellur Mütəllimov şansını qaçırmadı. Bu qoldan sonra da “Qəbələ”nin hesabı artırmaq üçün kifayət qədər imkanı oldu. Amma təhlükəli epizodlar “səxavət”lə sağa-sola xərcləndi. Belə olan halda yazılmamış qanun – “vurmayana vurarlar” prinsipi işə düşdü. Tərlan Əhmədov “Qarabağ”la oyunda olduğu kimi, yenə ikinci hissədə Frank Madu və Samir Məsimovu meydana buraxdı. Ancaq baş məşqçi bu dəfə Suraxanıdakı qarşılaşmada şans vermədiyi Nuqzar Kvirtiyanı da döyüşə atdı. Məhz gürcü yarımmüdafiəçi komandasını məğlubiyyətdən xilas etdi. 90-cı dəqiqədə “Qəbələ”nin müdafiəçiləri anlaşılmaz şəkildə Kvirtiyanı nəzarətsiz qoydu. Nuqzarın o qədər də təhlükəli olmayan zərbəsini isə bir çoxlarının Premyer Liqanın ən səviyyəli qapıçısı saydığı Dmitri Bezotosnı dəf edə bilmədi. Beləliklə, “Qəbələ” çempionluq yolunda daha bir zərbə alaraq, ardıcıl 2-ci oyunda qələbə qazana bilmədi. Halbuki qələbə hesabını qorunsaydı, bölgə təmsilçisi liderliyə yüksələcəkdi. Çünki “Qarabağ” Zirədə cəmi 1 xalı hesabına yazmışdı.

 Məşqçi fikirləri

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): Komandamın oyunundan razıyam. Xal itirdiyimizə görə məyusam. Sadəcə, epizodlarımızdan istifadə edə bilmədik. Bu səbəbdən xal itirdik.Bizə hazırda “Qarabağ”la oyunumuzu düşünürük. Çalışacağıq ki, “Qarabağ”da oyunda xal itirməyək.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi Tərlan Əhmədov): Futbolçularıma təşəkkür edirəm. Sonadək mübarizə apardılar. Ötən oyuna nisbətən topla daha yaxşı oynayırdıq. Son dəqiqə qolu bizə 1 xal qazandırdı. Çox vacib xal idi. Çalışdıq müdafiədə diqqətli olaq. Bilirdik ki, əlimizdə düşən imkanlardan istifadə etməliyik. Belə də oldu.

Yovan Krneta “Zirə”ni söz-söhbətlərdən qurtardı

Turun son matçı Zirədə reallaşdı. Bir çoxlarının “qardaş” adlandırdığı klubların duelindən yenə “Qarabağ”ın qələbəylə ayrılacağını düşünənlər az deyildi. Ancaq nəticə fərqli mənzərəni ortaya qoydu. 90 dəqiqə boyunca qapılara yol tapan olmadı. Ayxan Abbasov bu dəfə son ölkə çempionunu büdrətmək üçün sıx müdafiə qurmağa üstünlük vermişdi. Belə ki, gənc mütəxəssis 3 stopperin – Yovan Krneta, Adil Nağıyev və Sadiq Quliyevin xidmətindən yararlandı. Təmkin Xəlilzadə və Akim Latifu cinahların keşiyində durdu. Viktor İqbekoyi və Amadu Sanqar mərkəz müdafiəçilərinin önündə qərarlaşdı. Sezar Meza Kolli və Elvin Məmmədov cinahdan hücuma qoşulmalıydısa, sivri ucdakı Riçard Qadze bombardirlik keyfiyyətlərini nümayiş etdirməliydi. Qurban Qurbanov ötən turla müqayisədə heyətdə bir dəyişiklik etmişdi. Bu dəfə Ağabala Ramazanov ehtiyatda qalmışdısa, Əfran İsmayılov startdan mübarizə aparırdı. Ansi Aqolli müdafiənin soluunda, İlqar Qurbanov sağında, Rəşad Sadıqov və Bədavi Hüseynov mərkəzində yer almışdı. Coşqun Diniyev və Miçel hücumla müdafiə arasında əlaqələndirici rol oynayırdı. Muarem Muarem sol cinahdan, Əfran İsmayılov isə sağ cinahdan rəqib müdafiəsini yarmalıydı. Dino Ndlovu isə hücumçu keyfiyyətlərini göstərməliydi. İlk hissədə hər iki komanda azı 2 qola imza ata bilərdi. “Qarabağ”ın heyətində Ndlovu və Muarem, “Zirə”də isə Sanqar və Meza Kolli fərqlənməyə çox yaxın oldu. İkinci yarıda təşəbbüs tam şəkildə qonaqların tərəfinə keçdi. Xüsusən Latifunun meydandan qovulmasından sonra “Zirə” tam qapandı. 89-cu dəqiqədə Almeyda hər şeyə nöqtə qoya bilərdi. Ancaq onun zərbəsindən sonra Krneta başla topu boş qapıdan çıxardı və komandasını məğlubiyyətdən xilas etdi. Bu qurtarış həm də çempionluq intriqasının davam etməsi anlamına gəlirdi.

Məşqçi fikirləri

Qurban Qurbanov ( "Qarabağ"ın baş məşqçisi): Çox maraqlı oyun oldu. Sadəcə, qol çatışmadı. Yaxşı mübarizə getdi. “Zirə”yə uğurlar arzulayıram. Son vaxtlarfərqli sistemdə oynayırlar.Komanda azılqda qaldıqda daha diqqətli olur. Bu, hər komandada belə olur. Ansinin ayağında yüngül zədə oldu. Dəyişiklik etdim ki, rəqib meydanında çoxala bilək.Futbolçularımdan razı qaldım. Qarşıdan milli komandaların oyununa görə fasilə gəlir. Həmin 10 gündə yaxşı hazırlıq keçəcəyik.

Ayxan Abbasov (“Zirə”nin baş məşqçisi): “Qarabağ” çempionatın lideridir. Çətin oyun idi. Həftəboyu komandanı analiz etmişdik. Oyun stilinə dəyişikliklər etmişdik. Qırmızı vərəqəyədək rəqibi təzyiqdə saxlayırdıq. Çox sürəti oyun getdi. “Qırmızı”dan sonra oynamaq çətin idi. Amma futbolçularımız əzmkarlıq nümayiş elətdirdi. Qarşıdan çətin oyunlar gəlir. Fasilədən istifadə etməyə çalışacağıq.

“Neftçi”ni onların dilindən tanıyaq

Yubileyini qeyd edən flaqmana özəl toxsaq, məqsədəuyğun olar. “Ağ-qaralar” ölkə futbolunun rəmzidir. 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanan “Neftçi” 2013-cü ildə Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə yeni tarix yazdı. 8 dəfə ölkə çempionu, 6 dəfə ölkə kubokunun sahibi olmaqla ən titullu klubumuz ünvanını alan “ağ-qaralar” 2 dəfə “Birlik kuboku”nun finalında oynamaqla daha bir rekordumuzun müəllifidir. Birinci cəhdində gümüş medal qazanan flaqman 2-ci cəhdində kuboku ölkəmizə gətirib. Bir çoxumuz futbolu məhz bu klubla tanımış və sevmişik. Amma “Neftçi”ni veteranlarından daha yaxşı tanıyan və sevən çətin tapıla. Elə isə gəlin son sözü onlara verək:

Vaqif Sadıqov: “10 ilə yaxın “Neftçi” üçün çalışan insan kimi deyə bilərəm ki, ən xoş illərim orda keçib. Səhərlər təlim-məşq bazasına girib, axşamlar çıxırdıq. Orda qalıb işimizi davam etdirirdik. Ən xoş hisslərim “Neftçi” ilə bağlıdı. Məncə bu klubun 1966-cı ildə qazandığı bürünc medal daha şirindir. Çünki ilk uğur bir balaca başqalarından seçilir. Həmin komandada böyük futbolçular oynayırdı. Biz futbola gələndə onlardan öyrənib, bu yolu davam etdirməyə çalışmışıq. Ondan sonra Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan komanda da bu uğuru nəzərə alıb addımlar atıb. Mən həmişə demişəm ki, uğura aparan yol bir neçə amildən asılıdır. Onlardan biri də ənənədir. Avroliqanın qrupuna yüksələn komanda da bu ənənəyə arxalanaraq sağlam və inamlı addımlar atıb. “Neftçi” həmişə bizi sevindirməyə çalışıb və yaddaşlarda belə də qalıb”.

Ağasəlim Mircavadov: “Mənə elə gəlir ki, “Neftçi”nin yubileyi daha yaxşı, təmtəraqlı keçirilməliydi. “Neftçi” Azərbaycan futbolunun tarixidir. 80 il az yaş deyil. Mən bu klubu daim ön sıralarda görmək istəyirəm. “Neftçi”nin hər yerdə adı var və olacaq da. Çünki bu tarixdir. “Neftçi”də işləyənlərə və oynayanlara ilk növbədə cansağlığı arzulayıram. Bayramlarını təbrik edirəm. Əmina-amanlıq arzulayıram və futbol qələbələri arzulayıram. “Neftçi”ni Çempionlar Liqasının qrupunda görmək istəyirəm. İnkişaf burdan başlayır. Çox istərdim ki, “Neftçi”də yerli futbolçular üstünlük təşkil etsin. Məndə olan məlumata görə, klub martın 30-da yubiley tədbiri keçirəcək. Mən də ora dəvət almışam. Məndə olan məlumata görə, “Neftçi”də çıxış etmiş veteranlar həmin tədbirə dəvət alıb. 20-30 il görmədiyimiz adamları görəcəyik, ötən günləri xatırlayacağıq. Məni ən çox maraqlandıran komandaların oyun üslubu və azarkeş amilidir. “Neftçi”nin yubileyə təsadüf edən oyununda azarkeş sayı idi. Amma təkcə “Neftçi” ilə bağlı problem deyil. Bu gün hətta lider “Qarabağ”ın da ev oyunlarında azarkeş problemini görürük. Azarkeş istəyir ki, gəlsin, futbola baxıb istirahət etsin. Deməli, bu gün futbolumuz azarkeşə istirahət verə bilmir. Amma 7-8 il əvvələ kimi tribunalarda xeyli azarkeş olurdu. Sevgiylə futbola gəlirdilər. Biz mütləq bu sevgini geri qaytarmalıyıq”.  

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right