"Qəbələ" Futbol Akademiyasının çempionatımıza təsiri Layihə

Premyer Liqada bir çox klubların yetirmələri top qovur. Məsələn, hazırda həvəskarlar liqasında çıxış edən “Bakı”nın bir neçə yetirməsi elitada müxtəlif klubların şərəfini qoruyur. Artıq bu mənada “Qəbələ” də tədricən sözünü deyir.

“Sumqayıt”da çıxış edən Amil Yunanov ötən mövsüm sərrastlıq nümayiş etdirirdi. AZAL-da oynayan Kamal Mirzəyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Qış fasiləsində daha 2 futbolçu həmin akademiyadan “Sumqayıt”a keçdi. Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə “kimyaçılar”ın formasını geyəcək. Deməli, “Qəbələ” get-gedə Premyer Liqanın ritmini müəyyənləşdirən klublardan birinə çevrilir. Akademiya ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün yolumuzu Qəbələdən saldıq.

Akademiyanın meneceri Nail Kərimov və baş məşqçisi Halim Fıçıçı ilə söhbət etdik:

- Əvvəlcə “Qəbələ” Futbol Akademiyasının fəaliyyəti və qarşıya qoyulan məqsədlər haqqında fikirlərinizi bilmək istərdik.

- H.F.: Akademiyamızın fəaliyyəti 2008-ci ildə başlayıb. Biz bura gələndə aşağı yaş qrupları üzrə cəmi 2 komanda – U-17 və U-15 var idi. Növbəti il akademiyanın tam qurulmasına qərar verdik. O dövrdə bir çox çətinliklərlə üzləşdik. Alt yapıdan başlayıb, komandaların sayını artırdıq. Əvvəlcə bu sayı dördə çatdırdıq. İndi akademiyada 13 komanda var. 75 yeniyetmə akademiyamızda qalır. Səhər məktəbə gedirlər. Günortadan sonra məşqə çıxırlar. Əsas hədəfimiz əsas komanda üçün oyunçu yetişdirməkdir. Həmçinin Azərbaycanın müxtəlif yaş qrupları üzrə milliləri üçün futbolçular hazırlayırıq. Bu hədəfə böyük ölçüdə çatmışıq. Ancaq yalnız akademiyanın fəaliyyəti ilə ulduz futbolçunu yetişdirmək mümkün deyil. Çünki onu müəyyən bir səviyyəyə kimi çatdırırıq. Onu əsas komandanın baş məşqçisi ulduz oyunçuya çevirməlidir. Akademiyamızın bir çox yetirməsi müxtəlif klublarda forma geyir. Əsas komandamızda akademiyamızın yetirmələrindən yalnız Elvin Camalov tez-tez meydana çıxır. Qalanları ara-sıra oynamaq imkanı əldə edir. Bu, bizim üçün yetərli deyil. Yəni qarşımıza qoyduğumuz hədəf bu deyil.

- N.K.: Halim hoca 13 komandamızın olduğunu dedi. U-19 və ehtiyat komandanı bura daxil etmədi. Onları da saysaq, akademiyamızın 15 komandasının olduğunu söyləyə bilərik. Bu isə 250-dən çox futbolçu deməkdir. Əsas məqsədimiz Halim hocanın dediyi kimi, əsas komandaya və yığmaya futbolçu yetişdirməkdi. Geridə qalan 7-8 ildə “Qəbələ” Futbol Akademiyasında 1000-ə yaxın yeniyetmə futbolun sirrlərinə yiyələnib. Onlar burda futbol oynamaqla yanaşı, həyata baxışını dəyişir. Sosial inkişafa nail olmuşuq. Kəndlərdən tapıb çıxardığımız yeniyetmələr var. Onlar yeni həyat tərzi ilə tanış olub, dostlar tapıb. Yeni mədəni mühitlə üzləşiblər. Geri qayıdanda da bunu özləriylə aparırlar. Yemək yemək, danışmaq, yatmaq və sair ədəb-ərkan qaydalarını təkmilləşdiriblər. Qəbələnin Əmili kəndindən çıxan bir yeniyetmə yığmada kapitan sarğısını qoluna taxırsa, bu həmin kənd üçün nə qədər gələcəyə ümid deməkdir. Burdakı yeniyetmələr təkcə futbolçu kimi yox, həm də şəxsiyyət kimi formalaşır. Özündən yaşca kiçiklər üçün nümunə olur. Görürlər ki, hər şey mümkündür. Bizdən daha zəhmətkeş olduğuna görə, arzusuna çatdı düşünürlər. Burda həm də yeni ənənə formalaşır. Heç vaxt Allah istedadı yalnız bir yerə, bir xalqa paylamır. Hamıya eyni yanaşır və hər yerə verir. Sadəcə, həmin istedadı tapıb çıxarmaq lazımdır. Haranın məktəbi varsa, həmin yerdən istedadı tapır. Həmişə deyirlər ki, Azərbaycanda yaxşı futbolçular Gəncə, Tovuz, Sumqayıt, Mingəçevirdə yetişir. Bu ondan irəli gəlir ki, həmin yerdə ənənə olub. Biz də Qəbələdə bu ənənəni 7 ildi ki, qoyuruq. Artıq çox şey dəyişib. Valideynlər futbolun yaxşı bir şey olduğunu anlamağa başlayıb və övladlarına bu idman növüylə məşğul olmağa imkan verirlər. Bu müddət ərzində insanları buna inandıra bilmişik. Bu da bizim məqsədlərdən biri idi. İnsanların daha çox idmana meyilli olmasını istəyirdik. Sağlam həyat tərzinə meyilli olsunlar. Bunu tam yerinə yetirməmişik. Ancaq ilkin mərhələdəki işimizi uğurlu saymaq olar. Ən sonuncu məsələ akademiyamızın ölkədə bir nömrə olmasıdır. Halim hoca bura gələndə “Neftçi” aşağı yaş qrupları üzrə üstün idi. O zaman “Qarabağ”dan yenicə Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov kimi futbolçular yetişirdi. O cümlədən “İnter” bu baxımdan fəal idi. Onların ardınca “Bakı” futbolçular yetişdirməyə başladı. İndi isə bu missiya “Qəbələ”nin üzərinə düşüb. Arzu edirəm ki, uzun illər bu liderliyi davam etdirək və daha keyfiyyətli futbolçular yetişdirək. Bir neçə Avropa səviyyəli futbolçu yetişdirə bilək ki, Azərbaycandakı missiyamızın başa çatdığını və regionun ən yaxşı akademiyası olmağa çalışdığımızı deyə bilək.

- Özünüz də qeyd etdiniz ki, yalnız Elvin Camalov əsas heyətə düşür. Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə isə “Sumqayıt”a keçdi. Sizcə bu nə dərəcədə doğrudu?

- H.F.: Qeyd etdiyim kimi, akademiyamız futbolçunu müəyyən səviyyəyə çatdırır. Qalanı əsas komandanın baş məşqçisinin işidir. Roman Qriqorçukla danışırıq. Məncə az futbolçu yetişdirməmişik. Çünki köklü akademiyamız yoxdur. 2009-dan işlərə başlamışıq. 2009/10 mövsümündə 4 komandayla çempionatlarda çıxış edirdik. Bir uşağı akademiyaya 8 yaşından götürüb, 18 yaşınadək yetişdirsəniz, o zaman əsas komandada 4-5 futbolçumuz olacaq. Ancaq buna qədər 10 il akademiyada formalaşmalıdır. Bizim akademiyamız isə cəmi 7 ildir fəaliyyət göstərir. Təəssüf ki, türk milləti səbirsizdir. Səbirli olmaq lazımdır. Akademiyamızda o qədər istedadlı futbolçu var ki. İnanın, onlar 18 yaşına çatanda əsas komandanın üzvü olacaq. Bizdən ayrılan futbolçular istənilən klubda rahat oynayır. Bu bizim uğurumuzdur. Bəzən bunu başa sala bilmirəm insanlara. 7 ildə güclü futbolçu yetişdirmək üçün sənin əlində sehirli çubuq olmalıdır. Məsələn, bizdə 8 yaşından akademiyamızda futbolun sirrlərinə yiyələnən və indi 14 yaşı olan çox yaxşı futbolçumuz var. Mükəmməl işlər görür. O, 18 yaşına çatanda hansı səviyyəyə çatacaq.

- N.K.: Halim hocanın fikirlərinə faktla dəstək vermək istəyirəm. 2008-ci ilin sonunda o bura gəlib. İlk ciddi işimizə 2009/10 mövsümündən başlamışıq. Həmin mövsüm bizim U-13, U-15, U-17 və U-19 komandamız var idi. O vaxt indiki kimi təcrübəm yox idi. Halim hoca, Əli Yavaş və başqa mütəxəssislərimiz deyirdi ki, əsas uşaqlarımız U-13-ün üzvləridi. Onlar da 1997 təvəllüdlü futbolçular idi. Həmin komandanın əsas heyətindən 8 futbolçu hələ də “Qəbələ”dədir. Daha doğrusu, 5-i hazırda bizdədir, 3-ü icarədə. Yusif “Sumqayıt”da, Əli və Emin isə “Kəpəz”də çıxış edir. Bunların hamısı əsas komandaya namizəd sayılır. 3-4 ildən sonra belə namizədlərin sayı daha çox olacaq. Ancaq böyük komandalarda əsas heyətdə maksimum 1-2 gənc futbolçu çıxış edir. Bunu da unutmayaq.

- Akademiyanızın yetirməsi Sahilin böyük perspektivi var. Onu ölkədə yetişmiş ən güclü sağ cinah müdafiəçilərindən biri saymaq olar. Onu “Zaqatala”ya göndərmək nə dərəcədə doğrudur?

- N.K.: Onu həmin kluba icarəyə vermişik, satmamışıq. Fikrimcə, gələcəkdə Ehtiram, Yusif və Sahil kimi futbolçular böyük futbolda bacarığını nümayiş etdirəcək. Çünki onlar daha yaxşı məktəb keçib. Yaxşı qidalanıblar, rejimə əməl ediblər, müxtəlif beynəlxalq turnirlərin iştirakçısı olublar. Gələcəkdə millidə yerlərini tutacaqlar. Ancaq bu gün üçün onların əsas komandada oynamağa hazır olduğunu iddia edə bilmərəm. Baş məşqçimiz Ehtiramı bəyənməyibsə, bunu yanlış qərar saymaq olmaz. Ola bilər, Şahverdiyev başqa komandada özünü daha yaxşı göstərəcək.

- H.F.: Azərbaycanın U-21 yığmasında akademiyamızın 7 üzvü oynayır.

- Elə bu məsələyə gələcəkdim. Akademiyanızın neçə üzvü hazırda yığmalarımıza çağırılır?

- N.K.: Bunun statistikası bizdə var. Məsələn, U-19-da Fərid Nəbiyev daim əsas heyət üzvüdür. Qalanları gah çağırılır, gah yox. Fikrimcə, 7 ara-sıra çağırılan futbolçudansa, Fərid kimi bir əsas heyət üzvünü vermək daha yaxşıdır. Fərid həqiqətən həmin yığmanın ən yaxşılarından biridir. Öz oyunu, xarakteri və intizamıyla seçilir. Məqsəd kəmiyyət yox, keyfiyyətə nail olmaqdır.

- Akademiyanın yetirmələri başqa yerdə məktəbə gedir. Elə burda məktəb açmaq daha doğru olmazmı?

- H.F.: Mən buna qarşıyam. Çünki “Qalatasaray”da bunu etdik. Akademiyanın içində siniflər qurduq. Özəl məktəblərdən biriylə danışmışdıq. Ordan müəllimlər gəlib dərs deyirdi. Bu layihə cəmi 3 il davam etdi. Bu da çox çətinliklə getdi. Futbolçu bu gün maç oynayır. Ancaq səhər dərsə getmirdi. Gah xəstəyəm deyir, gah da zədəli olduğunu bəhanə göstərirdi. Bu layihəni uğurla həyata keçirə bilmədik. Ancaq burda səhər durum yeməyini yeyib, avtobusa minib məktəbə getməyə məcburdur. Dediyinizi etmək də mümkündür. Çünki bunun da üstün tərəfləri var. İlk növbədə əcnəbi dili öyrənmək şansı çoxalır. Çatışmazlıqları aradan qaldırmaq üçün burda dərslər keçirik. Burda ingiliscə dərsi tədris edirik ki, futbolçular əcnəbi komandalara keçəndə çətinlik çəkməsin. Məktəb açmaq da maliyyədən asılı məsələdir.

- Futbolda qidalanma və vitaminizasiya çox önəmlidir. Bununla bağlı məsələ nə yerdədir?

- H.F.: Nail müəllim, sağ olsun. O bununla bağlı daha yaxşı informasiyaya malikdir. Hansı yeməkləri yeməyin vacib olduğunu siyahı kimi hazırlayır. Buna uyğun aşpazlarımız yeməkləri hazırlayır. Uşaqlara əlavə vitamin vermirik. Yeniyetmələrə lazım olan vitamin təbii qidalardan əldə olunur. Yumurtadan, ətdən və s.

- Tərbiyəvi işlərlə bağlı duruma da aydınlıq gətirməyinizi istərdik.

- H.F.: Akademiyamızda 3 tərbiyəçi müəllimimiz var. Nail bəy onları vəzifələndirib. Uşaqlar çölə çıxanda mütləq icazə almalıdır. İntizam pozuntusuna yol verənlər cəzalanır. Ancaq bağışlanmayacaq səhvə yol verənlər akademiyadan uzaqlaşdırılır. Elə yeniyetmələr olub ki, ən yaxşı futbolçulardan biri olsa da, intizamsızlığına görə qovmuşuq. Ən son olaraq 3 ay əvvəl bir futbolçunu akademiyadan uzaqlaşdırdıq. Halbuki o milliyə çağırılmış futbolçu idi. Burdan başqa kluba getdi. Dünən eşitdim ki, ordan da qovulub. Bu da haqlı olduğumuzu göstərir. Bizim üçün öncə doğruluq və xarakter gəlir. Akademiyamızda belə bir deviz var. Buraya istedadınla gələrsən, xarakterinlə qalarsan.

“Qəbələ” Futbol Akademiyasının “Sumqayıt”a yenicə keçən 2 yetirməsinin də fikrini öyrəndik.

Bəhlul Mustafazadə: “14 yaşımdan “Qəbələ” Futbol Akademiyasının üzvü olmuşam. Həmin yaşda bizi İngiltərəyə yolladılar. 14 yaşımda “Mançester Yunayted”ə, “Liverpul”a qarşı oynamışam. Bunu demək artıq akademiya haqda təəssürat yaratmağa bəs edir. Yaşım hələ çox deyil. Təcrübəm də hələ “Qəbələ”nin əsas komandasında oynamağa imkan vermir. Mənim mövqeyimdə təcrübəli müdafiəçilər çıxış edir. “Qəbələ” hazırda sırf nəticəyə oynayır. Bu üzdən orda şans qazanmadım. Ancaq “Sumqayıt”da oynamaq şansım çoxdur. Bu komandada təcrübə qazanıb, “Qəbələ”yə hazır futbolçu kimi qayıtmağı düşünürəm”.

Ehtiram Şahverdiyev: “14 yaşımdan akademiyanın üzvü olmuşam. Məşqçilərimizdən çox razı idim. Ordakı şərait də əla idi. Bu səviyyəyə çatmağımda akademiyanın böyük rolu olub. Ötən mövsüm Premyer Liqada “Xəzər Lənkəran”la oyunda debüt etdim. “Neftçi” ilə kubok oyununda da meydana çıxmışdım. Yayda Gürcüstan toplanışından qayıtdıqdan sonra zədələndim. Bu səbəbdən 1 ay oynaya bilmədim. Sağalanda isə əvəzedici komandada oynadım. Baş məşqçi ilə hər hansı problemim olmadı. Sadəcə, əsas komandada futbolçu çox idi. Daha çox oynamaq şansı qazanmaq üçün “Sumqayıt”a keçmək qərarına gəldim. Roman Qriqorçukla danışdım. O da mənim qərarımı anlayışla qarşıladı və uğurlar arzuladı. “Sumqayıt”da özümü yaxşı tərəfdən göstərib, bu komandanın uğurları üçün əlimdən gələni edəcəyəm. Məşqçilərin mənə etimadını doğrultmağa çalışacağam. “Sumqayıt”a gözlədiyimdən də tez uyğunlaşdım”.

Statistika nə deyir?

Bəs görəsən, “Qəbələ” Futbol Akademiyası geridə qalan müddətdə neçə yetirməsini böyük futbola qazandırıb. Gəlin statistikaya nəzər salaq: Hazırda əsas komandada akademiyanın 5 yetirməsi - Elvin Camalov, Roman Hüseynov, Tellur Mütəllimov, Murad Musayev və Qismət Alıyev Roman Qriqorçukun sərəncamındadır. Hamısı Premyer Liqa həyəcanı yaşayıb. Ancaq onlardan ən çox elitada oynayan Elvin və Tellurdur. Bu qışda Sadiq Quliyev “Zirə”yə, Ehtiram Şahverdiyev “Sumqayıt”a azad agent kimi keçdi. Bəhlul Mustafazadə, Yusif Nəbiyev (hər ikisi “Sumqayıt”), Şirməhəmməd Məmmədov (AZAL), Əli Səmədov və Emin Zamanov (hər ikisi “Kəpəz”) icarə əsasında başqa elita klublarında forma geyinir. Akademiyanın yetirmələrindən Tərzin Cahangirov “Neftçi”nin, Amil Yunanov “Sumqayıt”ın, Kamal Mirzəyev isə AZAL-ın şərəfini qoruyur. Akademiyanın daha 13 yetirməsi hazırda müxtəlif klubların əvəzedici komandalarının üzvləridir. Birinci divizionda çıxış edən futbolçulardan 10-u “Qəbələ”də futbolun sirrlərinə yiyələnib. Bunlar Müşfiq Teymurov (MOİK), Əsgər Nəbiyev (Energetik), Əli Həsənli (Səbail), Oruc Balaşlı (Zaqatala), Elnur Mustafazadə (Neftçala), Ramazan Həsənov (Mil-Muğan), Əliqulu Mənəfov (Qaradağ Lökbatan), Fərid Ağayev (Rəvan), Elmin İsmayılzadə (Şahdağ) və Samir Musayevdir (Şərurspor). Bir sözlə, 7 ildir fəaliyyət göstərən “Qəbələ” Futbol Akademiyasının 30-dan artıq yetirməsi hal-hazırda böyük futboldadır.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right