15 günlük səfərin təfərrüatı Layihə

Hakim -  idman yarışlarını onlarsız təsəvvür etmək mümkün deyil.  Çünki hakim və hakimlər briqadası idmanın istənilən növündə çox böyük səlahiyyətlərə sahibdir. Sözsüz ki, bu qayda idmanın şahı olan futbol üçün də keçərlidir. Onların qərarları futbolda çox önəmli yer tutur. Bəzən heç kimin gözləmədiyi halda verilən düzgün qərarlar, bəzən də çox adi epizodlarda edilən səhvlər günlərlə, aylarla, qərinələrlə müzakirə olunur. Elə Tofiq Bəhramovun dünya çemppionatının final görüşündəki qərarını misal gətirib, onun davamçıları olan və hazırda Topaz Premyer Liqasındakı oyunlarda ədaləti qorumağa çalışan hakimlərin  hazırlığından, ümumi durumundan söz açaq.

Antalya toplanışı nəyə xidmət etdi?

Fiziki hazırlıq...



11 – 26 yanvar tarixini əhatə edən Antalya toplanışında hakimlərin günü məhz  fiziki hazırlıqla başlayırdı. Fiziki hazırlığa ölkənin tanınmış məşqçilərindən olan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Namiq Quliyev rəhbərlik edirdi. 15 gün ərzində hakimlər 30 fiziki məşq etdilər. Hər üçgündənbir hakimlərin çəki prosesi yoxlanılırdı. Sevindirici haldır ki, hazırda hakimlər arasında  artıq çəkisi olan hakimlərin sayı minimum səviyyədədir. Məlumdur ki, beyinin normal qərarlar qəbul etməsi üçün fiziki hazırlığın yüksək səviyyədə olması  vacibdir. Bu gün əminliklə deyə bilərik ki, hakimlərin fiziki hazırlıq baxımından hər hansı bir problemi yoxdur. Toplanışın sonuncu günündə  hakimlərin UEFA və FİFA tələblərinə uyğun verdiyi testə nəzərən bunu söyləyə bilərik.

Nəzəri məşğələlər


Hakimlərin nəzəri və praktiki məşğələlərinə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla eyni qrumda Hakim İnspektorlar Komitəsinin sədri vəzifəsində çalışan Əli Hüseynov rəhbərlik edirdi. Nəzəri məşğələlər zamanı əsasən qaydalara və oyunlardakı epizodların təhlilinə diqqət yetirilirdi. Belə ki, hakimlərin idarə etdiyi oyunlar Peşəkar Futbol Liqasının operatorları tərəfindən lentə alınırdı, qeyd olunan epizodlar yığılır və operativ şəkildə dərsə qədər təqdim olunurdu və müzakirələr aparılırdı. Epizodların müzakirəsi ən qızğın mərhələ idi. Bir epizodla bağlı  çox sayda müxtəlif fikirlər meydana gəlirdi və yekunda nəticə çıxarılırdı.

Yoxlama görüşləri


Demək olar ki, toplanışın əsas məqsədlərindən birini yarımbaşlıqda qeyd etdik. Hakimlər Antalya toplanışının ilk günündən yoxlama görüşlərini idarə etməyə başladılar. Ümumilikdə 55-dən çox yoldaşlıq görüşü idarə olundu ki, bunlar arasında tanınmış klubların görüşləri də vardı. Macarıstan, Polşa, Almaniya, Rumıniya, Slovakiya, Qazaxıstan, Türkiyə və bu kimi digər ölkələrin təmsilçilərinin görüşlərini idarə edən hakimlərimiz beynəlxalq təcrübə qazandılar. Misal üçün götürək, “Qarabağ” – “Styaua” görüşünü. Avropada böyük təcrübəsi olan iki komandanın qarşılaşmasını idarə etmək oyunun statusundan asılı olmayaraq böyük təcrübədi. Sözsüz, səhvlər, epizodu düzgün dəyərləndirməmək kimi məqamlar da olurdu. Amma sevindirici haldır ki, əksər yoxlama görüşlərindən sonra klublardan təşəkkür məktubları gəlirdi. Ümumiyyətlə, yoxlama görüşlərində  hakimlərimiz çox az sayda səhvlərə yol verirdilər. Çünki oyunlara  hər hansı bir psixoloji gərginlik  olmadan çıxırdılar və  qərarları hər hansı bir gərginlik olmadan verirdilər. Bu isə o deməkdir ki, hakimlikdə psixoloji rahatlıq da önəm daşıyır.

Gənclər etimadı doğrultdular

Hakimlərin budəfəki toplanışına xeyli sayda gənclər cəlb olunmuşdu. Bunlar arasında  həm referilər, həm də yan xətt hakimləri vardı. Toplanışın sonunda Xaqani Məmmədov bildirdi ki, gənc hakimlər ümidləri doğrultdular. Təsadüfi deyil ki, toplanışa cəlb olunan gənclər – referilər  Nahid Xasıyev, Emin Nağıbəyov, Kərim Kərimov, eləcə də köməkçi hakimlər Cəmil Quliyev və Elşad Abdullayev mütəmadi olaraq əvəzedicilərin yarışına, I Diviziona, eləcə də Premyer Liqa görüşlərinə təyinat alırlar. Haşiyəyə çıxıb bir məsələni də vurğulayaq: Bu gün FİFA referisi adını daşıyan Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev və adlarını çəkmədiyimiz digər hakimlər də vaxtilə bu gənclər kimi toplanışa aparılmışdı və onlara etimad göstərilmişdi. Ümid edək ki, adlarını çəkdiyimiz gənclərin karyerasında da bu toplanışlar önəmli yer tutacaq və onlar da gələcəkdə ölkəmizi beynəlxalq səviyyədə təmsil edəcəklər.

Toplanış ardınca toplanış



Antalya toplanışı yeni FİFA referisi Ömər Paşayev üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki Ömər toplanışdan dərhal sonra İspaniyaya yollanıb 3 günlük ağır  imtahanlardan keçməli idi. FİFA toplanışının əsasını fiziki hazırlıq testləri təşkil etdiyindən Ömər Antalyada məhz bu yöndə çox “yükləndi”. Onunla yanaşı Əliyar Ağayev də kursa qatılacaqdı. Sevindirici haldır ki, hər iki referimiz Malqadakı imtahanlardan üzüağ çıxdılar. Təşkilatçıların göndərdiyi nəticələrə əsaslanıb deyə bilərik ki, hər iki referimiz kursu yüksək nəticə ilə başa vurub. Bu isə o deməkdir ki, sözügedən şəxslərə   beynəlxalq oyunlarda təyinat veriləcək.

Yekun
Yekun olaraq,  Antalya toplanışının rəhbəri Xaqani Məmmədovun fikirlərini diqqətinizə çatdıraq: “Toplanış yüksək səviyyədə keçdi. Antalyada məşq etmək, qidalanmaq, oyunlar idarə etmək üçün hər cür şərait vardı. Eyni zamanda çox sayda oyunlar idarə olundu. Həm təcrübəli, həm gənc hakimlərin işə yanaşması məni sevindirdi. Bir sözlə toplanış çox məhsuldar alındı”. 

Newsport.az

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right