Oyuna hakim ola bilməyən hakimlər Layihə

Premyer Liqanın 16-cı turunu geridə qoyduq. Bu turun məhsuldar alındığını söyləmək olmaz. 4 oyunda qapılara cəmi 9 qol vuruldu. Bunların əksəriyyəti Sumqayıtda qeydə alındı. Meydan sahibləri 2 görüşdə qələbə qazandı. Bir qarşılaşmada qonaqlar sevinən tərəf oldu. Bir matçda isə heç-heçə qeydə alındı. Təəssüf ki, bu turda da komandaların çıxışından çox hakimlərin bərbad idarəçiliyi diqqəti çəkdi.

Şüvəlanda heç kim sevinmədi Bu komandaların oyunu son zamanlar prinsipial önəm kəsb edir. Bir neçə il öncə “Qarabağ”ın AZAL-a Şüvəlanda 2:6 hesabıyla uduzduğunu yaxşı xatırlayırıq. Sanki həmin görüşdən sonra bu komandaların duellərində xüsusi rəngarənglik olur. Bəzən sürpriz nəticələr qeydə alınır. Bu dəfə də az qala belə olacaqdı. Autsayder liderin başını kifayət qədər ağrıda bildi. “Qarabağ” Şüvəlana itkiylə gəlmişdi. Rəşad Sadıqovun yoxluğunda Maksim Medvedev mərkəz müdafiəçisi kimi oynayırdısa, müdafiənin sağında İlqar Qurbanov yer almışdı. Riçard Almeyda isə cəza üzündən meydana çıxa bilməmişdi. Tərlan Əhmədov isə yeni transferləri ilk dəqiqələrdən meydana buraxmışdı. İlk hissədə AZAL qonaqlara əməlli-başlı tərlətdi. Sadio Tounkara 60-70 metrlik reydini qapı qarşısına ötürməylə tamamladı. Rəşad Abdullayev komanda yoldaşının əziyyətini boşa vermədi. Afrikalı futbolçu yetərincə fəal idi. Artıq sabiq “Xəzər Lənkəran”lının formaya düşdüyünü söyləyə bilərik. Təəssüf ki, mübarizəni sonadək davam etdirə bilmədi. Buna hakim imkan vermədi. Orxan Məmmədov İbrahim Şehiçin simulyasiyasına aldanaraq, Tounkaraya 2-ci sarı vərəqəni verdi. Bu da autsayder üçün böyük zərbə oldu. Bir hissə boyunca çempionun qarşısında duruş gətirmək Tərlan Əhmədovun komandası üçün çox çətin idi. AZAL-ın gücü bir satin tamamında tükəndi. Maksim uzaqdan dəqiq zərbəylə hesabı açdı. Meydan sahibləri özlərinə gəlməmiş daha bir topu qapılarında gördülər. Coşqunun rikaşet zərbəsindən sonra “Qarabağ” hesabda önə keçdi. Əlbəttə, 10 nəfərlə çempionun üzərinə yeriyib, məğlubiyyətdən qurtulmaq autsayder üçün çox çətin idi. Ehtiyatda komandaya təravət qatacaq futbolçu da olmadığından “ağ-göylər” növbəti dəfə azarkeşləri önündə məğlub oldu. Ancaq bu qələbə “Qarabağ”ı doyunca sevindirmədi. Bəlkə də üzüntü daha çox oldu. Axı komandanın aparıcı üzvlərindən Dani Kintana “AZAL Arena”nın istifadə müddəti başa çatmış süni qazonunun qurbanı oldu. İspaniyalı yarımmüdafiəçinin xaçvari bağları qırıldı və onun ən azı 6 meydana həsrət qalacağı gözlənilir.

“Neftçi” yenə hakimin güdazına getdi Bir vaxtlar hakimlər flaqmana rəğbəti ilə seçilirdi. Sadıq Sadıqovun president olduğu dönəmlərdə “Neftçi”yə aşkar hakim simpatiyası hiss olunurdu. Amma indi dövran dəyişib. “Ağ-qaralar” hakimlər tərəfindən ən çox sıxışdırılan komandalardan biridir. Ötən tur “Azərsun Arena”da Elxan Abdullayevin komandasına qarşı haqsızlıq edildi. Son turda isə Qəbələdə “Neftçi”nin qapısına ofsayddan qol vuruldu…

Roman Qriqorçuk yenə gənc oyunçu limitini Tellur Mütəllimovun lehinə etmişdi. Vitali Vernidub isə ehtiyatda qalmışdı. Cavid Hüseynovun 90 dəqiqə oynaması da diqqəti çəkdi. Görünür, artıq yığma üzvü formaya düşüb. Bu gedişlə Robert Prosineçki onu Almaniya ilə oyuna çağıracaq. Baqali Dabo isə tam bərpa oluna bilməyib. Bu üzdən ukraynalı mütəxəssis fransalı hücumçunu 57-ci dəqiqədə Daniel Subotiçlə əvəzlədi. Serbiyalı forvard meydana çıxdıqdan 20 dəqiqə sonra qol duyumunun yüksək olduğunu isbatladı. 2013/14 mövsümündə də “Qəbələ”nin formasını geymiş ucaboy hücumçu qayıdışını qolla qeyd etdi. Ancaq ötürmə zamanı komanda yoldaşının aşkar oyundan kənar vəziyyətdə olduğunu da qeyd etməliyik. Bəs “Neftçi” haqda nə demək olar? “Ağ-qaralar”ın yeni transferləri pis təsir bağışlamır. Xüsusən müdafiə xəttinin etibarlılığı baxımından böyük işlər görülüb. Ancaq hələ ön xətdə həllini gözləyən problemlər qalmaqdadır. Uqo Barqas və Daniel Seqovia haqda indidən fikir bildirmək olmaz. Ancaq onlar qısa müddətə komandaya uyğunlaşmasa, “Neftçi”nin işi çətin olacaq. Axı bu il 80 yaşını qeyd edəcək “ağ-qaralar”ın qarşısında Avroliqaya vəsiqə qazanmaq tapşırığı qoyulub.

Zirədə aləm bir-birinə dəydi Son vaxtlar 3 mərkəz müdafiəçisiylə oynayan klublarımızın sayı artmaqdadır. “İnter”in başlatdığı ənənəni “Sumqayıt” və “Neftçi”nin ardınca “Zirə” də davam etdirir. Ayxan Abbasov bu komandaya 3-6-1 taktikasını gətirib. Hələ ki bu taktika işə yarayır. Sadiq Quliyev, Yovan Krneta və Migel Lorensonu arxa xətdə saxlayan gənc mütəxəssis Təmkin Xəlilzadə və Akim Latifunu cinahlarda yerləşdirmişdi. Hər iki cinah müdafiəçisi driblinqləriylə seçilirdi. Yetərincə fəal idilər. Ancaq eyni sözləri mərkəz yarımmüdafiəçiləri haqda söyləmək olmaz. Ön xətdə isə Elvin Məmmədov yorulmaq nədi, bilmirdi. Düzdür, ilk dəqiqələrdən ərazi üstünlüyü “Kəpəz”də idi. Ancaq Şahin Diniyevin komandası rəqib qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmirdi. İlk hissədə gəncəlilərin heyətində Serjinyo, ikinci yarıda isə Dario Federiko daha fəal idi. Digər futbolçular isə ümidləri doğrultmadı. Jülien Ebah və Orxan Əliyev rəqibin sıx müdafiə xətti içində itib-batmışdı. Cinah asmaları da bir işə yaramırdı. “Zirə”nin belə sıx müdafiə olunması əbəs deyildi. Axı Sezar Meza Kolli 28-ci dəqiqədə Renanı arxadan vurduğu üçün meydandan qovulmuşdu. Say azlığına baxmayaraq “Zirə” hesabı açdı. Düzdür, buna qədər Nurlan Novruzovun təmiz qolu ofsayd kimi dəyərləndirildiyindən hesaba alınmadı. Ancaq o ikinci dəfə toru silkələyəndə qol keçərli sayıldı. Yeri gəlmişkən, hakimlik bu oyunda da bərbad idi. Çoxsaylı səhvlər futbolçuları özündən çıxarır, daha da aqressivləşmələrinə yol açırdı. Son saniyələrdə Renanın meydandan qovulması, Şəhriyar Əliyevin çiyninin çıxması Şahin Diniyevi ən azı məğlubiyyət qədər üzdü. Axı bu müdafiəçilər növbəti turda oynaya bilməyəcək.

Dramatik “sülh” Ötən tur “Kəpəz”i darmadağın edən “İnter” Sumqayıta yüksək əhval-ruhiyyədə yollanmışdı. Tarixinin ən yaxşı dövrünü yaşayan “Sumqayıt” bu oyunda da “diş”ini göstərdi. Samir Abasov bu dəfə start heyətində 2 yeni transferə - Sergey Çernışev və Fərhad Qıstarova şans vermişdi. “Qəbələ” Akademiyasının yetirməsi Ehtiram Şahverdiyev isə 2-ci hissədə meydana çıxdı. Zaur Svanadze sol cinahda Slavik Alxasova yox, gənc Abbas Hüseynova şans vermişdi. Alxasov ikinci hissədə həmkarını əvəzlədi. Adrian Skarlatake isə son dəqiqələrdə oynamaq şansı əldə etdi. İlk hissədə cəmi 1 qol vuruldu. Bu mövsüm “Sumqayıt”ın vuran ayağına çevrilən Mirabdulla Abbasov penaltini dəqiq yerinə yetirdi. Fasilədən sonra azarkeşlər dramatik mübarizə izlədi. Əvvəlcə İlkin Qırtımov “status-kvo”nu bərpa etdi. Əsas hadisələr isə son dəqiqələrdə cərəyan etdi. Tədricən əvvəlki formasını bərpa etmək üzrə olan Rauf Əliyev Slavik Alxasovun asmasını başla dəqiq tamamladı. Ancaq bakılılar paytaxta qələbə ilə qayıda bilmədi. Daim müdafiənin etibarlılığı ilə öyünən “İnter”in arxa xəttində yaranan xaosdan Nicat Muxtarov layiqincə yararlandı – 2:2. Beləliklə, “Sumqayıt” ardıcıl 6-cı oyunda meydanı məğlub olmadan tərk etdi. Ancaq bu seriya 4-cü pillənin əldən çıxmasının qarşısını ala bilmədi.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right