Bu qışda kim uddu, kim uduzdu? Layihə

Klublarımız qış transfer pəncərəsində fəallığı ilə seçildi.

Newsport.az-ın məlumatına görə, transfer qadağası olan "İnter"i çıxmaq şərti ilə digər klublarımız heyətində müəyyən dəyişikliklər etdi. Bu mənada ən zəif iş aparan “Kəpəz” oldu. Heyətinə cəmi 1 futbolçu qatan gəncəlilər heç kimi göndərmədi. Maraqlıdır ki, autsayder məhdud büdcəyə baxmayaraq, ən çox “bazarlıq” edən komandalardan biri oldu. “Neftçi”nin “al-ver”inin isə daha şıdırğı getdiyini söyləyə bilərik.

Çempion daha çox ön xətti gücləndirməyə üstünlük verdi. İlk bazarlıq “Neftçi” ilə edildi. Namiq Ələsgərovu qarşı tərəfə yollayan “Qarabağ” ordan Elşən Abdullayevi transfer etdi. Hazır futbolçunun yerinə zədəli oyunçu alan ağdamlıların bu keçidi gələcəyə hesablanmış addımdır. Onsuz da Qurban Qurbanovun komandasında orta xətdə yetərincə futbolçu var. Rəqabət çox güclüdür. Abdullayev ən yaxşı halda növbəti mövsümdən “Qarabağ”a fayda verməyə başlayacaq. Ağabala Ramazanov isə tam hazır futbolçudur. Reynaldonun gedişindən sonra hücumçu transferi vacib idi. İpə-sapa yatsa, baş məşqçinin tapşırıqlarına əməl etsə, rejimə, intizama fikir versə, Ramazanov bu komandada daha da artıracaq.

Transfer pəncərəsi açılan kimi Araz Abdullayevi almaqla “bomba”nı partladan “Qəbələ” bir də yanvarın son günlərində işə keçdi. Rafael Santos zədələnməsəydi, yəqin ki, Rasim Ramaldanov da yada düşməyəcəkdi. Sabiq milli üzvü limitə görə sıxıntı yaşayan “qırmızı-qaralar” üçün göydən düşmə transfer oldu. Ancaq komandanın ən yaralı yerinə - hücum xəttinə edilən transferin səsi daha çox çıxdı. 2013/14 mövsümündə “Qəbələ”də çıxış etmiş və bir-birindən gözəl qollarla komandanın bombardiri olmuş Daniel Subotiç Aranı-Turanı gəzib “qırmızı-qaralar”a qayıtdı. Bundan sonra Baqali Dabo zədələnəndə Roman Qriqorçuk qayğılanmaya bilər. Çünki artıq heyətdə ikinci “vuran ayaq” var.

“İnter” transfer qadağasını nəzərə alıb, heyətini qorumağa çalışdı. Ancaq bacarmadı. Bəlkə də Beynəlxalq Bank klubu sahibsiz qoymasaydı, ən azı Ruslan Abışovun gedişinə əngəl olmaq mümkün idi. Ancaq Ağabala Ramazanov hələ sponsor “xəyanəti”ndən əvvəl “Qarabağ”a “hə” demişdi. İndi AFFA-nın qanadının altına keçən “ağ-göylər” üçün yeni sahib axtarılır. Tapılmasa, yayda 2 qat ölkə çempionunun taleyi necə olacaq, bir Allah bilir. Tarixinin ən uğurlu dövrünü yaşayan “Sumqayıt”da gələnlərdən çox gedənlərin sədası yayıldı. Mövsümün əvvəlində heyətə cəlb olunan cənublu soydaşlarımızla yolları ayıran “kimyaçılar” Vaqif Cavadovla da sağollaşdı. Samir Abasov deyir ki, mən göndərdim, futbolçu deyir, yox e, mən özüm ordan çıxdım. Zəlzələdən, ya vəlvələdən fərq etməz. Vaqif artıq azad agentdir və hələ də özünə yeni klub tapa bilməyib. Amit Quluzadə isə “Larissa”ya yollandı. Abasov dayaq yarımmüdafiəçisindən razı idi. Ancaq rəhbərlik futbolçunun karyerasını nəzərə alıb, onu Yunanıstana havayı yolladı. Heyətə qatılanlar isə vaxtilə Premyer Liqada oynamış futbolçulardır.

Baş məşqçi postunda dəyişiklik edən “Zirə” komandaya lazım olmayan futbolçularla vidalaşdı. Bu mənada daha çox Gerhard Proqninin gedişi diqqəti çəkdi. Heyətə 3 legioner cəlb olundu. Sadiq Quliyev də “Zirə”yə qayıtdı. Amma bu dəfə tam hüquqlu üzv kimi…

“Kəpəz”in vəziyyəti həqiqətən acınacaqlıdır. Nə bazası var, nə də normal stadionu. Pulsuzluqdan yenə ölkə xaricində toplanış keçə bilmədi. Şahin Diniyev məcbur qalıb, heç kimi komandadan göndərmədi. Birinci dəstədən futbolçunun alınması da elə məcburiyyətdən atılmış addımdır.

Bu il 80 yaşını qeyd edəcək “Neftçi” yubiley ilində avrokuboklara vəsiqə qazanmaq istəyir. Hazırda 7-ci pillədə qərarlaşan “ağ-qaralar”ın qış transfer dönəmində fəallıq nümayiş etdirməsi əbəs deyil. Elxan Abdullayev daha çox müdafiə xəttini gücləndirdi. Ruslan Abışovun “yuva”ya qayıtması da diqqətçəkən transfer oldu. Ön xətt üçün Namiq Ələsgərovun transferi keçidini də uğurlu saya bilərik. Hüqo Barqasın hücumçu kimi nəyə qadir olduğunu isə zaman göstərəcək.

Fasilədə əsas heyətin bir neçə üzvünü müxtəlif səbəblərdən itirən AZAL da boş oturmadı. Omeqa Roberts, Arkadi Qalperin, Frank Oliver Madu və Baba Qullit kimi legionerlərin ucuz qiymətə transfer olduğu dəqiqdir. “Ucuz ətin şorbası olmaz” deyiblər. Amma hərdən istisnalar olur. Görək Tərlan Əhmədov gəlmələri cilalaya biləcəkmi…

“Qarabağ”

Gələn: Elşən Abdullayev (“Neftçi”), Ağabala Ramazanov ("İnter")

Gedən: Namiq Ələsgərov (“Neftçi”), Emil Balayev ("Səbail", icarə), Reynaldo ("Adanaspor", Türkiyə)

Müqavilə müddətini artıran: 
 


“Qəbələ”

Gələn: Araz Abdullayev ("Neftçi"),  Daniel Subotiç,  Rasim Ramaldanov 

Gedən: Sadiq Quliyev, ("Zirə"), Petar Franyiç, Ehtiram Şahverdiyev

Müqavilə müddətini artıran: Dmitri Bezotosnı, Vojislav Stankoviç
 

“İnter”

Gedən:
 Ağabala Ramazanov ("Qarabağ"), Ruslan Abışov ("Neftçi")

UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, klub növbəti iki transfer pəncərəsində yeni futbolçu ala bilməz. 
 

“Sumqayıt”

Gələn: Sergey Çernışev, Fərhad Qıstarov, Ehtiram Şahverdiyev ("Qəbələ")

Gedənlər: Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov, Amit Quluzadə

Müqavilə müddətini artıran: 
 

“Zirə”

Gələn: Ayxan Abbasov (baş məşqçi), Sadiq Quliyev ("Qəbələ"), Akim Latifu,  Ben Sanqare, Riçard Qadze

Gedənlər: Adil Şükürov (baş məşqçi), İsa Cəbiyev, Cəmil Hacıyev (hər ikisi “Şəmkir”), Yasin Həmid, Gerhard Proqni

Müqavilə müddətini artıran: 

 
“Kəpəz”

Gələn: Sahib Abbasov ("Şəmkir")

Gedən:

Müqavilə müddətini artıran:

 

“Neftçi”

Gələnlər: Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya), İqnasio Herrera ("İrtış" Qazaxıstan), Kirill Petrov ("Olimpik", Ukrayna), Pavel Dreksa (“Siqma”, Çexiya), Ruslan Abışov ("İnter"), Hüqo Barqas

Gedənlər: Eltun Yaqublu (“Səbail”), Elşən Abdullayev (“Qarabağ”), Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov, Araz Abdullayev ("Qəbələ"), Orxan Qurbanlı, Eltun Yaqublu ("Səbail", icarə)

Müqavilə müddətini artıran: Boban Baykoviç

 
AZAL

Gələn: Omeqa Roberts (“Domje Srem”, Serbiya), Tərlan Qasımzadə (“Mil-Muğan”), Arkadi Qalperin (“TSK Tavriya”, Rusiya), Frank Oliver Madu ("Sent-Jenevyev", Fransa), Baba Qullit

Gedənlər: Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov, Rəşad Əzizli, ("Səbail", icarə), Ruslan Nəsirli (MOİK), Fərhad Budaqov, Mahsun Qəmbərli, Hossain Qolamit

Müqavilə müddətini artıran: 

Qeyd edək ki, bundan sonra klublar yalnız azad agent statusu daşıyan futbolçuları heyətinə cəlb edə bilər.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right