"Qurban Qurbanovun bizə həm mənəvi, həm də səhv etmirəmsə maddi dəstəyi də olur" Layihə

“Zaqatala”nın baş məşqçisi Şaban Şirdanovun Newsport.az saytına müsahibəsi.

- İlk öncə komandanın təlim məşq toplanışını dəyərləndirərdiniz...
- Yanvar ayının 5-dən etibarən hazırlıqlara start vermişik. Hazırlığın ilk mərhələsi Zaqatalada keçirildi. Ayın 12-si hazırlığın ilk mərhələsi başa çatdı. Bu müddət ərzində Ağsuda rayonun eyniadlı komandası ilə yoldaşlıq görüşü keçirdik. Oyundan sonra hazırlığın ikinci mərhələsinə başlamaq üçün Bakıya yola düşdük. Hazırlığın ikinci mərhələsində, əsasən, yoxlama oyunlarına üstünlük verdik və bir çox görüşlər keçirdik. Hazırlığın 3-cü mərhələsini isə yenidən Zaqatalada keçirəcəyik. Bu hazırlıq mərhələsi ayın 24-dən fevralın 3-nə kimi davam edəcək.
- Çempionatda fasilə yarandıqdan bir müddət sonra komanda yenidən bir araya gəldi. Futbolçuların fiziki durumunda problemlər varmı?
- Hələ ki, hər şey yaxşıdır. Aydındır ki, fasilədən sonra futbolçularda müəyyən fiziki problemlər olur, amma hazırlığımızın ikinci mərhələsində hər şey daha da yaxşı oldu.
- “Zaqatala” növbəti mövsüm Premyer Liqada çıxış etməyə iddialıdır. Klub rəhbərliyi Premyer Liqaya yüksəlmək üçün komandada hansı işlər görür?
- Çempionat başladıqda qarşımıza məqsəd qoyulmuşdu ki, “Zaqatala” Premyer Liqaya yüksəlməlidir. Düzdür, turnir cədvəlində hazırda ikinci pillədəyik, amma düşünürəm ki, komandanın sərgilədiyi oyun və göstəridiyi nəticələr buna əsas verir ki, “Zaqatala” növbəti mövsümdə Premyer Liqada oynamalıdır. Bəzi fikirlər var ki, güya, “Zaqatala” nəticəsindən aslı olmayaraq növbəti mövsüm Premyer Liqaya yüksələcək. Amma həm mən, həm də klub rəhbərliyi Premyer Liqaya sırf nəticələrimizə görə yüksəlmək istəyirik. Bizim bu il hədəfimiz çempionluqdur və çempion olaraq Premyer Liqaya yüksəlmək istəyirik. İstəyirik ki, bizim Premyer Liqada iştirak etməyimiz həm futbol ictimaiyyəti tərəfindən, həm də AFFA tərəfindən birmənalı olaraq qəbul olunsun.
- Şaban bəy, qeyd etdiniz ki, bu ilki hədəfiniz çempion olaraq Premyer Liqaya yüksəlməkdir. Premyer Liqaya yüksəlmək üçün heyətə yeni futbolçular cəlb etməyi düşünürsünüzmü, yoxsa Premyer Liqaya vəsiqə qazandıqdan sonra heyətdə dəyişikliklər edəcəksiniz?
- Komandanı qış fasiləsində Ruslan Tağızadə tərk etdi. Düzü, bunu gözləmirdim. Çünki onunla bu barədə söhbətimiz olmuşdu və onun komandada qalacağını düşünürdüm.
Komandaya hazırda “Bakılı”dan Ramil Rəhimzadəni dəvət etmişik. O, əvvəllər də bizim komandada çıxış edib. Bundan əlavə, İlyas Səfərzadəni də dəvət etmişdik, amma o, indi U-21 millimizlə təlim-məşq toplanışındadır. Hələ çempionat başlayana qədər vaxtımız var. Yəqin ki, yenə də komandaya yeni futbolçular dəvət edəcəyik. Bildiyiniz kimi Bəxtiyar Musayev komandaya yeni idman direktoru təyin olunub. Bəxtiyar Musayev futbolumuza çox böyük köməkliklər edib. Düşünürəm ki, onun komandaya gətirilməsi bizim gücümüzə daha da güc qatacaq. Hazırda komandada olan futbolçuların əksəriyyətindən razıyam və onlarla yolumuza davam etməyi düşünürəm. “Qəbələ” ilə oyunda da bir çox futbolçumun gücünü gördüm və düşünürəm ki, həmin futbolçularla Premyer Liqada çıxış edə bilərik. Amma qismət olsa Premyer Liqaya yüksəlsək, mütləq heyəti daha da gücləndirəcəyik.
- Adətən, divizion klubları Premyer Liqaya yüksəldikdə komandada baş məşqçi və rəhbərlik dəyişilir. “Zaqatala”da da bu halın baş verməsi sizi narahat etmir ki?
- Əgər bizi indi bunu düşünsək, o zaman heç nəyə nail ola bilmərik. Ona görə bu fikri, ümumiyyətlə, yaxınımıza buraxmamalıyıq. Mən zaqatalalıyam və uzun müddət Zaqatala futbolunun uğurları üçün çalışmışam. Bəzən mənə təcrübəli məşqçi deyirlər, amma mən bunu qəbul etmirəm. Təcrübəli məşqçi mənim gözümdə Roman Qriqorçukdur, Qurban Qurbanovdur. Söhbət Avropa təcrübəsindən gedir. Uzun müddət rayon komandasında məşqçilik etmək təcrübə demək deyil.
Sevinirəm ki, yetirməm Musa Qurbanov hazırda klub rəhbəri kimi komandasına uğurlar qazandırmaq üçün çalışır. Təbii ki, hər bir baş məşqçi istəyir ki, komandasına daha da uğurlar qazandırsın. Bu, o demək deyil ki, komandanı Premyer Liqaya yüksəltmişəmsə, sona qədər mən çalışdırmalıyam.
- Əgər belə bir hal baş verərsə, bu, sizə qarşı haqsızlıq olarmı?
- Düşünürəm ki, həmin zaman veriləcək qərar ədalətli qərar olacaq. Düzdür, mənim Musa Qurbanovla şəxsi münasibətlərim də çox yaxşıdır, amma bu işdə şəxsi münasibətləri arxa plana qoymalıyıq. Əgər mənim işim rəhbərliyi qane etməyəcəksə, onlar mənə səmimi şəkildə bunu bildirəcəklər və lazımi tədbirləri görəcəklər. Mən istəmirəm ki, burada deyəcəyim sözlər 6 ay sonra rəhbərliyin qərarlarına təsir etsin. Bir məsələdə sizə söz verirəm ki, indi sizinlə necə səmimiyəmsə, həmin zaman da fikrimi səmimi şəkildə bildirəcəyəm.
- Məlum olduğu kimi komandanın rəhbəri Musa Qurbanov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşıdır. Q.Qurbanov bir zaqatalalı kimi indiyədək komandaya məşqlər zamanı və ya oyunlarda mənəvi dəstək olubmu?
- Bayaq qeyd etdim ki, Q.Qurbanov və R.Qriqorçuk həqiqətən də böyük baş məşqçilərdir. Belə məşqçilərdən nəsə öyrənmək nəinki ayıb deyil, hətta, məsləhətdir. Baxmayaraq ki, Q.Qurbanov mənim futbolçu kimi yetirməm olub, amma hazırda mən bir baş məşqçi kimi ondan nəyisə öyrənməyi düzgün hesab edirəm. Amma onu da deyim ki, hələ onun məsləhətlərinə o qədər də ciddi ehtiyac duymuram. Sözün açığı, mənim futbol fəlsəfəmlə Qurban Qurbanovun düşüncəsi üst-üstə düşmür. Çünki mən komandanın daha çox topla oynamasın istəyirəm və hücum futbolu sərgiləyirəm. Qvardiolanın fəlsəfəsinə daha çox üstünlük verirəm. Çünki komanda topu özündə nə qədər çox saxlayarsa, rəqibin qol vurmaq ehtimalı da sıfıra bərabər olar. Bildiyiniz kimi futbolu hazırda ən intizamlı oynayanlar almanlardır. Bu baxımdan mümkün olduğu qədər bu iki məktəbin sintezini yaratmağa çalışırıq. Ola bilər ki, Q.Qurbanovda bu bir qədər fərqlidir. Futbola baxışımızda yaxınlıq var, amma tam üst-üstə düşmür. Bütün bunlara baxmayaraq Qurban Qurbanovun bizə həm mənəvi, həm də səhv etmirəmsə maddi dəstəyi də olur.
- Məlumat yayılıb ki, “Şəmkir”, “Səbail”, “Zaqatala” və “Turan Tovuz” növbəti mövsüm Premyer Liqada mübarizə aparacaqlar. Sizcə, bu xəbərlər komandanın ikinci dövrədəki çıxışına təsir göstərəcəkmi?
- Deməzdim ki, bu komandanın çıxışına təsir göstərsin. Onsuz da biz futbolçularla bu barədə danışmışdıq və bildirmişdik ki, komanda göstərdiyi nəticələrlə Premyer Liqada oynamağa layiq olduğunu göstərməlidir.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right