Gəncə klubunun Mərdəkan toplanışı Layihə

Premyer Liqa komandaları qış fasiləsindən maksimum yararlanmağa çalışır. Bunlardan biri də "Kəpəz"di. Digər klublar kimi ölkə xaricində deyil, vətəndə təlim-məşq toplanışı keçən Gəncə təmsilçisinin ötəngünkü hazırlığını izləmək üçün Mərdəkana, "Dalğa Arena"ya yollandıq.

***

Öncədən də qeyd edək ki, komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında qalır.

"Kəpəz" fasiləyə iki günlük dəniz kənarındakı məşqlərlə son vermişdi. Yanvarın 11-də bir araya gələn əyalət komandası iki gün sonra toplanışın əsas hissəsinə start verib.

"Sarı-göylər" mövsümün ikinci hissəsinə iki itki ilə hazırlaşır. Belə ki, klubun legionerləri Dario və Renan hava şəraiti ilə əlaqədar Bakıya gəlməkdə çətinlik çəkir. Bunu bizimlə söhbətində komandanın baş məşqçisi Şahin Diniyev də təsdiqlədi. Çalışdırıcı Braziliyadan Türkiyəyə olan uçuşlarda problemin yarandığını və yaxın günlərdə legionerlərin kollektivə qoşulacağını bildirdi.

"Kəpəz" gündə iki dəfə olmaqla hazırlığlarına davam edir. Komanda günün ilk yarısında fiziki, ikinci yarısında isə toplu çalışmalarla fasilədən səmərəli yararlanmağa çalışır. Hətta yorğunluqu komanda üzvlərinin simasında da görmək mümkündü. 

Lakin bir məqamı da diqqətdən qaçırmaq olmaz. Belə ki, "Kəpəz" "Dalğa Arena"nın təbii örtüklü meydançasında deyil, süni meydançasında məşq keçirdi. Ş.Diniyev bizimlə söhbətində ən azı 2-3 dəfə də təbii meydançada məşq edəcəklərini bildirdi.

***

Gəncə klubunun heyətində hər hansı bir dəyişiklik yoxdu. Komandadan nə gedən var, nə də yeni sima... Əvəzində klubun əvəzedici heyətində 6 futbolçu əsas komandanın toplanışına cəlb olunub. Baş məşqçi Şahin Diniyevin məşqdə sırf bu 6 futbolçuya xüsusi diqqət yetirməsi də diqqətdən yayınmırdı. Onlara tez-tez nəyi, necə etməyin yollarını başa salırdı.

***

Ötəngünkü məşq komanda üzvlərinin daha da istəkli olması ilə seçilirdi. Yüksək ab-havada keçən məşqdə komandanın əhval-ruhiyyəsi az qala korlanacaqdı. Belə ki, "Kəpəz"in üzvü Ceyhun Cavadov zədələnərək məşqi yarımçıq dayandırmalı oldu. Lakin sonradan bəlli oldu ki, futbolçunun zədəsi ciddi deyil və o, sabahdan komandanın məşqlərinə qoşulacaq.

Son olaraq onu da bildirək ki, "Kəpəz" hazırlıq çərçivəsində 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. 

newsport.az idmanxeber.com

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right