“Qış bazarlığı”ndan kim necə yararlanır? Layihə

Yanvarın ortalarındayıq. Deməli, hələ Premyer Liqada qış fasiləsi davam edir. Bir aylıq fasilədən maksimum yararlanmağa çalışan klublar ən yüksək səviyyədə təlim-məşq toplanışı keçməyi planlaşdırır. Bunun üçün ölkə xaricinə üz tutanları başa düşmək çətin deyil. Mümkün qədər çoxlu yoxlama oyunu keçirmək, bacardıqca səviyyəli rəqiblərlə qarşılaşmaq və heyəti maksimum dərəcədə gücləndirmək qış fasiləsinin məhsuldarlığı üçün vacibdir. Bu 8 komandanın əsas hədəfi heyətdəki boşluqları doldurmaqdır. Bu yazıda məhz Premyer Liqa iştirakçılarının heyətinə toxunub, problemli mövqelərini qabardacağıq. Gəlin, turnir cədvəlinə uyğun sıralamayla komandalara nəzər salaq.

Qarabağ

Ölkə çempionu heyət sarıdan ən az problem yaşayan klubdur. Demək olar ki, hər sahədə 2-3 futbolçusu var. Bu səbəbdən baş məşqçi Qurban Qurbanov rahat rotasiyalar həyata keçirə bilir. Ancaq bəzi mövqeləri gücləndirməyə ehtiyac var. Məsələn, müdafiənin solunda Ansi Aqollinin layiqli əvəzləyicisi yoxdur. Sağda Maksim Medvedevin yerinə İlqar Qurbanov oynaya bilər. Ancaq Arif Daşdəmirov alban kimi effektiv deyil. Üstəlik, Aqollinin yaşını da nəzərə almaq və indidən ona alternativ olan futbolçu tapmaq lazımdır. Rəşad Sadıqov zədələnəndə müdafiənin mərkəzində Bədavi Hüseynov və Elvin Yunuszadə tandem təşkil edir. Amma Yunuszadənin səviyyəsi “Qarabağ”a uyğun gəlmir. Bir sözlə, stopper mövqeyinə də transfer vacibdir. Reynaldo getsə, hücumda da problem yaranacaq. Düzdür, Ağabala Ramazanov “İnter”dən transfer edilib. Ancaq “Qəbələ” çempionluq mübarizəsində daha bir forvarda ehtiyac var. Dino Ndlovu zədələnsə və ya cəzalı duruma düşsə, öndə “vuran ayağ”ın yeri görünəcək. Yarımmüdafiədə isə rəqabət güclüdür və bu gün üçün əlavə oyunçunun alınması izafi xərc olar.

Qəbələ

2016-cı ilin “bomba”sını “Qəbələ” partlatdı. Araz Abdullayevi “Neftçi”dən qoparan “qırmızı-qaralar” yalnız Sadiq Quliyevlə yolları ayırdı. Bölgə təmsilçisinin imkanı olsa, yararsız Petar Franyiçə də “yaxşı yol” deyər. Ancaq xorvatın müqavilə müddəti davam edirsə, onu göndərmək təzminat anlamına gəlir. Bu isə kluba sərf etməz. Roman Qriqorçukun komandasında qapı etibarlı əllərdədir. Müdafiədə də ciddi problem görünmür. Eyni sözləri yarımmüdafiə haqqında da deyə bilərik. Cavid Hüseynov artıq formaya düşməkdədir. Arazın transferiylə yarımmüdafiədə rəqabət daha da güclənib. Asif Məmmədov, Rəşad Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov, Teo Uiks və Filip Ozobiç kimi futbolçuların varsa, əlavə yarımmüdafiəçiyə nə ehtiyac var? Ancaq hücum xəttinin gücləndirilməsi mütləq şərtdir. Bunu klub rəhbərliyi də yaxşı dərk edir və məhz hücumçu axtarışındadır. Baqali Dabonun yoxluğunda gah Ruslan Qurbanov, gah da Sergey Zenyov hücumun sivri ucunda yer alır. Ancaq onlar fransız kimi güclü qol duyumuna malik deyil. Ən azı 1 forvardın və hücumameyilli yarımmüdafiəçinin transferi labüddür.

İnter

Bu klub haqqında danışmağa dəyməz. Yenə “İnter”in başını “qara buludlar” alıb. Son bir neçə ayda bir klubun nə qədər prezidenti dəyişər. Müşahidə Şurasında sədr dəyişikliyi adi hal alıb. Beynəlxalq Bankdakı məlum fırıldaqçılıqdan sonra maliyyə durumu acınacaqlı duruma düşüb. Rəşad Qasımovun dönəmində vəziyyət stabilləşmiş, qənaət rejimi fonunda yerli futbolçuların çoxluq təşkil etdiyi maraqlı və rəqabətədavamlı komanda formalaşdırılmışdı. Təəssüf ki, Qasımov prezident vəzifəsindən getdikdən sonra "İnter"də “yarpaq tökümü” başladı. Əvvəldən bilinirdi ki, “ağ-göylər” transfer qadağasıyla üzləşib. Yayda olduğu kimi, qışda da heyətini gücləndirə bilməyəcək. Beləolan halda hədəf əsas heyəti qoruyub saxlamaq idi. Bacarmadılar. Ağabala Ramazanov “Qarabağ”ın, Ruslan Abışov isə “Neftçi”nin yolunu tutdu. Mövsümün ilk yarısında çempionluğa iddialı 2 komandaya boyun əyməyən “İnter” mövcud durumda 3-cü yeri qoruya bilsə, böyük işdir.

Sumqayıt

Tarixinin ən yaxşı dövrünü yaşayan “Sumqayıt”da da durğunluq yaşanır. Bu klub hələ ki futbolçuları göndərməklə məşğuldur. İranlı legionerlərlə yolları ayıran “Sumqayıt”dan Vaqif Cavadov və Amit Quluzadə kimi futbolçuların gedişi ciddi problemlər yarada bilər. Samir Abasov döyüşkən, sürətli futbol sərgiləyən, iddialı komanda qurub. Amma ilk 2 dövrədəki mübarizənin davamını gətirmək istəyirlərsə, ən azı 3 transfer (müdafiə, yarımmüdafiə və hücuma) gerçəkləşdirməlidirlər. Bu da var ki, “Sumqayıt” legioner transfer etməmək ənənəsinə sadiqdir. Yenə Rusiyanın hər hansı klubundan dağıstanlı futbolçunu “azərbaycanlı” edib transfer etsələr, əsla təəccüblənməyin. Bu, onların çoxdanki adətidir. Hərçənd çətin ki, bu durum Abasovu razı salsın.

Zirə

Ötən mövsümün sürpriz klubuna sanki göz dəyib. Yay transfer bazarlığı uğurlu alınmadı. Bunu etiraf etmək lazımdır. Gedən səviyyəli legionerlərin yerinə gələnlər ümidləri doğrultmadı. Təbii ki, uğursuz transfer siyasəti həm də büdcənin azaldılmasından qaynaqlanırdı. Adil Şükürovu bu durum çətinə saldı. Həm də rəqiblər indi “Zirə”yə daha ciddi yanaşır. Nəticədə rəhbərlik çıxış yolunu baş məşqçi dəyişikliyində gördü. Əvəzedicilərdəki uğurlu işiylə seçilən Ayxan Abbasov indi əsas söz sahibidir. Amma hələ ki transferdə fəallıq müşahidə olunmur. Bəli, “Qəbələ”dən tanış sima Sadiq Quliyevin keçidi reallaşdırılıb. Bu futbolçu ötən mövsüm icarə əsasında “Zirə”də çıxış etmişdisə, bu dəfə bakılıların tam hüquqlu oyunçusu kimi oynayacaq. Bəs sonra? Axı zirəlilərin əsas dərdi müdafiə deyil. İlk növbədə yarımmüdafiənin mərkəzində oyunqurucusuna və yaxşı hücumçuya ehtiyac var. Ehtiyat oyunçulardan Cəmil Hacıyev və İsa Cəbiyev “Şəmkir”ə keçib. Ümidləri doğrultmayan Gerhard Proqni də göndərilib. Belə olan halda ən azı 1 normal hücumçusunun transferi həyati əhəmiyyət kəsb edir. Əlbəttə, klub rəhbərliyi Avroliqaya vəsiqə qazanmaq istəyirsə...

Kəpəz

Bu komandanın adı gələndə Kərəmi ağlamaq tutur. Hanı o əzəmətli Gəncə klubu? İndiki komanda 3 qat ölkə çempionunun kölgəsi belə ola bilməz. Yenə Şahin Diniyevin rəhbərliyi altında nəsə etməyə çalışırlar. Reallıqda isə problemlər o qədərdir ki. Komandadan nə gedən olub, nə də komandaya gələn. Gəncədə normal şərait olmadığından Bakıda toplanış keçirlər. Bütün mövqelərin gücləndirilməsinə ehtiyac var. Amma kimdi kluba pul ayıran. Hazırda “sarı-göylər” 6-cı pillədə qərarlaşıb. Heyət gücləndirilməsə, bu yerin də əldən çıxmaq ehtimalı böyükdür. Bu şəraitdə gəncəlilərin əlindən Dario Federikonun formaya düşməsi və Jülien Ebahın ayağının “açılması” üçün dua etməkdən başqa bir iş gəlmir.

Neftçi

Bu il 80 yaşını qeyd edəcək flaqman biabırçı durumdan xilas olmaq istəyir. Transferdəki fəallıq da təbii instinktin nəticəsidir. “Ağ-qaralar” sanki fəsilləri səhv salıb. Axı adətən yayda bu qədər transfer reallaşır. Ancaq buna görə klubu qınamağa da adamın dili gəlmir. Ölkənin ən köklü və ən titullu klubu çempionatın ən çox məğlub olan komandasına çevrilibsə, heyətdə ciddi dəyişikliklər qaçılmazdır. Hələ fasilə yaranmamış Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak və Vançe Şikovla yollar ayrıldı. Jonas Pesalli təzə relsə düşmüşdü ki, getmək istədiyini söyləyərək “Neftçi”ni faktiki hücumçusuz qoydu. Elşən və Araz Abdullayevlərin gedişi də baş məşqçi Elxan Abdullayevin istəyi deyildi. Sadəcə, sərfəli təklif aldılar və getdilər. Eltun Yaqublu və Orxan Qurbanlı isə baş məşqçiyə lazım olmadı. İndi isə gələnlərə nəzər salaq. Hələ ki 2 yerli futbolçu transfer edilib. Namiq Ələsgərov “Qarabağ”dan, Ruslan Abışov “İnter”dən gəlib. Hər ikisi yığma üzvüdür və “Neftçi”yə böyük fayda verəcəklərinə şübhə yoxdur. Gürcüstan yığmasının cinah müdafiəçisi Georgi Navalovskinin nəyə qadir olduğunu da illər öncə “İnter”dəki 6 aylıq çıxışından bilirik. Səviyyəsinə söz ola bilməz. Zdenek Folprext, Kirill Petrov, Pavel Dreksa da müdafiənin gücləndirilməsi üçün transfer edilib. Deyilənə görə, Pavel Paşayev də yol üstədi. Bu qədər futbolçunu müdafiəyə yığmaq nəyə lazım? Acınacaqlı statistika Elxan bəyin gözünü necə qorxudubsa, transferdə əsas diqqəti arxa xəttin gücləndirilməsinə ayırıb. Yalnız İqnasio Errera ön xətt üçün transfer edilib. Amma mütləq “vuran ayağ”a ehtiyac var. Pleymeyker tranferi də yerinə düşər. Transferlər ümidləri doğrultsa, mövsümün ikinci yarısında tam fərqli “Neftçi” görəcəyik. Buna əmin ola bilərsiniz.

AZAL

Autsayderdən nə danışasan? Tərlan Əhmədovun dediyi kimidirsə, AZAL-ın illik büdcəsi cəmi 150 min manatdırsa, o zaman bu klubdan normal transfer gözləməyə dəyməz. Bir sözlə, “Kəpəz”lə eyni dərddədirlər. Amma gəncəlilər ən azı heyətini qoruyubsa, bakılılardan 7 oyunçu ayrılıb. Mirzağa Hüseynpurla Taqim Novruzov "Səbail"in sərfəli təklifinə “hə” deyib. Ruslan Nəsirli də divizionda oynayacaq. Amma o hərbi xidmətə yollandığı üçün MOİK-də çıxış edəcək. Adan Koronado şəxsi problemlərini qabardaraq AZAL-dan ayrılıb. Brayan Fok, David Canelidze və Qvanzav Maqomedov isə sırf baş məşqçi Tərlan Əhmədovun göstərişi ilə komandadan uzaqlaşdırılıb. Transfer olmasa, mövsümün ikinci yarısından müsbət bir şey gözləməyə dəyməz. Autsayder statusundan qurtulmaq çətin olacaq, çox çətin.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right