Yuxarıdan baxanda aşağı necə görünür? Layihə

1-ci divizion son illər hələ belə maraqlı keçməmişdi. Ortalıqda gəzən söz-söhbətlərə inansaq, yayda 4 klub elitaya yüksələcək. Bu söhbət aşağı liqaya marağı bir qədər də artırır. Çoxlarının əsl Azərbaycan çempionatı adlandırdığı divizionda 14 komanda iştirak edir.

Sevindirici haldır ki, bunlardan yarıdan çoxu – 8-i bölgələri təmsil edir. Düzdür, əslində “Şərurspor” da Muxtar Respublikanın adından liqada mübarizə aparır. Ancaq “yaşıllar” Bakıda məskunlaşdığından onları bölgə komandaları sırasında saymırıq. Daha bir maraqlı məqam ilk dövrədən sonra ilk “3-lük”də bölgə klublarının yer almasıdır. İndi divizionda fasilə yaranıb. Bu daha çox fırtına öncəsi səssizliyə bənzəyir. İkinci dövrədə bizi daha amansız mübarizə gözləyir. Mövsümün ilk yarısını komandalar üzərindən dəyərləndiririk.

Turan Tovuz

Ötən mövsüm Əsgər Abdullayev “Neftçi”dən çıxdıqdan sonra sabiq klubuna yollananda çoxları bunu təəccüblə qarşıladı. Düzdür, Abdullayev ilk mövsümündə Qərb klubuna uğur qazandıra bilmədi. Onsuz da rəhbərlik onun qarışısında hansısa hədəf qoymamışdı. Əsas məqsəd bu mövsümün yekununda elitaya vəsiqə qazanmaqdır ki, bu istiqamətdə də böyük addım atılıb. İndi “Turan Tovuz” başqalarıyla müqayisədə elitaya bir addım daha yaxındır. 30 xalla turnir cədvəlinə başçılıq edən tovuzlular cəmi 1 oyunda uduzub. Abdullayevin komandaları bir qayda olaraq, etibarlı müdafiəsiylə öyünür. “Turan Tovuz” da bu baxımdan istisna deyil. Komanda qapısında cəmi 5 qop görüb. Praqmatik futbola üstünlük verən Əsgər nəticəyə oynamaq ənənəsini davam etdirərək arzusuna çatmaq üzrədir. Ancaq fasiləyə doğru “Turan Tovuz” böyük xal fərqinin əriməsinin qarşısını ala bilmədi. Tovuzlular ən yaxın izləyicisini cəmi 2 xal qabaqlayır.

Zaqatala

Şaban Şirdanovun yetirmələri mövsümə yaxşı başlamamışdı. Hətta bir ara təcrübəli mütəxəssisin istefaya göndəriləcəyi haqqında söz-söhbətlər də dolaşırdı. Ancaq sonradan qatar relsə düşdü. Vaxtilə “Daşqın”, daha sonra “Simurq”la nəfəs alan zaqatalalı azarkeşlər indi şəhərin eyni adlı komandasıyla həmin anları yaşayır. Əslində “Zaqatala”nın özünə tez gəlməsinə və ikinci pillədə qərarlaşmasında təəccüblü heç nə yoxdur. Heyətdə Amil Ağacanov, Ruslan Tağızadə, Emin Mehtiyev, Hacı Əhmədov, Vadim Abdullayev kimi elita təcrübəsi olan futbolçular var. Belə olan halda artıq sözə ehtiyac yoxdur.

Şəmkir

İkiqat ölkə çempionunun əvvəlki günlərinə qayıtmasını çoxları arzulayır. Klubun yeni rəhbərliyinin hədəfi də budur. Gənc prezident bu yöndə nəzərəçarpan addımlar atır. Şəmkir Rayon İcra Hakimiyyəti də diqqət və qayğısını əsirgəmir. İndi demək olar ki, heç kim “ağ-qırmızılar”ın növbəti mövsüm Premyer Liqada oynayacağına şübhə etmir. Yeni stadionun tikintisi üçün icra başçısı torpaq sahəsi ayrılıb. Paralel olaraq Olimpiya Kompleksinin stadionunda təmir-bərpa işləri aparılacaq ki, lisenziya şərtləri yerinə yetirilsin. Komanda gənclərlə təcrübəlilərin sintezindən qurulub. Elşən Poladov, Ruslan Poladov, Rövşən Əmiraslanov kimi təcrübəlilər gənclərə dirijorluq edir. Elvin Mirzəyev, Kazım Kazımlı kimi “Xəzər Lənkəran”ın yetirmələri də indi “Şəmkir”in şərəfini qoruyur. Qış fasiləsinin ən fəal klubu olan “Şəmkir”in yeni transferləri də səs-küylüdür. Qəhrəman Əliyevin komandası 2-ci dövrədə rahat çempionluq uğrunda mübarizə apara bilər.

Səbail

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlunun maliyyələşdirdiyi klub paytaxt klublarının lideridir. Heyətdə daha çox elita klublarının gənc yetirmələri çıxış edir. Yayda yaradılan klub debütant olsa da, ilk mövsümündəcə iddiasını ortaya qoyub. “Bayıl Arena”dan doğma meydan kimi yararlanan Elman Sultanovun komandasında Saşa Yunisoğlu, Asif Mirili, Orxan Səfiyaroğlu və Ramazan Abbasov adları çoxlarına tanışdır. Elitada illərini keçirmiş futbolçular üçün diviziondan baş çıxarmaq çətin olmamalıdır.

Ağsu

Vaxtilə divizionun qalibi olmuş “Ağsu”nun heyəti bizə xüsusi heç nə demir. Təcrübəli futbolçuların sayı azdır. Onlar arasında tanınmış oyunçular da yoxdur. Hardasa “Simurq”da çıxış etmiş Əli Bağırovu nisbətən fərqləndirmək olar. Ancaq bu komandanın üstünlüyü heyətinin sabit qalması və baş məşqçinin bir neçə il komandada çalışmasıdır. Rüfət Quliyev sistemini oturda bilib. Ancaq bu da var ki, klubun ən azı bu mövsüm üçün hər hansı hədəfi yoxdur. Düzdür, “Ağsu” ilk “5-lik”də qərarlaşıb. Amma rəhbərliyin ayırdığı büdcəylə elitaya iddia etmək mümkün deyil. Lisenziya şərtlərini yerinə yetirmək üçün çox şey tələb olunur. Bunların da əksəriyyəti “Ağsu”da yoxdur.

Qaradağ Lökbatan

Bu klub son illər bir qayda olaraq iddialılar sırasında yer alır. Sadıq Sadıqovun maliyyələşdirdiyi klubun heyətində Elçin Sadıqov, Hüseyn Məhəmmədov, Natiq Kərimi, Eşqin Quliyev, Sabir Allahquliyev, Aydın Qasımov və Bəxtiyar Soltanov kimi elitada oynamış futbolçular var. Bununla belə mövsümün əvvəllərində “Qaradağ Lökbatan”ın işləri yolunda getmirdi. İlk 6 turda komandanın qeyri-sabit çıxış etməsi klub rəhbərliyinin səbr kasasını daşırdı. Nəticədə Əfqan Talıbov istefaya göndərildi. Təcrübəli mütəxəssisi gənc məşqçiylə əvəzlədilər. Azər Bağırov baş məşqçi kimi debütündən iddiasını ortaya qoydu. Onun gəlişindən sonra 4 qələbə əldə olundu. Lökbatanlılar 2 dəfə uduzdu və 1 görüşdə heç-heçə qeydə alındı. Ancaq bu komandanın “Turan Tovuz” və “Şəmkir” kimi güclü rəqibləri məğlub etməsi Bağırovun məşqçilik bacarığından xəbər verir.

MOİK

“Hərbçilər” də mövsümə bir məşqçiylə başlayıb, sonra onu əvəzləyənlərdəndir. Rəhbərlik Müşfiq Qənbərova 8 tur dözdü. Əvvəlcə “Zaqatala”dan 3 cavabsız top “yeyən” MOİK ardınca “Şəmkir”ə uduzdu. Bu da onun istefaya göndərilməsiylə nəticələndi. Onun yerini isə öncədən də bu klubda çalışan Ramil Əliyev tutdu. Vaxtilə "Rəvan"da baş məşqçi olmuş gənc məşqçi debütdə “Bakılı” üzərindəki 4:1 hesablı qələbəyə sevindi. Sonrakı turlarda MOİK daha 2 qələbə qazandı. “Turan Tovuz”la 2:2-lik heç-heçəni də müsbət nəticə saymaq olar. Ancaq “Mil-Muğan”a məğlubiyyət müəyyən qədər gözlənilməz oldu. İndi MOİK 7-ci pillədə qərarlaşıb.

Şərurspor

Bu klubu belə xarakterizə etmək olar: nə ətdi, nə balıq. Bu klubun hansı məzhəbə qulluq etdiyini anlamaq olmur. Bəzən iddialı rəqibə qalib gəlir, güclü komandaları büdrədir, bəzən isə autsayderlərlə bacarmır. İlk 6 turda Məhəmməd Qəniyev naxçıvanlıların baş məşqçisi oldu. Ancaq Əfqan Talıbov “Qaradağ Lökbatan”dan ayrılan kimi onu “Şərurspor”a baş məşqçi təyin etdilər. Talıbovun əvvəl-əvvəl işləri yolunda getmirdi. Onun gəlişindən sonra ardıcıl 4 tur “Şərurspor” qələbəyə həsrət qaldı. Cəmi bir oyunda heç-heçə edən şərurlular 3 görüşdə uduzdu. Ancaq son 3 turda Əfqan bəyin komandası qələbə qazandı. Fasilə ərəfəsində gələn qələbənin isə ayrı ləzzəti var idi. 13-cü turda “Şərurspor” Bakıda “Zaqatala” kimi iddialı rəqibə qalib gəldi – 4:3. Görək qələbə seriyası 2017-ci ildə də davam edəcəkmi?

Mil-Muğan

Ramin Musayevin himayə etdiyi klubun qarşısına da hər hansı hədəf qoymayıb. Daha öncə “Sumqayıt”da baş məşqçi kimi çalışmış Aqil Məmmədov komandaya rəhbərlik edir. Onun əleyhinə işləyən məqam “Mil-Muğan”ın mövsümün başlamasına az qalmış toplaşması və komandanı, futbolçuları tanıması, sistemini oturtması üçün az vaxtın olması idi. Ona görə də ilk turlarda İmişli klubu çox zəif təsir bağışlayırdı. Ancaq oyundan-oyuna Aqil Məmmədov komandanı toparlaya bildi. Hər halda, qısa müddətə yığılan klub üçün 9-cu yeri münasib pillə saymaq olar.

Şahdağ

Ötən mövsümdən başlayaraq Qusar klubunun başının üstünü almış qara buludlar hələ də çəkilməyib. “Şahdağ”da ciddi maliyyə problemləri var. Ancaq bununla belə heyətə 8 legioner cəlb olunub. Əcnəbilər Nigeriya, Rusiya və İranı təmsil edir. Amma yenə də şimallılar yaxşı çıxış eləmir. Ardıcıl 4 məğlubiyyət Adil Mahmudovla əməkdaşlığa son qoyulmasıyla nəticələndi. 13-cü turda komandanı meydana məşqçi Mehman Rəcəbov çıxardı. Onun ayağı düşərli oldu və “Rəvan” 4:1 hesabıyla məğlub edildi. Hər şey məntiqə uyğundur. “Şahdağ” ilk “10-luğ”u qapayır. Amma özündən sonrakılar sırf maliyyə durumu bərbad olanlardır. “Azenco” insafa gəlib, maliyyəni artırsa, “Şahdağ” da bir gün görərdi.

Energetik

Mingəçevir klubu ötən mövsümlə müqayisədə “artırıb”. Hər halda, 14 oyundan 8 xal toplanılması cəmi 150 manat maaş alan futbolçular üçün böyük uğurdur. “Energetik” daha çox Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda sürpriz nəticələrə imza atır. Hesabında 2 qələbə, 2 heç-heçə və 9 məğlubiyyət var. Çempionatın ən çox top buraxan komandalarından biridir. Əslində Mingəçevir futbol ənənələri olan şəhərdir. Bir balaca maddi dəstək kifayətdir ki, işıq və nur şəhəri ölkə futbolunda öz layiqli yerinə tutsun. Ancaq hələ ki “Energetik”ə yaxın duran yoxdur.

Bakılı

Bu klub sanki divizionda say düzəltmək üçün oynayır. Misir Əbilovun prezidenti olduğu “Bakılı” illərdi 1-ci dəstədə çıxış edir. Ancaq elitaya çıxmaq üçün mübarizə aparmır. Bu klubun adı daha çox oyun alqı-satqısında hallanır. Əbilov tez-tez baş məşqçi dəyişikliyinə əl atır. Ona görə də ortada bir nəticə yoxdur. Qışdan sonra da vəziyyətin müsbətə doğru dəyişəcəyini gözləməyə dəyməz.

Göyəzən

“Şahdağ” və “Energetik”lə birgə maliyyə durumu ən bərbad olan klubdur. İllərdi “Göyəzən” “zirzəmi”də vaxt keçirməklə məşğuldur. Pul yoxdursa, nəticə də yoxdur. Başqa necə olmalıdır ki? Qazax klubu bütün çətinliklərə baxmayaraq ilk dövrəni 5 xalla tamamlayıb.

Rəvan

Divizionun ən bədbəxt klubudur. Bəhmən Həsənovun komandası güc-bəla 9 xal toplamışdı. Ancaq FİFA sabiq futbolçularına borcu olduğu üçün “Rəvan”ın xallarını silməkdə davam edir. Ona görə də “sarı-qırmızılar” hazırda divizionda xalsız olan yeganə klubdur. Hələ bilmək olmaz, bəlkə ali qurum qışdan sonra da xal silməyə davam edəcək. Belə olsa, paytaxt klubunun autsayder imicini üzərindən atmaq şansı minimuma bərabər olacaq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right