Mövsümün ilk yarısına son baxış Layihə

 

Premyer Liqanın ilk yarısını geridə qoyduq. 2016/17 mövsümünün ilk 14 turunda kifayət qədər maraqlı nəticələr qeydə alındı. Bəzi klubların mövqeyi futbol ictimaiyyəti üçün böyük sürpriz oldu. Bu yazıda komandaları ayrı-ayrılıqda çıxışına uyğun dəyərləndirəcəyik. Turnir cədvəlinə uyğun sıralama üzrə klublara nəzərə salmağım məsləhətdir.
 
"Qarabağ"
 
Yay transfer dönəmində fəallıq nümayiş etdirmədi. Boyan Şaranov və Arif Daşdəmirov daha çox ehtiyat qüvvəni gücləndirməyə hesablanmış keçidlər idi. Ən yadda qalan transfer Dino Ndlovu oldu. Cənubi Afrika Respublikasından gəlmiş hücumçu əvvəllər komandaya heç bir fayda vermirdi. Bir çoxları “bunu nəyə transfer ediblər” deyə düşünməyə başlamışdı. Maraqlıdır ki, afrikalı forvard ilk qolunu Florensiyada “Fiorentina”ya vurdu. Bundan sonra özünəinamı bərpa edən Ndlovu komandaya daha çox fayda verməyə başladı. Əvəzində Reynaldo bu mövsüm zədələnəndən sonra ümidləri doğrultmadı. Sonuncu dəfə “Fiorentina”ya qol vuran braziliyalının “Qarabağ”dan gedişi gündəmə gəlib. Ancaq əsas məsələ komandanın və futbolçuların ölkə çempionatındakı çıxışıdır. Çempion mövsümə yaxşı başlamadı. “İnter”lə oyunda hesabı açsa da, Ruslan Abışovun dublu mövsümə məğlubiyyətlə başlamağa səbəb oldu. Ağdamlılar bundan sonra ardıcıl 4 oyunda qalib gəldilər. Maraqlıdır ki, bu görüşlərin heç birində qapılarında top görmədilər. 6-cı turda Gəncə səfərində seriyası qırılan Qurban Qurbanovun komandası ardınca Qəbələdən məğlub qayıtdı. “Qarabağ” sanki bundan sonra ayıldı. Çempion ardıcıl 6 turu qələbəylə başa vuraraq yenidən liderliyə yüksəldi. Sonuncu – 14-cü turda isə “İnter”i məğlub etmək mümkün olmadı. Bu isə “Qəbələ”nin xal fərqini minimuma endirməsinə səbəb oldu.
 
"Qəbələ"
Yayda yenə heyətdə ciddi dəyişikliklər oldu. Bir çox futbolçular komandanı tərk etdi. Əvəzində Teo Uiks, Baqali Dabo, Filip Ozobiç, Ruslan Qurbanov, Petar Franyiç transfer edildi. Sonuncu istisna olmaqla, yeni transferlər ümidləri doğrultdu. Heç kimin gözləmədiyi halda “Qəbələ” çətin maneələri aşaraq ardıcıl 2-ci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Ancaq bu dəfə çempionatın ilk iki dövrəsini boşa vermədi. Halbuki ötən mövsümün ilk yarısında Roman Qriqorçukun komandası zəif təsir bağışlamışdı. İlk dövrə demək olar ki, mükəmməl alındı. “Qırmızı-qaralar” 7 oyunun 6-da qələbə qazandı. Yalnız “İnter”in müqavimətini qırmaq mümkün olmadı. Ancaq ikinci dövrədə bölgə təmsilçisi gözlənilməz xal itkiləriylə üzləşdi. Xüsusən “Sumqayıt” və AZAL-la oyunlardakı heç-heçələr planları alt-üst etdi. Nəticədə “Qarabağ” xal fərqini sürətlə əritdi. “Azərsun Arena”dakı məğlubiyyət də heç yerinə düşmədi. Əlbəttə, bunda Rəhim Həsənovun da müəyyən qədər rolu oldu. Son turda “Kəpəz”ə qalib gələn “Qəbələ”ni liderdən cəmi 1 xal ayırır. Deməli, mövsümün ikinci yarısında rahat çempionluq uğrunda mübarizə aparmaq olar. Əlbəttə, heyəti daha da gücləndirmək şərtiylə...
"İnter"
Vaxtilə əcnəbi sevgisiylə çoxlarında qıcıq yaradan “İnter” artıq imicini dəyişib. Bunda klubun sabiq prezidenti Rəşad Qasımovun böyük əməyi oldu. O, komandada cəmi 3 legioner saxladı. Qalan futbolçular isə yerlidi. Özü də onların bir çoxu yığmada oynayır və aralarında milliyə namizədlər də var. Bir ailə kimi birləşən “ağ-göylər” üçün mövsümün ilk yarısını uğurlu saymaq olar. “İnter” çempionatdakı yeganə komandadır ki, bu mövsüm “Qarabağ”a uduzmayıb. Heç “Qəbələ” də bakılıların biləyini bükə bilməyib. Çempionluğa iddialılarla qarşılaşmalar heç-heçə başa çatıb. Zaur Svanadzenin komandası hazırda 3-cü pillədə qərarlaşıb. Qeyri-adi bir şey baş verməsə, “İnter” yekunda bürünc medal qazanacaq. Çünki həm ikinci, həm də dördüncü yerlə arada xal fərqi böyükdür. Elə “İnter” özü də bu mövqeyə razıdır. Ancaq mövsümün ikinci yarısı bu komanda üçün asan keçməyəcək. Axı rəqiblər heyətlərini gücləndirəcəklər. Ancaq transfer qadağası olduğu üçün bu klub heyətinə əlavə oyunçu qata bilməyəcək. Əksinə bəzi futbolçuların komandadan gedişi gündəmə gəlib. “Neftçi” Ruslan Abışov və Ağabala Ramazanova göz dikib. İndi “İnter” mümkün qədər heyətini qorumağa çalışmalıdır.
"Sumqayıt" 
Bu mövsümün ən böyük sürprizidir. Əslində yayda səs-küylü transfer etmədilər. Kamran Ağayevin gəlişi müvəqqəti idi. Yığma üzvü 1 aydan sonra Portuqaliyaya yollandı. Komandada təcrübəli futbolçulardan Rail Məlikov, Fərhad Vəliyev, Vurğun Hüseynov, Amit Quluzadə və Vaqif Cavadov var idi. Qalan futbolçular gənc oyunçular idi. Bununla belə Samir Abasova alqış düşür. O bu komandanı 4-cü pilləyə kimi yüksəldə bildi. Axı “Sumqayıt” heç vaxt qış fasiləsinə belə yüksək pillədə yollanmamışdı. İndi “kimyaçılar” avrokuboklara vəsiqə qazanmağa iddialıdır. Baxmayaraq ki heyətdə bir legioner belə yoxdur. Görək “Sumqayıt”ın benzini ikinci yarıda tükənib, komandanı yarı yolda qoymayacaq ki.
"Zirə"
Ötən mövsümün ən böyük sürprizi debütantın gözlənilmədən gümüş medal qazanması idi. Ancaq yayda heyətdə ciddi dəyişikliklər oldu. Nelson Bonilya və Tato kimi aparıcı futbolçular komandanı tərk etdi. Gerhard Proqni başda olmaqla yeni transferlərin bir çoxu gedənlərin yerini doldurmadı. Heç “Qarabağ”dan gələn Cavid Tağıyev də qeyri-adi heç nəylə yadda qalmadı. Bu səbəbdən ilk 2 dövrədə “Zirə” qeyri-sabit çıxış etdi. Nəticədə rəhbərliyin səbr kasası daşdı. Müzakirələrdən sonra baş məşqçi vəzifəsində dəyişiklik edildi. Əvəzedici komandanın baş məşqçisi Ayxan Abbasov “Zirə”nin çalışdırıcısı oldu. Adil Şükürovu da klubdan ayırmadılar. O, bundan sonra “ağ-göylər”in akademiyasının əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.
"Kəpəz"
Bu komandanın çıxışını normal dəyərləndirmək olar. Çünki rəhbərliyin ayırdığı maliyyə bundan yaxşısına nail olmağa imkan vermir. Juninyonun yerinə gələn Serjinyo hələ də ümidləri doğrultmur. Portuqaliyalı yarımmüdafiəçi sanki ölkəmizə və “Kəpəz”ə uyğunlaşmaqda çətinlik çəkir. Jülien Ebah da “sönüb”. Afrikalı futbolçunun ötən mövsümkü məhsuldarlığından əsər-əlamət yoxdur. İşin tərsliyindən komandanın lideri Dario Federiko da mövsümün gedişində zədələndi. Braziliyalı yarımmüdafiəçi son turlarda sıraya dönsə də, qışdan sonra formaya düşəcəyini gözləmək olar. Klubun hələ də bazası yoxdur. Yenikənddə inşa ediləcəyi deyilən bazada daşı daş üstünə qoymayıblar. Ehtiyat meydança üçün “Dalğa Arena”dan gətirilmiş süni qazon da hələ döşənməyib. Stadion isə yararsız vəziyyətdədir. Arenanın həm otaqları, həm tribunaları, həm də ot örtüyü tələblərə cavab vermir. Belə şəraitdə Şahin Diniyevdən necə nəticə tələb edəsən?
"Neftçi"
Futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi klubdur. Axı “Neftçi” daim ölkə futbolunun siması hesab olunub. Flaqmanın adına uyğun olmayan çıxışı hamının ürəyini ağrıdır. “Ağ-qarala”" bu mövsüm keçirdiyi 14 oyunun 11-də meydanı məğlub tərk edib. Bu isə 80 yaşını qeyd etməyə hazırlaşan klubun adına biabırçı göstəricidir. Komanda cəmi 9 top vurubsa, qapısında 30 qol görüb. “Neftçi” bu mövsümün ilk yarısında ən çox uduzan və qapısında ən çox qol görən komandadır. Bu biabırçılıq deyil, bəs nədir?! Yayda edilən transferlər yaralı barmağa yod sürtmədi. Vəli Qasımovun bəyənib gətirdiyi futbolçular bir işə yaramadı. Ona görə də rəhbərlik əvvəlcə yığmamızın sabiq üzvünü baş məşqçi postundan uzaqlaşdırdı. Ardınca onun gətirdiyi oyunçuları qarşılıqlı razılıq əsasında yola saldı. Heç Elxan Abdullayev də “Neftçi”ni dirildə bilmədi. Düzdür, flaqman ölkə kubokunda yoluna davam edir. Ancaq çətin ki, yarımfinalda “Qarabağ” səddini keçmək mümkün olsun. Çempionatda 7-ci pillədə qərarlaşan “Neftçi”ni autsayder AZAL-dan cəmi 1 xal ayırır. Görək qış transfer dönəmində ən yaşlı klubumuz kimləri transfer edəcək ki, vəziyyəti xeyrinə dəyişəcək.
AZAL
Ötən mövsümdən başlayan böhran davam edir. Ölkənin ən sanballı şirkətlərindən birinin maliyyələşdirdiyi klub çempionatın ən kasıb klubudur. 150 min manatlıq büdcəylə bundan artığını etmək çətin məsələdir. Tərlan Əhmədovun komandası ötən mövsüm Şüvəlanda keçirdiyi heç bir oyunda uduzmamışdı. Amma bu dəfə doğma meydan tilsimi də qırılıb. Bəlkə ilk turda “Neftçi” ilə oyunda hakim haqsızlığı olmasaydı, AZAL-ın uğurlu ev seriyası davam edərdi. Sanki bu məğlubiyyət hər şeyin sonu oldu. Ancaq bütün çətinliklərə, heyətin kasad olmasına baxmayaraq Əhmədovun komandası döyüşkənliyi ilə seçilir. Elə son turda “Neftçi” üzərindəki qələbə də bundan xəbər verir. AZAL-ın ikinci dövrədə “partlayacağına” inam azdır. Çünki heyətin güclənəcəyi gözlənilmir. Mövcud büdcə buna imkan vermir. Hər şey qalır Tərlan bəyin məşqçilik bacarığına.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right