Bir qapıçının qüdrəti Layihə

Beləliklə, Premyer Liqanın yarısını geridə qoyduq. Ötən həftə 14-cü turun oyunları keçirildi. Çemodan əhval-ruhiyyəsində olan komandalar məhsuldarlıq nümayiş etdirmədi. Yalnız Qəbələdəki görüşdə azarkeşlər 3 qol gördü. 4 qarşılaşmada qapılara cəmi 5 top vuruldu. Bu matçların ikisində meydan sahibləri qələbə qazandı. Birində qonaqlar evinə 3 xalla qayıtdı. Bir oyunda isə qolsuz heç-heçə qeydə alındı.

“Qəbələ” fasiləyə yüksək ab-havada yollandı

Başlayaq 14-cü turun ən məhsuldar oyunundan. Əslində bu görüş Gəncədə keçirilməliydi. Ancaq Nizami yurdunun stadionu tələblərə cavab vermədiyindən, daha doğrusu “Kəpəz” həm çempionat, həm də kubokun 1/4 final oyununu qısa vaxtda stadionunda qəbul etmək riskindən imtina etdiyindən PFL-ə müraciət etdi. Bundan sonra meydan sahibi qismində “Qəbələ” çıxış etdi. Bu qarşılaşma FİFA-nın ən istedadlı hakimləri sırasında adı göstərilən Əliyar Ağayevə tapşırılmışdı. Gənc hakimin bir sıra qətiyyətli qərarları matçın nəticəsini müəyyənləşdirdi. Roman Qriqorçuk bu oyunda da Baqali Dabonun xidmətindən yararlana bilmirdi. Maraqlıdı ki, ukraynalı mütəxəssis 90 dəqiqə boyunca Cavid Hüseynovun xidmətinə ehtiyac duymadı. Əcnəbi çalışdırıcısının Teo Uiksi ehtiyatda saxlaması da maraqlı addım idi. Qriqorçuk liberiyalı yarımmüdafiəçini ikinci hissədə meydana buraxdı. O, gənclərdən Roman Hüseynova da şans verdi. Mingəçevirli futbolçunun meydana erkən çıxması Elvin Camalovun zədələnməsiylə bağlı idi. “Kəpəz”də ciddi itkilər yox idi. Hətta Şahin Diniyev uzun müddət zədələnərək sıradan çıxan Dario Federikonu bir saatın tamamında meydana buraxdı. Maraqlıdır ki, hər 3 qol penaltidən vuruldu. İlk hissədə Filip Ozobiç fərqləndi. Bununla da qollarının sayını 7-yə çatdıran xorvatiyalı yarımmüdafiəçi bombardirlik mübarizəsində komanda yoldaşı Baqali Daboya çatdı. Düzdür, 77-ci dəqiqədə Tural Axundov adekvat yolla hesabı bərabərləşdirdi. Ancaq qonaqların sevinci çox çəkmədi. Ağayev növbəti dəfə gəncəlilərin qapısına penalti təyin etdi. Bu dəfə nöqtəyə yaxınlaşan Ruslan Qurbanov dəqiq oynadı.

“Zirə”yə bir zərbə də “Sumqayıt”dan

Son vaxtlar “Zirə”də geriləmə müşahidə olunurdu. Çempionatda son 3 turda qələbə qazana bilməyən bakılılar ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda gözlənilmədən evdə tarixinin ən bərbad dövrünü yaşayan “Neftçi”dən 3 cavabsız qol yemişdi. Adil Şükürovun komandası Sumqayıta nəyin bahasına olursa-olsun, qələbə qazanmaq üçün gəlmişdi. Amma Samir Abasovun komandası da fasiləyə major-notda yollanmaq niyyətindəydi. Belə desək, daha doğru olar: daş qayaya rast gəlmişdi. Komandalar optimala yaxın heyətlə meydana çıxmışdı. Hərçənd meydan sahiblərinin heyətində Nasir Abilayevin ilk “11-lik”də yer alması diqqəti çəkirdi. “Neftçi”nin yetirməsi hesabı açdı. Mirabdulla Abbasovun zərbəsi qarşısıalınmaz oldu. Qoldan sonra qonaqlar bütün qüvvəylə irəli atıldı. Ancaq zirəlilərin bütün cəhdləri Fərhad Vəliyev və “Sumqayıt”ın müdafiəçiləri tərəfindən geri oturduldu. Maraqlıdır olan odur ki, Adil Şükürovun komandası fasilədən sonra eyni təzyiqi rəqib üzərində qura bilmədi. Əksinə, “Sumqayıt” daha fəal, daha istəkli təsir bağışlayırdı. Meydan sahibləri bir neçə dəfə fərqi artırmağa yaxın olsa da, bəxt onlardan üz döndərdi. Ancaq istənilən halda “Sumqayıt” qış fasiləsinə qələbəylə yollana bildi. Beləliklə, Samir Abasovun komandası Avroliqaya qatılmağa imkan verən 4-cü pilləyə yüksəldi.

“Neftçi” AZAL-ı da xoşbəxt etdi

Çox yox, cəmi 3 gün əvvəl “Zirə”yə səfərdə 3:0 hesabıyla qalib gəlmişdilər. Düşünmək olardı ki, “ağ-qaralar” hələ cari mövsüm qələbə qazanmayan AZAL-a da rahat qalib gələcək. Ancaq Tərlan Əhmədovun komandası “Neftçi”yə əsl sürpriz yaşatdı. Beləliklə, “təyyarəçilər” bu mövsüm ilk dəfə qələbə qazandı. Bunun da əsas səbəbi qonaqların əks-hücum taktikasıyla oynaması idi. Çünki bu “Neftçi” özü bu taktikadan yararlanır. Elxan Abdullayevin komandası ikinci “skripka” olmağı sevir. Bu da səbəbsiz deyil. “Ağ-qaralar”ın gənc və sürətli cinah yarımmüdafiəçiləri var. Belə olan halda flaqmanın oyunu əks-hücum taktikası əsasında qurması qanunauyğundur. Amma bu dəfə hücum etməyə məcbur idilər. Çünki rəqib qapanaraq, şansını əks-hücumlara bağlamışdı. “Dalğa Arena”dakı görüşə “Neftçi” daha fəal başlamışdı. Bir neçə dəfə fərqlənməyə yaxın oldular. Fəhmin Muradbəyli 100 faizli qol vəziyyətindən yararlana bilmədi. İkinci hissədə isə Rəhman Hacıyevin zərbəsi tirdən döndü. Vurmayana vurarlar prinsipi bu qarşılaşmada da işə düşdü. Komanda yoldaşından hava ötürməsini qəbul edən David Canelidzə rəqib torunu silkələdi. İndi AZAL-ı “Neftçi”dən cəmi 1 xal ayırır.

Orxan Sadıqlının damğasını vurduğu oyun

Turun mərkəzi qarşılaşması Əmircan qəsəbəsində baş tutdu. “Qarabağ” bu mövsüm məğlub edə bilmədiyi “İnter”i qəbul etdi. Qurban Qurbanovun komandası bu dəfə də “bankirlər”in biləyini bükə bilmədi. Hər iki klub meydana itkilərlə çıxmışdı. Meydan sahiblərində əsas itki Riçard Almeyda idi. Braziliyalı yarımmüdafiəçinin yoxluğunda son çempion hücumlar qurmaqda çətinlik çəkirdi. Coşqun Diniyev və Maksim Medvedev də cəzalıydı. Qurbanov Almeydanın funksiyalarını Miçelə, Maksimin mövqeyini isə İlqar Qurbanova tapşırmışdı. “İnter”in əsas itkiləri müdafiə xəttiylə bağlı idi. Bu mövsüm çox yaxşı təsir bağışlayan İlkin Qırtımov cəzalıydı. Adrian Skarlatake də həmçinin. Ən əsas itki isə Səlahət Ağayev idi. Zaur Svanadze yenə 5-li müdafiə xəttinə üstünlük vermişdi. Qapıya Orxan Sadıqlını qoyan gürcü mütəxəssisin qurduğu müdafiə xəttində Abbas Hüseynov, Denis Silva, Tərlan Quliyev, Zurab Xizanişvili və Slavik Alxasov qərarlaşmışdı. Onların önündə Fuad Bayramov və Elnur Abdullayev yer almışdı. Hücum “3-lüy”ü isə dəyişməz qalmışdı. Sivri ucdakı Rauf Əliyevə cinahlardan Ağabala Ramazanov və Nizami Hacıyev dəstək verməliydi. “Qarabağ”a gəlincə, Qurban Qurbanov gənc futbolçu limitini Şahrudin Məhəmmədəliyevin lehinə etmişdi. İlqar sağ, Ansi Aqolli sol, Rəşad Sadıqov və Bədavi Hüseynov isə mərkəz müdafiəçisi funksiyasını yerinə yetirirdi. Qara Qarayevlə Rahid Əmirquliyev daha çox “qara” işin öhdəsindən gəlməli, Miçel isə yaradıcılığını işə salmalıydı. Cinahlar Dani Kintana və Əfran İsmayılova tapşırılmışdısa, əsas qol ümidi Dino Ndlovu idi. İlk hissə o qədər də baxımlı alınmadı. Gah bu, gah da digər komanda ərazi üstünlüyünə yiyələnirdi. Tərəflər daha çox ehtiyatlı futbola üstünlük verirdi. Ancaq ikinci hissədə bütün təşəbbüs meydan sahiblərinin tərəfində idi. “Qəbələ”nin qalib gəldiyini bilən “Qarabağ” rəqibi iddialı komanda olsa da, “Azərsun Arena”da 3 xala sevinmək arzusundaydı. Bu fürsəti əldən vermək olmazdı. Qurbanov 67-ci dəqiqədə Reynaldonu da meydana buraxdı. Bu dəyişiklik qonaqlar üzərindəki təzyiqi bir qədər də artırdı. Ancaq “İnter”in mərkəz müdafiəçiləri sayıq. Ən xoş sözlər isə Orxan Sadıqlının payına düşür. Oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq cəlilabadlı qolkiper əsl ustalıq nümayiş etdirdi. “Xəzər Lənkəran”ın ölkə futboluna bəxş etdiyi qapıçı ən azı 3 real qol vəziyyətinin qarşısını aldı. Bununla da Sadıqlı çempionatda intriqanı artırdı. İndi lider “Qarabağ”ı “Qəbələ”dən cəmi 1 xal ayırır.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz