Rəhimin rəhimsiz “oyun”u Layihə

“Qarabağ” - “Qəbələ” oyununu böyük həvəslə gözləyirdik. Avroliqanın qrupunda çıxış edən iki komandamızın duelinin maraqlı keçəcəyinə şübhə yox idi. Axı hər iki klub çempionluq uğrunda mübarizə aparır. Bu səbəbdən həm azarkeşlərin, həm də jurnalistlərin “Azərsun Arena”dakı matça marağı böyük idi. Hamı gözəl oyundan, futbolçuların ustaqlılarını nümayiş etdirməsindən həzz alacağına inanırdı. Əslində hər şey yolunda gedirdi. Ta ki son dəqiqələrədək...
 
Hakim Əliyar Ağayev olmalıydı
 
 
Bu ölkədə hakimlik həmişə problemli olub. Klubların, çempionluq mübarizəsi aparan komandaların evini yıxan referilər az olmayıb. Bu işin üstündə neçə hakim postundan uzaqlaşdırılıb. Belələri o qədərdi ki. Ancaq yaxşıları da var. Az da olsa. Onların başında isə Əliyar Ağayev gəlir. Cəmi 29 yaşı var. Amma indidən Azərbaycan tarixinin ən çox beynəlxalq oyun idarə edən hakiminə çevrilib. Soyuqqanlılığı, qətiyyəti, epizodları yaxşı görmə qabiliyyəti və yüksək fiziki hazırlığı oyunları obyektiv idarə etməyə imkan verir. Düzdür, kobud səhvləri də olur. Səhvsiz insan və ya hakim yoxdu ki. Kollina da zamanında o qədər səhvə yol verib ki. Amma elə gözəl idarəçiliyi olmasaydı, bu gün UEFA ona bu qədər çox güvənməzdi. Avroliqanın qrup oyunlarına təyinat artıq Əliyar üçün adi hal alıb. Belədisə niyə Ağayev taleyüklü qarşılaşmanın baş hakimi olmadı? Bu suala Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov cavab versə, yaxşı olardı. Ağayev yorulub? Bu yerdə nəzərinizə çatdırım ki, Türkiyənin ən tanınmış hakimi, dünyanın top referilərindən sayılan Cüneyt Çakır ötən həftə 6 gün ərzində 3 ağır oyun (“Fənərbaxça” – “Qalatasaray, “Borussiya M.” – “Mançester Siti”, “Beşiktaş” – “İstanbul BŞ”) idarə edib. Deməli, Əliyar da bunu bacarardı.
 
Penalti doğrudumu?
 
 
HK sədri matçı Rəhim Həsənova etibar etməklə oyuna kölgə saldı. Axı bu hakim elə bu komandaların Qəbələdəki görüşündə çoxlu səhvlərə yol vermişdi. Sanki o matçda “Qarabağ”a qarşı haqsız qərarlar çıxaran FİFA referisi bu dəfə balans yaratmaq üçün “Qəbələ”yə yüklənməyi qarşıya məqsəd qoymuşdu. İlk hissədə ciddi əsas olmadan, cüzi etiraza görə Qurban Qurbanovun yardımçısı Elçin Rəhmanovu texniki zonadan uzaqlaşdırdı. Tez-tez fitini səsləndirərək tempi öldürən Həsənov son dəqiqələrdə matçın "ipini" tam əldən verdi. Ndlovunun asması zamanı top Vernidubun üzünə dəydikdən sonra sol əlinə toxundu. Rəhim penaltini göstərməklə ağır qərar vermiş oldu. Çünki bədənin hər hansı yerinə dəyib, ələ və ya qola toxunan topa görə adətən 11 metrlik zərbə təyin edilmir.
 
4 yox, 2 dəqiqə artırılmalıydı
 
 
Çox vaxt oyuna 3 dəqiqə artırılır. Bu da ondan irəli gəlir ki, komandalar hər 3 dəyişiklikdən istifadə edir. Hər əvəzetməyə görə 30 saniyə hesablanır. Ancaq bu matçda Roman Qriqorçuk əvəzetməyə əl atmadı. Deməli, hakimin oyuna 4 dəqiqə artırması doğru deyildi. Matça maksimum 2 dəqiqə əlavə edilməliydi. O zaman bu qalmaqal da baş verməzdi.
 
Rəhimə keyfiyyətli saat lazımdı
 
 
Hakimin yanlış idarəçiliyi bununla yekunlaşsaydı, dərd yarı idi. Bəlkə də “Qəbələ” də heç bu qədər etiraz etməzdi. Amma Almeyda – Ozobiç insidenti zamanı son 30 saniyənin əvəzinə 2 dəqiqədən də çox oynatmaq, matçı 98-ci dəqiqəyədək davam etdirmək yanlışlığın son həddiydi. Gərək Xaqani Məmmədovdan xahiş edək ki, yetirməsi üçün keyfiyyətli İsveçrə saatı alsın. Görünür, həmin vaxt onun saatının saniyələri çox ləng gedirmiş. Bu biabırçılığa başqa cür izah verə bilmirik. Həsənovu bir neçə aylıq, bəlkə də mövsümün sonunadək hakimlikdən uzaqlaşdırmaq lazımdır. Ümumiyyətlə, Hakimlər Komitəsində islahatların vaxtı çatıb. Bu qədər kobud səhvlərə görə məsuliyyət daşıyanlar istefa verməlidir. Bəlkə futbolumuz rahat nəfəs ala...
Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 
 
Конец переписки

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right