Meydan sahiblərinin ağalıq etdiyi tur

Premyer Liqada 12-ci turu geridə qoyduq. Bu tur da qol sarıdan məhsuldar alınmadı. 4 oyunda qapılara cəmi 7 top vuruldu. Hesabı kim açdısa, o da qələbə qazandı. Bu tur meydan sahiblərinin turu oldu. Çünki 4 oyunun hamısında ev sahibi qələbə qazandı. Yalnız son görüşdə böyükhesablı qələbə qeydə alındı. Turnir cədvəlində rəqibindən üstün olanlar 3 xalı hesabına yazdı. Bu baxımdan sürpriz baş vermədiyini söyləyə bilərik.

“Zirə” yenə “Qəbələ”ylə bacarmadı

Turun açılış oyunu Qəbələdə baş tutdu. Lider “Zirə”ni qəbul etdi. “Qəbələ”ni meydana bu mövsüm ilk dəfə Roman Qriqorçuk deyil, Sənan Qurbanov çıxarmışdı. Buna səbəb ukraynalı mütəxəssisin bir tur öncə cəzalanmasıydı. Futbolçular gənc məşqçini utandırmadı. Amma bu qələbə heç də asan başa gəlmədi. Qapıda Dmitri Bezotosnı dayanmışdı. Müdafiədə soldan sağa Rikardinyo, Vojislav Stankoviç, Vitali Vernidub və Məhəmməd Mirzəbəyov qərarlaşmışdı. Elvin Camalov və Rəşad Sadiqov dayaq yarımmüdafiəçisi idi. Rəşad Eyyubov soldan, Ruslan Qurbanov sağdan, Filip Ozobiç isə mərkəzdən uzun fasilədən sonra meydana çıxan hücumçu Baqali Daboya dəstək verməliydi. Göründüyü kimi, “qırmızı-qaralar”da rotasiya demək olar ki, yox idi. Qonaqların qapısını Anar Nəzirov qoruyurdu. Müdafiə “4-lüy”ü Təmkin Xəlilzadə, Migel Lorenso, Yovan Krneta və Adil Nağıyevdən ibarət idi. Onların önündə Vüqar Mustafayevlə Milan Duriç yer almışdı. Gerhard Proqnini yarımmüdafiənin sağında, Cavid Tağıyev isə solunda qərarlaşmışdı. Viktor İqbekoyi pleymeyker kimi çıxış edirdi. Sezar Meza Kolli ön xətdə qol axtarışına çıxmalıydı. Bu dəfə Adil Şükürov daha çox müdafiəyə meyilli heyəti meydana buraxmışdı. Oyun gözlənilən axarla start götürdü. Qonaqlar daha çox əks-hücumda nəsə etməyə çalışırdı. İlk real qol vəziyyətini Eyyubov boşa verdi. Rəşad Anarla təkbətək epizoddan yararlana bilmədi. Daha sonra Rikardinyo Nəzirovun səhvindən son qol vurmaq şansını qaçırdı. Məşqçilər fasilədən dərhal sonra oyuna müdaxilə etdi. Şükürov hücumu gücləndirmək üçün İqbekoyinin yerinə Nurlan Novruzovu meydana buraxdısa, “Qəbələ”də Eyyubovu Cavid Hüseynov əvəzlədi. Maraqlıdı ki, məşqçilər bundan sonra uzun müddət dəyişiklik etmədi. Matçda yeganə qol 52-ci dəqiqədə vuruldu. Ozobiç sanki “Qarabağ”a vurduğu qolun təkrarını reallaşdırdı. Ancaq Filipin dəqiq zərbəsindən öncə Cavidin topu adaşından alarkən qaydanı pozduğunu da qeyd edək. Ümumiyyətlə, yenicə FİFA referisi ünvanına sahib çıxan Ömər Paşayevin idarəçiliyi bərbad alındı. Hesab açıldıqdan sonra “Zirə” məğlubiyyətdən qurtulmaq üçün irəli atıldı. Nurlan Novruzov qapıçıyla təkbətəkdən yararlana bilsəydi, Bakıya ən azı 1 xalla qayıtmaq olardı. Amma hücumçu əlverişli fürsəti qaçırdı. Nəticədə lider bu turu da itkisiz başa vurdu.

Bir qol da yetər...

Qurban Qurbanov “Slovan”la oyun ərəfəsində yenə start heyətində rotasiyalar etmişdi. Qapıda Şahruddin Məhəmmədəliyev durmuşdu. Ansi Aqolli solda, Arif Daşdəmirov sağda, Maksim Medvedevlə Elvin Yunuszadə isə müdafiənin mərkəzində yer almışdı. Qara Qarayev və Miçel dayaq yarımmüdafiəçisi kimi çıxış edirdi. Riçard Almeyda hücumlara başlayan futbolçu idi. Solda Muarem Muarem, sağda Dani Kintana hücumdakı Dino Ndlovunu topla təchiz etməliydi. Gəncəlilərin qapısı Tadas Simaitisə həvalə olunmuşdu. Arxa xətdə müvafiq olaraq Şəhriyar Rəhimov, Renan, Azad Kərimov, Novruz Məmmədov və Tural Axundov yer almışdı. Şahin Diniyev bir çox klublar kimi “Qarabağ”a qarşı 5 müdafiəçiylə oynayırdı. Vüqar Bəybalayev yeganə dayaq yarımmüdafiəçisiydi. Bu baxımdan onun üzərinə böyük yük düşürdü. Orxan Əliyev yarımmüdafiənin solunda, Nicat Qurbanov sağında, Serjinyo isə mərkəzdə dayanmışdı. Jülien Ebah yeganə hücumçuydu. İlk hissədə “Qarabağ”ın aşkar üstünlüyü var idi. Amma qonaqları cəmi 1 dəfə məyus etmək mümkün oldu. Dino Ndlovunun zərbəsi qarşısıalınmaz oldu. İkinci yarıda qonaqlar daha yaxşı təsir bağışladı. Maraqlıdı ki, Şahin bəy hər 3 dəyişikliyindən 90-cı dəqiqədə istifadə etdi. Görünür, təcrübəli mütəxəssis komandasının oyunundan razı idi. İkinci 45 dəqiqədə top bir neçə dəfə tirə və dirəyə dəydi. “Kəpəz”in heyətində Şəhriyar və Orxan “Qarabağ”ı həyəcanlandırdı. Dani Kintana da azı 2 dəfə fərqlənməyə borclu idi. Beləliklə, minimalhesablı qələbəylə “Qarabağ” “Qəbələ”ni uzaqlaşmağa qoymadı.

“Neftçi”ni öz yetirmələri yıxdı

Turun maraqla gözlənilən qarşılaşmalarından biri Sumqayıtda keçirildi. Hamını bu sual düşündürürdü: bir tur əvvəl “İnter”ə qalib gələn “Neftçi”nin bu qələbəsi təsadüfdürmü? Bunun təsadüf olmadığını sübut etmək istəyən “ağ-qaralar” Sumqayıtdan qələbəylə qayıtmaq niyyətində idi. Amma Samir Abasov yenə məşqçilik bacarığını və xarakterini göstərdi. Gənc mütəxəssis qapını Fərhad Vəliyevə tapşırmışdı. Müdafiədə Azər Salahlı, Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Rail Məlikov və Ayaz Mehdiyev yer almışdısa, yarımmüdafiədə Afşin İsmayılzadə, Amit Quluzadə, Xəyal Nəcəfov və Məhəmməd Qurbanov çıxış edirdi. Yeganə hücumçu Mirabdulla Abbasov idi. Elxan Abdullayev yenə qapıya Boban Baykoviçi qoymuşdu. Mahir Şükürov müdafiənin solunun, Kamal Qurbanov sağının etibarlılığını təmin etməliydi. Stopper mövqeyində Elvin Bədəlov – Rahil Məmmədov tandemi çıxış edirdi. Onların önündə Murad Ağayev və Edson Kastilya çıxış edirdi. Yarımmüdafiənin cinahları sürətli futbolçulara – Rəhman Hacıyev və Araz Abdullayevə tapşırılmışdı. Jonas Pesalli və Cavid İmamverdiyev tez-tez yerlərini dəyişirdi. Abdullayev qalib heyəti dəyişməmişdi. “İnter”i üstələyən “11-lik” “Kapital Bank Arena”da da meydana çıxmışdı. Oyun ərzində bakılılar yalnız bir dəfə fərqlənməyə yaxın oldu. Bir saatın tamamında Arazın fərqlənməsinə Fərhad imkan vermədi. Əvəzində “Sumqayıt” “Neftçi”ni öz silahlarıyla vurdu. Belə ki, bu klubun heyətində çıxış edən “ağ-qaralar”ın yetirmələri sabiq komandalarını cəzalandırdılar. İlk hissədə Amit Quluzadə baxımlı qola imza atdı. İkinci yarıda isə onun gözəl ötürməsindən sonra Mirabdulla fərqi 2 topa çatdırdı. Beləliklə, “Neftçi” bu mövsüm daha bir acı məğlubiyyətə üzüldü.

“İnter” bürünc medalı təmin edib?

Turun son oyunu paytaxt derbisi idi. Əgər buna derbi demək mümkündürsə... Turun yeganə darmadağını “İnter Arena”da reallaşdı. “İnter” autsayderə acımadı. Amma hesab sizi aldatmasın. AZAL heç də startdan əlini göyə qaldırıb, təslim olmamışdı. Sadəcə, ilk qol rəqibə “hədiyyə” idi. Brayn Fok çox təhlükəli yerdə topu itirdi və sonra qaydanı pozaraq penaltiyə səbəb oldu. Ruslan Abışov standart vəziyyəti qaçırmadı. İkinci hissəyə isə müdafiəçilər damğa vurdu. Əvvəlcə İlkin Qırtımov bir toxunuşla gözəl qola imza atdı. Ardınca isə Slavik Alxasov səhnəyə çıxaraq qarşılaşmada son nöqtəni qoydu – 3:0. Halbuki Zaur Svanadze cəzalı futbolçulara görə heyətdə bir sıra dəyişikliklərə əl atmışdı. Uzun fasilədən sonra Adrian Skarlatake stopper kimi ilk dəqiqələrdən çıxış edirdi. Elnur Abdullayev də ilk “11-lik”də yer almışdı. “Neftçi” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Nizami Hacıyevin yoxluğunda kapitan sarğısını Səlahət Ağayev qoluna taxmışdı. “İnter” bu qələbə sayəsində 4-cü pillədəki “Zirə” ilə xal fərqini 8-ə çatdırdı. “Ağ-göylər” ən azı bürünc medalı təmin edibmi? Gəlin, tələsməyək. Qış fasiləsinədək səbr edək. Bəlkə aşağı yerlərdə qərarlaşan komandalar heyətlərini xeyli gücləndirəcəklər. O zaman bir qədər də gözləyək...

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right