İki qoçun başı bir qazanda qaynayır Layihə

Beləliklə, çempionatımızda növbəti fasilə yarandı. Bu həftə diqqətlərimiz bütün Avropanı qazandığı 7 xalla şoka salan yığmamıza yönələcək. Amma bu yazı millimizin Şimali İrlandiya ilə DÇ-2018-in seçmə mərhələ oyununa həsr olunmayıb. Yenə çempionatımızdan danışacağıq. Yenə premyer-liqanın hesabat turunu incələyəcəyik. Növbə 11-ci turdadır. Son tur məhsuldar alınmadı. 4 oyunda qapılara cəmi 5 top vuruldu ki, bu da qolların hamısı 2 görüşdə qeydə alındı. Başqa sözlə, digər 2 qarşılaşmada hesab açılmadı. Ümumilikdə 7700 azarkeş bu matçları izləyib. Bu da orta hesabla hər oyuna 1925 fanat edir.

Tur “sülh”lə start götürdü

Turun ilk görüşü Gəncədə keçirildi. Dario Federiko azmış kimi, bir tur öncə qırmızı vərəqə alan Tural Axundovun yoxluğundan əziyyət çəkən “Kəpəz” doğma meydanda “Sumqayıt”ı qəbul etdi. Maraqlıdı ki, Axundovun yoxluğunda baş məşqçi Şahin Diniyev kapitan sarğısını oğlu Kərimə deyil, Şəhriyar Rəhimova vermişdi. Rəhimovla yanaşı, Azad Kərimov, Tural Nərimanov və Novruz Məmmədov müdafiənin keşiyində durmuşdu. Kərimlə Ceyhun Cavadov dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirirdi. Orxan Əliyev yarımmüdafiənin solunda, Tural Qürbətov sağında, Serjinyo isə mərkəzində qərarlaşmışdı. Jülyen Ebah yeganə hücumçuydu. Qonaqlarda müdafiə “4-lüy”ü Azər Salahlı, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə və Rail Məlikovdan qurulmuşdu. Onların önündə Ayaz Mehdiyevlə Amit Quluzadə yer almışdı. Yarımmüdafiədə Afşin İsmayılzadə, Xəyal Nəcəfov və Məhəmməd Qurbanovun üzərinə böyük yük düşürdü. Mirabdulla Abbasov “Sumqayıt”ın əsas qol ümidi idi. Əvvəlcə onu qeyd edək ki, bu oyun cari mövsüm azarkeş baxımından antirekordun təkrarlanmasıyla əlamətdar oldu. Belə ki, buna qədər “Kəpəz”in ev oyununu bu qədər az (5000) azarkeş yalnız 2-ci turda (AZAL-la matçda) canlı izləmişdi. Bu oyun turun ən maraqsız görüşü idi. Meydanın ot örtüyünün bərbad olması futbolçulara baxımlı oyun nümayiş etdirməyə, kombinasiyalı hücumlar qurmağa, normal şəkildə top saxlamağa imkan vermirdi. Oyunun əvvəllərində ərazi üstünlüyü gəncəlilərin tərəfində idi. Ən real qol vəziyyətini Ebah boşa verdi. Julien Fərhadla dueldən məğlub ayrıldı. Qonaqlar daha çox standart vəziyyətlərdən fərqlənməyə çalışırdı. İlk hissənin ortalarından etibarən daha təhlükəli epizodları sumqayıtlılar yaradırdı. 62-ci dəqiqədə Kərim komandasını meydanda azlıqda qoydu. Bundan cəmi 1 dəqiqə sonra Samir Abasov say üstünlüyündən yararlanıb, səfərdə qələbəyə oynamaq üçün 2-ci hücumçunu meydana buraxdı. Ancaq ötən mövsüm “Sumqayıt”ın ən çox qol vuran futbolçusu olan Amil Yunanov demək olar ki, yarım saat boyunca heç nə ilə yadda qalmadı. Nəticədə qarşılaşma başladığı hesabla başa çatdı. 

Derbiyə ləkə salan idarəçilik

Turun mərkəzi oyunu paytaxt derbisi idi. Ardıcıl 3 məğlubiyyətlə üzləşən “Neftçi” bu sindromu “İnter”lə oyunda qırmaq niyyətində idi. Elxan Abdullayev bir neçə legioneri “dizbat”a (oxu: əvəzedici komandaya) göndərmişdi. Ancaq 2-ci komandadan cəlb etdiyi futbolçuları ehtiyatda əyləşdirmişdi. Onlar oyunun sonlarına yaxın meydana ayaq basdı. Baş məşqçi bu dəfə 4-2-3-1 taktiki düzülüşünə üstünlük vermişdi. Müdafiə “4-lüy”ü sırf yerli uşaqlardan təşkil olunmuşdu. Mahir Şükürov, Rahil Məmmədov, Elvin Bədəlov və Kamal Qurbanov flaqmanın bərbad arxa xəttini toparlamalıydı. Mərkəz müdafiəçilərinin önündə Edson Kastilya və Murad Ağayev yer almışdı. Cinahlar sürətli futbolçulara – Araz Abdullayev və Rəhman Hacıyevə tapşırılmışdı. Ön xətdə Cavid İmamverdiyev və Jonas Pesalli tez-tez yerini dəyişirdi. Gah İmamverdiyev, gah da Pesalli hücumçu kimi çıxış edirdi. Qonaqlar rəqibin kimliyindən asılı olmayaraq ənənəvi 5-4-1 taktikasına sadiq qalmışdı. Yenə cinah müdafiəçilərinin üzərinə böyük yük düşürdü. Slavik Alxasovla İlkin Qırtımov həm arxada sayıqlıq nümayiş etdirməli, həm də hücuma dəstək verməliydi. Fasilədən sonra onları daha çox irəlidə görürdük. Hətta bir dəfə Qırtımov 100 faizli qol vəziyyətini qaçırdı. İlkin başla topu sadəcə boş qapıdan keçirə bilmədi. Alxasovun cinah reydləri də diqqət çəkməyə bilməzdi. Müdafiənin mərkəzində Tərlan Quliyev – Zurab Xizanişvili – Denis Silva üçlüyü qərarlaşmışdı. Fuad Bayramov və Ruslan Abışov bir qədər öndən müdafiəyə dəstək verməliydi. Hücumda isə Nizami Hacıyev, Ağabala Ramazanov və Pərdis Fərcad-Azaddan ibarət “3-lük” məhsuldar çıxış etməliydi. Hər şey derbinin ruhuna uyğun gedirdi. Azarkeşlər “Bakcell Arena”da qarşılıqlı hücumlar izləyirdi. Amma Rəvan Həmzəzadənin başında durduğu hakimlər briqadası oyunu zibil gününə qoydu. Düzdür, “Neftçi”nin ilk qolu təmiz idi. Ancaq penaltinin heç yox idi. Cavid İmamverdiyevin ötürməsi zamanı top Zurab Xizanişvilinin əlinə cərimə meydançasından bir metr kənarda dəymişdi. Haqsız penaltini Araz Abdullayev qolla tamamladı – 2:0. Mirsahib Abbasovla Mirhüseyn Seyidov meydana daxil olduqdan sonra “İnter”in hücumları daha kəskin xarakter aldı. Artıq Zaur Svanadze 4-3-3 taktikasına keçmişdi. Son dəqiqələrdə Xizanişvili də az qala hücumçu kimi oynayırdı. Təsadüfi deyil ki, qonaqların yegamə qoluna da məhz gürcü stopper imza atdı. Amma bu qol təsəllidən başqa bir işə yaramadı. Beləliklə, “İnter” cari mövsümdə ilk dəfə meydanı başıaşağı tərk etdi. Məğlubedilməzlik ünvanı əldən çıxdı.

Yenə süni örtük, yenə xal itkisi

Artıq bir şey dəqiqdir. “Qəbələ” süni örtükdə oynaya bilmir. “İnter” və “Sumqayıt” səfərlərində qələbə qazana bilməyən “qırmızı-qaralar” AZAL-ı da Bakıda məğlub edə bilmədi. Bəlkə də futbolçular sintetikada özlərini çox gücə salmaq istəmir. Çünki belə olan halda zədə riski artır. Çünki “Qəbələ”li futbolçular daha çox təbii örtükdə oynamağa alışıb. Bəlkə də komandada eniş dövrü başlayıb. Bunda da Avroliqanın rolu az deyil. Yüklənmə sözünü deyir. İki cəbhədə mübarizə aparmaq asan məsələ deyil. Bəlkə də futbolçular qısa zaman kəsiyində çempionata, ardınca Avroliqaya, ondan sonra yenə çempionata eyni qaydada köklənə bilmir. Bəlkə də erkən gələn liderlik qəbələlilərdə bir arxayınlıq yaradıb. Ola bilər ki, uğursuz gedişdə bütün bunlardan bir parça var. Bir şey gün kimi aydındır ki, Baqali Dabosuz “Qəbələ” başsız atlıya oxşayır. Komandanın vuran ayağının olmaması sözünü deyir. Roman Qriqorçuk “AZAL Arena”da ciddi rotasiya etməmişdi. “Sent-Etyen”lə Bakıdakı oyunda meydana çıxmayan Ürfan Abbasovla Elvin Camalov ilk dəqiqələrdən AZAL-a qarşı oynayırdı. Maraqlıdı ki, zədəsini sağaldan Nika Kvekveskiri sona kimi qarşılaşmanı ehtiyat oyunçular skamyasından izlədi. Görünür, Roman Qriqorçuk süni örtüyü nəzərə alıb, gürcü yarımmüdafiəçini meydana buraxmağı riskli addım saymışdı. Tərlan Əhmədovun start heyətində Brayn Foka şans verməsi sürpriz qərar idi. Yenidən futbolçu karyerasını bərpa edən Rəşad Abdullayevin “11-lik”də yer alması da sürpriz oldu. Amma görünür, baş məşqçi onun meydandakı işindən narazı qalmışdı. Belə olmasaydı, onu cəmi 1 hissə oynatmazdı. Ruslan Nəsirli, David Canelidze və Ruslan Əmircanovun meydana buraxılması əks-hücumları daha effektiv etməyə hesablanmışdı. Ancaq Əhmədovun sonradan şans verdiyi futbolçular ümidləri o qədər də doğrultmadı. Xüsusən Canelidzenin son dəqiqələrdə əla fürsəti qaçırması diqqəti çəkdi. Artıq daha çox meydanda olan Cavid Hüseynov bu dəfə 56-cı dəqiqədən oyuna daxil oldu. Ancaq hələ də ağır olduğu görünürdü. Məhəmməd Mirzəbəyovla Rəşad Sadiqovun döyüşə atılması da ciddi mənada bir şey vermədi. “Qəbələ” hücumları sıralasa da, AZAL-ın qapıçısı və müdafiəçiləri həmin gün keçilməz idi. Beləliklə, “Sent-Etyen”in ardınca “təyyarəçilər” də bölgə klubuna zərbə vurdu.

Qələbə seriyası davam edir

PAOK-a həm Bakıda, həm də Salonikidə qalib gələrək bizlərə hədsiz sevinc bəxş edən “Qarabağ” çempionatda da işlərini səhmana salıb. Maraqlıdı ki, ağdamlılar Qəbələdəki məğlubiyyətdən sonra (0:2) qələbələri sıralayır. Əlbəttə, bura yunanlarla 2 oyun da daxildir. Zirədəki uğurdan sonra “Qarabağ”ın qələbə seriyası 6 qarşılaşmaya çatdı. Qurban Qurbanovun komandasında rəqabət çox güclüdür. İlk “11-lik”lə ehtiyatda qalan futbolçular arasında səviyyə fərqi böyük olmadığından baş məşqçi çempionatda çox rahat rotasiyalar edə bilir. Bu, ona Avroliqa oyununda yorulmuş futbolçulara dinclik verməsi fürsəti yaradır. Rəşad Sadıqovun Zirədə oynamayacağını öncədən proqnazlışdırmaq olardı. Çünki yaş amili və tez-tez zədələnməsi Qurbanova başqa çıxış yolu qoymur. Bu səbəbdən kapitan əsasən Avroliqa oyunlarında meydana çıxır. Qurban bəyin Bədavi Hüseynovu da kənarda qoyması isə böyük sürpriz idi. Yenə Maksim Medvedev mərkəz müdafiəçisi kimi oynayırdı. Onun yanında isə Elvin Yunuszadə çıxış edirdi. Görünür, baş məşqçi onu artıq bağışlayıb. Yunuszadə buna qolla jest etdi. Buna qədər isə Miçelin əla ötürməsini Dani Kintana bir toxunuşla qapıdan keçirmişdi. Uzun fasilədən sonra “Qarabağ”ın Riçard Almeydasız oyununu gördük. Bu dəfə Dani Ndlovuya da ehtiyac duyulmamışdı. Çoxsaylı rotasiyalara baxmayaraq səviyyə fərqi 2-ci hissədə sözünü dedi. Adil Şükürovun taktiki manevrləri də bir fayda vermədi. O, Elvin Məmmədovla Gerhard Proqnini 2-ci 45 dəqiqədə meydana buraxmaqla nəsə etməyə çalışsa da, heç nəyə nail ola bilmədi. Bu qələbə sayəsində “Qarabağ” əsas rəqibi “Qəbələ”ni haqladı. İndi fasilə ərəfəsində çempionatımızda iki hakimiyyətlilik yaranıb. İki qoçun başı bir qazanda qaynayır.

Nə vaxtadək?

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right