İlk “3-lük” uçurum yaradır Təhlil

Beləliklə, mövsümün üçdə birini geridə qoyduq. 10-cu tur məhsuldar alındı. Qapılara 12 top vuruldu. Bu da 4-cü turdan bu yana ən yüksək göstəricidir. Ötən tur 2 oyunda heç-heçə qeydə alınmışdısa, bu dəfə “sülh”lə bitən görüş olmadı. Meydan sahiblərinin üçü qələbəyə sevindi. Yalnız çempion səfərdən 3 xalla ayrıldı. 10-cu turda baş verənləri təhlil edək.

Nədir bu “Neftçi”nin “Qəbələ”dən çəkdiyi?

Elxan Abdullayev “Qarabağ”la oyunda olduğu kimi, “Qəbələ”yə qarşı da komandanı qatı müdafiə taktikasıyla meydana çıxarmışdı. Amma bu dəfə 5-4-1 taktiki düzülüşünün heç bir faydası olmadı. Qapıda Boban Baykoviç durmuşdu. Müdafiə “5-liy”i Dario Melnyak, Jayro, Vançe Şikov, Elvin Bədəlov və Eltun Yaqubludan ibarət idi. Edson Kastilya da dayaq yarımmüdafiəçisi kimi bu “5-liy”ə dəstək verməliydi. Onların önündə Rəhman Hacıyev, Cavid İmamverdiyev, Fəhmin Muradbəyli “3-lüy”ü qərarlaşmışdı. Hücumun sivri ucunda isə Denilson Pereyra yer almışdı. “Qəbələ”də zədəsini sağaldan 3 futbolçu – Elvin Camalov, Rəşad Sadiqov və Sergey Zenyov sıraya dönmüşdü. Roman Qriqorçuk ənənəvi 4-5-1 taktikasına üstünlük vermişdi. Müdafiənin keşiyində Rikardinyo, Vitali Vernidub, Voislav Stankoviç və Ürfan Abbasov dayanmalıydı. Dayaq yarımmüdafiəçiləri Elvin Camalov və Rəşad Sadiqov idi. Asif Məmmədov, Filip Ozobiç və Sergey Zenyov öndəki Rəşad Eyubovu topla təchiz etməliydi. Ancaq futbolçular heç də oyunboyu bu düzülüşlə hərəkət etmirdi. Gah Zenyov, gah da Məmmədov hücumun baş qəhrəmanı kimi gözə çarpırdı. Ümumiyyətlə, ilk 20 dəqiqədə “Neftçi” meydanda nə baş verdiyini anlamırdı. Qonaqlar sanki başını itirmişdilər. “Qəbələ”nin sürətiylə ayaqlaşmaqda çətinlik çəkən “ağ-qaralar” güc-bəlayla müdafiə olunurdu. Aqressiv hücumlar quran meydan sahibləri təktoxunuşlu ötürmələrlə flaqmanın cinahlarını su yoluna çevirmişdi. Bunun da məntiqi nəticəsi kimi Zenyov hesabı açdı. Ancaq tədricən “Neftçi” özünə gəldi. İlk hissənin ortalarından etibarən qonaqlar oyun planında bərabərlik yarada bildi. Hətta 2 epizodda Bezotosnı komandasını qoldan xilas etdi. Elxan Abdullayev ikinci yarıya 1 dəyişikliklə başladı. O, ilk hissədə komandaya fayda verməyən Fəhminin yerinə Arazı buraxdı. Bu əvəzetmə “Neftçi”nin daha kəsərli hücumlar qurmasına imkan vermədi. Təsadüfi deyil ki, meydana daxil olduqdan cəmi 4 dəqiqə sonra Abdullayev gözəl zərbəylə hesabı bərabərləşdirdi. Amma “ağ-qaralar” “qırmızı-qaralar”ın tempiylə çox ayaqlaşa bilmədi. Zenyov dublunu rəsmiləşdirəndə Jayronun seyrçi mövqe tutmasını anlamaq mümkün deyildi. Roman Qriqorçuk dərhal Cavid Hüseynovla Ruslan Qurbanovu meydana buraxdı. Bu dəyişikliklər “Qəbələ”nin hücumlarını daha təhlükəli etdi. Əvəzetmələrdən sonra Rəşad Eyubov dayaq yarımmüdafiəçisi kimi oynadı. Ruslan Qurbanov isə ön xətdəki futbolçuydu. “Neftçi”nin uğursuz çıxışının əsas səbəbkarları olan müdafiəçilərin səhvləri bitib-tükənmək bilmirdi. Bədəlovun qarşısını kəsə bilmədiyi Ozobiç nəzarətsiz qalan Məmmədovu gördü. Asif topu boş qapıdan keçirərək fərqi 2 topa çatdırdı. Az sonra səhv etmək növbəsi Şikova çatdı. “Neftçi”nin ən bahalı futbolçusunun bağışlanmaz səhvindən yararlanan Eyubov darmadağını rəsmiləşdirdi. Beləliklə, ilk dövrədə 8:0 hesabıyla “Neftçi”yə qalib gələn “Qəbələ” bu dəfə də böyük hesablı qələbə qazandı.

“Qarabağ”ın dadına Muarem çatdı

Liderin büdrəmədiyindən xəbər tutan çempion Şüvəlanda xal itkisinə yol verə bilməzdi. Hərçənd 3 xal “Qarabağ”a heç də asan başa gəlmədi. Reynaldo və Miçellə yanaşı, Rəşad Sadıqov da komandaya kömək etmirdi. Qurban Qurbanov bu mövsümdə ilk dəfə qapını Şahruddin Məhəmmədəliyevə həvalə etmişdi. Arif Daşdəmirov, Maksim Medvedev, Bədavi Hüseynov və İlqar Qurbanov müdafiə “4-lüy”ünü təşkil edirdi. Qara Qarayev və Rahid Əmirquliyev dayaqda, Riçard Almeyda onların önündə idi. Muarem Muarem və Dani Kintana cinahlardan Dino Ndlovuyla dəstək verirdi. AZAL-ın qapısını Aqil Məmmədov qoruyurdu. Müdafiədə Emin Cəfərquliyev, Kamil Hüseynov, Tural Hümbətov və Ruslan Əmircanov yer almışdı. Kamal Mirzəyev və Qeyrət Əliyev dayaq yarımmüdafiəçiləriydi. Ancaq Əliyev cəmi 24 dəqiqə oynaya bildi. Uzun fasilədən sonra sıraya dönən Tagim Novruzovun onun yerinə meydana daxil oldu. Nuqzar Kvirtiya, Adan Koronado və Ruslan Nəsirli hücumdakı Röyal Nəcəfova “əl tutmalıydı”. Meydan sahibləri demək olar ki, 90 dəqiqə rəqib qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmədi. Ancaq “təyyarəçilər” pis müdafiə olunmurdu. Hər halda, autsayder 1 saat boyunca çempionun təzyiqinə tab gətirdi. Ancaq səviyyə fərqi sözünü dedi. Kintananın asmasını Muarem başla tamamladı. Tərlan Əhmədov bundan sonra David Canelidzeni Röyalın yerinə buraxdı. Amma bu dəyişiklik də hücumu gücləndirmək üçün kifayət etmədi. Futbolçu karyerasını bərpa edən Rəşad Abdullayev son dəqiqələrdə Koronadonun yerinə sünii qazona ayaq basdı. Ancaq “AZAL Arena”da 2-ci qol vurulmadı ki, vurulmadı. “Qarabağ” çətin alınsa da, qələbə sayəsində “Qəbələ”ni uzaqlaşmağa qoymadı.

“Zirə” sindromu qırdı

Ötən mövsümün gümüş medalçısı tədricən özünə gəlir. Zirəlilər ən azından indi doğma meydanda daha yaxşı çıxış edir. Adil Şükürov bu dəfə də qapını Anar Nəzirova tapşırmışdı. Təmkin Xəlilzadə, Yovan Krneta, Migel Lorentso və Adil Nağıyev müdafiədə qərarlaşmışdı. Onların önündə Vüqar Mustafayev və Milan Duriç yer almışdı. Gerhard Proqni və Sezar Meza Kolli cinahlardan, Viktor İbokoyi isə mərkəzdən Nurlan Novruzovu “qidalandırmalıydı”. Qonaqların qapısını Tadas Simaitis qoruyurdu. Şəhriyar Rəhimov, Azad Kərimov, Renan və Tural Axundov arxada, Kərim Diniyev, Ceyhun Cavadov, Orxan Əliyev, Tural Qürbətov və Serjinyo mərkəzdə, Jülyen Ebah isə öndə bərqərar olmuşdu. “Kəpəz” lideri Dario Federikonun yoxluğunu bu oyunda da hiss etdi. Bu qarşılaşmaya sabiq “Qarabağ”lılar damğasını vurdu. Xüsusən Cavid Tağıyev “Zirə”nin formasında ən yaxşı oyununu keçirdi. 35-ci dəqiqədə Proqninin yerinə meydana daxil olmuş yarımmüdafiəçi əvvəlcə 69-cu dəqiqədə hesabı açdı. Tural Axundovun hakimə kəskin etiraz etdiyi üçün 2-ci sarı vərəqəni alaraq meydandan qovulması gəncəliləri çıxılmaz vəziyyətdə qoydu. Tağıyev penalti qazandı və meydana sonradan daxil olan daha bir futbolçu – Elvin Məmmədov standart vəziyyəti boşa vermədi. Artıq Şahin Diniyev buna qədər bütün əvəzetmələri həyata keçirdiyindən heç cür oyuna müdaxilə edə bilmədi. Onsuz da 10 nəfərlə qalmış “Kəpəz”in məğlubiyyətdən qurtulmaq şansları minimuma bərabər idi. Bununla da “Zirə” tarixində ilk dəfə Gəncə klubuna qalib gəldi.

“İnter”dən əzmkar qələbə

“Qəbələ” və “Qarabağ”dan uzaqlaşmaq istəməyən “İnter” doğma meydanda qələbədən başqa nəticə haqda düşünmürdü. İlkin Qırtımov, Tərlan Quliyev, Zurab Xizanişvili, Denis Silva və Slavik Alxasov mümkün qədər Səlahət Ağayevin toxunulmazlığını təmin etməliydi. Ruslan Abışov və Fuad Bayramov müdafiəçilərin önündə yer almışdı. Nizami Hacıyev və Ağabala Ramazanov cinahlardan Rauf Əliyevi zərbə mövqeyinə çıxarmalıydı. Ancaq Əliyev yenə zədələnərək sıradan çıxdı. Zaur Svanadze onun yerinə Pərdis Fərcad-Azadı meydana buraxdı. Qonaqlarda Fərhad Vəliyev “çərçivə”də dayanmışdı. Onun önündə Rail Məlikov, Vurğun Hüseynov, Azər Salahlı, Ayaz Mehdiyev və Yusif Nəbiyevdən ibarət “5-lik” var idi. Samir Abasov bu dəfə gənc futbolçulardan Tural Bayramlıya ilk dəqiqələrdən şans vermişdi. Xəyal Nəcəfov və Vaqif Cavadov Mirabdulla Abbasovla birgə qol axtarışına çıxmışdı. Gözlənilənlərin əksinə, hesabı qonaqlar açdı. Mirabdulla 3-cü dəqiqədə başla qol vurdu. Amma “İnter” əzmkar qələbə qazana bildi. Bunda Nizaminin böyük rolu oldu. O, əvvəlcə Xizanişvilinin qolu zamanı assistentlik etdi. İkinci hissədə isə 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahibi oldu. Abasovun etdiyi dəyişikliklər isə heç nəyə yaramadı. Nə Nicat Muxtarov, nə də Afşin İsmailzadə sumqayıtlılara bir fayda verdi.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right