“Şəmkir” əvvəlki əzəmətini qaytaracaqmı? Təhlil

Peşəkar Futbol Liqasına (PFL) yaxşı bir alqış düşür. Qurum ilk dəfə 1-ci divizionun oyununa jurnalistlərin ezamını təşkil etdi. PFL-in təşkilatçılığı sayəsində 8-ci turun mərkəzi qarşılaşması sayılan “Şəmkir” – MOİK görüşünü canlı izlədik. Matç haqqında düşüncələrimə keçməzdən əvvəl bir az oyunətrafı məqamlara toxunmaq pis olmaz.

Psixoloji üstünlük bölgə təmsilçisində idi

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov yenə Şəmkir Olimpiya İdman Kompleksinə baş çəkmişdi. Əlbəttə, onun gəlişi şəmkirli futbolçular üçün motivasiya mənbəyidir. Bu, həm də əlavə məsuliyyətdir. Psixoloji üstünlük də “Şəmkir”in tərəfindəydi. Çünki klubun futbolçusu Qeyrət Qənbərov sentyabrın ən yaxşı qolunun (“Zaqatala”ya vurduğu qol) müəllifi kimi PFL-in Texniki İdman Departamentinin rəhbəri Zamiq Hüseynovdan 500 manat mükafat aldı.Gənc futbolçu həmçinin Şəmkirin icra başçısı Alimpaşa Məmmədov tərəfindən də mükafatlandırılıb.Qərblilərin kapitanına mükafatı İcra başçısının birinci muavini Qüdrət Əliyev təqdim etdi.

Statistika da “Şəmkir”in lehinə idi

“Ağ-qırmızılar” buna qədər cari mövsümdə doğma meydanda 4 oyun keçirmişdi. Şəmkirlilər bunların 3-də meydanı qalib tərk etmişdi. Qəhrəman Əliyevin yetirmələri yalnız Qərb derbisində “Turan Tovuz”a məğlub olmuşdu. Maraqlıdı ki, MOİK geridə qalan 7 turda bütün oyunlarını “Bayıl Arena”da keçirmişdi. Belə ki, “hərbçilər”in qonaq qismində iştirak etdiyi görüşlərdə də rəqiblər doğma meydan kimi bu stadiondan yararlanmışdı. Sonradan Müşfiq Qənbərovun da etiraf etdiyi kimi, sünii qazonda ardıcıl 7 oyun keçirən MOİK-in futbolçuları kələ-kötür, bir az da yağışın ağırlaşdırdı təbii qazona uyğunlaşmaq çox çətin idi. Məncə, məğlubiyyətdə bunun da müəyyən qədər rolu oldu.

Elita təcrübəsi olan futbolçuların dueli

Birinci divizion deyib keçmək olmaz. Bu mövsüm 1-ci dəstə təmsilçilərində yetərincə elita təcrübəsi olan futbolçular çıxış edir. “Şəmkir”in start heyətində Elşən və Ruslan Poladov qardaşları, Pərvin Paşayev təcrübə dağarcığıdır. Onlar futbolumuzun “peraşki” dövrünün miraslarıdır. MOİK-də isə Premyer Liqada çıxış etmiş, ancaq yaşı nisbətən az olan futbolçular var idi. Hüseyn Axundov, Hüseyn İsgəndərov, Müşfiq Teymurov, Qərib İbrahimov və MOİK-in bombardiri Məhəmməd Bədəlbəylini bu baxımdan fərqləndirmək olar. “Şəmkir”də qapını Elşən qoruyurdu. Onun qardaşı Ruslanla yanaşı, Məhərrəm Hüseynov, Elvin Mirzəyev və Hüseyn Xəlilzadə müdafiənin keşiyində durmuşdu. Fildişi Sahilindən olan legioner Ture Morifere, həmçinin Pərvin Paşayev, Qeyrət Qənbərov, Bəhruz Teymurov yarımmüdafiədə qərarlaşmışdı. Qəhrəman bəyin qələbə istəyi start heyətində 2 hücumçuya şans verməsindən bəlli idi. Ruslan Voronsov və Şahin Belacani ön xətdə qol axtarışındaydı. MOİK-də “çərçivə” Ağaseyid Qasımzadəyə həvalə olunmuşdu. Müdafiə “5-liy”i Hüseyn İsgəndərov, Bayram Kərimov, Sənan Bayramzadə, Müşfiq Teymurov və Hüseyn Axundovdan qurulmuşdu. Yarımmüdafiədə Qərib İbrahimov, Elvin Həsənəliyev, Orxan Həsənov və Mirkamil Əliyev yer almışdı. Buna qədər rəqib torlarını 6 dəfə silkələyən Məhəmməd Bədəlbəyli qonaqların əsas qol ümidiydi.

Matçın taleyi birinci hissədə həll olundu

Oyun sakit tempdə start götürdü. Qapılar qarşısında təhlükəli epizodlar elə də çox deyildi. Meydanda daha çox sərt mübarizə gedirdi. Gözəl futbol görməməyimizin əsas səbəblərindən biri də qazonun yaxşı vəziyyətdə olmamasıydı. Təbii ki, doğma meydan və azarkeş dəstəyinin təsiri altında daha çox hücum edən “Şəmkir” idi. Ancaq MOİK-in sıx müdafiəsini yarmaq çətin idi. Bununla belə hissənin sonlarına yaxın standart vəziyyətdən sonra hesab açıldı. Cərimə meydançasına edilən asmadan sonra “hərbçilər”in qapısı qarşısında qarışıqlıq yarandı. Bundan maksimum istifadə edən Voronsovun gözəl ötürməsindən sonra nəzarətsiz qalan Belacani boş qapını dəqiq nişan aldı. Bu azmış kimi, MOİK 3 dəqiqə sonra növbəti zərbəni aldı. Yox, “hərbçilər” ikinci topu qapılarında görmədilər. Sadəcə, meydanda azlıqda qaldılar. “Qəbələ” Futbol Akademiyasının yetirməsi Müşfiq Teymurov 2-ci sarı vərəqəni alaraq meydandan qovuldu. Buna baxmayaraq komandalar fasiləyə heç-heçəylə yollana bilərdi. Ancaq Qərib İbrahimov real qol vəziyyətini qaçırdı.

Nəticəyə oynayıb qalib gəldilər

İkinci hissənin də maraqlı keçdiyini söyləmək olmaz. Maraqlıdı ki, “Şəmkir” say üstünlüyünə yiyələnsə də, bundan istifadə edib, fərqi artırmaq niyyətində deyildi. Halbuki hesab sürüşkən idi. Qonaqların ani bir hücumu qolla nəticələnə bilərdi. Ümumi baxdıqda ikinci 45 dəqiqədə MOİK daha yaxşı oynadı. Bir çox hallarda ikili mübarizələrdən qalib ayrılan “hərbçilər” daha çox standart vəziyyətlərlə nəsə etməyə çalışırdılar. Maraqlıdı ki, Müşfiq Qənbərov 90 dəqiqə boyunca əvəzetməyə əl atmadı. 10 nəfərlə bərbad qazon üzərində mübarizə aparmaq çətin idi. Bu səbəbdən qarşılaşmanın sonlarında MOİK-in futbolçularında yorğunluq hiss olunurdu. Oyunu müdafiədən quran “Şəmkir” əks-hücumdan faydana bilmədi. Sentyabrın ən yaxşı qolunun müəllifi Qeyrət əla fürsəti qaçırdı. Ancaq bu onu məyus etmədi. Axı istənilən halda komandası 3 xalı hesabına yazdı.

MOİK baş məşqçisiz qaldı

Bu qələbə sayəsində xallarını 16-ya çatdıran “Şəmkir” 2-ci pillədə qərarlaşıb. Komandanın hesabında 5 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət var. MOİK isə 13 xalla ilk “5-liy”i qapayır. “Hərbçilər” 4 görüşdə qalib gəlib. Onların bir heç-heçəsi və 3 məğlubiyyəti var. Bu yenilgidən sonra MOİK baş məşqçisiz qaldı. Belə ki, Müşfiq Qənbərov istefa verdiyini açıqladı. Ancaq o gedişində nəticənin yox, özəl səbəbin rol oynadığını dedi.

Bu “Şəmkir” o “Şəmkir” olacaqmı?

Son illərin ən maraqlı 1-ci divizion mövsümü izləyirik. Düzdür, “Turan Tovuz” 22 xalla aşkar liderdir. Əsgər Abdullayevin yetirmələri ən yaxın izləyicisini 6 xal qabaqlayır. Ancaq 2-9-cu yerlərdə qərarlaşan komandalar cəmi 4 xallıq intervala sahibdir. Bu da sonadək gərgin mübarizənin gedəcəyindən xəbər verir. Elitaya çıxmağa ən iddialı klublardan biri “Şəmkir” sayılır. Ancaq biz bilirik ki, bunun üçün təkcə çempionatda yer tutmaq yox, həm də lisenziya şərtlərini yerinə yetirmək lazımdır. Düzdür, hazırda “ağ-qırmızılar”ın aşağı yaş qrupları üzrə 3 komandası var. Ancaq infrastruktur sarıdan problemlər çoxdur. “Saşa”dan xatirə qalan 10 minlik stadionu yerlə yeksan edilən 2 qat ölkə çempionu indi cəmi 2000 yerlik Şəmkir Olimpiya İdman Kompleksinə sığınıb. Ancaq heç bu kompleks də ev oyunları zamanı tam dolmur. Deməli, yerli əhalidə hələ kluba əvvəlki sevgi qayıtmayıb. Çünki hazırki rəhbərliyə hələ inam yoxdur. Axı gələcək indidən addımlar atmaq lazımdır. Altı ay sonra gec ola bilər. Tədricən infrastruktur problemləri həll edilməli, stadion məsələsi yoluna qoyulmalı, maliyyə dayaqları gücləndirilməlidir. Yoxsa “Şəmkir” də indi SOCAR-ın əlinə baxan “Kəpəz”dən fərqlənməyəcək. 90-cı illərdə çempionatımızda at oynadan klublar bu səviyyədə olmamalıdır.

Mərdan Həsənov, Şəmkir.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right