"Belə halların baş verməsi futbola ləkədir" - Qəhrəman Əliyev

Azərbaycan çempionatının VIII turunda "Şəmkir” öz meydanında MOİK-i 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın Şəmkirə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "Şəmkir”in baş məşqçisi Qəhrəman Əliyev fikirlərini bildirib: 

- Məqsədimiz elitaya yüksəlməkdir. Məqsədyönlü şəkildə fəaliyyət göstəririk. İşimizə çox ciddi yanaşırıq. Ağır oyun oldu. Bilirdik ki, MOİK ciddi rəqibdir. Çünki onlar hamıdan əvvəl mövsümün hazırlıqlarına başlamışdılar. Son vaxtlar havaların yağışlı keçdiyindən başqa meydanlarda məşq etmişdik. Bu gün qazonun durumu ağır idi. Rəqib fiziki cəhətdən həddən artıq güclüydü. Buna baxmayaraq evdə xal itkisinə yol verməyi düşünmürdük. Bu gün qələbə üçün əlimizdən gələni etdik. Komandamı təbrik edirəm. Bütün futbolçularımdan razı qaldım.

- 1-ci divizionda çempion olmaqla Premyer Liqada iştirak etmək olmur. Gözümüzün önündə “Neftçala” nümunəsi var. Lisenziya şərtlərini yerinə yetirmək lazımdır. Bu mənada vəziyyət nə yerdədir?

- Tamamilə düz deyirsiniz. Bunları bilirik. Dünən mətbuat katibimiz Ergün Seyid PFL-də olub. Lisenziya şərtləriylə bağlı ora getmişdi. Elitaya yüksəlmək istəyiriksə, bütün sənədləri qaydasına qoymağa çalışırıq ki, 1-ci və ya 2-ci yeri tutsaq, başqa hər hansı problemlə üzləşməyək.

- Premyer Liqada iştirak üçün sponsor dəstəyi olacaq?

- Təbii ki. Rəhbərliyimiz 1-ci və ya 2-ci yeri tutacağımız halda bizə güclü maliyyə dəstəyi olacaq. Biz də bu hədəf üçün oynayırıq ki, halallıqla bu dəstəyi alaq.

- Yanvarda limit dəyişikliyi olacaq. Bu dəyişiklik sizə problem yaratmayacaq ki?

- Bizdə gənc və perspektivli futbolçular var. Yaş limitində dəyişiklik olsa, ciddi itkiylə üzləşməyəcəyik. Sadəcə, 3 futbolçumuz zədəli, 2-si xəstə olduğuna görə bu gün onların xidmətindən yararlana bilmədik. Bizim 1994, 1995 və 1996 təvəllüdlü yaxşı futbolçularımız var. Limit dəyişsə, komandanı gücləndirəcəyik, zəif nöqtələrimiz çoxdur. Qısa müddətə toplaşmışıq. Heyətimiz də yenidir. Tədricən boşluqları doldururuq. Limitin dəyişməsi bizim əleyhimizə yox, lehimizə olacaq.

- Ölkə kubokunda mübarizəni dayandırdınız. Bu qələbəylə “Şəmkir”də işlərin qaydasına düşdüyünü söyləmək olar?

- İki cəbhədə oynamaq çətindir. Kubokda son dəqiqələrdə buraxdığımız qolla uduzduq. İndi çempionat oyunlarına köklənmişik. Bu qələbə psixoloji baxımdan bizə faydalı oldu. Artıq yuxarı pillələrə qalxmışıq. Bu, bizə növbəti oyunlarda ruh-yüksəkliyi verəcək.

- Rəqib 10 nəfər qalanda da müdafiədən oynayırdınız. Bu MOİK-i gözünüzdə həddən artıq şişirtməyinizdən xəbər verir?

- Futbolda azlıqda qalan komanda hər zaman özündə əlavə güc tapır. Digər komandada isə arxayınlıq yaranır. MOİK 10 nəfərlə qalsa da, əzmkar oynayırdı.

- Ruslan Poladovun oyunundan narazı idiniz?

- Ola bilsin, bəzi fərdi səhvlərinə görə texniki zonadan narazılığımı bildirmişəm.

- Birinci divizionda bəzi oyunların alınıb-satılmasına münasibətiniz necədir?

- “Şəmkir” belə şeylərdən uzaqdır. Əlbəttə, bunu pisləyirəm. Belə halların baş verməsi futbola ləkədir. Ancaq əlində tutmamısansa, oğru deyil. Söz-söhbətlər çox olur. Avropada da bəzi oyunların nəticələrinə şübhəli baxılır. Bu, o demək deyil ki, onlar futbol oynamamalıdır.

Mərdan Həsənov, Şəmkir.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right