Çempionatda mübarizə gərginləşir Layihə

Beləliklə, premyer-liqanın 2-ci dövrəsinə start verildi. 4 oyunda qapılara cəmi 8 top vuruldu. Orta hesabla hər görüşə 2 qol düşür ki, bu baxımdan 8-ci turu məhsuldar saymaq olmaz. İki qarşılaşmada meydan sahibləri, bir matçda qonaqlar qalib gəldi. Yalnız bir oyunda heç-heçə qeydə alındı. İndi isə turun təhlilini oyunlar üzərindən dəyərləndirək.

Məğlubiyyətsizlik seriyası davam etdi

Turun ilk oyunu həm də turun mərkəzi oyunu idi. “İnter Arena”da lider və ən yaxın izləyicisi üz-üzə gəldi. Bu komandalar həm də mövsümün məğlub olmayan 2 klubu idi. Seriyaları yenə davam etdi. Ancaq bu heç-heçə nə “İnter”i, nə də “Qəbələ”ni sevindirir. Çünki meydan sahibləri qələbə hesabını qoruya bilmədi. Qonaqlar isə əsas heyətin 2 üzvünü – Baqali Dabo və Rəşad Sadiqovu zədələndiyi üçün itirdi. “İnter Arena”nın süni örtüyü “qırmızı-qaralar”ı “Sent-Etyen” səfəri ərəfəsində çətin vəziyyətə saldı. Bu oyunda üzülənlərdən biri də Dmitri Bezotosnı oldu. Çünki ukraynalı qapıçının “quru” seriyası qırıldı. Bezotosnı 915 dəqiqədən sonra qapısında qol gördü. "Qəbələ"nin çempionatdakı 5 oyunluq qələbə seriyasına da son verildi. Qriqorçukun komandası üçün təsəlli isə ən yaxın izləyicisi ilə xal fərqinin azalmasına imkan verməməsi oldu. Ağabala Ramazanov hesabı açsa da, Sergey Zenyov bölgə təmsilçisini məğlubiyyətdən xilas etdi.

“Azərsun Arena”da uğurlu debüt

Yayda ot örtüyü sıradan çıxdığı üçün “Qarabağ” bu mövsümün ilk dövrəsində “Azərsun Arena”dan yararlana bilmədi. Stadionda təmir işləri getdiyindən ölkə çempionu ev oyunlarını “Əlincə Arena”da keçirdi. İkinci dövrədən etibarən ağdamlılar “yuva”ya qayıtdı. Bu mövsüm “Azərsun Arena”da debüt uğurlu alındı. Qurban Qurbanov ağrıları davam edən Rəşad Sadıqovu ehtiyatda saxlamışdı. Əsas heyət üzvlərindən Ansi Aqolli və Qara Qarayev də qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyirdi. Qurbanov da Robert Prosineçkinin yığmada etdiyini etmişdi. Söhbət Maksim Medvedevin müdafiənin mərkəzində oynadılmasından gedir. Artıq müdafiəçi yavaş-yavaş stopper mövqeyinə alışır. Hətta kornerlər zamanı rəqibin cərimə meydançasına da daxil olurdu. Belə epizodların birində hesabı da aça bilərdi. Samir Abasov “Qarabağ”dan xal qoparmağın yeganə yolunun sıx müdafiə olunmaqda görmüşdü. Bu üzdən meydana 3 mərkəz müdafiəçisi buraxmışdı. Rəqibin arxa xətdə 5 müdafiəçiylə çıxış etməsi çempionu müəyyən qədər çatdırdı. Hesabın gec açılması da bundan qaynaqlanırdı. “Qarabağ” rəqibin sıx müdafiəsini yarıb, qol vurmaqda çətinlik çəkirdi. Standart vəziyyət çempionun dadına çatdı. Miçel başla fərqləndi. Ancaq İlqar Qurbanovun qolu daha yaddaqalan oldu. “Qarabağ”da bir qayda olaraq cinah müdafiəçisi kimi oynadılan futbolçunun vurduğu qoldan əslində ön xətdə oynamağa daha layiq olduğu görünürdü. Arif Daşdəmirov da bu görüşdə çox fəal idi. Ancaq bu baxımdan lider Dani Kintanaydı. Demək olar ki, bütün hücumlar onun tərəfindən qurulurdu. Ancaq ispan yarımmüdafiəçi dəfələrlə qol vurmağa yaxın olsa da, Fərhad Vəliyevi məyus edə bilmədi. Əvəzində Dino Ndlovu son dəqiqədə toru silkələdi. Hücumçu bununla da çempionatımızda ilk qolunu vurdu. Ardıcıl 3 qələbəsiz oyundan sonra “Qarabağ” sindromu qırdı. Bu, PAOK-la qarşılaşma ərəfəsində Qurbanovun komandası üçün çox vacib idi. Ağdamlılar 2-ci yerdə gedən “İnter”ə çatdı. “Sumqayıt” isə bu məğlubiyyət nəticəsində 6-cı pilləyə gerilədi.

Gəncəlilər də Şüvəlanda sevindi

“Kəpəz” cari mövsüm 2-ci qələbəsini qazandı. Maraqlıdı ki, Şahin Diniyevin yetirmələri ilk dövrədə Gəncədə məğlub edə bilmədikləri rəqibi Bakıda üstələdilər. Ötən mövsüm AZAL Şüvəlanda keçirdiyi heç bir oyunda rəqiblərinə uduzmamışdı. İndi isə doğma meydan amili “təyyarəçilər”in dadına çatmır. “Ağ-göylər” bu mövsüm “AZAL Arena”da 3 oyun keçirib və bunların üçündə də meydanı məğlub tərk edib. Tərlan Əhmədovun ötən mövsüm formalaşdırdığı döyüşkən komandadan əsər əlamət qalmayıb. Düzdü, meydanda mübarizə aparırlar. Heç kimin qarşısında ağ bayraq qaldırmırlar. Ancaq nəticə qazana bilmirlər. Təsadüfi deyil ki, 2 xalla çempionatın aşkar autsayderidilər. Amma bu oyunun ilk hissəsində AZAL çox yaxşı təsir bağışladı. Qol epizodlar rəqibin vəziyyətləriylə müqayisədə daha real idi. Hətta oyunun əvvəllərində Tural Axundov topu qapı xəttindən çıxarmasaydı, qarşılaşma fərqli nəticəylə bitə bilərdi. İkinci yarıda qonaqlar üstünlüyü tam ələ keçirdi. Sona yaxın Jülien Ebah komandasına qələbə qazandıran qolu vurdu. Ancaq Şahin Diniyev qələbəyə doyunca sevinə bilmədi. Çünki qarşılaşmanın son saniyələrində “Kəpəz”in lideri Dario Federiko əzələsini dartdı. Braziliyalı yarımmüdafiəçi bir neçə həftə “sarı-göylər”ə kömək edə bilməyəcək.

“Neftçi”nin “Zirə” sindromu davam edir

Turun son oyunu Zirədə keçirildi. Bu komandaların mövsümdəki ilk oyunu “Əlincə Arena”da baş tutmuş və zirəlilər qələbə qazanmışdı. Bu dəfə də “ağ-göylər” sevinən tərəf oldu. Maraqlıdı ki, "Zirə" "Neftçi"nin tarixi ərzində məğlub edə bilmədiyi yeganə komandadı. Görünür, çempionatda yaranmış fasilə də “ağ-qaralar”ın toparlanması üçün kifayət etməyib. Bəlkə də Rahil Məmmədov yersiz qırmızı vərəqə almasaydı, Zirədən ən azı 1 xalla dönmək olardı. Amma gənc futbolçunun təcrübəsizliyi həm özünü, həm də komandasını “yandırdı”. Bu azmış kimi Filyo heç bir ehtiyac olmadan Nurlan Novruzovu cərimə meydançası daxilində yerə sərdi. Nəticədə “Neftçi”nin qapısına penalti təyin edildi. Yovan Krneta standart vəziyyətdən dəqiq yararlandı. Bu azmış kimi Adil Nağıyev 2-ci hissənin əvvəllərində hesab arasındakı fərqi 2 topa çatdırdı. Bu epizodda “Neftçi”nin qapıçısı Krşevan Santininin seyrçi mövqe tutmasını da anlamaq mümkün deyildi. Beləliklə, məşhur filmdə deyildiyi kimi, “Neftçi” yenə uduzdu. Elxan Abdullayev də bu komandanın dərdinə bir əlac tapa bilməyib. Hələ ki...

Hacı Mərdan

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right