"Azərbaycanın təcrübəsi digər ölkələr üçün nümunədir" Layihə

Güləş Azərbaycanda ən çox sevilən idman növlərindən biri, hətta birincisidir desək, yəqin ki yanılmarıq. Bu idman növünün ölkəmizdə daha çox sevilməsinin və populyar olmasının bir səbəbi güləşin bizim milli idman növümüz olmasıdırsa, digər səbəbi güləşçilərimizin qazandığı nailiyyətlərdir.

Heç təsadüfi deyil ki, güləşçilərimiz ən mötəbər beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən idmançılarımızın önündə gedir. Müstəqillik qazandıqdan sonra qatıldığı Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı 44 medaldan 23-ü güləşçilərimizin payına düşür. Bu medallardan 20-si son üç Olimpiya Oyunlarında (Pekin - 4, London - 7, Rio - 9) qazanılıb.

Azərbaycan güləşinin uğurları barədə çox danışmaq, çox yazmaq olar. Bu dəfə dünya güləş ictimaiyyətinin tanınmış simalarından bir neçəsinin fikrini öyrənməyə çalışdıq.

Dünya Güləş Birliyinin supervayzeri, polşalı Qreqorz Brudzinski bildirib ki, Azərbaycan bu idman növünün kütləvi yayıldığı Rusiya, ABŞ, İran, Türkiyə kimi dünyanın aparıcı ölkələrindən biridir:

“Azərbaycan güləşdə təkcə fiziki güc anlayışı ilə kifayətlənməyərək, eyni zamanda etimad, rəğbət və özünə hörmət qazanmağı bütün dünyaya göstərməyə müvəffəq olub. Bü cür davranışlar Azərbaycan güləş komandasının nailiyyətlərini beynəlxalq arenada  daha da mükəmməlləşdirir. Olimpiya Oyunlarında, dünya və qitə çempionatlarında qazanılmış çoxsaylı medallar Azərbaycanın, xüsusilə ölkənin tarixinin, adət-ənənəsinin və müasirliyinin ən yaxşı şəkildə tanınmasının nişanəsidir. Rio-de Janeyroda keçirilən Olimpiya Oyunları zamanı Azərbaycan güləşçilərinin əldə etdiyi 9 medal sübut edir ki,  Azərbaycan Güləş Federasiyası və sizin ölkəniz ən yüksək idman nailiyyətlərini əldə etməyə qadirdir. Bu Olimpiya Oyunlarında qızıl medal qazanmamağınıza baxmayaraq, mən əminəm ki, bu sizin uğursuzluğunuz deyil. Siz idmanda uğurla addımlayırsınız və sözsüz ki, yenidən ən yüksək zəfərlərə sevinəcəksiniz.”

Azərbaycanın idmana dəstək verə bilən ölkə olduğunu bildirən Qazaxstan Güləş Federasiyasının vitse-prezidenti Erlan Kojasbay Azərbaycan xalqının da idmançılara hörmətlə yanaşdığını qeyd edib:

“Biz bilirik ki, güləş Azərbaycanın milli idman növüdür. İşə düzgün yanaşmanın nəticəsidir ki, Azərbaycan güləşçiləri beynəlxalq arenada yüksək nailiyyətlər əldə edir. Azərbaycan güləş məktəbinin yetirmələrini Olimpiya Oyunlarında dəfələrlə fəxri kürsüdə görmək bizi məmnun edir. Bu mənada Azərbaycan xeyli vaxtdır ki, dünya güləşində öz sözünü deyir.  Bu gün Azərbaycan güləşçiləri təkcə böyüklər kateqoriyasında deyil, həmçinin yeniyetmə və gənclərdə də öz uğurları ilə seçilir.”

Güləş yarışlarının təşkilinə də toxunan Qazaxstan Güləş Federasiyasının rəsmisi güləşin inkişafında Azərbaycan təcrübəsinin digər ölkələr üçün nümunə ola biləcəyini deyib:

“Hər il Bakıda keçirilən və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turnirinin final mərhələsi, eləcə də müxtəlif çempionat və turnirlərin yüksək səviyyədə təşkili gələn qonaqlarda xoş təəssürat oyadır. Mən düşünürəm ki, Azərbaycanın həm güləş yarışlarının təşkilindəki, həm də güləşin inkişafındakı təcrübəsini bütün digər ölkələr nümunə kimi götürə bilər. Çünki uğura aparan tək yol budur.”

Yunan-Roma güləşi üzrə Rusiya yığma komandasının baş məşqçisi Qoqi Koquaşvili Azərbaycan güləşçilərini ən ciddi və hörmətə layiq rəqib kimi dəyərlənirib:

“Azərbaycan güləş yığması daim Rusiya komandasının əsas, ciddi və hörmətə layiq rəqiblərindəndir. Yığma komandanı öz işinin peşəkarı olan məşqçilər korpusu çalışdırır. Azərbaycan yığması istənilən səviyyəli beynəlxalq yarışlarda layiqincə çıxış edə bilən peşəkar idmançılardan ibarətdir. Son Olimpiya Oyunlarında qazanılan 9 medal yüksək nəticədir. Olimpiya Oyunlarında çıxış etmək böyük məsuliyyət, yüksək əzmkarlıq, gərgin əmək tələb edir. Ona görə də istənilən Olimpiya medalı böyük uğurdur.”

Rusiya Güləş Federasiyasının birinci vitse-prezidenti Arsen Fadzaev Azərbaycanın böyük idman nailiyyətləri qazandığını bildirib:

“Bu gün Azərbaycan həm yarışlarda qazanılan uğurlar, həm ən mötəbər yarışların yüksək səviyyədə təşkili, həm də yaradılan idman infrastrukturu baxımından özünəməxsus dəsti-xətti ilə seçilir. Bu uğurların kökündə istək və gərgin əmək durur. Azərbaycan güləş məktəbi dünyada mövcud olan ən güclü güləş məktəbləri Rusiya, Gürcüstan, İran və ABŞ ilə eyni sıradadır. Azərbaycan güləşçiləri ən ciddi və narahat rəqiblərdəndir. Onlar hər zaman xalça üzərində gözlənilməz fəndlər icra edərək görüşün taleyini həll edə bilirlər. Azərbaycanlılarda gözəl, maraqlı və baxımlı hücum güləşi var. Onlar xalça üzərində sona qədər mübarizə aparmaq, hər an rəqibi əks-fəndlə çətin vəziyyətə sala bilmək qabiliyyətindədirlər. Azərbaycan güləşçiləri ruhən güclü olmaları və döyüşkən xarakterləri ilə seçilirlər. Güləşdə bu çox vacibdir.

Azərbaycanın bütün güləşçilərini özləri üçün əsas rəqiblərdən hesab etdiklərini deyən Rusiya Güləş Federasiyası rəsmisi bildirib ki, bizdə başqa ölkələrdəki kimi bir-iki nəfər yox, bütün yığma üzvləri güclüdür.
 

Tanınmış rusiyalı idman jurnalisti Murad Kanaev son illərdə Azərbaycanın nüfuzunun dünya güləş ailəsində ciddi şəkildə artdığını bildirib.

“Bu nüfuz mötəbər beynəlxalq yarışlarda idmançıların qazandığı medalların kəmiyyət və keyfiyətində özünü göstərir. Bizim üçün xoşdur ki, qazanılan bu nailiyyətlərdə qonşu olan dost və qardaş Dağıstan Respublikasının idmançılarının da payı var. Dağıstan xalqı onlarla fəxr edir, onların öz potensiallarını aşkara çıxarmaları üçün Azərbaycanın yaratdığı yüksək şərait üçün öz minnətdarlığını bildirir.”

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right