Namiq Abdullayev: “Güləşdə heç vaxt belə hal baş verməmişdi” Layihə

Sidney Olimpiadasının qalibi Namiq Abdullayevin Newsport.az-a müsahibəsinin 2-ci hissəsini diqqətinizə çatdırırıq:

 - Fərid Mansurov Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsinə seçilib. Gənc kadr kimi bu məsuliyyətli işin öhdəsindən gələ biləcəkmi?

- Bu haqda eşidəndə çox sevindim. Sevinirik ki, olimpiya və 2 qat dünya çempionumuz bu vəzifəyə təyin olundu. Bu, çox yüksək vəzifədi. Mirkamil Rəhimova Allah rəhmət eləsin. Uzun illər həmin vəzifədə çalışmışdı. Nazir Azad Rəhimov Fərid Mansurova etimad göstərdi. Yəqin ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də müsbət rəyi həlledici oldu. Bu təyinat idman ictimaiyyətinin ürəyincə olub. Dəfələrlə bayrağımızı yuxarı qaldırmış, idmanın dərinliyini bilən, daim bu işin içində olan birisinin bu işdə çalışması yerinə düşür. Olimpiadada o da güləşçilərimizə tövsiyyələrini verirdi. Biz bir ailə kimiyik. Yəqin ki, Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi də sevinir ki, onların nümayəndəsi AGİN-də yüksək vəzifədə çalışacaq. Fərid Mansurov idmanın sirrlərini çox yaxşı bilir. Bu vəzifənin ona çətinlik yaradacağını düşünmürəm. Etimadı layiqincə doğruldacağına inanıram. Qarşıdan müxtəlif növlər üzrə Avropa və dünya çempionatları gəlir. Fərid də şöbə müdiri kimi öz tövsiyyələrini verəcək. Onu təbrik edirəm. Olimpiya çempionlarına dövlət tərəfindən müxtəlif vəzifələr verilib. Mən Daxili İşlər Nazirliyinin idman komandasının rəhbəri vəzifəsində çalışıram.

- Xarici mətbuat Toğrul Əsgərovun dopinqə qəbul edərək London-2012-də çempion olduğunu yazmışdı. Ancaq Dünya Güləş Birliyi (UWW) rəsmi bəyanat yaydı ki, bu xəbər şayiədən başqa bir şey deyil. Federasiya rəsmisi kimi bu məsələ haqda nə deyə bilərsiniz?

 - Dopinq qalmaqalı bütün dünyanı ağuşuna alıb. Xüsusən də Rusiya idmançılarının üzərinə düşüblər. Özbəkistan, Qazaxıstan, Azərbaycan və digər MDB ölkələrini də hədəfə alıblar. Bu, WADA-nın işidir. Bu qurum 2008 və 2012 Olimpiadalarında çıxış etmiş idmançıların dopinq-testlərini yenidən yoxlayır. Amma bu həmin yarışlarda medal qazanmış idmançıların ləkələnməsi anlamına gəlmir. Sonda araşdırma aparılacaq. Müəyyən preparatlar var ki, yenicə dopinq siyahısına salınıb. Kimlər ki, qadağan olunmamışdan əvvəl bu preparatları qəbul edib, onları cəzalandırmaq olmaz. Bu gün qəbul edibsə, o başqa məsələ. İdmançılar gündə 3 dəfə məşq edir. Gücü bərpa etmək üçün müəyyən vitaminlərdən istifadə olunmalıdır. Amma hər şey çərçivədə olmalıdır. Federasiyalara siyahı göndərilir ki, bu preparatlardan istifadə olunmasın. İndi qadağan olunmuş dərmanlardan 4-8 il əvvəl istifadə olunubsa, buna görə idmançı məsuliyyət daşımır. Həmin vaxt həmin dərmanlar dopinq siyahısında olsaydı, idmançı da o preparatı qəbul etməzdi. Əlbəttə, hansısa adlar şübhəlilər sırasında çəkiləndə narahatverici olur. O zaman insanlarda şübhə yaranır ki, bəlkə dopinq qəbul edibmiş. Bu üzdən hər şeyi dəqiqləşdirib, ondan sonra ictimaiyyətə məlumat vermək lazımdır. Axı bu durum idmançıya da psixoloji zərbə endirir. Fikirləşir ki, mən harda səhv etmişəm. Biz idmançı olanda hər şeyi yoxlayırdıq. Qida vasitələrinə ciddi nəzarət edirdik ki, təxribata yol verib, qidalarımıza yasaq preparatlar qata bilərlər. Ona görə idmançılar yeyib-içdiklərinə xüsusi fikir verməlidilər. Hər yerdə qidalanmaq olmaz. Xüsusən də Olimpiya Oyunlarında başqa ölkələrin nümayəndələri belə təxribata əl ata bilər. Bu mənada olimpiya çempionları xüsusən diqqətli olmalıdır. Çünki onlar çoxları üçün ən ciddi rəqibdir və çalışa bilərlər ki, bu yolla onu sıradan çıxarsınlar. Sevindirici haldır ki, Toğrulda dopinq aşkarlanmadı. İnanıram ki, başqa güləşçilərimiz də təmiz çıxacaq. AGF tərəfindən hər bir şərait yaradılıb. Yaxşı həkimlərimiz var. Qida və dərman məsələləri xüsusi nəzarətdə saxlanılır. Şükürlər olsun ki, hələ belə şeylərlə rastlaşmamışıq. İnanıram ki, bundan sonra da olmayacaq.

 - Bir neçə Olimpiadada həm idmançı, həm də AGF rəsmisi kimi iştirak etmisiniz. Rio-2016-da təşkilatçılıq sizi qane etdi?

- Yarışın Təşkilat Komitəsi də öncədən bildirmişdi ki, möhtəşəm açılış mərasimi olmayacaq. Biz özümüz də bunun şahidi olduq. Sıradan açılış oldu. İlk Avropa Oyunlarının açılış mərasimi daha yüksək səviyyədə təşkil olunmuşdu. Rioda başqa idmançılar və mütəxəssislər də bunu deyirdi. Son Olimpiadada təşkilati baxımından nöqsanlar var idi. İdmançıların yarış məkanlarına çatdırılması və başqa məsələlərlə bağlı çətinliklər vardı. Amma Olimpiya Oyunlarında belə hallar olur. Ölkələr çalışır ki, özü keçirdiyi Olimpiada başqalarından üstün olsun. Ancaq Braziliya bunu bacarmadı. Londonda təşkilatçılıq daha yaxşı idi. İnanıram ki, Tokio-2020-də belə problemlər olmayacaq. Yaponlar zəhmətkeş xalqdır. Onlar əllərindən gələni edəcəklər ki, möhtəşəm Olimpiada keçirsinlər. Bunu özləri də qeyd edir. Hər şey ciddi nəzarət altında olacaq. Əlbəttə, böyük yarışda hansısa nöqsanın olması təbii prosesdir. Amma əminəm ki, Tokioda Riodakı kimi nəzərəçarpan səhvlər olmayacaq. Xüsusən təhlükəsizlik tədbirlərinin güclü olacağını düşünürəm. Rioda bu baxımdan da problemlər var idi.

- Yeri gəlmişkən, Braziliyada bəzi ölkələrin idmançıları soyuldu. Bəs bizim idmançılarımızın hansısa əşyası oğurlanmadı?

- Yox. Bizimkilərlə bağlı belə problem yaşanmadı. Hamımız çalışırdıq ki, bir yerdə olaq və komanda şəklində hərəkət edək.

- Olimpiadada hansısa maraqlı hadisə başınıza gəldi?

- Biz ora idmançılarımıza dəstək vermək üçün getmişdik. AGF olimpiya çempionlarını – məni və Fəridi ora ezam etmişdi ki, güləşçilərimizə dəstək olaq, onlara öz tövsiyyələrimizi verək. Ora çatandan bir gün sonra güləş yarışı start götürdü. Səhər, günorta, axşam yarış zalında olurduq. Olimpiya kəndinə gedib, başqa idmançılarımızla da görüşürdük. Amma başımıza qeyri-adi hadisə gəlmədi.

- Hicran Şərifovun idarə etdiyi bir görüşdə ciddi hadisə baş verdi. Həmyerlimizin qərarından narazı qalan monqolustanlı məşqçilər xalçanın üzərində soyunmağa başladılar. Onların etirazı düzgün addım idi?

- Bu hadisə bürünc medal uğrunda görüşdə baş verdi. Özbək güləşçiylə qarşılaşmada monqolustanlı pəhləvan hesabda öndə idi. Amma son saniyələrdə qaydalara zidd olaraq aşkar mübarizədən yayındığından haqlı olaraq 3-cü dəfə Olimpiadada hakimlik edən Hicran Şərifov rəqibə 1 xal verdi. Bu qərarı digər hakimlər də yekdilliklə qəbul etdi. Monqollar sevinirdi. Elə bilirdilər ki, medal qazanıblar. Sonradan böyük narazılıq yarandı. Epizoda yenidən baxdılar. Böyük monitorda göstərdilər və hakimin haqlı qərar çıxardığı məlum oldu. Nəticədə qələbə Özbəkistan güləşçisinə verildi. Ancaq qarşı tərəf bununla barışmadı. Məşqçilər lüzumsuz hərəkətlərə yol verdilər. Güləşdə heç vaxt belə hal baş verməmişdi. Onların idman formalarını çıxarması maraqlı görünsə də, lazımsız hərəkət idi.

 

 - Bir çoxları qidadan narazılıq etdi. Bəs siz Riodakı yeməklərdən razı qaldınız?

- Hər ölkənin özünəməxsus mətbəxi var. Hər ölkənin milli yeməklərindən var idi. Ola bilər, qida məhsullarının bişirilmə forması bəzi ölkələrin idmançılarının ürəyincə olmadı. Çünki hamı öz yeməyinə alışıb. Amma idmançı buna alışmalıdı. Avropa və dünya çempionatlarında fərqli yerlərdə zövqünə uyğun qidalana bilərsən. Amma Olimpiadada olimpiya kəndində verilən yeməklərdən istifadə etməlisən. Çünki başqa yerdə qidalansan, hər hansı yasaq preparat qəbul edə bilərsən. Bu da risklidir. Əlbəttə, evdəki yeməyi orda tapa bilməzsən. Amma idmançı fədakar olmalı, bu tip hallara alışmalıdır. Hər şeyə öncədən hazır olmaq lazımdır.

- Bu Olimpiadada güləşdən qızıl medal qazanmadıq. Tokio-2020-də uğur qazanmaq üçün indidən hansı tədbirlər görülməlidir?

- İdmançılarımız Riodan yeni qayıdıb. Hələ bərpa dövrünü keçməlidilər. Hərə öz yerində şəxsi məşqçisiylə bərpa xarakterli hazırlıq keçəcək. Kimlərsə buraxdıqları səhvləri təhlil edəcək. Sidneydə mən Afinada Fərid olimpiya çempionu oldu. Pekində Rövşən Bayramov qızılı qazanmağa çox yaxın idi. Demək olar ki, çempionluq ovcunda idi. Ancaq yekunda gümüş medalla kifayətləndi. Londonda isə 2 olimpiya çempionumuz oldu. Həm Toğrul, həm də Şərif Şərifov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu Olimpiadada 3 güləşçimiz finalda çıxış etdi. Heç vaxt olmadığı qədər çox, 9 medal qazandıq. Bu da ümid verir ki, Tokioda daha böyük uğur qazanaq. Heyətimizdə gənclər çoxdu. Hacı, Toğrul, Rəsul, Cəbrayıl, Şərif kimi pəhləvanlar olimpiya çempionu ola bilər. Başqa potensiallı gənclərimiz də var. Göstərilən diqqət və qayğının nəticəsində bayrağımızın yenə də ən yüksəyə qalxacağına inanıram. Bütün ölkələr Olimpiadada qızıl medal qazanmağa çalışır. Bu uğuru qazanmaq üçün 2 qat çalışmaq lazımdır.

Hacı Mərdan 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right