Namiq Abdullayev: “Yarışa elə hazırlaşmaq lazımdır ki, hakimləri də üstələyəsən” - Layihə

Sidney Olimpiadasının qalibi Namiq Abdullayevin Newsport.az saytına müsahibəsi:

- Güləşçilərimizin Olimpiadadakı ümumi çıxışını necə dəyərləndirirsiniz?

- Olimpiada ən nüfuzlu idman yarışıdır və 4 ildən bir keçirilir. Güləşçilərimiz Olimpiya Oyunlarına çox yüksək səviyyədə hazırlaşmışdı. Çox yaxşı təlim-məşq toplanışları keçmişdilər. Beynəlxalq turnirlərdə iştirak etmişdilər. Prezident İlham Əliyev bütün idmançılara diqqət və qayğı göstərir. Güləş Federasiyası Fazil Məmmədov və 1-ci vitse-prezident Namiq Əliyev rəhbərlikdəki digər şəxslərin hamısı əllərindən gələni etdi ki, güləşçilərimiz Olimpiadaya ən yüksək səviyyədə hazırlaşsın. London-2012-də güləşçilərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışdı. Rio-2016-da isə 9 medal əldə olundu. Bunlardan 3-ü gümüş, 6-sı bürünc medal oldu. Əlbəttə, daha böyük nailiyyət gözləyirdik. Toğrul Əsgərov və Şərif Şərifov 2-ci dəfə olimpiya çempionu ola bilərdi. Mariya Stadniki qızıldan saniyələr aldı. Amma ümumilikdə çıxışı qənaətbəxş sayıram.

- 3 komandamız arasında ən zəif nəticə yunan-Roma güləşi üzrə yığmamız göstərdi. Baş məşqçi dəyişilməlidir?

 - Güləşin bu növündə indiyədək yaxşı nəticələr əldə etmişik. London Olimpiadasında Rövşən Bayramov qızıla çox yaxın idi. Bu dəfə də yüksək nəticələr gözlənilirdi. Bu dəfə Rövşənlə yanaşı, Rəsul Çunayev və Saman Təhmasibinin çempionluq şansları yüksək dəyərləndirilirdi. Digər güləşçilərin də medal qazanacağı proqnozlaşdırılırdı. Necə ki bunu Sabah Şəriəti etdi. Rövşənin yarımfinalda yapon rəqibinə qalib gələrək finala çıxacağına və nəhayət, olimpiya çempionu olacağına inanırdıq. Ancaq alınmadı. Amma bu idmandı. Olimpiada sürprizləri sevir. Bu yarışda gözlənilməz nəticələr çox olur. Məşqçilərin dəyişməsi haqda fikir bildirmək bizə düşməz. Buna AGF rəhbərliyi qərar verəcək.

- Təcrübəli mütəxəssis kimi Stadnikin sona 3 saniyə qalmış uduzmasını nəylə əlaqələndirirsiniz?

- Olimpiya Oyunları Avropa və dünya çempionatlarından fərqli və daha prestijli yarışdır. Mariya dəfələrlə Avropa çempionu olub. Medal kolleksiyasında dünya çempionatının qızılı da var. O, 3-cü dəfə Olimpiadada iştirak edirdi. Pekində bürünc, Londonda gümüş qazanmışdı. Sanki pillə-pillə qızıla yaxınlaşırdı. Hamı inanırdı ki, o Rioda arzusuna çatacaq. Şansları çox idi. Hər bir idmançı hamıdan çox uğur qazanmaq istəyir. Saniyələr qalmış artıq onun çempion olduğunu düşünürdük. Amma hər saniyənin öz hokum var. İdmançı hakimin final fitinədək qətiyyən arxayınlaşmamalıdır. Maşa yenidən Olimpiadaya qatılıb, qızıl medal qazana bilər.

 

- İki dəfə Olimpiadanın finalında güləşmiş birisi kimi Toğrul Əsgərovun 2 qat olimpiya çempionu ola bilməməsini necə izah edə bilərsiniz. Ona nə çatmadı?

- İlk dəfə 1996-cı ildə Azərbaycan müstəqil ölkə kimi Olimpiadada iştirak etmişdi. Ulu öndərimiz Heydər Əliyev yolasalma mərasimində bizi təbrik etdi. 23 idmançı okeanın o tayında – ABŞ-da yarışacaqdı. Mərhum prezident artıq lisenziya qazanmaqla qələbə əldə etdiyimizi demişdi. İkinci qələbənin isə Olimpiya Oyunlarında medal qazanmaq olacağını söyləmişdi. Finala qədər heç bir rəqibə xal vermədim. Baxmayaraq ki, ilk dəfə Olimpiadada iştirak edirdim. Ona qədər Avropa çempionu olmuş, dünya çempionatının mükafatını əldə etmişdim. Olimpiadanın finalında Valentin Yordanovla üzləşdik. O, 7 qat dünya çempionu idi. Dəfələrlə Avropanın ən güclü güləşçisi olmuşdu. 3 dəfə Olimpiya Oyunlarında iştirak edirdi. Bir dəfə 3-cü yerə çıxmışdı. O zamanki FİLA rəhbərliyi və hakimlər ona böyük rəğbət bəsləyirdi. 37 yaşı var idi. Atlanta-1996 Yordanov üçün son yarış idi. Ona görə qeyd etdiyim insanlar bolqar güləşçinin xalçadan qalib ayrılmasını istəyirdi. Bu üzdən hakimlərin haqsızlığıyla üzləşdim. Nəticədə gümüş medal əldə etdim. Orda çempion olmalıydım. Amma bunu həmişə deyirəm, vətənə qayıdanda ulu öndərimiz məni qızıl medalçı kimi mükafatlandırdı. O da hakim ədalətsizliyi üzləşdiyimi və bunu unudub irəli baxmalı olduğumu söylədi. Mən də növbəti Olimpiadada qızıl medalı əldə edəcəyimə dair söz verdim. Çox əzab-əziyyətlərdən, ağır məşqlərdən keçdik. 1997-ci ildə İlham Əliyev MOK-un prezidenti seçildi. Bundan sonra Olimpiadaya daha yaxşı şəraitdə hazırlaşdıq. İdmana diqqət və qayğının nəticəsində Sidney-2000-də 2 qızıl, 1 bürünc medal qazandıq. Zemfira Meftahətdinova və mən olimpiya çempionu olmuşdum. Vüqar Ələkbərov isə 3-cü yeri tutmuşdum. Toğrul Rio-2016-da ikiqat olimpiya çempionu ola bilərdi. Əsgərovun tarix yazması üçün hər bir şərait yaradılmışdı. Yarımfinaladək çox yaxşı güləşdi. Finalın bir addımlığında son dünya çempionu, Avropa Oyunlarının finalında məğlub etdiyi italiyalı rəqibini məğlub edərək finala vəsiqə qazandı. Artıq düşünürdük ki, Toğrul ən güclü rəqibinə qalib gəlib. 60 faiz çempion olduğunu düşünürdük. Yenə deyirəm, Olimpiada sürprizlərlə doludur. Bir anlıq boşalmaq, arxayınlaşmaq olmaz. Sona kimi mübarizə aparmaq lazımdır ki, qızıl medal qazanasan. Toğrul xalçaya da inamlı çıxmışdı. Əsgərovun rusiyalı güləşçiylə çox zəif güləşməsi bizi məyus etdi. Daha sonra bildik ki, Toğrul üz nahiyyəsindən görüşün əvvəlində zədə alıbmış. Özü dedi ki, mən heç nə görmürdüm, heç nə hiss eləmirdim. Toğrul gərək dərhal həkimə müraciət edəydi. Həm mən, həm Fərid Mansurov ona söylədik ki, zədə vardısa, bunu bildirməliydi. Yəqin ki, özündə olmayıb. Amma onu da qeyd edim ki, olimpiya çempionu olduqdan sonra yenidən finala çıxmaq da böyük nəticədir. Gənc yaşda Olimpiadada qızıl və gümüş medal qazanmaq yüksək göstəricidir. Onun hələ Tokio Olimpiadasında, qarşıdakı dünya və Avropa çempionatlarında sözünü deyəcəyinə inanıram.

 

- Hacı Əliyev 12 kq çəki salaraq 57 kq-da güləşdi. Sizcə o əvvəlki çəkisinə qayıtmalıdır, yoxsa elə ən yüngül çəkidə qalmalıdır?

- Elə idman növləri var ki, çəkisalma mütləqdir. Hər kəs öz kateqoriyasındakı rəqibləri çox yaxşı tanıyır. Zəif və üstün tərəflərini bilir. Bir neçə ildi ki, sərbəst güləşdə ən yüngül çəkidə problemlərlə üzləşirik. Pekin Olimpiadasında medal qazana bilmədik. London Olimpiadasına isə ümumiyyətlə, ən yüngül çəkidə lisenziya əldə olunmadı. Bilirsiz ki, Hacı Əliyev həmişə 61 kq-da 2 qat dünya və 1 dəfə Avropa çempionu olub. Müəyyən yarışlarda isə bir çəki yuxarıda özünü yoxlayıb. Mircəlal Həsənzadə 57 kq-da lisenziya qazandı. Ancaq AGF rəhbərliyi belə qərara gəldi ki, ən yüngül çəkidə Hacı Əliyev Olimpiadada iştirak etsin. Çünki onun Rio-2016-da medal qazanmaq şansları daha real idi. Güclü güləşçilərə müqavimət göstərmək gənc Mircəlal üçün asan olmayacaqdı. Bunu nəzərə alan məşqçilər korpusu və federasiya rəhbərliyi Əliyevə üstünlük verdi. Hacı da müsahibələrində deyib ki, çox çəki saldım. Biz özümüz də görürdük ki, necə çətinliklə çəki salır. Onun 12 kq çəki salması elə bir qalibiyyət idi. Onun gücünün bərpası üçün həkimlər əlindən gələni etdi. Gürcü güləşçi 57 kq-da sözünü demiş pəhləvan idi. Ancaq Hacı sonradan bu kateqoriyaya keçmişdi. Gərgin keçən görüşdə Əliyev 3:4 hesabıyla uduzdu. Hacının da qələbə qazanmaq şansları var idi. Təəssüf ki, çəki amili öz gücündən tam istifadə etməyə imkan vermədi. Buna baxmayaraq bürünc medal qazanması yüngül çəkidə ənənəyə qayıdışı demək idi. İnanmıram ki, qarşıdakı yarışlarda 57 kq-da qalsın. Yəqin ki, yenə 61 kq-da güləşəcək. Tokio Olimpiadasında bəlkə başqa çəkidə çıxış edəcək. Yekun qərarı özü verəcək. Hacı Əliyevə arzu edirəm ki, növbəti Olimpiadada boynundan qızıl medal assın.

 

- Xetaq Qazyumovun hazırda 33 yaşı var. Karyerasını bitirib-bitirməyəcəyinə hələ qərar verməyib. Sizcə o 37 yaşında olimpiya çempionu ola bilər? Yoxsa karyerasını bitirməsi məsləhətdi?

- O çox təcrübəli güləşçimizdir. 3 dəfə Olimpiadada iştirak edib. Mənim fikrimcə, güləşdə yaş amili ciddi rol oynamır. Formada olan, rejimə əməl edən idmançı üçün yaş fərqi yoxdur. Hər kəs öz gücünü nəzərə alıb, hara qədər davam edə biləcəyini müəyyənləşdirir. Amma mən 37 yaşı o qədər də böyük yaş hesab etmirəm. Bayaq qeyd etdiyim kimi, 1996-cı ildə Yordanovun 37 yaşı var idi. O zaman mənim 25 yaşım vardı. Yekun qərarı özü və şəxsi məşqçisi verəcək. Təbii, biz istərdik ki, Xetaq karyerasını davam etdirsin. Belə səviyyədə çıxış etsə, Tokioda olimpiya çempionu ola bilər. Qazyumov elə səviyyəli güləşçidir ki, ondan hər zaman yüksək əyarlı medal gözləmək olar. Rioda finalda amerikalı rəqibinə cəmi 1 xal fərqlə uduzdu. Amma onu da qeyd edim ki, bundan öncəki beynəlxalq turnirdə Xetaq ona qalib gəlmişdi. Olimpiadanın psixoloji məqamları fərqlidir. Hər görüş final ab-havasında keçir. 205 ölkədən seçilmiş idmançılar Olimpiya Oyunlarında iştirak edir. Maksimum 21 güləşçi mübarizə aparır. Ona görə də çox çətin görüşlər keçir. İnanıram ki, Xetaq istəsə, növbəti Olimpiadaya qatıla və hətta çempion ola bilər.

 

 - Bir çoxları Riodakı hakimlikdən narazı qaldı. Bu haqda nə deyə bilərsiniz?

- Bütün yarışlarda hakim haqsızlığı olur. Hakimlərin hamısı eyni fikirləşmir. Onların fikirlərii və təcrübələri fərqlidir. Olimpiya Oyunlarına seçilmiş hakimlər gəlir. Ən səviyyəli hakimlər Olimpiadaya dəvət olunur. Amma buna baxmayaraq, yenə də hakim səhvləri baş verir. Mən özüm də dəfələrlə haqsızlıqla üzləşmişəm. Boksçumuza qarşı da finalda haqsızlıq oldu. Çempionluq Lorenso Sotomayorun haqqı idi. Hakim amili çox çətin məsələdir. Bu Olimpiadada da hakim səhvləri çox oldu. Amma idmanda belə hallar olur. Dəfələrlə güləşçilərlə görüşəndə deyirəm ki, yarışa elə hazırlaşmaq lazımdır ki, hakimləri də üstələyəsən. İdmançılarımız da bunu təsdiqləyir. Elə güləşməlisən ki, hakimə səhv etməyə imkan olmasın. Bəzən 1 xalın, 1 xəbərdarlığın yekun nəticəyə təsiri olur. Ona görə də yarışlara maksimum dərəcədə hazırlaşmaq lazımdır ki, rəqibləri aşkar üstələyəsən. Hakim səni uduzdura bilməsin. (Ardı var)

Hacı Mərdan 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right