Uğurlu gələcək vəd edən qadın güləşimiz Layihə

Əksər idman növləriylə kişilərlə yanaşı, qadınlar da məşğul olur. Dünyanın ən qədim idman növlərindən biri olan güləş də bu baxımdan istisna deyil. Ancaq qadın güləşi 20-ci əsrin sonlarına yaxın yaradılıb. İlk dəfə ABŞ-da qadınlar güləşlə məşğul olmağa başlayıb. Sonradan dünyanın bir çox ölkələrində qadın güləşçilər yetişib. Hazırda güləşin bu növündə yaponlar aşkar dominantlıq edir. Onu da qeyd edək ki, qadınlar sərbəst güləşdə mübarizə aparır. Yunan-Roma güləşi daha ağır mübarizə şəraitində keçdiyindən qadın güləşi sırf sərbəst güləşdən ibarətdir.

Tarixə nəzər salarkən...

İlk dəfə qadın güləşçilər arasında dünya çempionatı 1987-ci ildə Norveçdə keçirilib. Növbəti mundial 2 il sonra İsveçrədə baş tutub. Bundan sonra 2003-cü ilədək hər il bu yarış təşkil olunub. Bunların 11-də Yaponiya komanda hesabında birinci yeri tutub. Rusiya 2 dəfə, Norveç, ABŞ və Çin isə hərəyə bir dəfə bütün rəqiblərini qabaqlayıb. 2005-ci ildən FİLA (hazırki adıyla UWW) güləşin bütün növləri üzrə vahid dünya çempionatı keçirilməsi qərarını verib. Qadın güləşi 2004-cü ildən Olimpiadanın proqramına salınıb. Afina, Pekin və London Olimpiya Oyunlarında qadınlar 4 çəkidə (48, 55, 63, 72 kq) mübarizə aparıb. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyi prinsipini əldə tutaraq güləşin hər 3 növündə Olimpiadada 6 kateqoriya üzrə medalların paylanması qərarını verib. Bu səbəbdən Rio-2016-da qadınlar 48, 53, 58, 63, 69 və 75 kq-da çıxış etdi.

Mariya Stadnikin iziylə...

Azərbaycanda qadın güləşi deyəndə ağıla ilk gələn sima Mariya Stadnikdir. 2007-ci ildə “milliləşdirilən” güləşçi qazandığı uğurlarla yüzlərlə yeniyetmə qızda bu idman növünə maraq oyadıb. Bu gün güləşlə məşğul olan əksər qızlarımız məhz onu özünə kumir seçərək xalçaya çıxıb. Stadnikin cəmi 28 yaşı var. Amma bu yaşda belə o qədər uğur qazanıb ki... Ukraynadan ölkəmizə gətirilən Mariya 2008-ci ildən ölkəmizə medallar qazandırır. Həmin il Avropa çempionu olan Stadnik Pekin Olimpiadasında bürünc medal qazandı. 2009-cu ildə Həm Avropa, həm də dünya çempionu oldu. Analıq məzuniyyətinə çıxdığından 2010-cu ildə yarışlara qatılmadı. Amma böyük fasilə onu tempdən sala bilmədi. Əsl peşəkarlıq nümunəsi olan Mariya 2011-ci ildə Avropa çempionu olmaqla yanaşı, dünya çempionatında 2-ci yeri tutdu. Bir il sonra London Olimpiadasında finala kimi irəlilədi. Əfsanəvi güləşçi Hitomi Obaranı ilk hissədə 4:0 üstələyən Mariya növbəti hissələrdə rəqibinə uduzaraq gümüş medalla kifayətləndi. Həmin Olimpiya Oyunlarından sonra Stadnik 2-ci dəfə ana oldu. Amma bu məqam da onun karyerasını axsatmadı. Son iki Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Mariya 2014-cü ildə Daşkənddə keçirilən dünya çempionatında bürünc, ötən il Las-Veqasda baş tutan mundialda isə gümüş medal qazandı. Stadnik bir neçə gün əvvəl başa çatmış Olimpiadada isə cəmi 3 saniyənin qurbanı oldu. Belə ki, yapon Eri Tosakayla görüşdə son saniyələrdə üstünlüyü itirən güləşçimiz yenə olimpiya qızılını əldən verdi.

Titullu qadın güləşçilərimizdən biri də Yuliya Ratkeviçdir. O, 2009-cu ildə dünya çempionatında 59 kq-da qızıl medal qazandı. Bir il sonra 55 kq-da dünya 2-cisi oldu. 2011-ci ildə isə 59 kq-da Avropa çempionluğunun sevincini yaşadı. London Olimpiadasında bürünc medalı boynundan asan Ratkeviç 2013-cü ildə dünya 3-cüsü oldu. 2014-cü ildə mundialda “gümüş”ə sevinən Yuliya ötən il analoji yarışdan “bürünc”lə qayıtdı. Təcrübəli güləşçi Rio-2016-da fərqlənə bilərdi. Ancaq Ratkeviç son saniyələrdə bürünc medalı əldən verdi.

Gələcək etibarlı əllərdədir Yeniyetmə güləşçilərimiz 2010-cu ildə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa çempionatında ilk dəfə iştirak edən yeniyetmə qızlarımız 1 qızıl (Kəmalə Əliyeva (49 kq)) və 1 bürünc (Fərəh Rəsulova (56 kq)) medal əldə etdi. Həmin il ilk dəfə keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilərimiz yüksək nəticə göstərdi. Sinqapurda keçirilən Olimpiadada zərif cinsin nümayəndələrindən Patimat Baqomedova (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bir il sonra Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında Raqnetta Qurbanzadə (65 kq) “gümüş”ü, Şəfəq Muradzadə (49 kq) isə “bürünc”ü boynundan asdı. 2011-ci ildə Macarıstanda təşkil olunan yeniyetmələrin dünya çempionatında Sahilə Ələkbərova (38 kq) üçüncü yeri tutmaqla diqqətləri üzərinə çəkdi. 2012-ci ildə Polşanın Katovitse şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında Almaz İsmayılova (52 kq) və Raqnetta Qurbanzadə (65 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətləndi. Həmin yarışda Sahilə Ələkbərova (40 kq) və Arzu Əliyeva (46 kq) bürünc medalla təsəlli tapdı. Həmin il yeniyetmələrin dünya çempionatı Bakıda keçirildi. Gözlənildiyi kimi, güləşçilərimiz doğma xalça üzərində uğurlu çıxış etdi. Səbirə Əliyeva (70 kq) dünya çempionu olaraq azarkeşləri sevindirdi. Türkan Nəsirova (43 kq) gümüş, Raqnetta Qurbanzadə (65 kq) isə bürünc medalı hesabına yazdı. Komanda hesabında ölkəmiz Yaponiya (66 xal), Rusiya (63) və Ukraynadan (57) sonra 57 xalla 4-cü oldu. Ukrayna ilə eyni miqdarda xal toplayan yığmamız əlavə göstəricilərə görə 4-cü yeri tutdu. 2013-cü ildə Monteneqronun Bar şəhərində yeniyetmələrin Avropa çempionatı baş tutdu. Türkan Nəsirova (43 kq) üçüncü yeri tutmaqla növbəti dəfə perspektivini büruzə verdi. Həmin Serbiyanın Zrenyanin şəhəri bu yaş qrupu üzrə dünya çempionatına qucaq açdı. Bu dəfə Ləman Qurbanova (52 kq) dünya 3-cüsü oldu. 2014-cü ildə Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatı yığmamız üçün daha uğurlu keçdi. Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu oldular. Yekunda ölkəmiz 39 xalla Ukrayna (84), Rusiya (78), Polşa (59) və Almaniyadan (51) sonra ilk “5-liy”i qapadı. Həmin il Slovakiyanın Snina şəhərində yeniyetmələrin dünya çempionatı baş tutdu. Bu dəfə 49 kq-da çıxış edən Leyla Qurbanova “gümüş”ə, 46 kq-da mübarizə aparan Türkan Nəsirova isə “bürünc”ə sevindi. 2014 həm də Çinin Nanyinq şəhərində təşkil olunan 2-ci yeniyetmələrin Olimpiya Oyunlarıyla da əlamətdar oldu. Uzaq Şərqdə Leyla Qurbanova finala kimi irəlilədi. Həlledici görüşdə yapon Mayu Mukaydaya uduzan həmyerlimiz gümüş medalla təsəlli tapdı. Ötən il Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında Zelfira Ələkbərli (38 kq) gümüş, Aynur Camalova (43 kq) bürünc medal qazandı.

Bosniya və Herseqovinada keçirilən növbəti dünya çempionatında Leyla Qurbanova (52 kq) növbəti dəfə bütün rəqiblərindən güclü oldu. Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (43 kq) bürünc medal əldə etdi. Leyla gənclərin dünya çempionatında da iştirak etdi. Bir ayda iki dünya çempionatında iştirak edən Qurbanova hər iki sınaqdan üzüağ çıxdı. Qurbanova bu dəfə yapon rəqibinə də aman vermədi. Sevindirici haldı ki, Türkan Nəsirova (44 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxdı və o da yaponiyalı rəqibindən güclü oldu. Raqnetta Qurbanzadə (63 kq) və Səbirə Əliyeva (72 kq) gümüş, Elis Manolova (67 kq) isə bürünc medal qazandı. Braziliyadakı mundialda əldə edilən bu 5 medal komanda hesabında 47 xalla Yaponiyadan (63) sonra dünya 2-cisi olmağa imkan verdi. Bu ilə gəlincə, hələ ki ilk ciddi yarış İsveçin paytaxtı Stokholmda keçirilən yeniyetmələrin Avropa çempionatı olub. Gümüş medal qazanan Jalə Əliyeva (49 kq) əla güləş texnikasıyla gələcək adına ümid bəxş edib. Həm Əliyeva, həm Qurbanova, həm Nəsirova bir müddət sonra əsas yığmanın şərəfini qoruyacaq. Bir sözlə, milli tədricən güclü yerli güləşçilərdən qurulacaq. Kim bilir, bəlkə də adlarıçəkilənlərdən biri və ya bir neçəsi Tokio-2020-də ölkəmizi təmsil edəcək. Sonda qeyd edək ki, sentyabrın 1-2-də gənc qızlarımız Fransada keçiriləcək dünya çempionatında qüvvələrini sınayacaqlar. Xalçada Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) məharətini göstərəcək.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right