Saypulla Absaidov: “Rəqiblər bizdən çəkinir”

Olimpiya Oyunlarında iştirak edən nümayəndə heyətimiz vətənə qayıdıb. Newsport.az-ın məlumatına görə, Heydər Əliyev adına Hava Limanında sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Saypulla Absaidov jurnalistlərin suallarını cavablandırıb.

- Güləşçilərimizin Rio-2016-dakı çıxışını necə dəyərləndirirsiniz?

– Azərbaycan güləşçiləri hər zaman Olimpiadada yüksək səviyyədə çıxış edib. Hər zaman bu idman növü bir nömrə olub. Ona görə də hər kəs güləşdən yüksək nəticə, bir neçə qızıl medal gözləyir. Əslində pis çıxış etmədik. 9 medal heç də zəif nəticə deyil. Nəzərə alaq ki, 14 güləşçidən 9-u fəxri kürsüdə yer aldı. Yeganə mənfi cəhət bu dəfə güləşçilərdən heç birinin qızıl medal qazana bilməməsi oldu. Bunu oturub araşdıracağıq. Səhvlərimizin üzərində işləməliyik.

- Toğrul Əsgərovla müqayisədə Xetaq Qazyumov olimpiya çempionu olmağa daha yaxın idi. Ancaq təcrübəli pəhləvan finalda daha çox müdafiəyə fikir verdi. O qədər hücuma meyil göstərmədi. Bu sizin tapşırığınız idi?

– Bunla bağlı dəqiq fikir söyləmək çətindir. Onun çıxışını təhlil edəcəyik.

– Ümumi baxanda nəticədən razısınız?

– Bəli, razıyam. 6 yığma üzvündən 5-nin medal qazanması heç də pis göstərici deyil. Bu da Azərbaycan güləşinin səviyyəsindən, potensialından xəbər verir. Rəqiblər bizdən çəkinir. Bunu qətiyyətlə söyləyirəm.

– 5 medal qazanacağınızı proqnozlaşdırırdınız?

– Kaş ki ən azı bir medal qazanardıq. Bir qədər bəxtimiz gətirmədi.

– Cəbrayıl Həsənova finala yüksəlməyə nə mane oldu?

– O çəkisinin liderlərindən sayılır. Yarımfinalı uğurla keçsəydi, sizi əmin edirəm ki, finalda iranlı güləşçiyə də qalib gələcəkdi. Sadəcə, yarımfinalda cüzi idman xoşbəxtliyi çatmadı.

– 4:0 irəlidə olduğu görüşdə uduzdu...

– Bunu psixoloji amillərlə bağlayıram. O, funksional, texniki və taktiki cəhətdən hər şeyi etdi. Bir daha deyirəm, çatışmamazlıqları təhlil edib, qiymətləndirəcəyik. Çalışacağıq ki, gələcəkdə eyni səhvləri təkrarlamayaq. Görünür, psixoloji cəhətdən daha çox işləmək lazımdır.

- Toğrul deyir ki, final görüşünün əvvəlində almacıq sümüyündən zərbə aldı...

- Bəli, ilk dəqiqədə bu baş verdi. Bundan sonra öz güləşini göstərə bilmədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right