Monqolları "soyunduran" hakim Newsport.az-a danışdı Layihə

Rio Olimpiadasında ölkəmizi təkcə idmançılar yox, həm də 3 hakim təmsil etdi. Onlardan ən məşhuru güləş hakimi Hicran Şərifov idi.

Newsport.az-ın məlumatına görəo, 3-cü dəfə Olimpiadada ədaləti qoruyan ilk hakimimizdi.

Olimpiya komandamızla birgə vətənə qayıdan Şərifov newsport.az saytına danışdı. Hicran bəy idmançılarımızın çıxışını çox uğurlu sayır: "Türkiyə kimi böyük ölkə cəmi 7 medal qazandı. Azərbaycan isə 18 medalla dünyada 15-ci yeri tutdu. Bu bir daha ölkədə idmana qayğının yüksək səviyyədə olduğunu göstərir. İnanıram ki, Tokioya 100-dən artıq idmançıyla yollanacağıq. Medallarımızın sayının da 30-a çatacağını düşünürəm".

Təcrübəli referi Rioda maraqlı vəziyyətlə üzləşdi. Belə ki, onun idarə etdiyi görüşdə monqol güləşçi və məşqçiləri narazılıq etdi. Buna səbəb Şərifovun özbək güləşçiylə görüşdə mübarizədən yayındığı üçün monqol güləşçini cəzalandırması oldu. Qərardan narazı qalan Monqolustanın məşqçiləri paltarlarını soyunub döşəyə atdılar.

Hicran bəy qalmaqallı qarşılaşma haqqında bunları dedi:

"Olimpiadada şəffaf hakimlik idi. Görüş maraqlı mübarizə şəraitində keçdi. Hər iki güləşçi güclüydü. Gah bu, gah da digəri xal alırdı. Hesab 6:6 olanda özbəklərin etirazı qəbul olunmadığından monqola 1 xal verildi. Bundan sonra monqol güləşçi sevinərək qaçmağa başladı. Qaydalara uyğun olaraq ona xəbərdarlıq etdim. İngiliscə "dayan, ehtiyatlı ol, qaçma" desəm də, xəbərdarlığıma məhəl qoymadı. Bu üzdən sona 2 saniyə qalmış rəqibinə 1 xal verdim. Bu qərar da yekdilliklə qəbul olundu. Qələbə özbəyə verildi. Monqollar uduzduqlarını anlamışdılar. Ancaq paltarlarını soyunurdular ki, bəlkə qələbə onlara verilər. Bunun üçün hər yola əl atırdılar. Həmin güləşçi erkən sevinməklə səhvə yol verdi. Amma bu uşaq oyunu yox, Olimpiya Oyunlarıdır. Kiçik səhv böyük itkiylə nəticələnə bilər. 3-cü dəfə Olimpiadada hakimlik edirəmsə, deməli zəif hakim deyiləm. İradəmi göstərməliydim. Monqolları bu hərəkətlərinə görə ciddi cəza gözləyir. Bəlkə də bir neçə illik yarışlardan uzaqlaşdırıldılar".

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right