Cəmşid Xeyrabadinin iddialı komandası Layihə

Beləliklə, gözlənilən an gəlib çatdı. Bu günədək olimpiyaçılarımızdan yalnız ikisi medal qazanıbsa, qarşıdakı bir həftədə bu sayın xeyli artacağına şübhə yoxdur. Axı güləşçilərimiz Olimpiadada səhnəyə çıxacaq.

Mübarizəyə yunan-Roma güləşçiləri start verəcək. Bu gün 59 və 75 kq-da qaliblər müəyyənləşəcək. Sabah 85 və 130 kq-da ən güclünün kimliyi bilinəcək. Birisi gün isə 66 və 98 kq-da görüşlər keçiriləcək. Sərbəst güləşçilərin ardınca təqdimat növbəsi “klassiklər”ə çatdı. Cəmşid Xeyrabadinin komandası 5 güləşçiylə Rio-2016-ya qatılıb. Yalnız 98 kq-da lisenziya əldə edilməyib.

Sərbəst güləşdə olduğu kimi, yunan-Roma güləşində olimpiya çempionu olmağa real namizədlərimiz var. Onu da qeyd edək ki, müstəqillik qazandıqdan sonra Olimpiadalarda güləşin bu növündə 5 medal qazanmışıq.

Rövşən Bayramov

Yunan-Roma güləşi üzrə yığmamızın 3-cü dəfə Olimpiadada iştirak edəcək yeganə nümayəndəsidi. Onun böyüklər arasında uğurları 2006-cı ildən başlayıb. Həmin il Avropa üçüncüsü olan Bayramov dünya çempionatında gümüş medal qazanıb. Bir il sonra Rövşən Avropa çempionu oldu. 2008 də onun üçün yaddaqalan il sayıla bilər. Növbəti dəfə qitənin ən güclüsü ünvanını qazanan güləşçimiz Pekində ilk dəfə Olimpiada həyəcanı yaşamasına baxmayaraq gümüş medal qazandı. Ancaq Bayramov bu medala razı deyildi. Rusiyalı Nazir Mankiyevə finalda uduzan Rövşənin mükafatlandırma mərasimində axıtdığı göz yaşları hələ də yaddaşımızdan silinməyib. Bir il sonra dünya çempionatında 3-cü yeri tutan pəhləvanımız 2011-ci ildə Türkiyədə təşkil olunan mundialın qalibi oldu. London Olimpiadasında da Bayramovun hesabına yazılan medalın əyarı “gümüş” idi. Bu dəfə həlledici görüşdə Rövşəni “qızıl”dan məhrum edən onun ən prinsipial rəqibi Həmid Suryan (İran) oldu. Olimpiya Oyunlarından sonra FİLA rəhbərliyi dəyişdi. Qurumun adı Dünya Güləş Birliyi (UWW) oldu və çoxlu islahatlar həyata keçirildi. İlk növbədə çəkilərə əl gəzdirildi. Nəticədə Bayramovun çıxış etdiyi 55 kq 59 kq-la əvəzləndi. Bir çoxları kimi Rövşən də yeni kateqoriyaya uyğunlaşmaqda çətinlik çəkdi. Maraqlıdı ki, ilk Avropa Oyunlarının ulduz elçilərindən biri olsa da, Bakı-2015-də iştirak etmədi. Buna səbəb sınaq xarakteri daşıyan görüşdə gənc Elman Muxtarova uduzmasıydı. Nəhayət, 59 kq sindromunu son dünya çempionatında “gümüş” qazanmaqla qırdı. Bu Olimpiadaya sonuncu yarış gözüylə baxan 29 yaşlı güləşçimizin Rio-2016-da 5 ciddi rəqibi var. Bunların başında heç şübhəsiz son olimpiya və 6 qat dünya çempionu Həmid Suryan gəlir. ABŞ-da keçirilən mundialın finalında Bayramova qalib gələn İsmayıl Borrero (Kuba) isə 2-ci ən ciddi rəqibdi. Həmçinin Yun Von-çol (Şimali Koreya), Almat Kebispayev (Qazaxıstan) və Elmurat Taşmuradov (Özbəkistan) da çempionluğa iddialıdı. Bu çəkidə 19 güləşçi yarışacaq.

Rəsul Çunayev

O, olimpiya çempionu olmağa ən real namizədlərdən sayılır. 25 yaşlı güləşçi 2014-cü ildən parlamağa başlayıb. Həmin il Avropa çempionatında gümüş, dünya çempionatında bürünc medal qazanan balakənli idmançının mundialın 3-cü yer uğrunda görüşündə erməni Varşam Boranyanı cəmi 21 saniyəyə məğlub etməsi onu birə beş sevdirdi. Bir qayda olaraq sevincini avar rəqsi və əsgər salamıyla qeyd edən Çunayev 2015-ci ildə daha parlaq çıxış etdi. Yunan-Roma güləşi üzrə yığmamızın Tehranda baş tutan Dünya Kubokunu qazanmasında Rəsulun da rolu vardı. Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Çunayev sentyabrda 71 kq-da dünyanın ən güclüsü oldu. Bu kateqoriya qeyri-olimpiya çəkisi olduğundan Türkiyədə keçirilən lisenziya turnirinə 66 kq-da qatıldı. Yarışı birnəfəsə başa vuran Rəsul bu çəkidə ölkəmizi Olimpiadada təmsil etmək hüququ qazandı. Bu isə ötən Oliimpiya Oyunlarında çıxış etmiş Həsən Əliyevin “ofsayd”a düşməsi demək idi. Çunayev əla texnikaya sahibdi. Müdafiədə bir qədər diqqətli olsa, Rioda istənilən rəqibini məğlub edə bilər. Alman Frank Ştebler, koreyalı Ryu Han-su, serb Davor Ştefanek, rus Artyom Surkov, iranlı Omid Noruzi və macar Tamaş Lorints 66 kq-ın güclü simalarıdı. Bu kateqoriyada da 19 pəhləvan iştirak edəcək.

Elvin Mürsəliyev

28 yaşlı güləşçi böyüklər arasında ilk ciddi uğurunu 2010-cu ildə əldə edib. Həmin il Bakıda keçirilən Avropa çempionatının gümüş medalını qazanan Mürsəliyev uzun müddət diqqətdən kənarda qalıb. Xeyrabadinin dövründə parlayan Elvin 2014-cü ildə həm Avropa Çempionatının, həm də dünya çempionatının “bürünc”ünü boynundan asıb. Ötən il Avropa Oyunlarının qalibi olan pəhləvanın şanslarını yüksək dəyərləndirə bilmərik. Çünki 75 kq-da ən azı 9-10 iddialı güləşçi var. Onlardan Roman Vlasov (Rusiya), Mark Madsen (Danimarka), Endi Bisek (ABŞ), Səid Abdevali (İran), Kim Hyeon-Vu (Koreya), Zurab Datunaşvili (Gürcüstan), Peter Baçi (Macarıstan), Arsen Culfalakyan (Ermənistan) və Selçuk Çebini (Türkiyə) daha çox fərqləndirmək olar. Mürsəliyevin bu gərgin rəqabətdə 3-cü yer uğrunda mübarizə aparacağını söyləyə bilərik. Orta çəkidə 20 güləşçi çıxış edəcək.

Saman Təhmasibi

2006 və 2007-ci ildə İran yığmasının tərkibində dünya 3-cüsü olub. 2007-ci ildə Asiyanın ən güclüsü ünvanını qazanan Təhmasibi bir müddət sonra “milliləşdirildi”. London-2012-də gürcü Vladimir Qeqeşidze onun debütünü korladı. Xeyrabadinin gəlişindən sonra əl-qolu açıldı. Maraqlıdı ki, indiyədək Avropa çempionatlarında fəxri kürsüyə qalxa bilməyən Saman 2013 və 2014-cü ildə dünya ikincisi, ötən il isə dünya üçüncüsü oldu. 31 yaşlı güləşçinin finaladək irəliləmək perspektivi real görünməsə də, “bürünc” əldə edə bilər. 85 kq-da Yan Belenyuk (Ukrayna), Rüstəm Assakalov (Rusiya), Həbibullah Axlaqi (İran) və Viktor Lorints (Macarıstan) arzuolunmaz rəqiblərdi. Bu kateqoriyada 21 pəhləvan yer alıb.

Sabah Şəriəti

Xeyrabadinin yığmaya gəlişindən sonra “milliləşdirilib”. Cəmşid bəy yetirməsinin böyük perspektivi olduğunu söyləsə də, hələ ki 130 kq-da çıxış edən güləşçi yalnız Avropa Oyunlarında gümüş medal qazanıb. İndiyədək nə dünya, nə də Avropa çempionatlarında fəxri kürsüyə qalxıb. Bu çəkidə əsas favorit Türkiyənin bayraqdarı Rza Kayaalpdı. Kubalı Mixain Lopes isə ardıcıl 3-cü dəfə olimpiya çempionu olmağa çalışacaq. Ən ağır çəkidə ukraynalı Aleksandr Çernetski, rusiyalı Bilal Maxov, qazax Nurmaxan Tinaliyev, eston Heiki Nabi və isveçli Yohan Euren də medallar uğrunda mübarizə aparacaq. Bu kateqoriyadakı 19 pəhləvan döşəyə çıxacaq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right