“Bu, mənim ən yadda qalan ad günüm oldu” - Hicran Şərifov Layihə

Bu gün güləş ictimaiyyətinin tanınmış siması, Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, əmakdar məşqçisi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakimi, idman ustası, polis polkovnik-leytenantı Hicran Şərifovun 51 yaşı tamam olur.

1965-ci ildə Bakının Əmircan qəsəbəsində doğulan Hicran müəllim 1982-ci ildə burdakı 9 illik 97№-li, sonra isə 11 illik 114 №-li orta məktəbi, 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib. 1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərir. 26 noyabrın 2015-ci il tarixində Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) tanınmış güləş hakimi, əməkdar idman xadimi Hicran Şərifovun 50 illik yubileyinə həsr olunmuş “Zəhmətlə zəfərə doğru” kitabının təqdimat mərasimi keçirilib.

Güləş üzrə Avropa, Dünya çempionatlarında, 2008 Yay Olimpiya Oyunları və 2012 Yay Olimpiya Oyunlarında Azərbaycanı hakim kimi təmsil edib. Bu sahədəki xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilib. 2012 Yay Olimpiya Oyunlarında "Ən yaxşı hakimi" seçilərək "Qızıl Fit" mükafatına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülüb. 1999-cu ildən “Neftçi" İdman Sağlamlıq Mərkəzində müəllim vəzifəsində işləyir. Eyni zamanda "Cəngi" GK-da məşqçi-müəllim vəzifəsində çalışır. Onun ən tanınmış yetirməsi ikiqat olimpiya medalçısı Rövşən Bayramovdur.

5 övlad sahibi Hicran müəllim newsport.az saytına açıqlamasında ad gününü necə keçirdiyini söylədi:

“Həmişə ad günlərim yüksək səviyyədə keçib. Uşaqlığımdan belə olub. Ötən il 50 illik yubileyimi qeyd etdim. Bu, mənim ən yadda qalan ad günüm oldu. Milli Olimpiya Komitəsi bu münasibətlə mənim haqda kitab yazdı. Kitabın yüksək səviyyədə təqdimatı oldu. Artıq iyulun 30-dan ad günümü qeyd etməyə başlamışam. Həmin gün polis işçiləriylə bir məclisdə oturub, ad günümü qeyd etdik. Çoxlu hədiyyələr almışam (gülür). Proses hələ davam edir. Bu gün axşam olimpiyaçıların yolasalma mərasimi keçiriləcək. Ona görə də 10-un yarısı hava limanında olacam. Ona görə də axşam məclis olmayacaq. Sabah ailəmlə birgə şimal bölgələrinə istirahətə yollanacağıq. İsmayıllı, Qəbələ, Qax, Zaqatala və Balakəndə dincələcəyik. Bir sözlə, 5-6 gün ailəmlə birgə ad günümü bölgələrdə qeyd edəcəyik. Bu bir növ yay gəzintisi olacaq.İstirahətdən sonra Olimpiadaya yollanacaq, orada ölkəmizi hakim kimi təmsil edəcəyəm".

Xatırladaq ki, Hicran Şərifov 2008, 2012-ci il Olimpiya Oyunlarında da ölkəmizi hakim kimi təmsil edib. Rio Olimpiadası Hicran müəllimin 3-cü dəfə hakimlik edəcəyi ən böyük idman tədbiri olacaq. Bu mötəbər yarışda bütün idmançılarımıza, o cümlədən hakimlərimizə də uğurlar arzulayırıq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 







Digər albomlar




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right