“Atasport” – Azərbaycan güləşini irəli aparan klub Layihə

İdman növləri arasındakı fərqlər çox olsa da, onları ümumi oxşar cəhəti demək olar ki, hamısının eyni sistem üzrə fəaliyyət göstərməsidir. Ümumi sistemin əsas cəhətlərindən biri də fərdi və komanda növündən asılı olmayaraq, idmançıların bir qayda olaraq klublarda cəmləşməsidir. Məhz klubların heyətindəki çıxışları vasitəsilə idmançılar ölkədaxili yarışlarda özlərini göstərməklə yığmanın qapısını üzlərinə açırlar. Əsas komandaya düşmək isə avtomatik olaraq beynəlxalq yarışlarda iştirak anlamına gəlir.

 

Güləş idman növündə də sistem məhz bu cür qurulub. Həm paytaxtda, həm də digər şəhər və rayonlarda fəaliyyət göstərən klublar, cəmiyyətlər və Uşaq-Gənclər İdman Məktəblərinin güləş bölmələrində üzə çıxan idmançılar öz komandalarının heyətində ölkədaxili yarışlarda bir-biriylə ciddi rəqabət fonunda uğur qazanmağa çalışır. İlboyu çəkilən əziyyətin, ağır məşqlərin qarşılığını isə həm məşqçi, həm də idmançı məhz bu cür yarışlarda almaq istəyir.

 

Bəs görəsən, hazırda ölkədə fəaliyyət göstərən klubların durumu necədi? Bu yazı üçün araşdırma apardığımız zaman SSRİ dövrü ilə müqayisədə bir çox müsbət və mənfi dəyişikliklərin ortaya çıxdığının şahidi olduq. İttifaq dönəmində komanda idman növlərini nəzərə almasaq, digər növlərdə klub anlayışı demək olar ki yox idi -  müxtəlif növləri özündə birləşdirən qurumlara cəmiyyət deyilirdi. Bu cəmiyyətlərin əksəriyyəti indi də fəaliyyət göstərsə də, bəziləri klub statusu alıb. Ancaq etiraf etmək lazımdı ki, keyfiyyət əvvəlki kimi deyil və bu da sırf maliyyələşmə ilə bağlıdır. Məsələn, SSRİ dönəmində “Dinamo” Daxili İşlər Nazirliyinin, MOİK Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərirdi. Bu siyahını bir xeyli uzatmaq da olar. Ancaq indi vəziyyət fərqlidir - düzdür, bu sistemlə fəaliyyət göstərən cəmiyyətlər indi də qalmaqdadır, amma özəl klubların sayının artması da danılmaz faktdır.

 

Reallıq budur ki, təkbətək idman növlərində klubların gəlir əldə etməsi çətindir. Bu futbol deyil ki, Çempionlar Liqasının qalibi olub, 10 milyonlarla vəsait qazanasan. Məhz bu üzdən də get-gedə bir çox klubların effektivliyi aşağı düşür. Hazırda “Neftçi”, “Zenit”, “Lokomotiv”, “Azəri”, “Gömrükçü”, “Təhsil”, MOİK, ROİL, “Olimp”, “Həyat”, “Cəngi”, “Xosrov Cəfərov”, “Nardaran”, “Məhsul”, “Bakı” və “Qəbələ” kimi klublarda güləş bölmələri fəaliyyət göstərir. Bunlardan “Həyat”, “Cəngi”, “Xosrov Cəfərov”, “Nardaran” kimi klublar sırf güləş üzrə ixtisaslaşıb. Ancaq adları çəkilənlər son vaxtlar ölkə güləşinin lider klubuna çevrilmiş “Atasport”la rəqabət aparmağa çətinlik çəkir. Çünki, ölkənin ən güclü güləşçilərinin əksəriyyəti məhz bu klubda cəmlənib.

Məsələ ilə bağlı mütəxəssis fikrini də öyrəndik. Veteran güləşçilərimiz Yaqub Məmmədov və Rafiq Hacıyev demək olar ki, eyni fikirləri səsləndirdilər. Onlar klubların hazırki durumundan gileylənməklə yanaşı, “Atasport”un fəaliyyətini nümunə kimi göstərdilər. “Lokomotiv” klubunun baş məşqçisi,əməkdar məşqçi Ramin Təyyaroğlu isə bunları dedi:

“Bölgələrdə Təhsil İdman Mərkəzinin də fəaliyyəti var, dövlət tərəfindən maliyyələşir İdmançılara az da olsa maaş veririr. Əvvəllər “Neftçi” güclü klub idi, amma indi xeyli zəifləyib. Əsas idmançılar “Atasport”dadı. Çünkü yığmanın əksər üzvləri "milliləşdirilən" idmançılardı. Qalan yerli idmançıların da hərəsi bir klubdan, rayondan üzə çıxıb. Bölgələrdə filialı olan klubların sayı çox azdı. Yalnız “Dinamo” və “Neftçi”nin adını çəkə bilərəm. Onların maliyyə dayağı isə dövlət qurumlarıdı. Başqaları isə özlərini dolandırır. Əvvəllər klublar yetirmələrinə maaş verirdi. Ancaq indiki vəziyyət buna imkan vermir”.

Azərbaycan Güləş Federasiyası üçün baza rolunu oynayan və daha çox federasiyanın nəzarəti altında olan “Atasport” həm də “milliləşdirilmiş” güləşçilər sayəsində rəqiblərini qabaqlaya bilir. Bəs Güləş Federasiyası klubların rolunu artırmaq, onları stimullaşdırmaq və yaranmış vəziyyətdən çıxmaq üçün nə etməlidir?

 

İlk növbədə ölkə çempionatında ilk 3 yeri tutan idmançılara olduğu kimi, 3-lükdə qərarlaşan komandalara da yaxşı pul mükafatı verilməlidi. Bundan başqa, beynəlxalq yarışlarda idmançısı nəticə verən kluba mükafat təsis edilməsi də stimullaşdırıcı fakt kimi qəbul edilə bilər. Həmçinin, beynəlxalq yarışların az olduğu dövrdə, yəni noyabr-fevral ayları aralığında komanda növlərində olduğu kimi, hər həftə klublararası yarış keçirmək də olar (turlar üzrə). Bu yarışda ilk 3 yeri tutan komandalara pul mükafatı da verilsə, o zaman daha gərgin mübarizənin gedəcəyini proqnozlaşdırmaq elə də çətin deyil.

 

Müntəzəm çempionatın keçirilməsi həm güləşçilərin yarış praktikasının artmasına, həm də idman formasının saxlanılmasına imkan verəcək. Onu da qeyd edək ki, klublararası yarış təklifimiz artıq bir çox ölkələrdə tətbiq olunur. Məsələn, Almaniyada klublar bu yarışlarda müvəqqəti olaraq əcnəbi güləşçi transfer etmək hüququna da malikdi. Təsadüfi deyil ki, bir neçə ay öncə sərbəst güləşçimiz Cəbrayıl Həsənov (74 kq) Almaniya klublarının biriylə müqavilə bağlayaraq həmin klubun heyətində Almaniya çempionatında mübarizə aparmışdı.

Mərdan Həsənov


"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 

Fotolar: AGF







Digər albomlar




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right