Güləşin inkişafında idman məktəblərinin rolu Layihə

Azərbaycanda güləşi bir nömrəli idman növü saymaq olar. Axı ən böyük uğurlarımız məhz bu idman növüylə bağlıdır. Əlbəttə, güləşin bu səviyyəyə gəlib çatmasında böyük rol oynayan məktəblər var. Məhz onların yetişdirdiyi güləşçilər daha sonra klub və cəmiyyətlərə, ordan isə yığmalara cəlb olunaraq püxtələşirlər. Qısası, məktəblər bir növ sağlam “xammal” hazırlayır. Azərbaycanın bütün şəhər və rayonlarında uşaq gənclər idman məktəbləri fəaliyyət göstərir. Onlar arasında sırf güləş üzrə ixtisaslaşan məktəb də var.

Bu da Bakıda fəaliyyət göstərən 6 saylı Uşaq-Gənclər Güləş İdman Məktəbidir. Hazırda bölgələrdən cənub və qərb bölgəsi daha fəal təsir bağışlayır. Masallı, Gəncə, Lənkəran, Qazax məktəbləri çox böyük potensiala malik güləşçilər yetişdirir. Əlbəttə, Bakı və Sumqayıt bu mənada daha öndədir. Hər halda, paytaxtda və yaxınlıqdakı sənaye şəhərində güləşin inkişafı üçün mövcud infrastruktur daha yaxşı, məşqçilər daha təcrübəlidir. Seçim şansı da daha çoxdur. Əlbəttə, məktəblərdən söz düşübsə, Abşeronun adını çəkməmək ədalətsizlik olar. Abşeron Uşaq-Gənclər İdman Məktəbi Hacı və Yaşar Əliyevlər, Mircəlal Həsənzadə və Türkan Nəsirova kimi güclü güləşçiləri yığmalarımıza qazandırıb.
Məsəylə bağlı mütəxəssis fikrinə də yer vermək qərarına gəldik. Vaxtilə sərbəst və qadın güləşi üzrə yığmalarımızı çalışdırmış Yaqub Məmmədov məktəblərin daha fəal olmasını istəyir. Təcrübəli mütəxəssis yerli məşqçilərə də iradlarını çatdırdı:

“Sərbəst güləşdə Gəncə güləş məktəbi daha güclüdür. Son bir neçə ildə Nizami yurdu güləşin bu növündə aparıcı rol oynayır. Yunan-Roma güləşində isə daha çox Bakı və Sumqayıt məktəbləri güclüdür. Uşaq Gənclər İdman Məktəblərində iş lazımi səviyyədə qurulmayıb. Bu yaxınlarda Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin nəzdində olan məktəblərin rəhbərləriylə iclasın keçirilməsi planlaşdırılır. Məktəblərin bundan sonrakı taleyinə aydınlıq gələcək. Burda federasiyalıq bir şey yoxdur. Güləş Azərbaycanın milli idman növüdür. Necə ola bilər ki, güləş geriləsin? Bu cür şərait qarşılığında yalnız irəli getməliyik. Müəyyən görünən və görünməyən faktorlar var. Maddi-texniki bazanı gücləndirmək lazımdır. Məşqçilərin maaşı artırılmalıdır. Zallarda güləşlə məşğul olan uşaqların qruplara bölünməsi və sair işlər görülməlidir. Bunu təcrübəli mütəxəssis kimi söyləyirəm. 90-cı illərin əvvəllərinə Azərbaycanda bir-biriylə güclü rəqabət aparan məktəblər vardı. İndi rəqabət o qədər də güclü deyil. Biz yalnız o halda bu rəqabətdən razı qala bilərik ki, ölkə çempionatında ilk “5-lik”də yer alan güləşçilər istənilən beynəlxalq yarışda medal qazana bilsin. Hansısa legioner başqa ölkədə yer tutmayıb, gəlib ölkəmizdə yerli güləşçiləri qabaqlayırsa, bunun günahı ilk növbədə yerli məşqçilərdədir. Onlar yetirmələrinə güləşin bütün sirrlərini A-dan Z-yə kimi öyrətməlidir. Məsələn, cüdoda proqram var ki, hansı yaş qrupuyla nə keçmək lazımdır. Ancaq bizim məşqçilər nəzəriyyəni bu dərəcədə bilmir. Onlar praktiki biliklərlə kifayətlənir. İndi peyda olan məşqçilər tez bir zamanda fəxri ad almağa can atır. Sovet dönəmində SSRİ yığmasına düşmək üçün neçə turnirdə uğur qazanmalıydın. İndi güləşçilər yalnız Azərbaycan çempionatında uğur qazanmaqla beynəlxalq yarışa vəsiqə əldə edirlər. Yetirməsi Avropa çempionu olan kimi əməkdar məşqçi adı almaq istəyən məşqçilər var. Bu da düzgün deyil. Bunun üçün müəyyən vaxt lazımdır. Bu adı almaq üçün ən azı 5 il müddət qoyulmalıdır. Sənin güləşçin uğurunu bir neçə dəfə təkrar etsin, ondan sonra əməkdar məşqçi adını al. Bizim vaxtımızda belə olub”. 
 

Avropa çempionu 1970, SSRİ çempionu 1970. SSRİ Kubokunun qalibi, Dünya Kubokunun qalibi, Dünya çempionatının gümüş medalı 1974,titullarının shibi, veteran güləşçi Rafiq Hacıyev isə daha çox bir məktəbi ön plana çıxardı:

 

“Regionlarda güləş məktəbləri fəaliyyət göstərir. Ancaq ən çox Bakıdakı Olimpiya Uşaq Ehtiyatları internatını fərqləndirə bilərəm. Həmin internatdan Xəzər İsayev, Aslan Ağayev, Rövşən Umudov, Nazim Alicanov kimi güləşçilər yetişib. Hazırda yığma üzvü olanlardan Cəbrayıl Həsənov da həmin internatın şagirdi olub. Amma bu internata Sumqayıt, Şamaxı və Naxçıvan kimi regionlardan güləşçilər gəlir. Bu internatın məşqçilərinin rəhbərliyi altında daha da artırırlar”. 
  
Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right