Dünya çempionu olan Azərbaycan millisi Bakıya qayıtdı

Rumıniyanın Konstansa şəhərində keçirilmiş U-17 dünya çempionatında uğurlu çıxış edən çimərlik güləşi üzrə milli komanda bu gün vətənə qayıdıb.

Newsport.az-ın məlumatına görə, 4 qızıl medal qazanan və 100 xalla komanda hesabında dünya çempionu olan yığmanın üzvlərini güləş federasiyasının rəsmiləri, məşqçilər və idmançılar qarşılayıb.

Ağahüseyn Mustafayev, millinin məşqçisi: “Komandanın çıxışı göz qabağındadır. Yarışa çox yaxşı hazırlaşmışdıq. Bu yarışda güləşçilərimiz öz güclərini göstərdilər, qələbə qazandılar. Komanda hesabında 1-ci yeri tutduq. Federasiyamızı və hər bir məşqçini təbrik edirəm”.

Hüseyn Sevdimov, dünya çempionu: “Yarış bizim üçün çox uğurlu keçdi. Hamımız dünya çempionu olduq. Üzərimizdə əziyyəti olan bütün məşqçilərə, baş məşqçimiz Oyan Nəzəriani və məşqçimiz Ağahüseyn Mustafayev olmaqla, federasiya rəsmilərinə minnətdarlığımızı bildiririk. Hər şeyə görə çox sağ olun”.

Anar Cəfərli, dünya çempionu: “Əvvəlcə Avropa, indi isə dünya çempionu olduq. Fəxr edirəm. Hədsiz çox sevinirəm. Federasiya rəhbərliyinə, yığmanın məşqçilərinə və öz məşqçilərimə təşəkkürümü bildirirəm. Rəqiblərim Avropa və dünya çempionatında iştirak etmiş güləşçilər idi. Qrup mərhələsində yalnız ABŞ idmançısıyla görüşdə çətinlik çəkdim. 3:2 hesabıyla qalib gəldim. Yarımfinalda yenidən onunla qarşılaşdım və 3:0 uddum. Finalda Moldova güləşçisiylə gərgin keçən qarşılaşmada 3:1 hesabıyla qələbə qazandım”.

Vüsal Əliyev, dünya çempionu: “Yarışa yaxşı hazırlaşmışdıq. Gözəl nəticə əldə etdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı. Dördümüz də çempion olduq. Yarımfinalda Avropa çempionu olmuş Bolqarıstan güləşçisinə qalib gəldim. Finalda isə Yunanıstan idmançısını məğlub edib qızıl medal qazandım”.

Ziya Göyüşov, dünya çempionu: “Keçdiyimiz məşqlərə əsasən belə uğurlu nəticə gözləyirdim. Hamımız çempion olmağa getmişdik. Belə də oldu. Demək olar ki, hamı bizi orada tanıyırdı. Bizə qarşı xoş münasibət var idi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right