“Kəpəz”in Bakıda məskunlaşması mətbuat xidmətinə mane olur (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Fərdi jurnalist araşdırması” mövzusu çərçivəsində hazırladığı 7-ci yazı

Azərbaycan futbolunun Məkkəsi Gəncə hesab olunur. Bu da elə-belə səsləndirilən, əsassız fikir deyil. Gəncə futbolu neçə-neçə istedadlı oyunçu yetişdirib. Nizami yurdunu Azərbaycan çempionatının ilk mövsümündən elitada “Kəpəz” təmsil edib. Əsası 1959-cu ildə qoyulan “sarı-göylər” 90-cı illərdə Azərbaycan futbolunun ən titullu klubuna çevrilmişdi. Gəncəlilər 1992-2000-ci illər aralığında 3 dəfə ölkə çempionu olub, 4 dəfə kuboku qazanıb. Lakin 21-ci əsr “Kəpəz”in üzünə gülmədi. Əvvəlcə “Neftçi” və “Şəmkir”lə rəqabətdə uduzan “sarı-göylər” güclü maliyyə dayağı olan klublar yarandıqdan sonra daha da gerilədi. Hətta bir ara ümumiyyətlə, köklü və titullu klubun fəaliyyəti dayandırıldı. Yalnız AFFA-nın dəstəyi sayəsində “Kəpəz” Azərbaycan futboluna qayıtdı. Ancaq ayrılan maliyyə vəsaiti uğurlu nəticələrə imza atmağa imkan vermir. Əslində buna görə təkcə AFFA-nı deyil, həm də Müşahidə Şurasının sədri Elmir Vəliyevi qınaya bilərik. Çünki rəhbərlik kluba kifayət qədər pul ayırmadığından yaxşı transferlər həyata keçirilmir. Heç stadionun yenidənqurulmasından və Hacıkənddəki bazanın tikintisindən də söhbət getmir. Böyük bir passivlik “Kəpəz”i başına alıb. Belə qeyri-peşəkar mühitdə Yunis Hüseynovun başçılıq etdiyi komandanın sonuncu pillədə qərarlaşması tam qanunauyğundur.

İndi isə keçək Gəncə klubunun Media Departamentinin fəaliyyətinə. Bu sahədə də çox ciddiproblemlər var. Amma qeyd olunması vacib müsbət məqamlar da kifayət qədərdir. Gəlin, hər birini ayrı-ayrı incələyək.

Sayt

“Kəpəz”in rəsmi portalı ən çox bölməsi olan saytlardan biridir. “Komanda” bölməsi 4 hissədən ibarətdir. Əsas və əvəzedici heyətlərlə yanaşı, bütün aşağı yaş qrupları üzrə komandaların məşqçi və futbolçularının adlarının qeyd olunması müsbət faktordur. İnzibati heyət də öz yerində. Ancaq nədənsə əvəzediciləri kimin çalışdırdığını öyrənə bilmədik. Yəni, saytda baş məşqçi Ceyhun Tanrıverdiyevin adına rast gəlmədik. “Klub” bölməsində Müşahidə Şurasının bütün üzvlərinin adı qeyd olunub. Maraqlıdır ki, rəhbərlik yarlığında yalnız icraçı direktor Elnur Camalxanovun adı yazılıb. Keçirik “Gəncə və futbol” bölməsinə. Buraya daxil olsanız, həm Gəncənin özünün, həm də futbolunun tarixi haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Foto arxivdə cəmi 8 nostaljik şəklin olmasını isə köklü klubun adına yaraşdırmadıq. Hər halda, ən azı 90-cı illərdəki uğurlu nəticələri əks etdirən yaxşı foto arxiv təqdim etmək çətin olmamalıdır. “Oyunlar” bölməsində “Kəpəz”in ölkə çempionatı və kubokda keçirdiyi matçların nəticələri əksini tapıb. “Xəbərlər” bölməsindən kluba aid ən son informasiyaları əldə edə bilərsiniz. Ancaq məlumat intensivliyi sarıdan axsama var. Görünür, “Kəpəz”in saytı da Novruz bayramını qeyd edir. Çünki martın 20-dən sonra portalda xəbər paylaşılmayıb. Halbuki əsas komanda məşqlərə çoxdan başlayıb. Ən azı hazırlıq prosesinin gedişi haqqında məlumat verilə, düşərgədəki futbolçulardan açıqlama və ya müsahibə alına bilərdi. Çempionatda fasilə yaranıbsa, bu, o demək deyil ki, klub saytının işində də fasilə yaranmalıdır. “Fotolar” bölməsində bütün yaş qrupları üzrə komandaların oyunlarından şəkillər paylaşılıb. “Videolar” bölməsində isə əsas və əvəzedici komandaların matçlarının icmalları yerləşdirilib. “Arxiv” bölməsindən istənilən tarixdə yerləşdirilən xəbər, foto və ya videonu əldə etmək olar. “Bloq” bölməsində isə natamamlıq var. Çünki hər hansı bloq yazısı yerləşdirilməyib. Ancaq azarkeşlərin klubla bağlı yazdıqları rəyi bu bölmədən tapa bilərsiniz. Başqa klub saytlarından fərqli olaraq “Kəpəz”in portalı fan bölməsində bütün fanklubları haqqında ətraflı məlumat paylaşıb. Bu da olduqca müsbət məqamdır və sadiq azarkeşlərə verilən dəyərin göstəricisidir. Son iki bölmə isə “Əlaqə” və “Axtarış”dır ki, onların da hansı məqsədlər üçün istifadə olunduğunu əvvəlki yazılarımızda qeyd etmişik. Saytın sol tərəfində yerləşdirilən “Tam sərbəst” rubrikası hər dəfə bir futbolçunu daha yaxından tanımağa imkan verir. Bu da bir fərqlilikdir. Sonuncu dəfə gənc Əli Səmədov rubrikanın qonağı olub. Ancaq saytdan sosial şəbəkələrdəki səhifələrə keçid qoyulmamasını çatışmazlıq saya bilərik.

Facebook

“Kəpəz”in bu sosial şəbəkədəki izləyiciləri gözləniləndən çox azdır. Böyük şəhərin sevimli və şanlı klubunun rəsmi “facebook” səhifəsini cəmi 3367 nəfər bəyənib. Halbuki “Kəpəz”in adına açılmış başqa səhifələrin izləyici sayı daha çoxdur. Oyunlardan əvvəl promovideolar paylaşılmır. Azarkeşlərə səsləniş, tribunalara çağırış istənilən səviyyədə deyil. Səhifə Novruz bayramından hələ də çıxmayıb. Halbuki komanda məşqləri çoxdan bərpa edib. Bəzi günlərdə bir neçə paylaşım edilirsə, bəzən günlərlə səhifədə heç nə yerləşdirilmir. Açıq deyək, səhifədə rəngarənglik çatışmır.

İnstagram

Bu sosial şəbəkədə vəziyyət nisbətən şükürlüdür. “Kəpəz”in “instagram” izləyicilərinin sayı 11500-ə bərabərdir. İndiyədək bu səhifədə 1486 paylaşım edilib.Məşqlərdən və oyunlardan şəkillər yerləşdirilir, futbolçuların, məşqçilərin doğum günləri xatırladılır, oyunların afişası yerləşdirilir. Nadir hallarda isə videopaylaşımlar edilir.

“Twitter”

Bu layihəni işləyərkən dəfələrlə qeyd etmişik ki, Azərbaycanda bu sosial şəbəkə aktiv istifadə olunmur. Buna baxmayaraq, əksər Premyer Liqa klublarının “Twitter”də də səhifəsi var. Ancaq “Kəpəz” hələ ki bu sosial şəbəkədən yararlanmaq fikrində deyil.

Youtube

Bu sosial şəbəkədə 1500 üzvü olan “Kəpəz”in təkcə əsas və əvəzedici komandalarının deyil, bütün yaş qrupları üzrə kollektivlərin çempionatda keçirdiyi oyunların icmalı yerləşdirilib. Hərdən məşqlərdən reportajlar da hazırlanır. “Youtube”da futbolçuların cəlb olunduğu “90+” layihəsi diqqəti çəkir. Burada “Kəpəz”in üzvləri azarkeşlərin suallarını cavablandırır. Bəzən isə ev oyunlarında azarkeşlərdən görüntülər “youtube”da yerləşdirilir. Ümumilikdə bu sosial şəbəkədəki səhifənin fəallığıyla seçildiyini deməliyik.

Wikipedia

“Kəpəz”in 29 dildə wikipedia” səhifəsi var. Azərbaycan dilində olan səhifədə hər hansı nöqsan aşkarlamadıq. Komandanın tarixi, indiyədək müstəqillik dövründə baş məşqçisi olmuş mütəxəssislər, mövcud heyət və ölkə çempionatında hər mövsüm tutduğu yer əksini tapıb. Maraqlıdır ki, burada məşhur “Gəncə tuneli”nə də ayrıca yer ayrılıb və futbolçuları soyunub-geyinmə otaqlarından meydana aparan tuneldə qonaq oyunçuların dəfələrlə azarkeşlər tərəfindən döyüldüyü qeyd olunub. İngiliscə olan səhifədə yeni transfer Giuli Manqaladze Gürcüstan yox, Ukrayna vətəndaşı kimi göstərilib. Alman dilindəki səhifədən danışmağa dəyməz. Məlumat kasadlığını qoyaq bir kənara. Baş məşqçi kimi Fuad İsmayılovun adı göstərilib. Halbuki bu mütəxəssis bir neçə il əvvəl “Kəpəz”i çalışdırıb. İspancada heyətə əl gəzdirmək lazımdır. Fransızcada isə informasiya bazası yox dərəcəsindədir. Klubun portuqalca səhifəsini açanlar deyəsən, “sarı-göylər”lə məzə tutmaq qərarına gəlib. Çünki “Kəpəz”in prezidenti kimi Mehman Allahverdiyev təqdim olunub. Baş məşqçinin isə Vidadi Rzayev olduğu yazılıb. Daha çox statistikanın yer aldığı rusca və türkcə olan səhifələrdə faktlarla bağlı nöqsan aşkarlamadıq.

Mətbuat katibinin fikri

Azad Mustafayev:“Mətbuatxidmətində 5 nəfər çalışır. Mən mətbuat katibiyəm. Operator, fotoqraf və adminlə yanaşı, bir könüllü əməkdaşımız var. Gənc, potensialı və bu sahəyə marağı olan birisidir. Təcrübə qazanmaq istəyir. Oyunlardan əvvəl və sonra bizə dəstək verir. 4 nəfər ştatdadır. Həmin gənc əməkdaşımız isə ştatdankənar fəaliyyət göstərir. Mövsümün ikinci yarısında əvəzedici komandanın baş məşqçisi dəyişdi. Yeni çalışdırıcının adını sayta yükləməklə bağlı texniki problemlə üzləşdik. Bunu aradan qaldırmağa çalışırıq. Yaxın günlərdə bu problem həll olunacaq. “İnstagram” səhifəmizi həmin gənc əməkdaşımız fəal işlədir. “Twitter” ölkəmizdə o qədər də populyar deyil. Ona görə də hələ bu sosial şəbəkədə səhifəmiz yoxdur. Ancaq növbəti mövsümdən “twitter”də də səhifəmizin olmasını nəzərdə tutmuşuq. “Facebook”da 1 həftə əvvəl texniki problem yaranmışdı. Xəbərləri yerləşdirə bilmirdik. Artıq bunu aradan qaldırmışıq. Saytımızda yerləşdirdiyimiz məlumatları “facebook”da da paylaşırıq. Komanda 3 il bundan əvvəl elitaya qayıdanda Gəncədə azarkeşləri stadiona cəlb edən pradakşn bizə kömək edir, reklamlar, çarxlar hazırlayırdı. Onlar bizim üçün tam peşəkar səviyyədə 2-3 videoçarx hazırlamışdı. Onlardan biri “youtube”da daha çox məşhurdur. Həmin videoda azarkeşlər “özümüzə məxsus rekordu özümüz yeniləyək” söyləyirdi. Promovideo bir neçə günün məhsuludur. Sadə video hazırlamaq istəmirik. Daha baxımlı, gözəgəlimli iş ortaya qoymaq istəyirik. Ancaq komandanın Bakıda məskunlaşması bizə problem yaradır. Oyunlardan kadrlar qoyub nəsə hazırlamaq olar. Ancaq bunu yaxşı və keyfiyyətli addım saymıram. Ən yaxşı variant məşqlərdən görüntülər hazırlamaqdır. Yaxın zamanda komandaya Gəncəyə köçəndən sonra həmin pradakşnla əməkdaşlıq  edəcək və keyfiyyətli promoçarxlar hazırlayacağıq. “Kəpəz”in saytı ən fəal portaldır. Bizdə xəbərlər, müsahibələr çoxluq təşkil edir. Biz hətta bəzi xəbər saytlarından daha çox öz “məhsul”umuzu ortaya qoyuruq. Bunun sayını artırmağa çalışırıq. Komanda Gəncədə olsa, mətbuat xidməti məşqçi və futbolçu heyəti ilə daha yaxın olar və müxtəlif ideyalarımızı həyata keçirə bilərik. Doğma şəhərimizdə baza hazır olduqdan sonra bu problem də aradan qalxacaq. Bir şeyi də qeyd edim ki, rəhbərlik bizə daim dəstək olur və mətbuat işindən başqa heç bir əlavə tapşırıq, yük vermir. Rəhbər şəxslərimizdən biri Elnur Camalxanovun məhz mətbuatın içindən çıxması da işimizi asanlaşdırır və bizə dayaq olur”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right