“Keşlə”nin media fəaliyyəti əvvəlki kimi aktiv deyil (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Fərdi jurnalist araşdırması” mövzusu çərçivəsində hazırladığı 6-cı yazı

Layihəmizin növbəti dayanacağı “Keşlə”dir.  Bu klub “Xəzər Universiteti” adı  ilə 1997-ci ildə təsis edilsə də, əsl simasını 2004-cü ildə tapıb. Belə ki, həmin il futbolumuzda baş verən inqilab nəticəsində iş adamları futbola böyük maliyyə yatırdı. Bunlardan biri də “Beynəlxalq Bank”ın o zamankı rəhbəri Cahangir Hacıyev idi. Birdən-birə iddialı duruma gələn klub adını dəyişərək sponsorunun adına uyğun “İnter” oldu. Bundan sonrakı bir neçə mövsümdə 2 ölkə çempionluğu əldə edildi. Ancaq 2015-ci ilin əvvəllərində bu bankda yaşanan böyük maliyyə yeyintisi həm Azərbaycan iqtisadiyyatını sarsıtdı, həm də klubun taleyi ilə oynadı. Çox keçmədən Hacıyev həbs olundu və klubun prezidenti vəzifəsinə Rəşad Qasımov gətirildi. Qənaətcil rejimə keçən yeni başqanın rəhbərliyi altında “İnter” daha çox sevilən kluba çevrilsə də, xoş günlərin ömrü az oldu. Artıq “Beynəlxalq Bank” futbola maliyyə ayırmaq gücündə deyildi. Nəticədə 2017-ci ilin əvvəlindən paytaxt klubu AFFA-nın himayəsinə keçdi. Aradan bir neçə ay keçdi və qurum klubun boş qalmış prezident postuna Futzal Federasiyasına rəhbərlik edən Zaur Axundovu gətirdi. Bu artıq o dövr idi ki, klub batmağa yaxın idi. Aylarla maaş verilmirdi. Legioner futbolçulara olan borclar nəticəsində FİFA-nın qoyduğu transfer qadağasıklubun vəziyyətini daha da ağırlaşdırdı.

Tədricən maliyyə problemləri aradan qalxmaqdadır. Klubun bu dönəmdə aldığı ən böyük zərbə ad dəyişikliyi oldu. “Beynəlxalq Bank” sponsorluqdan çəkildikdən sonra rəhbərlik “İnter” adına ehtiyac duymadı. Nəticədə klubun adı yerləşdiyi ərazidən götürüldü: “Keşlə”. Bu həm də keşləlilərin diqqətini cəlb etmək və daha çox azarkeş qazanmaq üçün atılmış addım idi. Bunun nə qədər uğurlu yanaşma olduğunu söyləmək çətindir. Onsuz da bu yazımızda klubun yol xəritəsini yox, Media Departamentinin işini incələyəcəyik. Elə isə ənənəyə uyğun olaraq klub saytından başlayaq.

Sayt

Klubun maliyyə imkanları yaxşı olanda radiosu fəaliyyət göstərirdi. Bu, Azərbaycan futbolunda bir ilk və hələ ki yeganədir. Görünür, sponsor dəyişikliyi xərclərin azaldılmasına və nəticədə radionun və əməkdaşlarının ixtisara düşməsinə səbəb oldu. Halbuki radio fəaliyyət göstərəndə klub saytına daxil olan kimi musiqi sədaları səni ağuşuna alırdı. Ara-sıra klubla bağlı verilişlər də efirə gəlirdi. İndi portal digər saytlar kimi səssiz-sədasız fəaliyyət göstərir. “Keşlə”nin veb ünvanının fərqli dizaynı var. Saytın məlumat bazası 5 bölümdən ibarətdir. “Ana səhifə”də birinci qol xəbərlərdir. Çempionat oyunları ilə bağlı informasiya maksimum 1-2 cümlə ilə məhdudlaşır ki, bu da doğru yanaşma deyil. Ən azı “Keşlə”nin hansı heyətlə oynadığı göstərilməlidir. Bu saytın özəlliyi ondadır ki, zədəlilərlə bağlı xəbərlər “tibbi hesabat”da əksini tapır. Əsas komanda ilə yanaşı, əvəzedici heyət bu bölmədə təqdim olunub. Amma Ricat Qarayevlə Qara Qarayevin şəkilləri sayta yerləşdirilməyib. Bundan başqa, yarımmüdafiəçilər arasında Məhəmmədəli adlı bir futbolçu var ki, soyadı yazılmayıb. Halbuki “Keşlə”nin əvəzedicilərinin Peşəkar Futbol Liqasının saytındakı siyahısında Məhəmmədəli deyə birisi yoxdur. Çox güman, söhbət Məmmədəli Zeynalovdan gedir. “Ana səhifə” bölməsində komandanın cari mövsüm ölkə çempionatında və kubokdakı nəticələri də yerləşdirilib. Arxiv isə yoxdur. Daha doğrusu, 2015/16 və 2016/17 mövsümünün yekun turnir cədvəlindən başqa keçmişə dair bir şey tapmadıq. “Klub” bölməsi Müşahidə Şurası, prezident, inzibati heyət, tarix, loqo, vizit kartımız, fəlsəfəmiz və audit hesabatı qollarından ibarətdir. Maraqlıdır ki, Zaur Axundov həm prezident, həm də Müşahidə Şurasının sədri kimi göstərilib. Ancaq portalda Müşahidə Şurasının üzvlərinin adı qeyd olunmayıb. Tarix hissəsində isə 2010/11 mövsümündən sonra yaşananlardan bir kəlmə də yazılmayıb. Yalnız bircə cümlə var:2017-ci ilin oktyabr ayından klub "Keşlə" adı ilə fəaliyyət göstərir.Audit Hesabatı da göstərilməyib. Heç nə yazılmayacaqdısa, bu qol niyə açılmışdı. “İnter Arena” bölməsi daha çox klubun stadionu ilə bağlıdır. “Azarkeş klubu” tamaşaçıların davranış qaydalarından tanış olmaq və kluba fanat kimi qoşulmaq istəyənlər üçün maraqlı ola bilər. UGFM bölməsində “Keşlə” Futbol Akademiyasının komandalarının bu mövsümə olan nəticələri yerləşdirilib. Saytın ingiliscə məlumat bazası çox məhduddur. Artıq bir neçə aydır ki, beynəlxalq dildə məlumat bazası yenilənmir. Saytdan sosial şəbəkələrdəki rəsmi səhifələrə keçid qoyulub.

Facebook

Bu sosial şəbəkədə fəallıq var. Ancaq izləyici sayı iki dəfə ölkə çempionu olmuş klubun adına yaraşmır. Bəlkə də indiyə kimi avrokuboklarda maksimum 2 mərhələ keçə bilmələri daha çox reklam olunmalarına imkan verməyib. Hazırda “Keşlə”ni “facebook”dan izləyənlərin sayı 10447 nəfərdir. Oyunlardan əvvəl promovideolar paylaşılsa, videomüsahibələr təqdim olunsa, izləyici sayı arta bilər. Ancaq bu sahədə böyük boşluq var.

Twitter

Bu sosial şəbəkədə operativlik sarıdan axsama var. İndiyədək rəsmi səhifədə 886 tvit atılıb. “Twitter”də izləyici sayı isə 902 nəfərlə məhdudlaşır. Bu da çox aşağı göstəricidir. “Zirə” ilə oyununun görüntüsündən sonra yeni paylaşım edilməyib. Halbuki bütün sosial şəbəkələrdə paralel paylaşımlar edilməlidir. Səhifələri yalnız bu yolla aktivləşdirmək olar.

İnstagram

“Twitter”lə müqayisədə bu sosial şəbəkədəki vəziyyət toya getməlidir. İndiyədək “İnstagram”da 4367 paylaşım edilib. Oyundan əvvəl azarkeşlərə çağırış, heyətin təqdim olunması və qarşılaşmadan sonra nəticələrin göstərilməsi sarıdan ləngimə yoxdur. Ara-sıra məşqlərdən şəkillər də paylaşılır. “Keşlə”ni bu sosial şəbəkədən izləyənlərin sayı 4371-ə bərabərdir.

Youtube

Bu sosial şəbəkədə fəallıq yüksək səviyyədə sayılmaz. İndiyədək cəmi 27 video paylaşılıbsa, artıq şərhə nə ehtiyac var? Düzdür, hərdən məşqlərdən maraqlı paylaşımlar edilir. Amma bunların sayını artırmaq, intensivliyi yüksəltmək olduqca zəruridir. Təsadüfi deyil ki, hazırda “Keşlə”nin “youtube” izləyiciləri cəmi 30 nəfərdir. İndiyədək klubun bu sosial şəbəkədə ən çox izlənilən paylaşımı qışda “Zirə” ilə keçirilən yoxlama oyunu olub ki, həmin videoda heç 2000 nəfər baxmayıb.

Wikipedia

Ana dilimizdə olan səhifədə hələ də baş məşqçi Ramiz Məmmədovdur. Maraqlıdır ki, heyət yenilənsə də, Yuri Maksimovun adını çalışdırıcı kimi qeyd etmək unudulub. İngiliscə olan səhifədə isə Maksimov yaddan çıxmayıb. Lakin “İnter Arena”nın tutumu 8125 göstərilib. Halbuki bu stadion hazırda 5300 yerlikdir. “Keşlə”nin 28 dildə “wikipedia” səhifəsi var. Ümumi götürdükdə ən yaxşısı ingiliscə olanıdır. Almancada Georgi Nikolov, fransızcada isə Rəşad Qasımov hələ də prezident kimi qalmaqdadır. Türkcə olan səhifə 2016-cı ildən bu yana yenilənməyib. Rus dilindəki “wikipedia” isə Nizami Hacıyev və Mirhüseyn Seyidovu heyətdə göstərib. Halbuki hər iki futbolçu oyun “alğı-satqı”sına görə qış fasiləsindən əvvəl klubdan qovulub.

Mətbuat katibinin fikri

Səbuhi Məmmədov: “Saytımızda ingiliscə xəbərlərin yenilənməməsi problemi var. Əvvəllər tərcüməçi vardı, indi isə bu problem qalır. Avropa liqasında çıxışlar cədvəl formasında, mətn şəklində əlavə etməmişik. Tezliklə mətn formasında da əlavə edərik. Audit hesabat bölməsi pdf formatında yerləşdirilib. Ola bilsin, texniki problemdi. Radio kadr məsələsinə görə dayandırıldı. Həm də studio otağımızı təhvil verdik. Həmişə olmasa da, vacib oyunlar ərəfəsində promovideo hazırlayırıq. Çalışarıq bundan sonra tez-tez hazırlayaq. Sosial şəbəkədə izləyicilərimizin sayının az olması ondan irəli gəlir ki, “facebook”da reklam vermirik. Səhv etmiriksə, 3 komanda izləyici sayına görə bizdən öndədir”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right