Debütantlar seçmə mərhələdə necə oynadı? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 6-cı yazı

DÇ-2018-in seçmə mərhələsində komandamızın nəticələrini, çıxışını, sabiq baş məşqçi Robert Prosineçkinin taktiki gedişlərini və s. təhlil etmişik. Bu dəfə növbə debütantlardadır. Söhbət rəsmi oyunlarda ilk dəfə milli   formanı geyən 8 futbolçudan gedir. Bunlar Pavel Paşayev, Ramil Şeydayev, Emin Mahmudov, Təmkin Xəlilzadə, Riçard Almeyda, Renat Dadaşov, Dəniz Yılmaz və Mahir Mədətovdan gedir. Maraqlıdır ki, yenilərin əksəriyyəti ön xətt oyunçusudur. Debütantların bu tsikldə özlərini müsbət və ya mənfi göstərdiklərini aydınlaşdırmağa çalışaq. Gəlin, əlifba sırasıyla bu futbolçulardan bəhs edək.

Dəniz Yılmaz   


1988-ci ildə Almaniyanın Neu-Ulm şəhərində dünyaya göz açan Dəniz Yılmaz əslində anadolu türküdür. Yəni onu da Toğrul Erat və ya Ufuk Budak kimi ölkəmizlə hansısa qohumluq telləri bağlamır. Sadəcə, eyni millətdən olmağımızdan yararlanan AFFA onu da başqaları kimi “milliləşdirib”. Halbuki buna qədər hücumçu Türkiyənin müxtəlif yaş qrupları üzrə yığmalarında 54 oyuna çıxıb və 17 qol vurub. Ancaq millimizdə cəmi 2 rəsmi oyunda forma geydi və qol hesabını hələ aça bilməyib. Belə görünür ki, heç aça da bilməyəcək. Çətin ki, Qurban Qurbanov onu bir daha yığmaya çağırsın. Çünki millinin yeni başqçısı sələfindən fərqli, Rauf Əliyevə “stavka” etməyi planlaşdırır. Üstəlik, cari mövsüm “Bursaspor”da əsas heyət üzünə həsrət qalan Yılmaz hələ ilk növbədə klubunda oynamaq fürsəti əldə etməlidir ki, sonra yığma xəyallarıyla yaşasın. 
29 yaşlı hücumçunun “milliləşdirilməsi” gözlənilməz və tez-bazar oldu. İki oyunda cəmi 68 dəqiqə oynayan forvard Belfastda debüt etdi. Seçmə mərhələdə ilk məğubiyyətimizi aldığımız görüşün ikinci 45 dəqiqəsində Şeydayevin əvəzinə Dəniz oynadı. Ancaq cəmi 1 epizodda fərqlənmək imkanı qazandı. Qalan vaxtlarda irland müdafiəçilərin arasında itib-batdı. Xorvat mütəxəssis Yılmaza növbəti qarşılaşmada da şans verdi. Bu dəfə də Dəniz Ramilin yerinə qazona ayaq basdı. 67-ci dəqiqədən Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə var-gəl edən hücumçu Almaniya müdafiəsi qarşısında heç nə ilə yadda qalmadı. Yılmaz seçmə mərhələdə cəmi 68 dəqiqə meydanda olub.   

Emin Mahmudov


2016-cı ilin yayında Ramillə birgə yığmamıza keçidi rəsmiləşdi. 1992-ci ildə Saatlıda doğulan Mahmudov uşaq yaşlarından Rusiyada böyüyüb. Futbolun sirrlərinə də bu ölkədə yiyələnib. Futbolçu kimi “Saturn”da yetişən yarımmüdafiəçi Rusiyanın müxtəlif klublarında forma geydikdən sonra legioner həyatı yaşayıb. 2016/17 mövsümünü Portuqaliyada keçirən həmyerlimiz “Boavişta”da 12 oyuna cəmi 1 qol vurub. Bundan sonra isə “Neftçi”yə keçib. Mahmudov yaradıcı futbolçudu və texnikasıyla fərqlənir. Topla oynamağı sevən Eminin həm də yaxşı zərbələri var. Ancaq 25 yaşlı futbolçu da Yılmaz kimi yığma formanı çox geyinməyib. Bunun da obyektiv səbəbi var. Çünki hazırda millidə ən böyük rəqabət məhz yarımmüdafiənin mərkəzindədir. Halbuki Emin elə ilk oyunda meydana çıxmışdı. San Marinoda 78-ci dəqiqədə meydana çıxan Mahmudov pis təsir bağışlamadı. Hər halda, yaxşı məktəb keçdiyini göstərə bildi. Təbii ki, debüt oyununda ondan əlahiddə bir şey gözləmək doğru olmazdı. Emin növbəti və hələ ki sonuncu yığma oyununa Belfastda çıxdı. Bu dəfə start heyətində yer alan futbolçu 70-ci dəqiqədə əvəzləndi. Əlbəttə, Şimali İrlandiyaya 0:4 hesabıyla uduzan komandanın hansısa üzvünün, o cümlədən Eminin yaxşı oynadığını söyləsək, gülməli səslənər. Mahmudov bu oyunda sarı vərəqə də aldı. Beləliklə, yarımmüdafiəçi seçmə mərhələdə 82 dəqiqə oynamaq imkanı əldə edib. 

Mahir Mədətov


“Bakı”nın yetirməsi olan gənc futbolçu üçün 2017-ci ili hələ ki karyerasının ən uğurlu ili adlandıra bilərik. Xüsusən cari mövsümə məhsuldar başlayan 20 yaşlı hücumameyilli yarımmüdafiəçi “Qarabağ”ın heyətində həm Çempionlar Liqasında, həm də çempionatda qolları sıralayıb. Ancaq Prosineçki ona cəmi 2 oyunda şans verdi. Onların da heç birində 90 dəqiqə meydanda olmadı. Yığma formanı ilk dəfə Osloda geyindi. Start heyətində yer alan 20 yaşlı futbolçu pis təsir bağışlamadı. İlk hissədə bir təhlükəli zərbəsi yaddaqalan oldu. Ancaq Prosineçki onu 62-ci dəqiqədə əvəzlədi. Çexiya ilə Bakıdakı qarşılaşmada isə 79-cu dəqiqədə meydana daxil oldu. 

Pavel Paşayev


1988-ci ildə Luqanskda anadan olan futbolçunun atası azərbaycanlıdı. Vaqif Paşayev oğlunu idmana yazdırıb. Ancaq Pavel əvvəlcə cüdo ilə məşğul olub. Futbolçu kimi “Atlant”da yetişən müdafiəçi ana vətəni Ukraynada bir çox klublarda çıxış etdikdən sonra “Qəbələ”yə transfer olunub. Ancaq “qırmızı-qaralar”da əsas heyətə düşməkdə çətinlik çəkdiyindən yenidən Ukraynaya qayıdıb. Hazırda “Aleksandriya”nın şərəfini qoruyan Paşayev ilk dəfə milli formanı Moldova ilə yoldaşlıq oyununda geyinib. Ancaq rəsmi debüt bu tsiklə təsadüf etdi. Pavel Almaniya ilə Bakıdakı görüşdə 90 dəqiqə oynadı. Hücumlara az qoşulsa da, müdafiədə etibarlı təsir bağışladı. Bu da Prosineçkinin etimadını qazanması üçün kifayət etdi. Bu səbəbdən Şimali İrlandiya ilə oyunda da şans qazandı. Əslində həmin görüşü çox yüksək səviyyədə keçirmişdi. Sadəcə, ani diqqətsizliyindən qapımızda qol gördük və bununla da əziyyəti puç oldu. Norveç və Çexiya ilə matçlarda da müdafiənin sol cinahı ona həvalə edilmişdi. Ümumilikdə tsikldə 360 dəqiqə oynadı.

Ramil Şeydayev 


Sankt-Peterburqda doğulan həmyerlimiz “Zenit”in yetirməsidir. AFFA 2016-cı ilin yayında Emin Mahmudovla yanaşı, onun da “saqqızını oğurladı”. Dərhal da “Trabzonspor”a keçidi baş tutdu. Yığmanın seçmə mərhələdə keçirdiyi bütün oyunlarda meydana çıxan 3 futbolçudan biridir. Ancaq bu görüşlərin hamısında 90 dəqiqə oynamayıb. 6 oyunda start heyətində yer alıb. Hesabında 1 qol və 1 “sarı” var. Trabzon klubunda oyun praktikasından əziyyət çəksə də, Prosineçki ona hər zaman oynamaq fürsəti yaradıb. Millidə keçirdiyi 534 dəqiqədə özünü ən yaxşı tərəfdən göstərməyə çalışıb. Xüsusən də sonadək mübarizə aparması, yüksək fiziki göstəriciləri ilə seçilir. Rəqibə öndə pressinq etməsi, müdafiəçiləri təzyiqdə saxlaması alqışlanmalıdır. Əslində yığmada ilk qolunu Şimali İrlandiya ilə Bakıdakı oyunda vura bilərdi. Ancaq qapıçıyla təkbətək çıxsa da, topu qapının üstünə vurdu. San Marino ilə “Bakcell Arena”da keçirilən oyunda da bir neçə dəfə bəxt ondan üz döndərdi. Amma heç vaxt ağlına da gəlməzdi ki, Azərbaycan yığmasında ilk qolunu dünya çempionlarına vurar. Şeydayev milli formada ən yaxşı oyununu Kayzerslauterndə sərgilədi. Texnikasını işə salaraq vurduğu qol uzun müddət futbolsevərlərin yaddaşından silinməyəcək. Ramil yığma formanı geyməyə layiq və böyük perspektivi olduğunu göstərdi.

Renat Dadaşov


Qardaşı Rüfət Dadaşov bu tsikldə yığmaya çağırılmasa da, Renat bir dəfə milli formanı geyindi. O da yalnız San Marino ilə Bakıdakı görüşdə. Son 18 dəqiqədə oynamaq fürsəti əldə edən Dadaşov xüsusi bir şeylə yadda qalmadı. Düzdür, hələ çox gəncdir. Ancaq üzərində çox işləməli və artıq çəkidən azad olmalıdır. Yalnız belə olan halda “Ayntraxt”ın əsas komandasına cəlb oluna və yığmada müntəzəm oynamağa başlayar.

Riçard Almeyda


Çoxdan onun yığmada çıxışı gözlənilirdi. Axır ki 2017-ci ilin yayında baş tutdu. Ancaq ölkəmizdə 5 ildən artıq oynadığı üçün vətəndaşlıq alan “sambaçı”nın millidə oynaması ilə böyük irəliləyişə nail olduğumuzu söyləyə bilmərik. Bəlkə də azarkeşlərin bir qismi elə düşünürdü ki, Almeyda braziliyalı futbolçulara xas driblinqlərlə bir neçə oyunçunu keçib qol vuracaq. Ancaq reallıq başqadır. Hər halda, onun gəlişindən sonra yarımmüdafiədə dinamika artdı. Müdafiədən hücuma çıxma təkmilləşdi. Xəttlərarası əlaqə qismən düzəldi. Son 5 oyunda 90 dəqiqə oynadı. Ancaq 450 dəqiqə ərzində qol hesabını aça bilmədi. Yalnız San Marino ilə görüşdə 1 məhsuldar ötürmə müəllifi oldu.
  
Təmkin Xəlilzadə

Ötən mövsüm premyer-liqada ən yaxşı oynayan 2 gənc futbolçu var idi. Biri “Qəbələ”də çıxış edən Tellur Mütəllimov, digəri isə “Zirə”nin şərəfini qoruyan Təmkin Xəlilzadə idi. Mütəllimov bu mövsüm o qədər də diqqət mərkəzinə düşməyib. Ancaq Xəlilzadə qaldığı yerdən davam edir. Amma nədənsə Prosineçki “Qarabağ”ın yetirməsinə yalnız tsiklin sonunda oynamaq fürsəti verdi. San Marino ilə Bakıdakı oyunda baş məşqçi heyətdə radikal dəyişikliklər etmişdi. Bu da Xəlilzadəyə özünü göstərmək üçün əla fürsət oldu. Sol cinahda hücumlara fəal qoşulan Təmkin rəqib futbolçunun avtoqol etməsinin səbəbkarı idi. Çünki məhz onun qapı qarşısına ötürməsini uzaqlaşdırmaq istəyən Miçel Çevole öz qapısını nişan aldı. Əlbəttə, onun əsl qiymətini güclü rəqiblə matçda vermək olardı. Xəlilzadə Kayzerslauterndə də xoş təsir bağışladı. Yığma formanı yenicə geyməsinə baxmayaraq, almanlarla qarşılaşmada ayağı əsmədi, özünü itirmədi, işinin öhdəsindən layiqincə gəldi. Deməli, Məhəmməd Mirzəbəyov və Arif Daşdəmirov kimi dağıstanlı legionerlərdənsə, elə öz azərbaycanlı balamızı müdafiənin sol cinahında oynatmaq məqsədəuyğundur.

Mütəxəssislər nə düşünür?

Tural Dadaşov, İTV-nin şərhçisi: “Bu tsikldə debüt edənlər arasında Ramil Şeydayevi ən uğurlu hesab edirəm. Çexiya ilə səfər matçında göstərdiyi oyunu və millidə qol hesabını açdığı Almaniya ilə Kayzerslauterndəki görüşdəki çıxışını xüsusilə qeyd etmək olar. Baxmayaraq ki, klublarında işləri qaydasında deyildi. Ramil milliyə faydalı olduğunu göstərdi. Riçard Almeydanın milliyə gəlişini böyük həsrətlə gözləyirdik. Ancaq keçirdiyi 5 oyundan sonra ümidlərin doğrulduğunu söyləyə bilmərəm. İnanaq ki, Qurban Qurbanovun gəlişi ilə Riçard “Qarabağ”da gördüyümüz oyununu millidə də nümayiş etdirə biləcək. Prosineçki Renat Dadaşova cəmi 1 oyunda qısa müddətdə şans verdi. Fikrimcə, xorvatiyalı mütəxəssis Renatı daha cox oynada bilərdi. Bu səbəbdən onun haqda gələcəkdə danışsaq, daha düzgün olar. Təmkin və Mahir haqda da həmçinin. Pavel Paşayev uzun müddət ehtiyat oyunçular skamyasında məskən salmışdı. Ötən tsikldə Malta ilə səfər matçında Prosineçki Pavel haqda sualıma cavab vermisdi ki, onunla bağlı planlarım var, bizə lazım olacaq, vaxtı var. Vaxtı bu ilin yazında gəldi. Mərhələnin vacib oyunlarında sol cinah ona həvalə olundu. Hücuma dəstək baxımından axsadığını qeyd etməklə, müdafiə planında oyununu bəyəndim. Xüsusilə Almaniya ilə ev oyunundakı çıxışı xoşuma gəlmişdi”.

Elçin Cəlilov, “Futbolpress.az” saytının baş redaktoru: “Əksəri yerli olan 8 futbolçunun seçmə mərhələdə yığmada debüt etməsi yaxşı haldır. Düzdür, Ramil, Emin, Renat, Pavel və Riçard Azərbaycan futbolunun yetirməsi deyil. Yalnız Təmkinlə Mahir burda yetişib. Təəsüfləndirici məqamdır. Bu da bir siqnaldır ki, Azərbaycan futboluna daha çox diqqət ayırmaq lazımdır. Bu qədər xərcin qarşılığında niyə yerli futbolun yetirmələri yığmada azdır? Təmkin “Zirə”də diqqətləri cəlb etdikdən sonra yığmaya dəvət olundu. Eminlə Ramilin milliyə cəlb olunması üçün AFFA müraciət etmişdi. Paveli bəyəndim, müdafiənin cinahında inamlı görünürdü. Riçardın isə yığmada uğurlu çıxış etdiyini deməzdim. Ümumiyyətlə, bu mövsüm “Qarabağ”dakı oyununda da eniş hiss olunur. Renatın səviyyəsini çox bəyənirəm. Hücumçu keyfiyyətləri yaxşıdır. Dənizi də keyfiyyətli hücumçu sayıram. Mahir Qurban Qurbanovun yığmaya bəxş etdiyi ən güclü futbolçulardan biridir. Bir qədər düşüncə çevikliyində axsayır”.     

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right