Qurban Qurbanov: yığma üçün uğurlu, ya uğursuz seçim? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 3-cü yazı

Layihəmizin mövzularından biri yığma komandanın başına keçməyə namizəd göstərəcəyimiz şəxslər barədə idi. Ancaq buna ehtiyac qalmadı. Çünki AFFA Robert Prosineçki ilə dekabrın 4-də başa çatacaq müqavilənin sonunu gözləmədən yeni mütəxəssislə anlaşdı. Qurum bu dəfə futbol ictimaiyyətinin böyük əksəriyyətinin fikrinə önəm verdi. Yəni çoxluğun tələb etdiyi oldu. “Qarabağ”la tarixi uğurlara imza atan Qurban Qurbanov bundan sonra millini də çalışdıracaq. Bəs bu əməkdaşlıq nə vəd edir? Bunun üçün ilk növbədə 45 yaşlı mütəxəssisi yaxından tanımaq lazımdır.

Maraqlı və məhsuldar futbolçu karyerası 

Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban ailənin sonbeşiyi olduğundan özəl münasibət göstərib. Ancaq 17 yaşında atası Osman kişini itirib. Bu o vaxtlar idi ki, artıq peşəkar futbolçu karyerasına start verirdi. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın"a gətirib. O, doğma Zaqatala klubunda 54 oyun keçirib və 24 qol vurub. 1991/92 mövsümündə Gürcüstanın "Alazani" klubunda 17 görüşə çıxıb və 4 qolun müəllifi olub. 1992-93-cü illərdə yenidən "Daşqın"ın formasını geyinib. Bu dəfə 39qarşılaşmada 24 dəfə fərqlənməsi iddialı klubların diqqətini çəkib. 1993-cü ildə "Turan"a transfer olunub. Tovuz klubunda 29 matçda 9 dəqiq zərbə endirən Qurbanov "Turan"ın ilk və hələ ki yeganə çempionluğunda pay sahibi olub. Futbolçu kimi ilk titulunu qazanan Qurbanov növbəti mövsüm gümüş medalı boynundan asıb. 1995/96 mövsümündə "Kür-Nur"a üz tutub. O vaxt maliyyə durumu yaxşı olan Mingəçevir təmsilçisinə güclü futbolçular cəmləşmişdi.Qurban bu komandada 12 oyun keçirib və 4 qol vurub. 1996-cı ildə yenidən "Turan"a qayıdıb. 15 oyunda "Turan"ın heyətində meydana çıxaraq 9 qol vurub. 1996-cı ildə "Neftçi"yə transfer olunub. 1996/97mövsümündə "Neftçi"nin heyətində 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub. Zaqatalalıfutbolçu 1996-98-ci illərdə flaqmanın heyətində 43 oyun keçirib və 43 qol vurub. Bundan sonra onun Rusiya karyerası başlayıb. 1998-ci ildə Stavropol "Dinamo"sunda 39 oyunda meydana çıxıb və 17 qolaimza atıb. 1999-cu ildə "Fakel" və "Baltika"da çıxış edib. Voronej klubunda 12 oyuna 8 qolun,Kalininqraq komandasında isə 14 oyuna 1 qolun müəllifi olub. O fasilələrlə yenə “Fakel”də çıxış edib və pis təsir bağışlamayıb. Ancaq “Volqar”da uğursuzluqla üzləşdikdən sonra Rusiya karyerasına son qoyaraq vətənə qayıdıb. 2003-cü ildən "Neftçi"yədönən Qurbanov 2 çempionluqda rol oynayıb. 2003/04 mövsümündə 4 oyuna 4 qol,həddən artıq gərgin mübarizənin getdiyi 2004-05 mövsümündə isə 23 oyuna 10 qol vurub. 2005/06 mövsümündə “İnter”lə anlaşan Qurban bu klubda çox qalmayıb. Artıq “Keşlə”yə çevrilən komandada cəmi 3 oyuna çıxıb. Onun karyerasında son qol 2-ci turda “Karvan”a penaltidən vurduğu qol olub. Mövsümün ilk dövrəsində 33 yaşında futbolçu karyerasını başa vurub.

Yığma karyerasını da uğurlu saymaq olar. 1992-2005-ci illərdə milli formanı geyinib. Qurban meydana çıxdığı 67 oyunda 14 qola imza atıb. Qurbanov hələ də yığmanın bombardiri ünvanını özündə saxlayır. O, bu qolları Serbiya və Çernoqoriya (3), Qazaxıstan (2), Lixteynşteyn (2), Farer Adaları, Belarus, Türkmənistan, Estniya, Moldova, Özbəkistan və Latviyanın qapısından keçirib. Onun millidə ən yaddaqalan oyunu Hit-Qoritsada keçirilən görüşdü. Həmin qarşılaşmada dubla edərək Serbiya və Çernoqoriya səfərindən 1 xalla qayıtmağa imkan verib. Qurbanov ümumilikdə karyerası boyunca 469 matça çıxıb və 195 qola imza atıb. Bu da bir azərbaycanlı futbolçu üçün yüksək məhsuldarlıq hesab oluna bilər.

Avropanı “fəth edən”məşqçi

Ancaq Qurbanı daha da məşhurlaşdıran onun məşqçilik fəaliyyəti olub. 2006-cı ildə Ağasəlim Mircavadov “Neftçi”dən ayrılaraq “Xəzər Lənkəran”ın baş məşqçisi oldu. Rəhbərlik onun yerinə gənc və təcrübəsiz Qurban Qurbanovu təyin etdi. Baş məşqçi kimi debüt pis alınmadı. Hər halda, “Neftçi”yə gümüş medal qazandıra bildi. Bəlkə də UEFA kubokunun ilk mərhələsində “Rid” səddi aşılsaydı, Qurbanov hələ də sevimli klubunda fəaliyyətini davam etdirirdi. Flaqman Avstriya klubuna səfərdə 1:3 hesabıyla uduzmuşdu. Bakıda isə “Neftçi” son dəqiqələrə kimi 2 cavabsız qolla öndə idi. Bu hesab “ağ-qaralar”ı növbəti mərhələyə çıxarırdı. Üstəlik, iki real qol vəziyyəti boşa verilmişdi. 85-ci dəqiqədə qonaqların vurduğu qol həlledici oldu. Avstriya klubu növbəti mərhələyə adladı. 2007/08 mövsümünün ilk 4 turunda 7 xal toplaması Qurbanovun istefası ilə nəticələndi. Yaya kimi klubda idman direktoru kimi çalışan Qurban Rasim Kara ilə yolları ayıran “Qarabağ”dan gələn təklifi müsbət qarşıladı. Elə ilk mövsümündə bu komandaya Azərbaycan kubokunu qazandıran Qurbanov yayda hamını təəccübləndirdi. Belə ki, yerli futbolçulardan qurulmuş heyətlə “Rusenborq” və “Honka”nı üstələyərək UEFA kubokunun pley-off mərhələsinə yüksələn “Qarabağ” “Tvente”yə uduzaraq mübarizəni dayandırsa da, milyonların sevgisini qazandı. Qurbanov bu komandaya baxımlı futbol oynamağı öyrətmişdi. Təsadüfi deyil ki, növbəti illərdə də komanda avrokuboklarda sözünü dedi. Qurban paralel olaraq üzərində işləyir və PRO kateqoriyasını almaq üçün “Qalatasaray”, “Borussiya” və “Barselona”da təcrübə qazanır. Hərçənd 2010/11 mövsümündə Qurbanovun istefası gündəmə gəlmişdi. Ardıcıl 3 oyunda qolsuz və xalsız qalan komandanın vəziyyəti yaxşı deyildi. Ancaq rəhbərlik sonadək baş məşqçinin arxasında olduqlarını söylədi. Bu, çalışdırıcının toparlanmasına səbəb oldu. Nəticədə komanda ardıcıl 8 qələbə qazandı. Amma çempion həsrətə son qoyan “Neftçi” oldu. Ardıcıl 3 mövsüm “ağ-qaralar” titulu heç kimə vermədi. Həmin illərdə “Qarabağ” azarkeşlərinin təsəllisi Avroliqada uğurlu çıxış idi. Hər dəfə hansısa nəhəng komanda – gah “Brüggü”, gah “Ayntraxt”, gah da “Zalsburq” daha da irəliləməyə imkan vermirdi. 2013/14 mövsümündə Qurbanov məşqçilik karyerasında ilk çempionluğunu yaşadı. Bundan sonra "Qarabağ" titulu heç kimə vermədi. Ardıcıl 4 çempionluqdan savayı qazanılan bir neçə kubok var. Ancaq ən çox diqqət çəkən uğurlar avrokuboklarda qazanılan qələbələrdir. Komanda Qurbanovun rəhbərliyi altında 3 dəfə Avroliqanın, son olaraq Çempionlar Liqasının qrupunda çıxış edib. Bir neçə dəfə Avropa Liqasında qrupdan çıxmağa yaxın olub.

Oynatdığı futbol

Qurbanov dəfələrlə qeyd edib ki, onun məşqçi kimi bəhrələndiyi və simpatiya bəslədiyi mütəxəssis Jozep Quardioladır. Elə bu gün “Qarabağ”la oynatdığı futbol da ispan məşqçinin oyun sisteminin bənzəridir. Nahaq yerə bu komandaya Qafqazın “Barselona”sı demirlər. Qurbanovun əsas istəyi komandanın topla daha çox oynaması, qısa ötürmələrə üstünlük verməsi, öndə rəqibə pressinq etməsidir. Nadir hallarda cinah asmaları edilir. Bu bir az Miçelin transferindən sonra artıb. Çünki ispan yarımmüdafiəçi başla yaxşı oynamağı bacarır. Qurbanov futbolçularının “təmiz” oynamasını istəyir. Hesabdan asılı olmayaraq kobud oyuna icazə vermir. Futbolçularına tez-tez vərəqə almamağı, hakimə sərt şəkildə etiraz etməməyi tapşırır.

Xarakteri

Məşqçilər iki yerə ayrılır: çılğın və təmkinli mütəxəssislər. Qurbanov ikincilərdəndir. Hətta “Atletiko” səfərində vurulan qoldan, oyundan sonra da onun simasında aşkar sevinc görünmürdü. Oyunu 90 dəqiqə boyunca ayaq üstə izləyir, tez-tez tapşırıqlar verir. Zəhmlidir və intizamı sevir. Onun komandasında qruplaşma, kiminsə kiməsə yuxarıdan aşağı baxması mümkün deyil. Futbolçularda özünə qarşı rəğbət oyada bilir. 

İki işi görə biləcəkmi?

Əlbəttə, əcnəbi məşqçidənsə yerli mütəxəssisin yığmanı çalışdırması daha doğru qərardır. Çünki yerli “mətbəx”i bilənlər elə özümüzünkülərdir. Bu baxımdan Qurbanov yaxşı seçimdir. Yeganə mənfi görsənə biləcək məqam onun eyni zamanda “Qarabağ”da çalışmasıdır. Bir çoxları belə düşünür ki, iki işi eyni vaxtda görə bilməyəcək. Bu fikirlərə doğru da ola bilər, yanlış da. Bunu zaman göstərəcək. Dünya praktikasında həm klubda, həm də yığmada eyni vaxtda uğur qazanmış məşqçilər də olub, uğursuzluqla üzləşənlər də. Qurbanov üçün uğur qazanmağa imkan verən cəhət onun yerli klubda çalışmasıdır. Yəni belə olan halda həm də çempionatda çıxış edən yerli futbolçuları yaxından tanıyır, kimin nəyə qadir olduğunu görür. O elə xarakterə malikdir ki, hansısa tapşırılmış futbolçunu yox, ən layiqliləri əsas heyətə daxil edir. AFFA İcraiyyə Komitəsindən istefa verməklə düzgün addım atıb. İşini bir qədər yüngülləşdirən Qurbanov indi yığma-klub tandemini balanslı şəkildə idarə etməyi bacarmalıdır.

Təzyiq olmayacaq

Bundan əvvəlki məşqçilər böyük təzyiq altında işləyirdi. Xüsusən də Şahin Diniyevdən etibarən. Həm o, həm Berti Foqts, həm də Robert Prosineçki hər acınacaqlı məğlubiyyətdən sonra tənqid atəşinə tutulub və istefaya çağırılıb. Bu da onları təzyiq altında saxlayıb və daha yaxşı işləməyə imkan verib. Ancaq Qurban Qurbanova münasibət tamam fərqlidir. Bu gün Azərbaycan futbolunda ən böyük rəğbəti Qurbanov və Rəşad Sadıqov qazanıbsa, əlavə şərhə ehtiyac yoxdur. Çoxluğun tələbi ilə bu təyinat baş tutub və baş məşqçiyə 3 tsikl şans verilib. Deməli, Qurbanov rahat və təzyiq altında olmadan işləyə bilər. Xüsusən avrokuboklarda qazandığı zəngin təcrübə yığmada da dadına çata bilər.  

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right