Birinci divizionunun yeni limiti nə vəd edir? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 10-cu yazısı

Azərbaycan futbolunda klublar 3 qrupa bölünür. Ən ali səviyyədə olanlar Premyer Liqada mübarizə aparır. Onların kölgəsində qalanlar 1-ci divizionda var-gəl edir. Futbol həvəsini öldürənlər isə Həvəskarlar Liqasında çıxış edir. Sonuncu təbəqəyə daxil olanlar liqanın adına uyğun olaraq həvəskar statusu daşıyır. Çox təəssüf ki, onların arasında Azərbaycan futboluna neçə-neçə istedadlı oyunçu bəxş etmiş “Bakı” da var. Ancaq bu yazıda nə “Bakı”dan, nə də Həvəskarlar Liqasından söz açacağıq. Mövzumuz 1-ci diviziondur. Bir qədər də dəqiqləşdirsək, aşağı dəstədə tətbiq olunan limiti müzakirə edəcəyik.

Premyer Liqaya yol bağlı idi

Dünya praktikasında belədir ki, 2-ci liqada çıxış edənlər elitaya yüksəlmək uğrunda mübarizə aparır. İki çempionat arasında aşkar uçurum da olmur. Ona görə bəzən yüksək liqaya çıxan kimi adından söz etdirənlər də olur. Məsələn, illər əvvəl bundesliqaya vəsiqə qazandığı ildə çempion olan “Kayzerslautern” bütün Avropanı şoka salmışdı. Təəssüf ki, bunlar bizim futbol üçün keçərli deyil. Çünki bizdə Premyer Liqa ilə 1-ci divizion arasında aşkar səviyyə fərqi var. Bura klubların büdcəsindən tutmuş, komandaların heyətinə və infrastruktura kimi hər şey daxildir. Ona görə də bir neçə il aşağı dəstədən heç kim elitaya yüksələ bilmirdi. Əslində əsasnaməyə görə ilk 2 yeri tutan komandalar elitaya yüksəlməliydi. Ancaq hər dəfə bir problem ortaya çıxırdı. Gah bu hüquqa sahib klublar könüllü surətdə geri addım atırdı. Yəni klub rəhbərləri Premyer Liqanın başqa səviyyə olduğunu etiraf edib, növbəti ili də divizionda keçirməyə razılaşır, ayaqlarını yorğanlarına görə uzatmağı doğru sayırdılar. Gah da Peşəkar Futbol Liqası onların lisenziya şərtlərinə cavab vermədiyini əsas gətirərək Premyer Liqaya giriş qapısını aşağıdakılar üçün bağlayırdı.

Gənclərə üstünlük verildi

Bu zaman AFFA İcraiyyə Komitəsi yeni qərar çıxardı. Divizion oyunlarında hər komandanın heyətində minimum 8 yaşı 21-ədək olan futbolçu meydana çıxmalıdır. Məqsəd də o idi ki, gənclər divizionda püxtələşsin, üzə çıxsın və müxtəlif yaş qrupları üzrə yığmalar üçün seçim şansı artsın. Həm də divizion klubları Premyer Liqa iştirakçıları üçün donor rolunu oynamalıydı. Əslində niyyət pis  deyildi. Ancaq İcraiyyə Komitəsinin üzvləri heç də bütün detalları və qərarın ortaya çıxaracağı fəsadları nəzərə almamışdı. Birincisi, qərar elə vaxtda verildi ki, divizion iştirakçıları buna hazır deyildi. Onlar hələ heyətini gəncləşdirə bilməmişdi. Ona görə də AFFA-ya müraciət etdilər ki, bu limit müvəqqəti olaraq təxirə salınsın. Ali qurum müraciəti geri çevirmədi. Limit bir qədər yumşaldıldı. İlk ildə meydana 6 gənc futbolçunun daxil olmasıyla bağlı razılıq əldə olundu. Ancaq növbəti ildən yenidən 21 yaşı keçməmiş 8 futbolçunun mütləq şəkildə eyni vaxtda meydanda olması ilə bağlı limit bərqərar oldu.

Limit bir işə yaramadı

AFFA-nın  niyyəti baş tutmadı. Reallıq onu göstərdi ki, qatı limitin elə bir faydası yoxdur. Çünki aşağı dəstədə yetərincə gənc futbolçu bolluğu yaransa da, onların çox azı müxtəlif yaş qrupları üzrə yığmalarda göründü. Elita klubları isə ümumiyyətlə, onlara gözünün ucuyla belə baxmadı. Bundan əlavə limitə görə nə qədər futbolçu karyerasını başa vurmaq məcburiyyətində qaldı. Çünki klublar məcburən gənc oyunçuları heyətə qatmağa başladı. Belə olan halda yaşı 21-dən çox olan nə qədər futbolçu ixtisara düşdü. Özlərinə heç yerdə mövqe tapmayan belə futbolçuların bir çoxu məcburiyyətdən karyerasını başa vurdu. Beləliklə, bu limit müəyyən mənada futbolun kütləviliyinə də zərbə endirmiş oldu.

Ən əsas problem isə uçurumun daha da böyüməsində idi. Çünki divizion klubları gəncləşdikcə Premyer Liqa iştirakçılarıyla səviyyə fərqi də artırdı. Ona görə də Azərbaycan kubokunda sürpriz nəticə qeybə çəkildi. Elə ilk mərhələdən divizionda mübarizə aparanlar elita komandalarına məğlub olaraq mübarizəni dayandırırdı. Halbuki başqa çempionatlarda bəzən aşağı divizionlarda çıxış edən komandalar finala kimi yüksəlir. Ancaq bizdə bu mümkün deyildi. Çünki əsasını gənclər təşkil edən komandalar təcrübəli futbolçulardan qurulmuş və legionerləri olan Premyer Liqa klublarıyla heç cür ayaqlaşa bilmirdi.

Bu limitin daha bir fəsadı isə oyun alqı-satqısının çiçəklənməsi oldu. Çünki divizion iştirakçıları gördülər ki, elə  yerlərində sayırlar, yuxarıya yüksəlmək şansları yoxdu. “al-ver”ə girişdilər. Ötən il bu vəziyyət daha da dözülməz hal aldı. Nəticədə UEFA vəziyyətdən xəbər tutdu və AFFA-ya bununla bağlı araşdırma  başlatması barədə göstəriş verdi. Yekunda nə qədər futbolçu, o cümlədən “Rəvan” və “Şahdağ” cəzaya məruz qaldı.

Uzun fasilədən sonra aşağı dəstədən bir klub elitaya yüksəldi. Bu mövsüm elitada AZAL-ı ötən mövsüm divizionda yüksək yerlərdən birini tutan “Səbail” əvəzləyib. Maraqlı məqam ondan ibarətdir ki, Bakı klubu yayda, mövsümlərarası transfer dönəmində heyətini demək olar ki, tamamilə yenilədi. Buna səbəb heyətdə çoxlu gənclərin olmasıydı. Bu gənclərlə elitada iştirak etmək özünə qəsd etmək kimi bir şey olardı. Ona görə də yeni baş məşqçi Samir Əliyevin tapşırığına uyğun olaraq heyətə daha təcrübəli futbolçular cəlb olundu. Bu, bir daha onu göstərir ki, 3+8 limiti yararsızdır. Daha doğrusu, faydaları zərərləri ilə müqayisədə çox cüzidir.

Doğru qərar çıxarıldı

Bu mövsümdən isə yeni limit tətbiq olunacaq. Çempionatın startına az qalmış futbol ictimaiyyətinə məlum oldu ki, 6+3+2 limiti tətbiq ediləcək. 3 futbolçu mütləq gənc olmalıdır. 2 oyunçu isə legioner ola bilər. Ancaq bundan artıq əcnəbi futbolçu eyni vaxtda bir komandanın heyətində meydana çıxa bilməz. İstənilən divizion iştirakçısı legioner oynatmayıb, onların əvəzinə yaşı 21-dən çox yerli futbolçu oynada bilər. Əsas məqam ondan ibarətdir ki, indi aşağı dəstədə iştirak edənlər 3 gənc futbolçunu oynatmaqla vəziyyətdən çıxa bilər. Bu isə o deməkdir ki, divizionda təcrübəli futbolçulara tələbat artacaq. Yayda neçə-neçə elita təcrübəsi olan futbolçular aşağı dəstə komandalarına boşuna yollanmayıb. Bu dəfə divizionda mübarizə daha maraqlı olacaq. Artıq “uşaq bağçası” deyimi də divizionda aradan qalxacaq. Bu, həm də aşağı dəstə komandalarının səviyyəsinin yüksəlməsinə imkan verəcək. Bundan sonra tramplin də işə düşə bilər. “Səbail”in ardınca növbəti illərdə başqa aşağı divizion təmsilçiləri də Premyer Liqanın həyəcanını yaşaya bilər.Çünki artıq heyətlərini daha püxtələşmiş futbolçulardan qura bilərlər. Belə olan halda elitaya yüksəldikdən sonra komandanın heyətini tam dəyişməyə və uyğunlaşma üçün vaxt itirməyə də ehtiyac olmayacaq.

Baş məşqçilər nə düşünür?

Əsgər Abdullayev, “Turan Tovuz”un baş məşqçisi: “Bizdə gənc futbolçular daha çoxdur. Bu gün futbolçu 20 yaşında meydana çıxmalıdır. Tovuzlular heyətdə üstünlük təşkil edir. Başqa bölgələrdən də oyunçularımız var. Çətinliyimiz ondadır ki, 10-11 futbolçu komandanı tərk edib. Oyunçuların əksəriyyəti şəhər mühitinə üstünlük verir. Ona görə də bir az işimiz çətindi. Yeni heyət formalaşdırırıq. Çalışacağıq ki, Tovuza layiq komanda yaradaq. Futbolçu oynayandısa, 17 yaşında da oynayacaq. İstedadlı oyunçu üçün yaşın elə bir fərqi yoxdur”.

Arif Əsədov, “Vətən”in baş məşqçisi: “Bizim üçün limitin elə bir fərqi yox idi. Çünki komandamız yenidir və divizionda debüt edəcəyik. Qarşımızda elə bir ciddi hədəf yoxdur. Hazırki məqsədimiz yaxşı komanda formalaşdırmaq və gənc oyunçulara üstünlük verməkdir. 20 futbolçumuzdan yarısı təcrübəli, yarısı isə limitə uyğundur. Ola bilər, rəqiblər hazırki limitin imkanlarından istifadə edib, təcrübəli futbolçulara üstünlük versin. Buna görə narahat deyilik. Bizim öz strategiyamız var və buna uyğun işlərimizi qururuq”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right