“Qarabağ” “taxt”dan bərk yapışıb (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 7-ci yazısı

Layihəmizin 12 mövzusundan biri ilk dövrənin ən maraqlı turunun təhlilinə aiddir. Hesab edirik ki, çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Qəbələ”nin duelinin, 90-cı illərin ən prinsipial oyunu sayılan “Neftçi” - “Kəpəz” görüşünün, medallar uğrunda savaşan “Zirə” və  “Sumqayıt”ın qarşılaşmasının baş tutduğu son turu ilk dövrənin mərkəzi turu elan etmək olar. Baxmayaraq ki, 3-cü turda 4 oyuna qapılara cəmi 7 top vuruldu. Bu turu meydan sahiblərinin aktivinə yazmaq məcburiyyətindəyik. Çünki qonaqların heç biri qələbə qazana bilmədi. 3 matçda ev sahiblərinin üzü güldüsə, bir qarşılaşmada heç-heçə qeydə alındı. Başlayaq elə həmin heç-heçədən.

Yenə qələbəyə həsrət qaldılar

“Bakcell Arena”da ilk 2 turda qələbə qazanmayan komandalar qarşılaşdı. Hansı ki ölkənin ən titullu klubları hesab olunur. 8 qat ölkə çempionuyla 3 qat ölkə çempionunun ilk 2 turda xalsız qalması absurd görünür. Aydın məsələydi ki, 3-cü turda bunlardan ən azı biri “siftə” edəcək. Görüşə keçməzdən öncə komandalarına durumuna göz atmağa dəyər. “Kəpəz”in elə əvvəldən bu mövsüm nisbətən zəif çıxış edəcəyi proqnozlaşdırılırdı. Aparıcı legionerləriylə vidalaşmaqla yanaşı, Tural Axundov, Orxan Əliyev və Vüqar Bəybalayev kimi öndə gedən yerli futbolçularını də əldən verən “sarı-göylər” kasad büdcənin acısını çəkdi. SOCAR maliyyələşdirdiyi klubun transfer büdcəsindən kəsib, stadionun qazonuna pul ayırınca vəziyyət Şahin Diniyevin komandası üçün acınacaqlı hal aldı. Nəticədə “Kəpəz” ilk iki turda ötən mövsüm başa-baş mübarizə apardığı kollektivlərə boyun əydi. “Neftçi”nin durumu da əzəli rəqibindən fərqlənmirdi. Əslində komanda yayda pis hazırlıq keçməmişdi. Sadəcə, transfer siyasəti yenə uğursuzluqla nəticələndi. Elxan Abdullayevin səriştəsizliyini də bura əlavə etmək olar. Flaqman məhz bu səbəblərdən ilk 2 turda xala həsrət qaldı. Nəticədə Abdullayev istefa verdi. “Kəpəz”lə oyuna komandanı əvəzediclərin baş məşqçisi Elşad Əhmədov çıxardı. Onun ilk “11-lik”də Anton Krivotsyuka şans verməsi sürpriz addım idi. Fəhmin Muradbəyli də mövsümdə ilk dəfə start heyətində yer almışdı. Bu oyun Ruslan Abışov üçün yubiley idi. Belə ki, “Neftçi”nin kapitanı Premyer Liqada 200-cü matçını keçirirdi. Yeri gəlmişkən, yığmamızın üzvü bir neçə dəfə yubileyini qolla qeyd etməyə yaxın oldu. Xüsusən də oyunun sonlarına yaxın künc ötürməsini başla dəqiq tamamlamağa borclu idi. Ümumiyyətlə, bu görüşdə “Neftçi” qələbəni haqq etsə də, bəxt və Davud Kərimi “Kəpəz”ə ilk xalını qazandırdı. Qonaqların heyətində az-çox Viktor Oseqeyl nəsə etməyə çalışırdı.

Kapitan qayıtdı və sözünü dedi

Transfer qadağası üzündən bu mövsüm də Premyer Liqada kasad heyətlə mübarizə aparan “İnter” çempionluğa iddialılara minimal fərqlə uduzmuşdu. Bu da onu göstərirdi ki, Zaur Svanadzenin komandası nə qədər zəifləsə də, medallar uğrunda mübarizə aparmaq niyyətindədir. Heç “Səbail” də pis təsir bağışlamırdı. Bir tur əvvəl “Neftçi”yə qalib gələn paytaxtın yeni klubu özünü heç də debütant kimi aparmırdı. Samir Əliyevin gənclər və təcrübəlilərin sintezindən qurduğu komanda bu qarşılaşmanı da yüksək səviyyədə keçirdi. Etiraf etmək lazımdır ki, bəxt “İnter”in dadına çatdı. Svanadzenin komandası hesabı erkən açdı. Zədəsini sağaldıb sıraya dönən meydan sahiblərinin kapitanı Nizami Hacıyev gözəl qol vurdu. İlk hissədə azarkeşlər heç darıxmadı. Çünki hər iki komanda qarşılıqlı təhlükəli hücumlarla futbolsevərləri həyəcanlandıra bilirdi. Əsasən Orxan Sadıqlının qurtarışları diqqəti çəkirdi. İkinci hissədə təkcə Sadıqlı yox, həm də bəxt “İnter”i məyus olmağa qoymadı. Tərlan Quliyevin qırmızı vərəqə almasından sonra “Səbail” üstünlüyü tam ələ keçirdi. Vüqar Nadirovun fəallığı diqqət çəkirdi. O, bir neçə dəfə uzaqdan güclü zərbəylə qol vurmağa yaxın oldu. Birində top tirə dəydisə, digərində Sadıqlı yaxşı oynadı. Bir epizodda isə Vüqarın korner asmasından sonra Denis Silvanı avtoqol müəllifi olmağa qapı çatı imkan vermədi. Beləliklə, “İnter” çətin də olsa, doğma meydanda debütanta qalib gələrək, cari mövsümdə ilk qələbəsini qazandı.

“Zirə”nin yubiley zəfəri

İlk iki turda azarkeşlərini sevindirən “Zirə” bu tur evdə “Sumqayıt”la qarşılaşdı.“Kimyaçılar” ilk dəfə bu qədər təcrübəli heyətə malik idi. Hər halda, əvvəlki mövsümlərlə müqayisədə. Ona görə də futbol ictimaiyyəti bu il Samir Abasovun komandasının avrokuboklara vəsiqə qazanacağını düşünür. “Zirə” isə Ayxan Abbasovun yanvardan üzü bəri fəaliyyəti dövründə xeyli iddialı duruma gəlib. İndi komanda 2015/16 mövsümündə olduğu kimi, ən azı gümüş medala iddialıdır. Bu oyunun gərgin məcrada keçəcəyi gözlənilirdi. Zirə Olimpiya İdman Kompleksinin tribunalarında əyləşən tamaşaçılar 90 dəqiq boyunca olduqca maraqlı və şən futbol izlədi. Qonaq komandanın qapısında sürpriz isim var. Samir Abasov nədənsə güclü rəqiblə səfər qarşılaşmasında təcrübəli Fərhad Vəliyevə deyil, gənc Mehdi Cənnətova şans vermişdi. Kim bilir, bəlkə də Abasov vaxtilə “Qarabağ”da komanda yoldaşı olduğu Vəliyevlə hər hansı problem yaşadığı üçün bu addımı atmışdı. Daxili "mətbəx”də nələr yaşandığını deyə bilmərik. Ancaq bir şey aydın göründü ki, Samir bəyin bu riskli addımı özünü doğrultmadı. Təcrübəsiz qapıçı məğlubiyyətin səbəbkarlarından biri idi. İlk hissə bərabər mübarizə şəraitində keçdi. Hətta qonaqlar qola daha yaxın oldu. Bir epizodda Rəşad Eyyubovun zərbəsindən sonra top qapı  tirinə tuş gəldi. Ancaq 2-ci hissədə Mehdi Cənnətov və Rail Məlikovun səhvləri sumqayıtlılara baha başa gəldi. Riçard Qadze hesabı açdıqdan sonra assistent kimi də çıxış etdi. Əvvəlcə qanalı hücumçunun qapı qarşısına yerlə qapıya paralel ötürməsini dəqiq tamamlayan 21 yaşlı Vüsal İsgəndərli az sonra ustalıqla topu bir qədər irəli çıxmış Mehdi Cənnətovun başı üzərindən tora qovuşdurdu. Sonrakı dəqiqələrdə “Sumqayıt” bu qollardan yalnız birinin əvəzini çıxa bildi. Bununla da elitada 3-cü mövsümünü keçirən “Zirə” Premyer Liqada 30-cu qələbəsini qeyd etdi.

“Qəbələ” yorğun “Qarabağ”ı uda bilmədi

Ancaq zirəlilər doyunca sevinə bilmədi. Çünki “Qarabağ” yenə zirvədə onları tək qoymadı. Halbuki əksəriyyət çərşənbə günü Danimarkada “Kopenhagen”lə ağır oyun keçirmiş Qurban Qurbanovun komandasının “Qəbələ”yə uduzacağını gözləyirdi. Ancaq ağdamlılar proqnozları alt-üst etdi. Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda meydana çıxmış bəzi futbolçuları ilk “11-liy”ə daxil etməmişdi. Gerye zədə üzündən bu vacib görüşü buraxmışdısa, Yakub Jezniçak, Riçard Almeyda, Dino Ndlovu, İbrahim Şehiç və Qara Qarayev ehtiyatda gözləyirdi. Qurban bəy adları çəkilənlərdən ilk 3 futbolçunu ikinci hissədə meydana buraxdı. Düzdür, “Qarabağ” bu prinsipial qarşılaşmaya yorğun çıxmışdı. Ancaq “Qəbələ”nin də itkiləri var idi. Xüsusən də bir tur əvvəl “Sumqayıt”la ev oyununda sıradan çıxaran İlqar Qurbanov və Cavid Hüseynov ukraynalı mütəxəssis üçün böyük itki sayılırdı. Legioner limitinə görə də Qriqorçuk müəyyən rotasiyalara əl atmaq məcburiyyətində qalmışdı. İlk hissədə “Qarabağ” daha yaxşı təsir bağışladı. Hər iki komanda əsasən uzaqdan zərbələrlə qol vurmağa çalışırdı. Bu yerdə onu da  nəzərinizə çatdıraq ki, Əfran İsmayılov Premyer Liqada 200-cü oyununu keçirirdi. İkinci 45 dəqiqədə azarkeşlər daha maraqlı və açıq mübarizə izlədi. Hissənin əvvəllərində “Qəbələ”nin yeni transferləri 100 faizli qol imkanlarını qaçırmasaydı, bəlkə də yekunda qonaqlar qələbə qazanacaqdı. Əvvəlcə Dion Malone qapıçıyla təkbətəkdən məğlub ayrıldı. Daha sonra Monrozun zərbəsinin qol olmasına Rəşad Sadıqov imkan vermədi. “Vurmayana vurarlar” prinsipi işə düşdü. Ansi Aqollinin asmasını nəzarətsiz qalan Mahir Mədətov başla qola çevirdi. Amma “Qəbələ” tez özünə gəldi. Malonenin əla ötürməsini Monroz tora qovuşdurdu. Ancaq bu mövsümə çox yaxşı start verən Mədətov yenidən səhnəyə çıxdı. Tellur Mütəllimovdan sıyrılan gənc futbolçu əlverişli mövqedə duran Miçelə qol ötürməsi verdi. İspan yarımmüdafiəçi isə bu fürsəti qaçırmadı. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə “Qəbələ”nin 3 qara dərili futbolçusu Asif Məmmədovun asmasını qapıya göndərə bilməyincə “Qarabağ”ın ardıcıl 3-cü qələbəsi reallaşdı. Qurbanovun komandası bu nəticəylə həm də əzələ nümayiş etdirdi. Son 4 ilin çempionu göstərdi ki, “taxt”ından əl çəkmək niyyətində deyil. Belə ağır oyundan sonra da ən ciddi rəqibinə qalib gələ bilirsə...

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right