“Sumqayıt”a Belarusdan gələn cəlilabadlı

Nəzər Quliyev bundan sonra “Sumqayıt”da çıxış edəcək. Belarusu Azərbaycana dəyişən 21 yaşlı basketbolçu bura böyük ümidlərlə gəlib.

– Basketbolun sirrlərini Borisov idman məktəbində öyrənmişəm. Artıq 4-cü sinifdə oxuyanda orada məşq edirdim. Məni basketbola həvəsləndirən əmimin oğulları oldu. Beləcə bu oyuna marağım yarandı. Bunun nəticəsində əmim oğlu ilə eyni komandada oynamağa başladıq. İş elə gətirib ki, hazırda o Amerikadadır, mən isə Bakıda.  Mənə basketbolu sevdirən Vüqar Quliyev NCAA komandalarından birində çıxış edir.

– Onun draftlarda iştirak etmək şansı var?

– Bəli, belə bir fikri var. O, özü də məni Amerikaya səsləyir. Deyir ki, “sən basketbolu bu cür yaxşı oynayırsan, niyə özünü ABŞ-da sınamaq istəmirsən?! Nə deyim, nəsə orada uğur qazanacağıma bir qədər şübhə edirəm. Orada özünü doğrultmaq üçün çox çalışmalısan. Bəlkə də Tanrının izni ilə ora getdim. Hələ vaxtım var.

– Bəs Belarusda necə inkişaf etdin? Hansı komandalarda çıxış etmisən?

– 16 yaşıma qədər Borisovda çıxış etmişəm. Bu şəhəri təmsil edən komandanın heyətində yeniyetmələrdən ibarət Belarus birinciliyində oynamışam. Orta məktəbi bitirib universitetə daxil olandan sonra məni “TSMOKİ (ЦМОКИ) Minsk” komandasına dəvət etdilər. İki il bu klubun gənclərdən ibarət komandasında çıxış etmişəm. Daha sonra Azərbaycandan təklif gəldi.

– Artıq burada 3 oyunda meydana çıxmısan. Çempionatımızın səviyyəsi haqda nə deyə bilərsən?

– Doğrusu, çox bəyəndim. Əslində, Belarusla Azərbaycan liqaları arasında müəyyən fərqlər var. Biz hələ yolun başlanğıcındayıq. Demək olar ki, hər şey sıfırdan qurulub. Belarusda isə çempionat 20 ildən artıqdır keçirilir. Oranın yerli oyunçularının səviyyəsi yüksəkdir. Bizdə hələ bu mənada axsama var. Amma Azərbaycanda çıxış edən legionerlərin səviyyəsi yüksəkdir. Çempionatımızdakı rəqabətə gəlincə, komandalar arasında səviyyə fərqi demək olar ki, bərabərdir. Çoxu “Sabah” komandasını xüsusi fərqləndirir. Hər halda, avrokubokda oynayırlar. Amma orada əsasən legionerlərə güvənirlər. Yerli oyunçuları da yaxşıdır, amma bizdən üstün olduqlarını deməzdim. Görək sona qədər necə gedəcəklər?! Zədələrdən əziyyət çəkməsək, onlara “əlcək ata bilərik”.

– “Sumqayıt” haqda nə deyə bilərsən? Klubun iddiası səni qane edirmi?

– Çox yaxşı komandadır.  Rəhbərlik də bizə qarşı çox mehribandır. Məsələn, 2 gün əvvəl şam süfrəsi arxasında əyləşdik. Komandanın planlarından danışdıq, perspektivlərini müzakirə etdik. Bir sözlə gənc, amma eyni zamanda iddialı kollektivik. Bir həftə əvvəl heyətə yeni amerikalı oyunçu qoşuldu, iki gün əvvəl biri də gəldi. Əslində, çıxışımızdan danışmalı olsaq, oyundan-oyuna artırdığımızı deyə bilərəm. “NTD-İndiqo” ilə Xaçmazda keçirdiyimiz ilk oyunda komandada bir qədər özünəinam çatışmadı. İkinci oyunda “Xırdalan”ı asanlıqla məğlub edə bilərdik, bəxtimiz gətirmədi. Son bölümdəki səhvlərimiz nəticəyə öz mənfi təsirini göstərdi.  “Sərhədçi” ilə oyunda isə ilk qələbəmizi qazandıq. Hərçənd onları 4 xal fərqilə məğlub etdik, amma hesab daha böyük ola bilərdi.  Doğrusu, “Sərhədçi”ni çox bəyəndim.  İstər əcnəbi, istərsə də yerli oyunçularının səviyyəsi yüksəkdir. Məsələn, yerlilərdən Cəbrayıl Əkbərovun adını çəkə bilərəm.

– “Neftçi” ilə cümə günü keçirəcəyimiz oyun haqda fikirlərini öyrənmək istərdim. Bu oyunu ilk dəfə doğma azarkeşlərimiz önündə keçirəcəyik. Arenada hansı atmosferi gözləyirsən?

– “Neftçi” yaxşı komandadır.  Amma hər şey bizim özümüzdən asılıdır. Yaxşı oynasaq, meydanda anlaşma səviyyəsi yüksək olsa, nəticə də olacaq. Əlbəttə, doğma azarkeşlər qarşısında oynamaq xoşdur. Ümid edirəm ki, sumqayıtlılar arenaya gəlib bizi dəstəkləyəcəklər. Həmin oyunu səbirsizliklə gözləyirik.

– Əslin Cəlilabaddandır. Özün də “Sumqayıt”la müqavilə imzaladıqdan sonra doğma rayonuna yollanıb qohumlarını ziyarət etmisən.

– Bəli, atam Cəlilabadın Alar kəndində doğulub.  Amma mən “Sumqayıt”a keçməzdən əvvəl də bura gəlirdim. Məktəbdə oxuyarkən yay tətilində bura gəlirdim. Sonuncu dəfə 5 il qabaq burada olmuşam.

– Maraqlıdır ki, çempionatımızda doğma rayonunu təmsil edən “Cəlilabad” klubu da çıxış edir. Qarşıdakı həftə “Sumqayıt” Cəlilabada səfər edəcək.  Həmin oyunda hansı hissləri keçirəcəksən?

– Bəli, elədir. Mən artıq bu komandanın baş məşqçisi Şəhriyar Əsgərovla da görüşmüşəm.  Həmçinin komandanın kapitanı Zaur Paşayevlə söhbət etmişəm. Doğrusu, onlar cəlilabadlı olduğumu biləndə heyrətləndilər. İstənilən halda, həmin oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edəcək. Maraqlı görüş olacaq.

– Sonda Avroliqa və MBA haqda. İzləyirsənmi? Hansı komandaları dəstəkləyirsən? Ən sevdiyin basketbol ulduzları kimlərdir?

– Əlbəttə, izləyirəm. Avroliqadan danışmalı olsaq, “Real Madrid”i çox bəyənirəm. “Monako”nun oyunu da xoşuma gəlir. Xüsusən də Mayk Ceymsi fərqləndirərdim. Arenasındakı atmosferə görə “Srvena Zvezda” da xoşuma gəlir. MBA-da isə Lebron Ceymsin fanatıyam. Mən onun oyunlarını izləyərək böyümüşəm. Məsələn, əvvəllər basketbol həvəskarları Maykl Cordan və daha sonra Kobi Brayantın oyunlarına valeh olublar. Təbii ki, bu oyunçular özlərindən sonra irs qoyub gediblər. Mən də Lebronu sevmişəm. Dəstəklədiyim komanda isə “Los Anceles Leykers”dir. Kobi Brayantın dövründən “Leykers”liyəm. Hər halda, “Leykers” basketbolun ikonasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right