Azərbaycan Xalq Cümhuriyyəti - 100 il

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. 
 
Newsport.az saytının məlumatına görə, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.
 

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camobəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edilir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.
Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right