"Ətrafımda hələ də "qız hara, futbol hara" deyənlər var" MÜSAHİBƏ

Bu gün 8 mart Beynılxalq Qadınlar günüdür. Buna görə də, Azərbaycanın ilk və yeganə xanım futbol şərhçisi olan və "CBC Sport" kanalında çalışan Səmra Əliyevadan müsahibə aldıq.

 

Newsport.az Səmra Əliyevanın Sportal.az saytına verdiyi müsahibəni təqdim edir:

 

- Səmra Əliyeva idman jurnalistikasına necə gəlib?
- Əslində siyasi jurnalist olmaq istəyirdim. Amma ürəyimdə idmana, xüsusilə futbola olan həvəs məni bu sahəyə yönəltdi. Jurnalistikaya "Radio Antenn" 101 fm-də başladım. Amma orada çalışmağa başlayandan bir neçə il sonra radioya Doktor Ziya və onunla birgə çalışan efir məkanının tanınmış, amma üzə çıxmağı sevməyən prodüsseri Zaur Kazımov gəldi. Məhz Zaur futbola olan marağımı gördükdən sonra mənə "efirə çıxmaq üçün səsin və futbol biliyin var, məncə, vaxtıdır" - dedi. İlk addımlarımda o, mənə çox dəstək oldu. Beləcə, futbol mənim ayrılmaz bir hissəmə çevrildi.

 

- Xanımlar futbola elə də həvəs göstərmir. Bəs sizdə futbol sevgisi necə yarandı?
- Doğulub boya-başa çatdığım məhəllədə həmyaşıdlarım oğlanlar idi. Dolayısı ilə məcburiyyətdən onlarla vaxtımı keçirirdim. Onların içindən yalnız biri futbolla çox maraqlanırdı. Bir gün mənə bu idman növünün qaydalarını başa saldı. Sonra qeydlər apardığı futbol dəftərini mənə bağışladı və üstəlik, məhəllədə futbol oyunu məndə bu idman növünə maraq oyatdı. Onun verdiyi dəftəri öz qeydlərimlə tamalamaqla yanaşı, hələ əlavə futbol konspektləri və dəftərlər də tutdum.

 

- Azərbaycanda ilk xanım şərhçisiz. Bu sahə barədə nə fikirləriniz var?
- İlk olmaq həm xoşdur, həm də bir az çətindir. Ümumiyyətlə, şərhçi işləmək çox çətindir. Kənardan dinləyəndə səhv tutmaq çox asan olur. Amma bu işin içində olanda anlayırsan ki, həqiqətən də heç nə asan başa gəlmir.

 

Image may contain: 2 people

 

- Şərhçi olmaq arzunuz idi, yoxsa jurnalistikaya gəldikdən sonra bu barədə fikirləşdiz?

- Mənim nənəm radioda çalışıb. Bu, bəlkə də gendə var deyə düşünürəm. Amma mən hər zaman siyasi jurnalist olmaq istəmişəm. Bəlkə də idmana olan sevgi məni bura yönəldib. İdman sahəsində işləyəndən sonra hiss etdim kiş şərhçilik sahəsi "gəl-gəl" deyir. Fikirləşdim, alınarsa, niyə də yox?

 

- İlk şərhiniz 2015-ci ildə reallaşmışdı. Sizcə, bu peşəni ölkəmizdə necə inkişaf etdirmək lazımdır? Düşünmürsüz  ki, Azərbaycan şərhçilik məktəbi lazımdı. Digər ölkələrdə var...

- 2015-ci ildə “CBC Sport”da ilk dəfə şərh etmişəm. Biz hər zaman ya Rusiya, ya Türkiyə şərhçilərini özümüzə nümunə götürmüşük. Onların illərlə formalaşan bir məktəbi var. Bizdə isə bu sahə hələ yeni addımlarını atır. Nəzəri dərslər ola bilər. Amma təcrübə ancaq iş zamanı qazanılır. Məsələn, “CBC Sport” açılandan yeni şərhçilər qazandırıb idman sahəsinə. Sadəcə, şərhçiliyin tam formalaşması üçün illər lazımdır.

 

- Sizi görüb həvəslənib şərhçi olmaq istəyən xaımlar olub?
- Xatırlamıram. Yəqin, çətin olduğunu anlayıblar. Bəlkə də var, ya olacaq (gülür).

 

Image may contain: 2 people, closeup

 

- Şərhçiləri sosial şəbəkələrdə çox vaxt tənqid edirlər. Sizcə şərhçilərdə əsas problem nədir?
- Tənqid normal bir şeydir. Şərhçi qızıl onluq deyil ki, hamı onun şərhini bəyənsin. Şərhçi çox təcrübəli olsa belə, onu hər zaman tənqid edənlər tapılacaq.

 

- Bəyəndiyiniz şərhçi kimdir və nə hansı xüsusiyyətlərinə görə?
- Uşaqlığımdan bəyəndiyim şərhçi Vasili Utkin olub. O, mənim üçün nömrə 1-dir. Oyunun gedişatını şərh etməklə yanaşı, şərh zamanı elə açar ifadələr, fikirlər səsləndirir ki, tamaşaçı istər-istəməz ona bağlanır. Ölkəmizdə isə hazırda ən çox bəyəndiyim Rüstəm Əfsərli və Gündüz Abbaszadədir.

 

- İlk şərhiniz 2015-ci ildə "Neftçi" - "Xəzər Lənkəran" oyunu olmuşdu. O oyundan sonra daha çox tənqidlər olmuşdu, yoxsa təriflər?
- Maraqlıdır ki, ilk şərhdən sonra ancaq təriflər oldu. Bəlkə də çoxu üçün xanımın şərh etməsi gözlənilməz olduğu üçün. Ailəmdə nəinki futbola, idmana həvəs göstərən adam yoxdur (gülür). Bəlkə də, məhəllə dostlarım olmasaydı, indi bu sahədə çalışmazdım. Ətrafımda hələ də "qız hara, futbol hara" deyənlər var. Amma mən beynimə bir fikri qoydumsa, döndərmək çox çətin olur.

 

-  İdman saytında rəhbər kimi olmaq istəyərsizmi?
- İlk dəfədir, belə bir sualla qarşılaşdım. Niyə də yox? Amma mən işimdə çox tələbkar biriyəm. Mənimlə çalışmaq istəyənlər ilk olaraq bunu nəzərə almalı olacaqlar.

 

Image may contain: 1 person





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz