Millimizin baş məşqçisi: "Pandemiya ilə əlaqədar danışıq apardığımız komandaların bir neçəsi imtina etdi"

“Rəsmi oyunlardan sonra yoldaşlıq matçını dekabrda keçirdik. Yəni komanda 8 aydan sonra yığışdı. Üstəlik, Ukrayna ilə oyuna az - 5 məşq keçib çıxmışdıq. Ona görə də boşluqların olması normaldır”.

Newsport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən yığmamızın bugünkü məşqindən sonra da Silva brifinqi keçirib. Braziliyalı mütəxəssis bildirib ki, az məşq etdikdə səhvlərdən qaçmaq mümkün olmur: “Bunları nəzərə alsaq, Ukrayna ilə matçda səhvlərin olması anlaşılan idi. İndi isə Avropa çempionatına tam heyətlə hazırlaşırıq. Vaxtımız da əvvəlki toplanışla müqayisədə çoxdur. Komanda üçün hər cür şərait yaradılıb. Artıq 5 məşq keçmişik, qarşıda isə 3 məşqimiz var. Bazar günü Belçikaya yola düşəcəyik. Yekun heyəti də səfər ərəfəsində açıqlayacağıq. Bu ölkənin yığması ilə də yoldaşlıq matçında gücümüzü sınayacağıq”.

Baş məşqçi bildirib ki, qitə birinciliyində ilk görüş çox vacibdir: “Birinci oyun finala bərabərdir. Gürcüstanla görüşdə qazanılacaq qələbə digər oyunlara hazırlaşmaq və növbəti addımlar atmaq baxımından vacib olacaq. Komandada atmosfer yaxşıdır. Fiziki baxımdan futzalçılar hazırdır. Ölkə xaricində çıxış edən oyunçularımız klublarında daim oynayırlar. Yerli çempionatdakı milli üzvləri isə yanvarın 5-dən fiziki hazırlıq keçiblər. Ciddi zədəsi olan futzalçımız yoxdur. Düzdür, bir neçə oyunçuda yüngül ağrılar var, amma bu, onlara məşq etməyə və oyun keçirməyə mane olmayacaq”.

Da Silva əlavə edib ki, ötən ilin sonlarında yoxlama görüşləri keçirmək istəsələr də, rəqib tapa bilməyiblər: “Oktyabr, noyabr aylarında qarşılaşmaq üçün rəqib tapa bilmədik. Pandemiya ilə əlaqədar danışıq apardığımız komandaların bir neçəsi imtina etdi. Elə ölkə oldu ki, Bakıya dəvət etdik, amma gələ bilmədilər. Buna rəğmən final mərhələsində daha yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Çünki heyətimizdə elə futzalçılar var ki, bu yarış onların karyerasında sonuncu olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right