"Düzünü deyim ki, çox pis oldum".-Elnur Qəmbərov MÜSAHİBƏ

Futzal üzrə ölkə çempionu “Xəzər adaları”nın baş məşqçisi Elnur Qəmbərov “Neftçi” ilə oyundan (10:4) sonra jurnalistlərin suallarını cavablandırıb.Newsport.az  Qəmbərovun müsahibəsini təqdim edir:  

- Əvvəlcə “Neftçi”yə qarşı baş tutan görüşlə bağlı fikirlərinizi bilmək istərdik.  

- “Neftçi” ilə oyunumuz çətin keçmədi. Üstün tərəf biz idik və layiqli qələbə qazandıq. Oyun ərzində gənc, yerli oyunçulara da şans verdik. Hesabın böyük olması məni sevindirir.

- Çempionluğu təmin etdikdən sonra komandanız oyunlara motivasiyasız çıxmır ki?

- Oyundan əvvəl klub prezidenti ilə görüşümüz oldu. O da istəyib ki, komanda son oyunlarda uduzmasın. İstəyir ki, “Xəzər adaları” təkcə çempion yox, həm də birinciliyin ən çox qələbə qazanan və ən çox qol vuran komandası olsun. Növbəti turda “Qarabağ veteranlar”ı ilə görüşəcəyik. Həmin oyunda da qələbə üçün oynayacağıq.

- Son 2 gün ərzində “Xəzər adaları”nı tərk edəcəyiniz haqda xəbərlə yayıldı. Nə baş verirdi?

- Srağagün klub prezidenti birbaşa mənə yox, klubun icraçı direktoru Fuad Qəmbərova deyib ki, işinizdən azadsız. Bunu deyərkən o əsəbi olub. Bu gün isə özü Fuad bəylə əlaqə saxlayaraq, deyib ki komandanı oyuna Elnur çıxarsın. İşinə davam edir. Mən isə bildirdim ki, özüm klub prezidenti ilə görüşmək istəyirəm. Bu gün səhər zəng gəldi. Yollandım “Xəzər adaları”na. İbrahim bəy bildirdi ki, srağagün əsəbi olub. İşimi davam etdirməyimi istədi. Onu da əlavə etdi ki, tezliklə komanda üzvlərinin problemləri həll olunacaq.

- Konkret hansı problemləri nəzərdə tutursuz?

- Komanda üzvləri aprel və may aylarının maaşlarını almayıblar. İbrahim bəy mənə dedi ki, ayın 15-inə kimi aprel, 19-una kimi isə may ayının maaşları ödəniləcək və legionerlərin maaşları ödəniləcək, biletləri alınacaq. Sonradan isə icraçı direktora bildirib ki, maaş uyğun olaraq ayın 12-si və 17-də ödəniləcək.

- Klub prezidenti növbəti mövsümlə bağlı nə dedi? Klubun büdcəsi artırılacaq?

- Bu barədə də söhbətimiz oldu. Qeyd olundu ki, komandanın aylıq büdcəsi 20 min artırılacaq. Bu heç də kiçik məbləğ deyil. Çünki ayı 10 minə yaxşı oyunçu tapmaq olar.

- Heyətdə hansı dəyişikliklər olacaq?

- 6 legionerlə yollarımızı ayıracağıq. Mövsüm başa çatmadığı üçün onlardan yalnız birinin - Felipenin adını açıqlaya bilərəm. Amma onun komandada məşqçi kimi qalmasını istəyirik. Yerli oyunçuların isə hamısı komandada qalacaq. Bundan başqa, fiziki hazırlıq üzrə məşqçimiz dəyişəcək. Yeni gələn məşqçi də əcnəbi olacaq. Bundan başqa, qapıçılarla işləyən daha bir məşqçi heyətə cəlb etmək fikrimiz var. Heyətə 4 yeni oyunçu dəvət edəcəyik. Onlardan biri qapıçıdır. İspaniya millisinin əsas üzvlərindəndir. Onunla şifahi razılığımız olub. Daha 2 braziliyalı heyətə qatacağıq. Eləcə də Xorvatiya millisinin üzvü, Avropanın ən güclü futzalçılarından olan Dario Marinoviçi transfer edəcəyik.

- Bu heyət Avropada uğur qazanmağa kifayət edəcək?

- İbrahim bəy bildirdi ki, “sən komandanı “Dördlər finalı”na daşı, mən sənə transferlə bağlı kömək edəcəyəm”. Klub prezidenti ikinciliyi sevmir. Deyir ki, yalnız birinci olmalıyıq. Amma mən ona da dedim ki, ilk ildə UEFA Kubokunu qazanacağımıza söz verə bilmərəm. Bu, çox çətindir. Götürək “Kayrat”ı. Bu komandanın əla infrastrukturu, əla maliyyə durumu var. Ordakı 1 oyunçunun aylıq məvacibi bizim komandanın bütün aylıq xərcinə bərabərdir.

- Komandadan göndəriləcəyinizi eşidəndə hansı hissləri keçirdiniz?

- Düzünü deyim ki, çox pis oldum. Ürəyimdə sıxıldım.Pərt olmuşdum,utanirdim. Sözümü pis başa düşməyin, amma işsiz qalası deyildim. Sadəcə, əziyyətimə heyfim gəlirdi.Burda çox əziyyət çəkmişəm,yuxusuz gecələr keçrmişəm.Komandanı sıfırdan yıqmışıq.Mən demirəm idealam. Səhvlərim oldu. Məsələn, ispan oyunçular etimadımızı doğrultmadılar.

- Braziliyaya səfəriniz nə yerdə qalıb?

- Yəqin ki, ayın sonuna çəkəcək. Amma mütləq Braziliyaya yollanacağam. Komandamızın təlim-məşq toplanışı da orada olacaq. Bu, maddi baxımdan da sərfəlidir.

- Daha əvvəl “Turan AİR”, sonradan “Araz” Azərbaycan futzalında hegemonluq edirdi. İndi estafeti qəbul edən “Xəzər adaları”nın ardıcıl bir neçə il ölkə daxilində rəqib tanımayacağını proqnozlaşdırmaq olar?

- Əgər, klub rəhbərliyi indiki kimi komandaya maliyyə ayırsa, biz daim çempion olacağıq. “Xəzər adaları”nda demək olar ki, heç vaxt maaş baxımından problem olmayıb. İnanıram ki, bundan sonra da hər hansı çətinliyimiz olmayacaq.  

Kamil H.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right