Mərkəzi oyunda “Araz” qazandı, “Bakı” bir pillə irəlilədi

Bu gün Yüksək Liqada XVII turun oyunları keçirilib.

 

Newsport.az-ın məlumatına görə, “Olimpik Star”da ilk duel “Xızı Futzal”ın qolu ilə başladı. Cütün favoriti hesab edilən “Neftçi” fasiləyə qədər ancaq status-kvonu bərpa edə bildi. İkinci hissədə üstünlük qazanan “Neftçi”də kapitan adını tabloya yazdırdı. 33-cü dəqiqədə dubl edən Balakişiyev fərqi də 2 topa çatdırdı. 35-ci dəqiqədə Vahibdən ötürmə alan Reza qapıçı ilə duel zamanı toru yandan silkələdi.

 

Günün ikinci oyunu məhsuldar alındı. Qış fasiləsindən sonra özünə bənzəməyən “Premier” “Marafon”un böyükhesablı qələbəsinə mane ola bilmədi. Nominaal meydan sahiblərinin gənc üzvü Tofiq Məlikov isə mövsümdə qol hesabını açdı.

 

“Baku Fire” də turu 3 xalla başa vursu. Teymur Eyvazovun “drujina”sı autsayderlə dueldə ciddi müqavimətlə üzləşmədi.

 

Turun mərkəzi oyununda lider “Araz”la yaxın izləyicisi EKOL qarşılaşdı. Hər iki komandanın meydana itkisiz çıxması azarkeşlərə maraqlı oyun vəd edirdi. İlk təhlükəli epizodu EKOL yaratdı. Samir Həmzəyevin ötürməsini Ələkbərov qapının üstündən vurdu. 6-cı dəqiqədə Oqtay Rüstəmlinin zərbəsində cüzi dəqiqlik çatmadı.

 

“Araz”dan isə Eshaghe qapıçının sayıqlığını yoxladı. Rövşən isə Həmzəyevin yaxın məsafədən vurduğu topu geri qaytarmaqla tablodakı bərabərliyin pozulmasına imkan vermədi. 10-cu dəqiqədə müdafiədən topu ələ keçirən İsa 2 rəqibindən sıyrılıb qüvvətli zərbə endirsə də, Kürdovu məğlub edə bilmədi. Ən real vəziyyəti isə 13-cü dəqiqədə Xətai Bağırov boşa verdi. Daha doğrusu, Emin inamlı oyunu ilə heç-heçənin ömrünü bir qədər də uzatdı. Ardınca Əsgər əlverişli vəziyyətdən  toru silkələyə bilmədi.

 

18-ci dəqiqədə Hüseynli Faiq Əliyevlə dueldən qalib ayrıldı. İkinci hissə də qarşılıqlı təhlükəli epizodlarla yadda qaldı. Xüsusilə də 26-cı dəqiqədə Əsgərin yaxın məsadəfən zərbəsini Hüseynlinin dəf etməsi komandası üçün həlledici oldu. Nəhayət 28-ci dəqiqədə hesab açıldı. Ramiz Çovdarovun penalti nöqtəsinə yaxın məsafədən vurduğu cərimə zərbəsini Kürdov zərərsizləşdirsə də, Eshagh Soorghali əlverişsiz vəziyyətdə olmasına rəğmən “çərçivəyə” düşdü.

 

32-ci dəqiqədə Atakişiyevin sevinməsinə Rövşən imkan vermədi. EKOL son 3 dəqiqəni 5 meydan oyunçusu ilə keçirsə də, tablodakı hesab dəyişmədi. Beləliklə lider ən yaxın izləyicisini minimal hesabla məğlub etdi.  

 

Turun son oyununda “Record club” ardıcıl 3 qol vursa da, fasiləyə qədər üstünlüyünü qoruya bilməyib. Bu dəfə “Bakı” TFK 4 dəfə fərqlənməklə vəziyyəti xeyrinə dəyişib. İkinci hissədə daha 4 qol vuran nominal qonaqlar xal ehtiyatını artırıb və turnir cədvəlində bir pillə irəliləyib.

 

Neftçi – Xızı Futzal (1:1) 3:1

Hakimlər: Ramil Namazov, Nail Nağıyev, Etibar Həsənov

Qollar: Vahib Xocayev, 15:33, Rüfət Balakişiyev, 27:08, 32:52 // Elnur Soltanlı, 09:46

 

Marafon FK – Premier Quba (9:1) 19:5

Hakimlər: Ramiz Məhərrəmov, Elmir Quluzadə, Elvin Ağayev

Qollar: Mohsen Mohammadzadeh, 0:29, 13:23, Rashid Gholipour, 01:26, 01:57, 23:31, Majid Khazaei, 02:55, 08:39, 31:12, Seymur Məmmədov, 06:11, Shahab Shahnazian, 11:53, 13:11, Nihad İsmayılov, 25:32, 27:23, Tofiq Məlikov, 28:21, Sərxan Məstiyev, 30:10, Anar Məmmədov, 33:39, Vitaliy  Borisov, 34:47, 35:24, Farid Mazaherichorası, 35:49  // Vüqar  Asalıyev, 16:31, 34:15, 36:33 Habil Nurəhmədov, 24:16, Elnur Qasımov, 38:36

 

Baku Fire – Yasamal İSK (3:0)

Hakimlər: Rahin Heybətov, Ceyhun Hüseynov, Fuad Həsənov

Qollar: Renat Sultanov, 0:31, Asif Zeynalov, 03:31, 12:06, 32:15, Rəvan Abdullayev, 20:59, Rauf Rüstəmov, 25:27, 32:59, Röyal Məhəmmədli, 30:37, 37:33, Elşən Zərbəliyev, 34:27 // İlahi Kərimov, 37:12, Renat Sultanov, 38:30 (ö/q)

 

18:00 EKOL – Araz (0:0) 0:1

Hakimlər: Anar Fərəcov, Əli Cəbrayılov, Fuad Həsənov

Qol: Eshagh Soorghali, 27:42

 

Record club – Bakı TFK (3:4) 3:8

Hakimlər: Kənan Məlikov, Ziya Nəsirov, Knyaz Əmiraslanov

Qollar: Vahid Ansari, 02:10, 04:56, Matin Gahramani, 05:47 // Fərid Səmədzadə, 07:02, 19:39, Elvin Adışırinli, 11:54, 25:41, Ağaseyid Qasımov, 19:59, İlham Allahverdiyev, 28:47, Vüsal Buludov, 30:45, Tural Lətifov, 33:20.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right