“Vacib olan “ev tapşırıqları”nı icra edə bilmədik”

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Vitali Borisov federasiyanın rəsmi saytına müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Millimiz aprelin 11-də və 12-də Latviya ilə yoldaşlıq oyunları keçirdi. Bu görüşləri necə xarakterizə edərdin?
- Maraqlı, gərgin iki oyun keçirdik. Müqayisə etsək, birinci oyunda daha yaxşı çıxış etdik. İkinci qarşılaşmada zəif çıxış etməyimizə təsir edən səbəblər oldu. Üstəlik, oyunun keçirildiyi meydanın ölçüləri də standartlara uyğun deyildi. Düzdü, hər iki komanda üçün şərait eyni idi. Ancaq 20 metr olmalıdı meydanın eni, burada 22 metr idi. Serbiyada da iki oyun keçirəcəyik. Bu qarşılaşmaların da bizim üçün faydalı olacağına əminəm.

- Hər iki oyundan sonra baş məşqçi, eləcə də komanda yoldaşların yorğunluğu qabardırdı. Səfər, oyununuza bu qədərmi təsir etmişdi?
- Ola bilsin, təsir etsin. Çünki iki təyyarə dəyişmək, aeroportda gözləmək mənfi təsir edə bilər. Məncə, əsas səbəb başqadı. Komanda şəklində çoxdan idi toplaşmırdıq, məşq etmirdik, standartlar üzərində işləmirdik, oyun keçirmirdik. Yol yorğunluğu hər zaman olur. Biz vacib olan “ev tapşırıqları”nı icra edə bilmədik.

- Baş məşqçi Alesionun standartlarla bağlı tapşırıqlarını daim yerinə yetirirsiz axı. Hər dəfə yenilik olur?
- Tapşırıqlar dəyişir. Bunu bir məşqdə öyrənmək çətindi. Həm də 4 saniyə ərzində qərar verməli, necə yerinə yetirməli olduğunu düşünməlisən. Bu da çox çətindi.

- Tək standartlarla bağlı yox, müdafiədən çıxan zaman da çoxsaylı səhvlər edirdiniz..
- Ötürmələr zamanı hər kəs səhvə yol verə bilər. Futzalda bu, qaçılmazdı. Texniki səhvlər hər zaman olur.

- Növbəti oyunlar serblərə qarşı olacaq. İki gün ərzində Braziliya millisi ilə iki ardıcıl oyun keçirmiş və daha yaxşı tanıdığın rəqiblə oyunlar haqda nə düşünürsən?
- Serbiya – Braziliya oyunlarını izləyə bilmədim, amma fraqmentlərə baxdım. Braziliya yığması məğlub olduğu ilk matçda rəqib qapısına 25 zərbə endirmişdi. Serblərin qapıçısı əla oynadı. Üçüncü qolu isə boş qapıya vurdular. Bu oyun göstərdi ki, hər kəs futzal oynaya bilir. Hətta rəqibin Braziliya kimi titullu komanda olsa belə, ona qarşı mübarizə apara bilərsən. Serbiya yığması texniki cəhətdən yaxşı komandadı. Oyunçuları atletik baxımdan da seçilirlər. Üstəlik, azarkeşləri də hər zaman oyunları izləmək üçün zallara gəlirlər. Bu dəfə də istisna olmayacaq. Çünki serblər idmanı sevirlər.

- Əsasən nəyə diqqət etmək lazımdı?
- Gərək öz oyunumuzu tutaq. Serbiyanı təhlil etmək vacib deyil. Bizim öz yolumuz var. Məşqçimiz istəyir ki, onun tapşırıqlarını yerinə yetirək. Çünki oktyabrda keçiriləcək rəsmi oyunlara hazırlaşmalıyıq və daha vacib tapşırığımız olacaq. Səhvləri görməli, işləməliyik.

- Hazırkı yığma rəsmi oyunlara nə qədər hazırdı?
- Hardasa 50-60 faiz hazırıq. Ancaq vaxtımız az deyil. Əvvəllər millinin “skleti”ni təşkil edənlər “Araz”da oynayırdılar, hər gün məşqlər edir, standartları icra edirdilər. İndi biri İndoneziya çempionatında oynayır, bir başqası “Neftçi”də cəmi bir məşq edir. Ona görə səhvlər qaçılmazdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right