25-ci çempionat: Rəqəmlər nə deyir?

Sentyabrın 30-da start götürən futzal üzrə Yüksək Liqada mövsümə mayın 15-də keçirilən XXVIII turun oyunları ilə yekun vurulub.
 
Newsport.az başa çatan mövsümü rəqəmlərin gözü ilə təqdim edir: 
 
Ən çox qol vuran....
Mövsüm ərzində 665 qol vuruldu ki, ən çox rəqib qapısına yol tapan "Araz” oldu – 148 qol. Bu göstəricidə autsayder hamıdan geri qaldı. "Xəmsə” cəmi 49 qol vurmağı bacardı.
 
...Ən az buraxan...
Ən etibarlı müdafiə xətti çempiona məxsusdu. Alesionun drujinası 24 oyunda qapısından 34 top buraxıb. Autsayder "Xəmsə” həm də topu qapısından ən çox çıxarmaqla yadda qaldı.
 
...Ən çox qələbə qazanan..
Yüksək Liqada komandaların hər biri 24 oyun keçirdi. Ən çox qələbə sevincini də elə "Araz” yaşadı. Bu komanda 21 matçdan maksimum xalla ayrıldı.
 
...Ən az uduzan
"Araz” cəmi 1 oyunda meydanı xalsız tərk edib. Çempion titulu təmin etdikdən sonra aprelin 28-də keçirilən XXVI turun oyununda uğursuzluqla üzləşib. Olimpik Starda baş turan dueldə Alesionun komandası "Marafon Futsal”a yenilib 4:6. "Araz” iki oyunda da xalları yarı bölüb. Ümumiyyətlə, mövsüm ərzində çempionu büdrədən ilk komanda "Neftçi” olub. VI turun oyununda sona 22 saniyə qalmış Məhəmməd Katebinin qolu "status-kvo”nu bərpa edib 2:2. "Araz”dan sonra məğlubiyyət qrafasında ən aşağı göstərici gümüş medalçı "Marafon Futsal”a məxsusdu. Debütant 6 qarşılaşmada yenilib ki, bunlardan 3-ü "Araz”la dueldə qeydə alınıb. Digər 3 məğlubiyyətdən biri "Neftçi”nin, digəri isə EKOL-un payına düşür. "Yasamal” da debütantı yenməyi bacaran komandalar sırasındadı.
 
Qələbəsiz "Xəmsə”
Yüksək Liqada mövsümü qələbəsiz başa vuran yeganə komanda "Xəmsə” oldu. Bu komanda heç bir oyunda 3 xal sevinci yaşamadı. Arif Vəliyevin komandası cəmi 2 oyunda heç-heçə etməklə xal hesabı 2-yə çatdırdı. 22 oyunda isə məğlub oldular. Qələbə qrafasında ən az göstərici "Yasamal”a məxsusdu. Əsasən iranlı legionerlərdən qurulan komanda 5 oyunda qələbə sevinci yaşadı.
 
Erkən qol və ən gec hesabın açıldığı oyunlar...
Mövsümün erkən qolu hakimin start fitindən cəmi 24 saniyə sonra vuruldu. XX turun "Xəmsə” – EKOL oyununda Samir Həmzəyev buna nail oldu. Həmin oyunda 6 qol vuran futzalçı komandasının 18:3 hesablı qələbəsində müstəsna rol oynadı. II turda baş tutan "FK.İtaldizain Futsal” – EKOL oyununda Namiq Məmmədkərimovun komandasına qədələ qazandıran yeganə qol isə hesabın ən gec açıldığı oyundu. Belə ki, həmin qolu izləmək üçün 37:40 saniyə gözləmək gərəkdi.
 
Bol qollu oyun...
Ən çox qol XX turda keçirilən "Xəmsə” – EKOL oyununda vuruldu. Nominal meydan sahibləri 3, qonaqlar isə 18 dəfə rəqib torunu silkələdi. İki qarşılaşmada isə 1 dəfə top qapı xəttini keçdi. Hər iki oyunda tərəflərdən biri "FK. İtaldizain Futsal” komandasıdı. Bu II turun "FK.İtaldizain Futsal” - EKOL və XV turun "Marafon Futsal” – "FK.İtaldizain Futsal” oyunlarıdı. 
 
 
Ən çox qırmızıda ilişənlər
 
Üç futzalçı Yüksək Liqanın oyunları zamanı 2 dəfə qırmızı vərəqə ilə cəzalandırıldı. Onlardan biri "Yasamal”ın, digər ikisi "Araz”ın üzvləridi. "Yasamal”dan Omid Oraz XIV turda iki sarı, XXV turda isə birbaşa qırmızı vərəqə aldı. Elə "Araz”ın üzvü Eduardo Borges də eyni aqibətlə üzləşdi. Millinin də formasını geyinən müdafiəçi V turda iki sarı, XXVI turda isə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Əvəzində komanda yoldaşı hər iki halda "qırmızı”nı birbaşa aldı. Belə ki, İsa Atayev VI və XXVI turda birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk etdi. Ən kobud tur isə III və XXVI tur oldu. Hər iki turda hakimlər 4 oyunçuya qırmızı vərəqə göstərdi. Maraqlıdr ki, III turda qırmızı vərəqələr 4 fərqli komandanın oyunçusuna göstərildisə, XXVI turda "Araz”ın üzvləri hamını qabaqladı. Həmin turda göstərilən vərəqələrin hamısı çempionun oyunçularına "qismət oldu”.
 
"FK. İtaldizain Futsal” - mövsümün fair play komandası
 
Qırmızıların təsnifatını klublar üzrə aparsaq, "Araz” və "Neftçi” "zirvə”də qərarlaşıb. Hər iki komandanın passivində 6 qırmızı vərəqə var. "Yasamal” onlardan cəmi 1 addım geri qalır – 5 qırmızı. "Xəmsə” 3, "Marafon Futsal” və EKOL-un passivində 2 qırmızı vərəqə var. Mövsümün fair play komandası "FK. İtaldizain Futsal”dı desək, yanılmarıq. Çünku bu komandanın cəmi bir üzvü "qırmızı”da ilişib.
 
Bolinya əlçatmaz oldu
 
Bombardirlərin yarışına gəldikdə, bu siyahıya uzun müddət "Marafon Futsal”ın kapitanı Renat Sultanov başçılıq edirdi. Ancaq qış fasiləsindən sonra təcrübəli oyunçu cərrahiyyə əməliyyatı olundu və yalnız son turun oyunlarında meydana döndü. Artıq gec idi və "Araz”ın "stolba”sı vəziyyəti xeyrinə dəyişmişdi. 34 qol vuran Bolinya Yüksək Liqanın bombardiri oldu. "Yasamal”ın üzvü Mortoza Cahandost 25 qolla ikincidi. İranlı legioner Yüksək Liqada top qovan 20-yə yaxın həmyerlisi arasında ən məhsuldarı olmağı bacardı. Renat Sultanov isə üçüncülüklə kifayətləndi. "Marafon Futsal”ın kapitanı çempionat oyunlarında rəqib torunu 22 dəfə silkələdi.
 
Bir turda iki oyun
 
İlk iki dövrənin yekunları ilə bağlı hazırladığımız yazıda da qeyd etdiyimiz kimi, Yüksək Liqanın oyunlarının canlı yayımı cari mövsümün əsas qazancalarından biridi. Belə ki, CBC Sport 28 turun 21oyununu canlı yayımlamaqla xeyli vaxtdı ekranlardan kənarda qalan futzalı yenidən tamaşaçıların menyusuna daxil edib. XIX turun isə 2 oyunu canlı yayımla tamaşaçılara təqdim edildi. Müxtəlif məkanlarda keçirilən digər turlardan isə videosüjetlər hazırlandı. Müəyyən turlarda digər televiziya kanalları da kameralarını futzala tuşlamağı lazım bildi. Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə KİV yenicə başa çatan mövsümə kifayət qədər diqqət ayırdı. Turdan sonra nəticələrin və turnir cədvəlinin yayımlanması, müsahibələrin dərc edilməsi, oyunlar zamanı hesabın online yazılması təbliğat adına uğurlu addımdı. Təbii ki, dəstəyə və əməkdaşlığa görə federasiya adından təşəkkürümüzü bildiririk. Bir faktı da qeyd edək ki, Yüksək Liqanın oyunlarının həftəsonundan həftəiçinə keçirilməsi məhz canlı yayımla bağlıdı.
(davamı olacaq)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right